Yubiley ili yüzilliyin hesabatıdır

 

Müsahibimiz Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevdir

 

- 2009-cu il ölkəmizin teatr həyatı üçün bir sıra önəmli hadisələrlə yadda qaldı. Sizin teatr onu hansı uğurlarla yola saldı?

- Ötən il Musiqili Komediya Teatrının da tarixçəsinə yeni, həm də unudulmaz səhifələr yazıldı, maraqlı premyeralarla yadda qaldı. Biz son iki ildə repertuarımızı bayağı, süni gülüş doğuran bir sıra tamaşalardan təmizləyib sağlam, işgüzar yaradıcılıq ab-havası hökm sürən kollektiv yaratmağa müvəffəq olduq. Ötən il bizim ən uğurlu tamaşalarımızdan biri həm Azərbaycan, həm də rus bölmələrində müvəffəqiyyətlə oynanılan "Arşın mal alan" operettası oldu.

Biz 100 illik yubileyimiz ərəfəsində bu ölməz əsərə yenidən müraciət etdik və onun səhnə taleyini bu dəfə gənclərə tapşırdıq. Gənc və istedadlı rejissor, musiqiçi Elvin Mirzəyev həm teatrımıza, həm də heç vaxt köhnəlməyən bu "köhnə" əsərə yeni bir ruh, təzə bir nəfəs gətirdi. İlk dəfə əsərin qəhrəmanlarını yaşıdları, yəni onlar kimi sevgi yaşında olan, sevib-sevilən çağlarını yaşayanlar ifa etdilər. Rejissor Elvin Mirzəyev də, rəssamlar Nabat Səmədova (səhnə tərtibatı) və Gülnarə Xəlilova (geyimlər) da, tamaşanın araya-ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı və texniki heyət də bu işdə çox böyük zəhmət çəkdilər.

Bu il tamaşaçılara məşhur türk yazıçısı Əziz Nesinin "Şəhərdə manyak var" (libretto müəllifi və quruluşçu rejissor Oruc Qurbanov) əsərini də təqdim etdik.

- Adını çəkdiyiniz tamaşanı xalq artistləri Afaq Bəşirqızı ilə Valeh Kərimovun benefisi də adlandırmaq olardı.

- Bildiyiniz kimi, bu sənətkarlar "Bəxt üzüyü" filmində yaratdıqları mükəmməl obrazlarla milyonlarla tamaşaçının sevgisini qazanmışlar. Afaq xanım üçün ev yiyəsi kimi səhnəni və sənətsevərlərin könlünü fəth etmək o qədər də çətin deyildi. O, doğma divarlar arasındaydı, amma Valeh Kərimov bizim səhnədə ilk dəfə komik bir obraz yaratmalı idi və həm aktyor dostlarının, həm rejissorun, həm bəstəkarın, həm dirijorun (əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun), həm də, təbii ki, teatr rəhbərliyinin köməyi ilə o, "qəribliyini" unutdu və maraqlı bir obraz yarada bildi.

Ötən il Maarif Məmmədovun teatrımızla ilk əməkdaşlığı da uğurlu oldu. Onun "Matəm marşı və ya gözünüz aydın" adlı əsərinə rejissor Yusif Əkbərov quruluş verdi. Rejissor xalq artistləri Fatma Mahmudova, İlham Namiq Kamal, Arif Quliyev, əməkdar artistlər Xanım Qafarova, Naibə Allahverdiyeva, Ramiz Məmmədov, prezident təqaüdçüləri Çingiz Əhmədov və Elçin Həmidov kimi istedadlı ifaçılar maraqlı, gözəl bir tamaşa yarada bildilər.

- Mətbuat ötən ilin son günlərində təhvil verdiyiniz "İddalı qaraçı"dan çox yazdı.

- Bəli, biz mətbuat işçilərinin iştirakı ilə daxili baxış keçirdik. Əsərin premyerası isə yubiley ilində olacaq. Dünya şöhrətli macar bəstəkarı İmre Kalmanın məşhur "İddalı qaraçı" əsəri tamaşaçılara yaxşı tanışdır. Müxtəlif illərdə bu əsər rus bölməsində uğurla oynanılmışdı. Biz yubiley tamaşalarımız arasında "İddalı qaraçı"nı da görmək istədik və bu əsərin qəhrəmanlarını ilk dəfə məhz bizim teatrda Azərbaycan dilində danışdırmağı qərara aldıq.

Yaradıcılıq qrupu istedadlı rejissor Faiq Zöhrabovun rəhbərliyi ilə işə başladı, rollar bölüşdürüldü, Faiq müəllim şair Səyavuş Məmmədzadə ilə birlikdə əsəri Azərbaycan dilinə çevirdi. Ölkəmizin hüdudlarından uzaqlarda da yetərincə tanınan istedadlı dirijor Yalçın Adıgözəlov teatra dəvət olundu və o da böyük şövqlə orkestrlə məşqlərə başladı. Ancaq qəfil ölüm Faiq müəllimə bu işi tamamlamağa imkan vermədi. Onun vəfatından bir müddət sonra biz xalq artisti Cənnət Səlimovanı teatra dəvət etdik. Cənnət xanım bizimlə əməkdaşlığa həvəslə razılıq verdi. Bu tamaşada teatrımızın aparıcı ifaçıları iştirak edirlər.

- Keçən il rejissor Nicat Kazımovun sizinlə əməkdaşlıq edəcəyi də bizə bəlli idi.

- O, böyük rus bəstəkarı Sergey Prokofyevin "Biri vardı, biri yoxdu" nağıl tamaşasını hazırlayır. Tamaşanın quruluşçu dirijoru və musiqi rəhbəri Nazim Hacıəlibəyov, səhnə tərtibatçısı Elşən Babazadədir. Başqa maraqlı işlərimiz də var. Teatrımızın rus bölməsində xalq artisti Cənnət Səlimova Aleksandr Volodinin "Sevdiklərinizdən ayrılmayın" əsərini hazırlayır. Tamaşanın musiqi tərtibatçısı Emin Həsənov, quruluşçu baletmeysterlər Yelena və Zakir Ağayevlərdir.

- Ötən il teatrınız Beynəlxalq Musiqili Teatrlar Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Bu assosiasiya öz üzvlərinin, yəni teatrların qastrol səfərlərini təşkil edir, müştərək tamaşalar və proyektlər hazırlamağa yardımçı olur. Bu sahədə gördüyünüz işlər barədə nə deyə bilərsiniz?

- Bu nüfuzlu təşkilat beynəlxalq festivalların, baxış və müsabiqələrin, sərgi, yarmarka və konfransların təşkili işini öz üzərinə götürüb. Bununla biz Rusiyanın bir sıra məşhur teatrlarının - Ukraynanın, Belarusun, Qazaxıstanın aparıcı kollektivlərinin daxil olduğu bu assosiasiyanın Azərbaycandan olan yeganə üzvü kimi gələcəkdə həm Rusiya Federasiyasının ərazisində, həm də Avropa ölkələrində Azərbaycan mədəniyyətini layiqincə təmsil etmək və tanıtmaq hüququ qazanmışıq. Fəxr edirik ki, Azərbaycandan bu beynəlxalq quruma daxil olan ilk teatr bizim kollektivdir.

Ötən il Yekaterinburqda keçirilən "Musiqili teatr: operetta və müzikl bu gün" adlı konqres çərçivəsində solistlərimiz Ramil Qasımov və İnarə Babayeva da çıxış etdilər. Onlar Sverdlovsk Vilayət Musiqili Komediya Teatrının 75 illik yubiley konsertində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "O olmasın, bu olsun" əsərlərindən ariya və duetlər ifa etdilər.

Yola saldığımız ilin yaddaqalan işlərindən biri də İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən Fəcr Beynəlxalq Festivalının təşkilat komitəsinin dəvəti ilə baş tutan səfərimiz oldu. Biz yanvar ayının 21-dən 25-dək Tehranda keçiriləcək festivalda Ü.Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını təqdin edəcəyik.

- Söz qastrol səfərlərindən düşmüşkən, ötən il kollektiviniz Azərbaycanın bir çox şəhər və rayonlarında da qastrol səfərində olub.

- Bununla bağlı Gəncə şəhərinin 2503 illiyi minasibətilə keçirilən tədbirdəki iştirakımızı xüsusi qeyd etmək istərdim. Elə həmin şəhərdə keçirilən "Yeni teatr" respublika festivalına qatılan teatrımız Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını da oynadı. Türkiyə və Gürcüstan səfərləri zamanı biz xarici ölkələrdə yaşayan soydaşlarımıza və eləcə də tələbkar tamaşaçılarımıza gülüş bəxş etməkdən böyük məmnunluq duymuşuq, onlar da bizim zəhmətimizi alqışlarla mükafatlandırıblar. Yeni ildə Türkiyəyə, Dağıstana, Orta Asiya ölkələrinə, Gürcüstana qastrol səfərlərimiz barədə də danışıqlar aparılır.

- Son vaxtlar Musiqili Komediya Teatrına xeyli gənc istedad dəvət olunub. Onların arasında həm dramaturq və rejissorlar, həm rəssam və dirijorlar, həm ifaçı və musiqiçilər, həm də texniki işçilər var.

- Mən yeri gəldikcə onlardan bəzisinin adını çəkdim, uğurlu işlərindən söz açdım. Biz bu sahədə axtarışlarımızı yenə davam etdiririk. İnanıram ki, ölkəmizdə yetərincə istedadlı gənc var və onlar da məmnuniyyətlə bizim teatrımızla əməkdaşlıq edəcəklər. Bilirsinizmi, illər boyu bizim aktyor və rejissorlarımız, musiqiçilərimiz və texniki işçilərimiz xarici ölkələrdə təhsil alır, təcrübə toplayırdılar. Ancaq indi bizdən öyrənməyə, bizim təcrübəmizdən bəhrələnməyə gəlirlər. Buna misal olaraq deyə bilərəm ki, iki ölkə arasındakı razılaşmaya əsasən, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının əməkdaşları Namiq Hacıyev və Namiq Musayev 3 ay bizim teatrımızda yaradıcılıq təcrübəsi keçəcəklər.

- Son illər səhnəniz bir gün belə boş qalmır.

- Dövlət qayğısı çərçivəsində ölkəmizin bir sıra teatrlarında bərpa və yenidənqurma işləri aparılır. Həmkarlarımıza yeni tamaşalarını oynamaq üçün şərait yaradırıq. Akademik Milli Dram Teatrı, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi, Şuşa Dövlət Dram Teatrı, habelə ölkəmizə qastrol səfərinə gələn Dərbənd Azərbaycan Dram Teatrı tamaşalarını bizim teatrda oynamışlar. Respublika miqyaslı bir çox kütləvi tədbirlər də bizim teatrımızda keçirilmişdir. Onu da qeyd edim ki, teatrımızın texniki bazasının möhkəmləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin teatrımız üçün ayırdığı vəsaitdən orkestr üçün musiqi alətləri, yeni kostyumlar alınıb, teatrımızda uzun illər çalışan və yubileyi olan bir çox əməkdaşlara maddi yardım göstərilib.

- Yubiley ili, yəqin ki, ayrı bir özəlliyi ilə yadda qalacaq...

- Şübhəsiz... Teatrımızın repertuarında bir neçə yeni əsər var. Hazırda həmin əsərlər oxunur, müəlliflərlə danışıqlar aparlır. Biz ötən illərin ən yaxşı tamaşalarının bərpası ənənəsini də davam etdirmək niyyətindəyik.

 

 

Söhbəti yazdı: Telli PƏNAHQIZI

 

Azərbaycan.- 2010.- 29 yanvar.- S. 7.