Türk Musiqi Birliyi kanalı dünyaya yayılır

 

Türk xalqlarının müasir musiqilərini dünyaya çatdırmaq məqsədilə yaradılan Türk Musiqi Birliyi kanalı TMB 2009-cu il dekabrın 2-dən fəaliyyətə başlayıb. Hələlik izlənməsi TÜRKSAT vasitəsilə mümkün olan kanalın yaxınlarda kabel televeziyaları ilə daha geniş yayımlanması nəzərdə tutulur. Ay yarımlıq fəaliyyətin uğurlu nəticəsi kimi TMB rəhbərləri Bakıya gəlmiş və dünən Mətbuat Şurasında jurnalistlər üçün konfrans keçirilmişdir.

Toplantını Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq yeni kanalın türk xalqları üçün əhəmiyyətindən və bunun birliyimizə, bütövlüyümüzə xidmət edəcəyindən danışdı. Kanalın rəhbəri Naim Burak Elçi bildirdi ki, belə kanalın açılması xalqlarımızın bir-birinin musiqilərini yaxından tanımağa, öyrənməyə və sevməyə xidmət edəcək: "Hər bir türkdilli respublikada tarkanlar, sibelcanlar, sezenaksular və bəlkə də onlardan da güclü müğənnilər var, ancaq bunlardan xəbərimiz yoxdur. İstəyirik ki, bütün türk xalqları bir-birinin musiqilərinə, mədəniyyətinə yaxından bələd olsun, o cümlədən dünya bizim müasir musiqilərimizi görüb tanısın. Bu zaman keçdikcə əlaqələrimizin genişlənməsinə və birliyimizə səbəb olacaq. Artıq 6 türk respublikasında yayımlanırıq, Azərbaycan bu ölkələr arasında ən fəalıdır"

TMB-nin Azərbaycan təmsilçiliyinin rəhbəri Tahir Aydınoğlu çəkilən zəhmətlər hədər getmədi, deyə fikrinə başladı: "Bu kanal təkcə Türkiyədə, Azərbaycanda və Orta Asiyada yaşayan türk xalqlarına xidmət etməyəcək, eyni zamanda, bütün dünyada yaşayan türk xalqlarını əhatə edəcəkdir. Odur ki, fəaliyyətimizi genişləndirməyə çalışırıq. Naim Burak Elçi bəy televiziyonçuluq sahəsində mütəxəssisdir. O, Türkiyədə "Kral TV", "SHOWTV", "NTV" kimi nüfuzlu kanalları yaratmışdır. Ona görə də bu işə başlayanda əsl mütəxəssislə işləyəcəyimizi bilirdik. Fikrimcə, bu, bizim böyük türk dünyası ilə birliyimizə xidmət edən iş olduğundan müğənnilərimiz də bizə kömək etməli, kliplərini biz müraciət etmədən, özləri təqdim etməlidirlər".

Mətbuat konfransının sonunda TMB-nin rəhbərləri jurnalistləri maraqlandıran suallara cavab verdilər.

 

 

R.RZALI

 

 

Azərbaycan.- 2010.- 29 yanvar.- S. 8.