Misirdə Azərbaycan Mədəniyyəti günləri böyük maraqla qarşılanmışdır

 

Azərbaycan Respublikası hökuməti və Misir Ərəb Respublikasının hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişə uyğun olaraq, yanvarın 24-dən 28-dək Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyəti günləri keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, 77 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov daxil edilmişdilər.

Azərbaycan Mədəniyyəti günlərinə Qahirə Opera Evində Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət və Şahid Həbibullayevin şəxsi kolleksiyasından seçilmiş 110 eksponat - mis qablar sərgisinin açılışı ilə start verilmiş və təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə Əlikram Əliyev Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından iştirakçıları salamlamış, iki ölkə arasındakı mədəni əlaqələrin inkişafından danışmışdır.

Natiq bildirmişdir ki, Misirlə Azərbaycan arasında əlaqələrin tarixi 1992-ci ildən başlanır. Misir Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. 1994-cü ilin payızında ümummilli liderimiz Heydər Əliyevin Qahirəyə ilk səfəri Misir-Azərbaycan əlaqələrində yeni mərhələ açmış, iki ölkə arasında əməkdaşlığın təməlini qoymuşdur. Bu əlaqələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və əməkdaşlığın inkişafına yeni təkan vermişdir.

Misir Mədəniyyət Nazirliyinin rəsmisi Hüsam Nəsra vurğulamışdır ki, ölkələrimiz və mədəniyyətlərimiz arasında bəzi oxşarlıqlar mövcuddur. Bu da xalqlarımızın yaxınlaşması üçün möhkəm zəmin yaradır.

Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.

Konsert proqramında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin əsərləri səslənmiş, bənzərsiz Azərbaycan muğamları, aşıq musiqisi, Azərbaycan rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Konsertdə xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Mənsum İbrahimov, əməkdar artistlər Gülnaz İsmayılova, Təranə Muradova, Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamançaçı) və aşıq Samirə Əliyeva, qarmon ifaçısı Etibar Qasımbəyli və başqaları çıxış etmişlər.

Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblı üzvlərinin məharətlə ifa etdikləri rəqslər həmişəki kimi bu dəfə də bütün salonun coşqusuna səbəb olmuşdur. Konsert proqramının rejissoru Gülçöhrə Şəfiyeva idi.

Konsertdən sonra Qalyubeya vilayətinin qubernatoru Adil Hüseyn bildirmişdir ki, burada hamı Azərbaycan mədəniyyətinin təntənəsinin şahidi oldu. O, Azərbaycanın qədim mədəniyyətini təcəssüm etdirən sərginin və konsertin Qalyubeya əyalətində də nümayiş olunmasını arzulamışdır.

Misirin Azərbaycandakı keçmiş səfiri Əhməd Şərqavi iki ölkə arasındakı əlaqələrin böyük tarixə malik olduğunu vurğulayaraq bundan öncə Bakıda Misir Mədəniyyəti günlərinin keçirildiyini, bu gün isə Azərbaycan Mədəniyyəti günlərinin açılışında iştirak etməyin böyük şərəf olduğunu söyləmişdir.

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Faiq Bağırov, mədəniyyət günlərinin iştirakçıları, Qahirə şəhərinin və Misir Mədəniyyət Nazirliyinin rəsmiləri şəhərin gözəl guşəsində yerləşən, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda olmuş, ümummilli liderin abidəsi önünə əklil qoymuşlar.

Faiq Bağırov bildirmişdir ki, ölkəmizin zəngin və çoxşaxəli mədəniyyətini Misirdə tanıtdırmaq, təbliğ etmək üçün çox işlər görülür. Bu istiqamətdə böyük nailiyyətlər əldə olunmuşdur. Misirlilər Azərbaycan mədəniyyətini böyük sevinc və rəğbət hissi ilə qarşılayırlar.

Misir-Azərbaycan dostluq qrupunun üzvü, millət vəkili Əbdülqəni Hindi isə təəssüratlarını belə ifadə etmişdir: "Azərbaycan mədəniyyətinə və incəsənətinə heyran qaldım. Qədim Azərbaycanın zəngin mədəniyyətinin şahidi oldum. İndi mən Azərbaycan və onun mədəniyyəti haqqında geniş məlumata malikəm. Bu mənim üçün çox mühümdür".

Azərbaycan Mədəniyyəti günləri yanvarın 27-də Misirin digər qədim şəhəri İskəndəriyyədə davam etmişdir. Əvvəlcə İskəndəriyyə Kitabxanasının rəhbərliyi Azərbaycan nümayəndə heyətinin üzvlərini bu nadir kitabxana ilə, onun qədim əlyazmaları, təkrarsız eksponatları saxlanan muzeyi ilə tanış etmişlər. Sonra yeddi yüz illik tarixi olan Seyyid Dərviş Opera Evində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.

Konsert İskəndəriyyə şəhərində də eyni heyranlıqla qarşılanmışdır.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Misirdə təhsil alan tələbələrlə görüşmüş, Misir Tarix Muzeyini, Qahirədən bir neçə kilometr aralı yerləşən Misir ehramlarını ziyarət etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-31 yanvar.- S. 5.