26 Bakı komissarı güllələnən zaman Stepan Şaumyan onların arasında olmamışdır

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov yanvarın 29-da Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında bildirmişdir ki, 26 Bakı komissarı güllələnən zaman Stepan Şaumyan onların arasında olmamışdır. Bu faktı təsdiq edən teleqram da əldə etmişik.

Tanınmış tarixçi alim qeyd etmişdir ki, ötən ilin yanvarında Bakı komissarlarının qəbirləri Sahil bağından köçürülən zaman orada 23 cəsədin qalıqları müəyyən olunmuşdur. "26-lar"ın arasında Məşədi Əzizbəyov, Stepan Şaumyan və Tatevos Əmiryanın yaşı 40-dan yuxarı olmuşdur. Cəsədlərdən isə yalnız biri 40 yaşından yuxarı şəxsə məxsus olmuşdur ki, bu da Məşədi Əzizbəyovun cəsədidir. Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyi də bunu təsdiq etmişdir. S.Şaumyan və T.Əmiryanın cəsədlərinin qalıqları isə tapılmamışdır. Cəsədi tapılmayan digər 3-cü şəxs isə İçərişəhərdə komendantlığa rəhbərlik etmiş və daşnakları silahla təmin etməklə məşğul olmuş Arsen Avakyandır.

Yaqub Mahmudov bildirmişdir ki, institutun apardığı tədqiqatlar zamanı Türkmənistan arxivindən xüsusi teleqramlar aşkarlanmışdır. Bu teleqramlarda Stepan Şaumyanın güllələnmədiyini təsdiq edən faktlar üzə çıxmışdır. "26-lar" 1918-ci il sentyabrın 20-də güllələnmişlər. Həmin teleqramdan birində isə göstərilir ki, sentyabrın 20-dən sonra 10 gün ərzində Krasnovodskda məhbəsdə Stepan Şaumyana və Anastas Mikoyana quru yemək payı verilmişdir. S.Şaumyan A.Mikoyan vasitəsilə Leninə xəbər göndərərək ondan müttəfiqlərdən girov götürülməsinə və onlarla dəyişdirilməsinə göstəriş verməyi xahiş etmişdir.

Teleqramda, həmçinin göstərilmişdir ki, S.Şaumyana oktyabrın 2-dək gündəlik 1 manat 50 qəpik, ayın 2-dən sonra isə 2 manat, daha sonra 17 manat verilmişdir. Aşkarlanan digər teleqramda isə bildirilir ki, Stepan Şaumyan Daşnaksütyun partiyası Bakı komitəsinin üzvü olmuşdur. V.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin edilməklə yanaşı, eyni zamanda, ona Şərqi Anadoluda erməni dövləti yaradılması işi də tapşırılmışdı.

Bütün bu faktlar Tarix İnstitutunun yeni nəşr etdiyi "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı" kitabının 1-ci cildində əksini tapmışdır. Kitabda 100 səhifəlik müəllif məqalələri ilə yanaşı, "26-lar"la bağlı arxiv sənədləri də yer almışdır. Kitabın gələcəkdə nəşr olunacaq 2-ci cildində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, 3-cü cilddə isə soyqırımla bağlı acı xatirələr əks olunacaqdır.

Tarix İnstitutu tərəfindən "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabı da nəşr etdirilmişdir. Kitabda İrəvan şəhərinin tarixi abidələri, ermənilərin bu torpaqlara köçürülməsindən sonra dağıdılan məscid və qəbiristanlıqlar, hamamlar, eləcə də digər faktlar yer almışdır.

Kitabdan sitat gətirən Y.Mahmudov erməni zabiti Lazaryanın İrandakı erməniləri köçürən zaman dediyi sözləri diqqətə çatdırmışdır: "Tez olun, çar qoşunları buradan gedənə qədər ora köçmək lazımdır. Əgər geciksəniz, çox şey itirəcəksiniz. Az itki ilə bura köçəcəksiniz, müqabilində daimi vətən əldə edəcəksiniz". Tarix İnstitutunun direktoru vurğulamışdır ki, Lazaryan bu sözləri 1828-ci ildə demişdir.

Y.Mahmudov yaxın vaxtlarda bu kitabların təqdimatının keçirilməsinin planlaşdırıldığını qeyd etmiş, jurnalistlərin suallarını cavablandırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-30  yanvar.- S. 5.