Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu hər iki ölkənin nüfuzlu elitasını bir araya toplamışdır

 

"Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda hər iki ölkənin nüfuzlu elitası bir araya toplaşmışdır. MDB üzvü olan başqa ölkələrdə keçirilmiş oxşar forumların heç birində belə hal olmamışdı". Bu sözləri forumun Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da olmuş iştirakçıları söyləmişlər.

Rusiya Federasiyası Prezidenti İşlər İdarəsinin müşaviri Viktor Xrekov Azərbaycan Prezidenti İlham Əliyevlə Forum iştirakçılarının görüşü haqqında, tədbirin indiki formatının dəyişdirilərək Bakı Açıq Humanitar Forumuna çevrilməsi təşəbbüsü barədə məlumat vermişdir. Həmin formatda forumun əsas iştirakçıları iki ölkənin nümayəndələri olacaq, bundan əlavə başqa dövlətlərdən olan həmkarlar da cəlb ediləcəkdir.

Əslən Bakıdan olan V.Xrekov Bakı haqqında təəssüratını da bölüşərək, Azərbaycan paytaxtının simasında ciddi müsbət dəyişikliklər baş verdiyini qeyd etmişdir.

Digər müsahibimiz - "Rossiyskaya qazeta"nın baş redaktorunun müavini Yadviqa Yuferova da həmkarının sözünə qüvvət verərək Bakıda müşahidə etdiyi inkişafa və Forum iştirakçılarına göstərilən qonaqpərvərliyə heyran olduğunu gizlətmədi. Y.Yuferova bildirdi ki, "Rossiyskaya qazeta" yaxın xarici ölkələrdəki rus dili müəllimləri üçün Beynəlxalq Puşkin müsabiqəsinin təşkilatçılarından biri, o özü isə müsabiqənin təşkilat komitəsinin sədridir. Qonaq Bakı məktəblərinin rus dili müəllimlərini də həmin müsabiqədə fəal iştirak etməyə çağırdı.

"Moskovski komsomolets" nəşriyyat evinin baş direktorunun müavini Sergey Roqojkin də Forum haqqında öz fikirlərini bölüşdü və vurğuladı ki, bu Forum Azərbaycanla Rusiya arasında təkcə humanitar sahədə deyil, bir sıra başqa sahələrdə də münasibətlərin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.

AzərTAc-ın qonaqlarının yekdil fikrinə görə, Bakı Forumu iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin tarixində yeni səhifə açmışdır. Müxtəlif dövlət qurumlarının və KİV-lərin nümayəndələri ilə görüşlər Azərbaycan və Rusiya ziyalıları arasında əlaqələrin genişləndirilməsinə xidmət edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-30 yanvar.- S. 7.