Qaçqın və məcburi
köçkünlərə dövlət qayğısı
artır
Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində onlar tezliklə
doğma torpaqlarına qayıdacaqlarına əmindirlər
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı onun hər bir vətəndaşının həyatında özünü göstərməkdə, insanların rifah halının günü-gündən yaxşılaşmasına təkan verməkdədir. Təsadüfi deyil ki, son altı ildə ölkədə 840 mindən çox iş yeri açılmış, yoxsulluğun səviyyəsi 11 faizə düşmüşdür. Əhalinin pul gəlirlərinin çoxalması, illik inflyasiyanın cəmi 1,5 faiz təşkil etməsi, əmək-haqqı və pensiyaların həcmində olan artımlar və bu qəbildən olan digər amillər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdəndir.
Əldə edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşməyib. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Bu gün də qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və göstərilən istiqamətdə lazımi nəticəyə nail olunması üçün Azərbaycanın kifayət qədər imkanları var. Cari il ərzində bu istiqamətdə görülən işlərin miqyasının daha da genişləndiriləcəyi gözlənilir. Bununla əlaqədar Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdir: "Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylərimiz davam etməlidir. Yeni qəsəbələr salınmalıdır və eyni zamanda, yataqxanalarda yaşayan köçkünləri biz oradan köçürməliyik. Bakıda artıq belə gözəl təcrübə vardır. Keçən il bir neçə evin açılışını qeyd etdik. Bakıda soydaşlarımız üçün hündürmərtəbəli evlər tikilir və bu proses davam etməlidir. Yataqxanaların siyahısı çıxarılıbdır. Düzdür, orada məskunlaşan köçkünlərin sayı çoxdur. Bu, çox böyük maliyyə vəsaiti tələb edəcəkdir. Ancaq biz bunu etməliyik. Elə etməliyik ki, bu il ərzində artıq yataqxanaların bir neçəsi köçürülsün".
Dövlət başçısı paytaxt yataqxanalarda məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi üçün Bakıda yeni evlərin tikilməsini vacib tapşırıqlardan biri kimi qarşıya qoyub. Bu məqsədlə artıq Prezident tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə və Dövlət Əmlak Məsələləri Komitəsinə torpaq sahələrinin ayrılması üçün göstəriş verilib. Lakin təkcə paytaxtda yox, ölkənin digər ərazilərində məskunlaşan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması da dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bununla bağlı bildirmişdir: "Həm Bakıda, həm də ki, rayonlarda, xüsusilə işğaldan azad edilmiş bölgələrdə - Ağdam rayonu ərazisində, Füzuli rayonu ərazisində, Yevlaxda, müxtəlif yerlərdə yeni qəsəbələrin salınması davam etməlidir".
Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, ölkə ərazisində bütün çadır şəhərcikləri ləğv olunub, onların əvəzində yeni, müasir standartlara cavab verən evlər inşa edilib. Ümumilikdə isə, respublikanın ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 18 min 120 evdən ibarət 62 qəsəbə salınıb, bu kateqoriyadan olan 81 min insan həmin qəsəbələrə köçürülüb. Lazımi infrastrukturla təmin edilən qəsəbələrdə məskunlaşan, əksəriyyəti torpağa bağlı olan məcburi köçkünlərin əkin-biçinlə məşğul olması üçün torpaq sahələri ayrılıb. Bununla yanaşı, doğma torpaqlarından ayrı düşmüş bu insanlar üçün 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisəsi, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilib. Məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir. Bunun ən bariz nümunələrindən biri də Prezident İlham Əliyevin daha 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsinə dair ötən ilin sentyabrın 2-də imzaladığı sərəncamdır. Həmin sərəncama müvafiq olaraq Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə üç milyon manat məbləğində vəsait ayrılıb.
Aparılan araşdırmalar göstərir ki, Azərbaycan hökuməti son 16 ildə qaçqın və məcburi köçkünlər üçün 2 milyard dollardan artıq vəsait xərcləyib. Həmin müddət ərzində beynəlxalq təşkilatlar tərəfindən bu məqsədlə 760 milyon dollar vəsait ayrılıb. Bu isə o deməkdir ki, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əsas etibarı ilə ölkəmizin daxili imkanları hesabına həyata keçirilir.
Sözügedən insanlara yüksək səviyyədə göstərilən dövlət qayğısından danışarkən Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü il iyulun 1-də təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. Sənədə uyğun olaraq 2004-cü ildən etibarən qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verilib. Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün də dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilməkdədir.
Həyat səviyyələri yüksələn, məişət durumları yaxşılaşdırılan məcburi köçkünlər dövlət tərəfindən yaradılan şəraitdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda qalmamaq və işğal altında olan əraziləri təmsil edən icma kimi təşkilatlanmaq istiqamətində xeyli iş görüblər. Bununla bağlı olaraq Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır. 65 min nəfərdən çox insanı birləşdirən icma ötən il özünün ilk qurultayını keçirib, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilib, özünün idarəetmə strukturlarını yaradıb.
Dağlıq Qarabağ icmasının qurultayında iştirak edən nümayəndələrin Prezident İlham Əliyevə ünvanladığı müraciətdə dövlət başçısı tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən qayğı xüsusi qeyd olunub: "Siz qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması, təhsil, səhiyyə və digər ehtiyaclarının ödənilməsi kimi vacib məsələləri də daim diqqət mərkəzində saxlamısınız. Sizin sərəncamınızla Dövlət Neft Fondundan ilk xərclər məhz bu məqsədlər üçün ayrılmış, qısa müddət ərzində respublika ərazisindəki bütün çadır şəhərcikləri ləğv edilmiş, məcburi köçkünlər yeni salınmış qəsəbələrə köçürülmüşlər. Hazırda məktəblərdə, yataqxanalarda, istismar müddəti başa çatmış tikililərdə və digər yerlərdə müvəqqəti məskunlaşmış ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması istiqamətində də konkret işlər görülür".
Birliyin icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması üçün istifadəsində olan mənzil-qərargahın əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin ötən il avqustun 31-də imzaladığı sərəncama əsasən isə 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" ictimai birliyinə iki milyon manat məbləğində vəsait ayrılıb.
Bütün
bunlara görədir ki, qaçqın və məcburi
köçkünlərin Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq tezliklə
öz doğma torpaqlarına qayıdacaqlarına, Azərbaycanın
ərazi bütövlüyünün bərpa ediləcəyinə
inamları daha da artıb. Onlar yaxşı bilirlər ki,
dövlət başçısının uğurla
reallaşdırdığı siyasət nəticəsində
Ermənistan diplomatik sferada tam məğlubiyyətə
uğrayıb, işğal altında olan ərazilərdən
düşməni hər an geriyə atmağa qadir olan qüdrətli
Azərbaycan ordusu yaradılıb. Azərbaycan Prezidentinin ətrafında
daha sıx birləşən qaçqın və məcburi
köçkünlərin özləri də zəbt
olunmuş doğma torpaqlarının azad edilməsi
üçün Ali Baş Komandanın döyüş əmrini
yerinə yetirməyə hazırdırlar.
Azərbaycan.- 2010.- 31 yanvar.- S. 1.