Nazirlər Kabineti 2011-ci il dövlət
büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və
sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin
Azərbaycan Prezidentinə vaxtında təqdim olunması barədə
sərəncam qəbul etmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, Nazirlər Kabineti "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə 2010-cu il yanvarın 30-da sərəncam qəbul etmişdir.
Sərəncamda deyilir ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcəsinin göstəricilərini 2010-cu il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2010-cu il sentyabrın 10-dək, həmçinin həmin qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Daha sonra sərəncamda aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi:
- cari il üçün
ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf
proqramını dəqiqləşdirmək üçün
2009-cu ilin ilkin statistik məlumatlarını 2010-cu il
fevralın 5-dək Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
- növbəti büdcə
ili və gələn üç il üçün ölkənin
iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət
büdcəsi layihəsinin və toplu maliyyə
balansının hazırlanması üçün zəruri
statistik məlumatların Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə və digər əlaqədar
təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin
etsin.
Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
dövlət büdcəsinin gəlirlərini təmin edən
digər orqanlar dövlət büdcəsinin tərtibi və
icrası prosesi üçün gəlirlərlə
bağlı zəruri olan qanunvericilik aktlarına əlavə
və dəyişikliklər edilməsi məqsədilə təkliflərini
2010-cu il martın 1-dək Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə, növbəti büdcə ili və
sonrakı üç il üçün dövlət büdcəsi
gəlirlərinin layihəsini hazırlamaq məqsədilə
mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyi
tərəfindən göndərilmiş təlimat məktubuna
uyğun olaraq, müvafiq məlumatları 2010-cu il iyulun 1-dək
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər.
Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi 2011-ci və sonrakı
üç il üçün dövlət və icmal
büdcələrinin ilkin ortamüddətli proqnozunun göstəricilərini
(gəlir, xərc və kəsir), o cümlədən dövlət
əsaslı vəsait qoyuluşu xərclərinin ilkin
ümumi məbləği barədə göstəriciləri
2010-cu il aprelin 10-dək, dəqiqləşdirilmiş
variantını isə 2010-cu il sentyabrın 5-dək Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim
etsin.
Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi 2010-cu il
üçün dəqiqləşdirilmiş, 2011-ci il və
sonrakı üç il üçün ölkənin iqtisadi
və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin
ilkin variantını 2010-cu il martın 1-dək, dəqiqləşdirilmiş
variantını isə 2010-cu il avqustun 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin regional və yerli bölmələri Azərbaycan
Respublikası Vergilər Nazirliyinin və Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin
razılaşdırdığı formalara və cari il
mayın 1-dək Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin hazırladığı təlimat məktubuna
uyğun olaraq, növbəti büdcə ili və sonrakı
üç il üçün dövlət büdcəsinin gəlirləri
üzrə proqnoz layihələrini cari il iyunun 1-dək Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə
təqdim etsinlər.
Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin,
komitələrin, idarə və təşkilatların rəhbərlərinə,
şəhər və rayon icra hakimiyyəti orqanlarına
tapşırılsın və bələdiyyələrə
tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin təlimat məktubuna uyğun olaraq
lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin
inkişafının təhlili əsasında növbəti
büdcə ili və gələn üç il
üçün ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasını, proqnoz göstəricilərini və toplu
maliyyə balansını hazırlamaq üçün 2010-cu
il iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti, büdcədən
müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar,
həmçinin şəhər və rayon icra hakimiyyətləri
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rayon
(şəhər) üzrə maliyyə idarələri və
şöbələri ilə birlikdə növbəti büdcə
ili və sonrakı üç il üçün büdcə
layihələrini 2010-cu il iyulun 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Nazirliklər, komitələr
və büdcədən maliyyələşən digər təşkilatlar:
- növbəti büdcə
ili və sonrakı üç il üçün büdcə
layihələrini və büdcə prosesinin təkmilləşdirilməsinə
dair təkliflərini 2010-cu il iyulun 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
- dövlət büdcəsi
vəsaitinin səmərəli istifadəsini təmin etmək
məqsədilə funksional təsnifatın müvafiq bölmələri
çərçivəsində inzibati təsnifata uyğun
olaraq boş (vakant) ştatlar (vakant ştatların vəzifə
adı, sayı və vəzifə maaşı göstərilməklə)
barədə məlumatları hər rübdən sonrakı
ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsinlər.
Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu və
Azərbaycan Respublikasının Dövlət Neft Fondu növbəti
büdcə ili və gələn üç il
üçün öz büdcə layihələrinin ilkin
variantını 2010-cu il martın 15-dək, dəqiqləşdirilmiş
variantını isə 2010-cu il iyulun 1-dək Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər.
Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla, "Avtomobil Yolları" Məqsədli
Büdcə Fondunun, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi "Dövlət zəmanəti ilə alınan
borcların Təminat Fondu"nun növbəti büdcə
ili və gələn üç il üçün büdcə
layihələrinin ilkin variantını 2010-cu il martın 15-dək,
dəqiqləşdirilmiş variantını isə 2010-cu il
iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə təqdim etsinlər.
Dövlət büdcəsindən
maliyyə yardımı (dotasiya) almaq istəyən bələdiyyələrə
tövsiyə edilsin ki, "Büdcə sistemi haqqında"
Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsində
göstərilən sənədləri və məlumatları
2010-cu il mayın 1-dək Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin,
komitələrin, idarə və təşkilatların, səhmlərinin
nəzarət zərfi dövlətə məxsus olan səhmdar
cəmiyyətlərinin rəhbərlərinə, şəhər
və rayon icra hakimiyyəti orqanlarına
tapşırılsın və bələdiyyələrə
tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinin təlimat məktublarına
uyğun olaraq, 2011-ci il və sonrakı üç il üzrə
dövlət investisiya proqramının layihəsini
hazırlamaq üçün müvafiq məlumatları və
sənədləri 2010-cu il mayın 1-dək Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər.
Nazirliklər, komitələr
və büdcədən maliyyələşən digər təşkilatlar,
dövlət büdcəsindən müvafiq maliyyə
yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və
təşkilatlar 2010-cu il iyulun 1-dək:
-aidiyyəti dövlət
proqramlarının, tədbirlər planlarının icrası
vəziyyəti barədə məlumatları hazırlayıb
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyinə təqdim etsinlər;
- dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin
dövlət sifarişinə aid olanları barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsinlər.
Sərəncamda Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyinə
tapşırılmışdır ki, lazım olduqda, ölkənin
növbəti büdcə ili və gələn üç il
üçün dövlət büdcəsi layihəsinin,
iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu
maliyyə balansının tərtibi üçün əlavə
əsaslandırıcı materialları və hesablamaları
mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə
onların struktur bölmələrindən, mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq, digər
hüquqi şəxslərdən, bələdiyyələrdən,
büdcə və büdcədənkənar dövlət
fondlarından tələb etsinlər.
Dövlət büdcəsi gəlirlərinin
icrasını təmin edən orqanlar və büdcədən
maliyyələşən nazirliklər, komitələr,
şirkətlər və digər təşkilatlar, müvafiq
dövlət fondları, dövlət büdcəsindən
müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və
subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinin rayon (şəhər)
üzrə maliyyə idarələri və şöbələri
növbəti büdcə ili və sonrakı üç il
üçün büdcə layihələrini tərtib edərkən,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24
may tarixli 75 nömrəli qərarı ilə təsdiq
edilmiş "Dövlət büdcəsinin tərtibi və
icrası Qaydaları"ndan irəli gələn vəzifələrin
yerinə yetirilməsini təmin etsinlər.
Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
AzərTAc
Azərbaycan.- 2010.- 31 yanvar.- S. 1, 3