İlk azərbaycanlı vitse-admiral
Azərbaycan dünya tarixinə
təkcə zəngin dövlətçilik təcrübəsinə
malik müdrik siyasi xadimlər, ali kamillik zirvəsinin sahibi
olan görkəmli elm korifeyləri, ilahi poeziya ulduzları
deyil, həm də qüdrətli sərkərdələr məmləkəti
kimi daxil olub. Belə şəxsiyyətlərdən biri də
ilk azərbaycanlı vitse-admiral İbrahimbəy Aslanbəyovdur.
Bu ad Azərbaycanda çoxlarına məlum olmasa da, onu əksər
əcnəbi ölkələrdə, xüsusən Rusiyada hərbçilər
yaxşı tanıyır, onu çox haqlı olaraq "Rus hərbi
donanmasının şöhrət çələngi"
adlandırırlar.
İbrahimbəy Aslanbəyov 1812-ci ildə Bakıda təfəkkür zənginliyinə, doğma məmləkətinə və xalqına tükənməz məhəbbətinə, xeyriyyəçilik fəaliyyətinə görə Abşeron camaatı, xüsusən onun ziyalı elitası arasında böyük nüfuz sahibi olan Allahverdi bəyin ailəsində dünyaya göz açıb. Hələ balaca ikən Xəzər sahilindəki qayalar üstə oturub dənizin coşqun dalğalarında ləngər vura-vura üzən hərbi gəmiləri maraqla seyr edən İbrahimin qəlbində bir arzu baş qaldırmışdı: dənizçi olmaq, hərbi gəmilərdə xidmət etmək, doğma Xəzərimizi qəfil düşmən hücumlarından qorumaq arzusu. Lakin təəssüf ki, o, həmin dövrdə hərbi dəniz gəmilərinin qapılarının qeyri-slavyan xalqlarının övladları üçün tam qapalı olduğundan xəbərsiz idi. Həmin vaxtadək Bakıdan uzaq Saxalinədək Rusiyanın dəniz və okeanlarda üzən hərbi gəmilərində bir azərbaycanlı səsi belə eşidilməmişdi. Lakin Allahverdi bəyin dövlət orqanları, həmçinin Azərbaycandakı rus nümayəndəliyi qarşısındakı nüfuzu, nəhayət ki, bu arzunun çox böyük çətinliklə də olsa gerçəkləşməsinə imkan yaratdı. İbrahimbəy 1834-cü ildə Peterburqdakı Hərbi Dənizçilik Korpusuna daxil oldu. 1837-ci ildə üçillik təhsilini uğurla başa vurdu. Təhsildə qazandığı nailiyyətlərə görə adı korpusun "Fəxri Qırmızı lövhə"sini zinətləndirdi. Əvvəl "Aleksandr Nevski", sonra isə "Prozergin" freqatlarında (keşikçi vəzifəsini görən üçdorlu hərbi gəmilərdə) miçman kimi fəaliyyətə başladı. Çox keçmədi ki, dünya hərb tarixinə dair kitabları, məşhur admiralların zəngin döyüş taktikasından bəhs edən elmi əsərləri bir an belə əlindən yerə qoymayan, öz fədakar zəhməti, ağıl və fərasəti ilə komandanlığın hörmətini qazanan İbrahimbəy Aslanbəyovun Rusiyanın ən böyük hərbi gəmilərindən olan sürətli "İmperator I Pyotr" gəmisinə keçirilməsi və Daqekror yaxınlığındakı hərbi dəniz təlimlərində iştirakı məsləhət bilindi. O, dəniz məktəbinin zabit sinfini uğurla başa vurduqdan sonra 1842-ci ildən 1861-ci ilədək Qara dəniz hərbi donanmasında üzən "Selafail", "Varşava", "Felistokl" və digər sahil mühafizə gəmilərində özünü düşmənin xəyalına belə gəlməyən gizli nöqtələrdən qəfil hücuma keçib, ona ağır zərbələr endirmək bacarığına malik cəsur və ağıllı zabit kimi göstərdi. İ.Aslanbəyovun hünər və rəşadətini yüksək qiymətləndirən ordu komandanlığı Krım müharibəsinin ilk illərində onu "Elbrus" hərbi gəmisinə komandir təyin etdi. "Elbrus" 1853-cü ildə düşmənin nəqliyyat gəmilərinə qarşı dörd cəsarətli döyüş əməliyyatı həyata keçirdi. 1854-cü ilin avqustunda desant gəmisində batareyaya komandanlıq edən İ.Aslanbəyov kapitan-leytenant hərbi rütbəsinə layiq görüldü. 1854-cü il sentyabrın 13-dən 1855-ci il avqustun 27-dək Sevastopol hərbi qarnizonunun tərkibində düşmənə qarşı döyüşlərdə əsl fədakarlıq nümunələri göstərən Aslanbəyov son döyüşlərdən birində ağır kontuziya alsa da, mübarizəni yenə də qətiyyətlə davam etdirdi. O vaxt Sevastopolda müdafiə qarnizonunun rəhbəri olan admiral Naximov bu qətiyyətli, döyüşkən, mübariz Azərbaycan oğlunun hünər və rəşadətindən, ağıllı hücum taktikalarından, ən çətin anlarda belə vəziyyətdən çıxış nöqtələri axtarıb tapmaq bacarığından məmnun olduğunu bildirmişdi. Uzun müddət Rusiyanın ən məşhur vitse-admirallarından biri Q.Vutakovun zirehli eskadrasında qərargah rəisi vəzifəsində çalışan İ.Aslanbəyov sonralar, 1871-ci ildə Nikolayevdə donanma heyətinin komandiri olarkən Sevastopola ilk dəmir yolunun çəkilişi kimi məsul bir işə də rəhbərlik etmişdir. Dövlət əhəmiyyətli bir çox mühüm məsələlərin həllində yaxından iştirak edən İ.Aslanbəyov müxtəlif hərbi-dəniz komitələrinə sədrlik etmək missiyalarını da layiqincə yerinə yetirmişdir. O dövrdə Rusiyanın müxtəlif bölgələrində dənizçiliklə əlaqədar yeni tədris müəssisələrinin təşkilində, müasir tipli hərbi və ticarət gəmilərinin inşasında da onun xidməti az olmayıb. 1872-ci ildən I Pyotrun yubiley günlərində Ümumrusiya texnika sərgisində nümayiş etdirilmək üçün ölkənin müxtəlif dəniz və okeanlarından Moskvaya istiqamətlənən imperator yelkənli gəmilər dəstəsinə komandanlıq etmək vəzifəsi də məhz İ.Aslanbəyova tapşırılmışdı. Bu özü də Rusiya hökumətinin və hərbi komandanlığının öz peşəsinin mahir bilicisi olan, çalışdığı ölkəyə və arasında yaşadığı xalqa sədaqətlə xidmət edən bu qeyrətli Azərbaycan oğluna böyük inamın təntənəsi idi. Hərbi dənizçilik sahəsindəki çoxillik gərgin və səmərəli fəaliyyətinə görə 1878-ci il yanvarın 1-də, o vaxt 8-ci hərbi donanma heyətinin rəisi vəzifəsində çalışan İ.Aslanbəyov kontr-admiral rütbəsinə layiq görüldü. 1879-1882-ci illərdə "Minin", "Knyaz Poyarski", "Hersoq Edinburq", "Asiya" və "Afrika" adlı zirehli və buxar gəmilərindən ibarət rus hərbi eskadrasının yerətrafı yürüşünə başçılıq etmək vəzifəsi də İ.Aslanbəyova tapşırılmış və eskadra onun rəhbərliyi altında Sakit okeana və oradan uzaq Polineziya adalarına qədər çətin yol keçmişdi. Qürurla qeyd etmək istərdik ki, Rusiyanın sürətli kreyserlərdən və "xüsusi eskadralar"dan ibarət güclü okean hərbi dəniz qüvvələrinin yaradılmasının ilk təşəbbüskarı da məhz bu fədakar Azərbaycan oğlu olmuşdur. Yüksək təfəkkür sahibi olan İ.Aslanbəyovun bir sıra tanınmış hərbi xidmətlərə, xüsusən məşhur admiral A.A.Popova hərbi dənizçilik layihələrinin hazırlanmasında göstərdiyi köməyi təqdirəlayiq hal kimi dəyərləndirmək gərəkdir. 1887-ci ildə İ.Aslanbəyov hərbi dənizçilik sahəsindəki misilsiz xidmətlərinə görə ən ali bir rütbəyə - vitse-admiral rütbəsinə layiq görülür və Baltik donanmasının flaqmanı kimi məsul bir vəzifəyə irəli çəkilir.
İ.Aslanbəyov xalqımıza xas olan milli mənəvi keyfiyyətləri - səmimi rəftarı, mehriban davranışı və xeyirxahlığı ilə də tabeliyində olan gəmilərin şəxsi heyəti arasında böyük hörmət və ehtiram rəmzinə çevrilmişdi. Şəxsi heyət arasında yüksək döyüş ruhunu qoruyub saxlamaqla bərabər, hər bir dənizçinin problemlərinə öz problemi kimi yanaşıb, onlara yardım əli uzatmaq, aşağı rütbəli hərbiçilərin belə irəli sürdüyü əhəmiyyətli təşəbbüsləri müdafiə etmək onun xarakterinin ən ali məziyyətləri idi. İ.Aslanbəyov həm də öz məsləkdaşları arasında dünya hərbi dəniz tarixinin ən gözəl tədqiqatçılarından biri kimi tanınırdı. Onun "Admiral Naximov", "Admiral Qreyq", "Admiral A.İ.Panfilov", "Sokol" korvetinin (üçdorlu hərb gəmisinin) Aralıq dənizindən Kronştada üzməsi" və digər elmi-publisistik əsərləri, ayrıca kitabça şəklində dərc olunmuş "Rusiya Dəniz Akademiyasının 50 illik yubiley təntənəsindəki çıxışı", həmçinin özünün şərəfli ömür yolundan bəhs edən və öz qələminin məhsulu olan "Kontr-admiral Aslanbəyovun səyahətləri" əsərləri Rusiyada geniş oxucu kütləsi və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Təəssüf ki, çoxsaylı oxucularımız həmin qiymətli əsərlərin əksəriyyətindən hələ də bixəbərdir.
İ.Aslanbəyov Kazan və Peterburq universitetlərinin professoru, məşhur azərbaycanlı şərqşünas alim Mirzə Kazım bəy və rus ədəbiyyatının zirvəsi sayılan Lev Tolstoyla da uzun illər sıx dostluq münasibətlərində olmuş, hətta L.Tolstoy özünün "Sevastopol hekayələri"ndə vitse-admiralın xatirələr toplumundan geniş istifadə etmişdir.
Ömrünün yarım əsrdən çoxunu Rusiya hərbi dəniz donanmasına xidmətdə keçirmiş, öz ağıllı təklifləri, müdrik layihələri ilə Rusiyanın hərbi qüdrətinin daha da artmasında misilsiz hünər göstərmiş bu məşhur azərbaycanlı vitse-admiralın fədakarlığı Rusiya hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir.O, müxtəlif illərdə Rusiyanın "Müqəddəs Vladimir", "I dərəcəli müqəddəs Stanislav", "I dərəcəli müqəddəs Anna", "Ağ qartal", o cümlədən Serbiyanın "Takova", Yaponiyanın "Günəşin doğması", Havananın "II dərəcəli Kalakya" ordenləri ilə təltif olunmuşdur.
1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində bu məşhur Azərbaycan oğlunun Rusiyanın hərbi dəniz qüvvələrinin təşəkkülündə, həmçinin ölkənin dəniz sahillərinin mühafizəsi naminə xarici qüvvələrə qarşı mübarizədə xidmətlərindən fərəhlə söz açılmış və o, fəxri qılınc və birillik maaşı həcmində pulla mükafatlandırılmışdır. İbrahimbəy İ.Aslanbəyov Rusiya tarixində yeganə vitse-admiral idi ki, hələ sağlığında onun adı Saxalindəki yarımadalardan və Oxot dənizindəki körfəzlərdən birində əbədiləşdirilmişdi. 1880 və 1887-ci illərdə Sankt-Peterburqda İ.Aslanbəyovun coşqun mübarizələrlə dolu şərəfli ömür yolundan bəhs edən iki kitab nəşr olunmuşdur. V.Fridriksin "Kontr-admiral Aslanbəyovun bayrağı altında "Afrika" kreyseri" və "Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi" adlı kitablar Rusiya ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdı.
İbrahimbəy Aslanbəyov 1901-ci il dekabrın 7-də Sankt-Peterburqda vəfat etmiş və orada dəfn olunmuşdur.
Tarix elmləri namizədi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin rəisi Nurulla Əliyevin "Azərbaycan hərbi dənizçilik tarixi" adlı irihəcmli tədqiqat əsərinin I hissəsində bu məşhur vitse-admiral haqqında qısaca məlumat verilsə də, indiyədək tədqiqatçı alimlərimizin yalnız Rusiyanın yox, bütövlükdə dünya hərbi dənizçilik tarixində silinməz izlər qoymuş bu vətən oğlunun şərəfli ömür yoluna müraciətdən kənarda qalmaları, İ.Aslanbəyov haqqında yazılmış çoxsaylı əsərlərin bir çoxunun dilimizə tərcümə olunmaması, onun haqqında sanballı bir əsərin ortaya qoyulmaması təəssüf doğurur.
Zeynal VƏFA
Azərbaycan.- 2010.- 31 yanvar.- S. 7.