Yurda ünvanlanan şeirlər

 

1992-ci ilin payızında dünyasını dəyişmiş Aslan Kəmərli həm "Azərbaycan" qəzetinin bölgə müxbiri, həm də tanınmış şair idi. Sağlığında 7 kitabı işıq üzü görmüşdü. Aslan Kəmərlinin poeziyasında ana yurdun mənzərəsi - dağı, dərəsi, gül-çiçəyi ağrı-acıları əks olunurdu. Bəzən onun şeirlərində bir vətəndaş etirazı, vətəndaş harayı eşidilirdi. Xüsusilə son illər ermənilərin torpaq iddiaları, soydaşlarımızın məruz qaldığı zülmlər, düçar olduğumuz ədalətsiz müharibə təbiətən həssas Aslan Kəmərlinin duyğularını qəzəbli notlar üzərində dilə gətirirdi.

Şairin narahatlığı çoxalmışdı. O, "Azərbaycan" qəzetinin müxbiri kimi Gəncə-Qazax bölgəsində tez-tez olar, mətbuatda jurnalist yazıları ilə çıxış edərdi. Sonralar ermənilərin azğınlaşması, Azərbaycanın rayon kəndlərinin bir-bir işğala məruz qalması Aslanın xiffətini artırmışdı. Bakıda tablaşa bilmirdi. Tez-tez doğma Qazaxa üz tutur, namərd qonşuların vəhşiliklərindən, xalqımıza qarşı həyata keçirdiyi terror aktlarından yazırdı.

Aslan Kəmərli peşəkar jurnalist, böyük ürəkli vətəndaş, həm istedadlı şair idi. Onun şeirlərində özünəməxsus ruh vardı. Hansı kitabını əlinə alsaydın, sona çatmamış yerə qoya bilməzdin. Aslan Kəmərli uşaqlar üçün gözəl şeirlər yazırdı. Onun poeziyasının bir sarı simi var idi: Vətən! İstəyirdi ki, balaca oxucularının vətən haqqında məlumatları daha çox olsun. Ona görə yurdumuzun gözəlliklərindən, qəhrəmanların hünərindən məhəbbətlə yazırdı. Yazırdı ki, vətən sevgisi misra-misra ürəklərə hoparaq insanların əqidəsində, məramında çiçək açsın. Bu mənada "Vətən" şeirini nəinki böyüklər, elə uşaqlar da məhəbbətlə əzbərləyib yadda saxlayırdı:

 

Dağ döşündə bitən çiçək,

Çiçək üstə düşən ləçək,

Çiçəkləri qovan külək

Vətəndi.

 

Buluddakı qar havası,

Budaqdakı quş yuvası,

Nənələrin sac urvası

Vətəndi.

 

Heç 50 yaşını da tamamlamadı Aslan Kəmərli. Ürəyində neçə mövzusu, arzusu özü ilə birgə əbədiyyətə qovuşdu. Yaşasaydı, kim bilir, bu illər ərzində nələr yaradardı. Amma fələyin yazdığını kim poza bilib ki?! Yaxşı ki, yaradıcılığı ondan sonra da Aslanı unutdurmur. Bu yaxınlarda xeyirxah insanların köməyi ilə Aslan Kəmərlinin ikicildliyi çapdan çıxmışdır. Cildlərin tərtibçisi filologiya elmləri namizədi Fəridə Ləmandır. Bu kitabların özəlliyi ondadır ki, vaxtilə müəllifin çapdan çıxmış 7 kitabının hər birinin üz qabığı o topludakı şeirlər eyni sıra ilə şairin sağlığında olduğu kimi cildlərə düzülüb. Bu cildlər həm poeziya həvəskarları, həm Aslan Kəmərli poeziyasını sevənlər üçün ən gözəl ərməğandır. Bizə elə gəlir ki, şair haqqında ən tutarlı sözü elə onun öz şeirləri deyər. Odur ki, oxuculara həmkarımızın bir şeirini təqdim etməklə ruhuna dualar oxuyuruq.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 31 yanvar.- S. 7.