Dünyadı

 

Hara gedir keçən karvan,

Dörd yanı bağlı dünyadı,

Ömrü-günü, ayı-ili

Qaralı-ağlı dünyadı.

 

Bu divarı hörən hörüb,

İgid hörüb, ərən hörüb,

Əsli görüb, Kərəm görüb -

Sinəsi dağlı dünyadı.

 

Bölgüdədi hər anı da,

Dərdi var, dərmanı da,

Hey işləyir xırmanı da,

Yarlı-yaraqlı dünyadı.

 

Sınağa çəkdi məni çox,

Tufanı çox, qar-çəni çox,

Gələni çox, gedəni çox,

Qonaq-qaralı dünyadı.

 

 

Aslan KƏMƏRLİ

 

Azərbaycan.- 2010.- 31 yanvar.- S. 7.