Azərbaycanı daim yeniləşdirən, dinamik inkişaf etdirən, beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirən yeganə qüvvə İlham Əliyev hakimiyyətidir

 

Bahar MURADOVA: "Ölkəmizdə nəyisə dəyişmək üçün nə radikal müxalifətin, nə də kənar qüvvələrin gücü yetərlidir"

 

Bu gün müasir Azərbaycanı xarakterizə edən əsas cəhətlər sosial-iqtisadi sferada sürətli inkişaf, buna paralel şəkildə yaşanan demokratik tərəqqi və Avratlantik məkana uğurlu inteqrasiyadır. Dinamik inkişafını yeni müvəffəqiyyətlər qazanmaqla davam etdirən Azərbaycan tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük tərəqqi yolu keçərək qazandığı nailiyyətlərlə nəinki mövcud olduğu regionda, həm də dünya coğrafiyasında lider mövqelərdən birinə yüksəlib. Belə vəziyyət təbii olaraq beynəlxalq hüququn müstəqil subyekti kimi ölkəmizin dünya miqyasında nüfuz və mövqelərinin davamlı şəkildə güclənməsi ilə müşayiət olunur. Lakin müstəqil dövlət olaraq Azərbaycanın keçdiyi tərəqqi yolu ölkəmiz əleyhinə istər beynəlxalq, istərsə də yerli miqyasda fəaliyyət göstərən qüvvələri indi daha çox narahat etməkdədir. Bu kontekstdə diqqət çəkən məqamlardan biri də radikal müxalifət düşərgəsində yer alan qüvvələrin xaricdəki antiazərbaycançı şəbəkə ilə eyni anda fəallaşmasıdır.

Belə vəziyyət radikal müxalifətlə antiazərbaycançı şəbəkənin əslində eyni məqsəd və mərama xidmət etməsinə dair bir təəssürat yaradır. Milli Məclis Sədrinin müavini Bahar Muradova qeyd edir ki, əgər yaxın keçmişə nəzər salınsa, buna bənzər situasiyaların və belə şərtləri özündə birləşdirən şəraitin yaranmasına cəhdlərin dəfələrlə olduğunun şahidi olmaq mümkündür:

 

- Hər dəfə radikal müxalifət və onların liderləri sayılan bəzi şəxslər bu prosesin önündə olmağa çalışıblar. Azərbaycanın inkişafı, bölgədə lider mövqeyini davamlı şəkildə möhkəmləndirməsi və müstəqil siyasət yeridən dövlət olmasının bəzi xarici dairələrin xoşuna gəlmədiyi sirr deyil. Ölkə daxilinə gəlincə isə, burada müəyyən müxalif qüvvələrin də öz maraqları mövcuddur. Bəzi hallarda isə xaricdəki Azərbaycan əleyhinə olan qüvvələrlə onların mövqeləri üst-üstə düşür. Ancaq müxalifətin sözügedən qanadı ilə xaricdəki Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrin mövqelərinin konkret şəkildə nə dərəcədə üst-üstə düşdüyünü söyləmək mümkün deyil. Çünki bu, bəzi ehtimallara söykənsə də, müəyyən faktlar və arqumentlər də ortaya qoyulmasını tələb edir.

Bəlkə də bu gün bunun axtarışına çıxmağın elə bir əhəmiyyəti yoxdur. İlk növbədə ona görə ki, hər şey göz önündədir. Bəli, Azərbaycanı, onun müstəqilliyini, dinamik inkişafını xaricdə, eləcə də daxildə istəməyən qüvvələr mövcuddur. Ola bilər ki, həmin qüvvələrin maraqları üst-üstə düşdükdə onlar bir güc kimi görünür. Amma fərdi maraqlar ortaya qoyulduqda bunların ayrı-ayrı dairələr olduğu nəzərə çarpır.

Bununla belə, Azərbaycana qarşı yönələn məkrli planların mövcudluğunu unutmaq olmaz və hazırda respublikada mövcud vəziyyət, ictimai-siyasi sabitlik, qonşu dövlətlərlə, uzaq xarici ölkələrlə müqayisədə sürətli inkişaf, əlbəttə, bir çoxlarını narahat edir. Ona görə də buna qarşı həm daxildən, həm də xaricdən fəaliyyət göstərilir, bu kontekstdə də xaos və ziddiyyətli bir şəraitin yaradılması məqsədilə addımlar atıla bilər. Bunun nə dərəcədə xarici dairələrin marağında olmasını və daxildəki qüvvələrin istəyi ilə üst-üstə düşməsini zaman göstərəcək. Lakin onu birmənalı şəkildə demək mümkündür ki, Azərbaycan hər zaman belə planlara rəğmən öz işini elə səviyyədə qura bilib ki, nə xaricdəki, nə də daxildəki məkrli planların reallaşması mümkün olsun. Azərbaycan hər hansı dairənin istəyinə uyğun olaraq nə zəifləyir, nə də gücdən düşür. Əksinə, bütün istiqamətlərdə inkişafını uğurla davam etdirir.

Digər tərəfdən, Azərbaycandakı radikal müxalifəti hər hansı gücə malik qüvvə yox, müəyyən bir dairə adlandırardım. Yəni onları ciddi siyasi qüvvə hesab etmək düzgün deyil. Çünki cəmiyyət elə yaxın keçmişdə həmin dairələrin ictimai-siyasi proseslərin gedişinə təsir göstərmək imkanında olmadığına dəfələrlə şahidlik edib.

- Dediklərinizə əsasən söyləmək olarmı ki, radikal müxalifət yalnız öz korporativ maraqlarını güdməklə məşğuldur?

- Bu, əslində, hamıya məlum olan faktdır. Təbii ki, burada müxtəlif qüvvələr, dairələr təmsil olunur. Bu mənada müxalifət qüvvələrinin hamısını bir sıraya qoymaq düzgün olmazdı. Lakin müxalifət düşərgəsində bəzi dairələr və qeyri-hökumət təşkilatları mövcuddur ki, onlar çox zaman ictimaiyyətin maraqlarından daha çox öz maraqlarının girovuna çevrilirlər. Söhbət məhz bu kiçik qrupdan gedir. Onları Azərbaycanda yaxşı tanıyırlar, liderlərinin kimlikləri də bəllidir. Zaman-zaman həmin kiçik dairədə yer alanlar öz fəaliyyətləri, Azərbaycanın milli maraqlarına zidd olan mövqeləri ilə özlərini getdikcə daha çox iflasa sürüklədiklərini sübuta yetiriblər. Yəni, onlar yalnız sırf özlərinin partiya və qrup maraqlarını güdməklə məşğuldurlar, şəxsi mənafelərini hər şeydən üstün tuturlar. Belələri harada bir hay-küy olursa, iki nəfər mübahisə edirsə, onun dərhal Azərbaycanda təkrarlanmasını istəyir.

- Yeri gəlmişkən, radikal müxalifət indi də Yaxın Şərqdə və Şimali Afrikada baş verənlərin Azərbaycanda təkrarlanacağını iddia edir. Bu iddialara necə yanaşırsınız?

- Hansısa ölkədə baş verən bir hadisəni həmin ölkənin içərisində gedən proseslərə, ictimai-siyasi mühitə, qüvvələr nisbətinə, siyasi partiyalar spektrinə, həmin partiyaların nümayiş etdirdiyi mövqeyə nəzərən qiymətləndirmək lazımdır. Bundan sonra həmin ölkədə hansı proseslərin gedəcəyini söyləmək mümkündür. Müəyyən ölkədə, yaxud regionda baş verəcək hadisələrin eynilə başqa bir ölkəyə köçürülməsini iddia etmək isə sadəcə cəfəngiyatdır. Əgər belədirsə, onda niyə elmin inkişafı, ekologiyaya və beynəlxalq məsələlərə münasibət, eləcə də bu qəbildən olan digər müsbət hallar götürülmür? Kifayət qədər digər müsbət təcrübələr də mövcuddur. Çox istərdik ki, belə gözəl nəticələrin hamısı Azərbaycanda da əldə olunsun. Bu, hədəf kimi qarşıya qoyulub və ona addım-addım gedilir. Çünki bir anda həmin təcrübənin Azərbaycanda təkrarlanması mümkün deyil.

Demək istədiyim odur ki, ən yüksək səviyyədə olmuş bir inkişaf dünya təcrübəsində varsa və onu eyni şəkildə bütün dünya ölkələrinə köçürmək mümkün deyilsə, eləcə də Yaxın Şərqdə baş verən məlum hadisələrin, siyasi kataklizmlərin, qarşıdurmaların, xaotik hərəkətlərin də eynilə başqa ölkələrə köçürülməsini düşünmək absurddur. Bu mənada öz gələcək fəaliyyətlərini yalnız belə hadisələrə uyğun olaraq ifadə etməyə üstünlük verən radikal müxalifət heç nəyə nail ola bilməyəcək. Bu da onların məqsədlərinə çatmaq üçün ölkədəki vəziyyəti, qüvvələr nisbətini düzgün qiymətləndirə bilməməsindən, hansısa kənar təkan, güc, maddi və mənəvi dəstək olmadan addımlar ata bilməmələrindən irəli gəlir. İndiyə qədər baş verən hadisələr də bunu aydın göstərir.

- Onda belə demək olarmı ki, müxalifətin sözügedən qanadı Azərbaycana qarşı xəyanətkar mövqedədir?

- Bunun adını lazım gəldikdə xəyanət, lazım gəldikdə fərsizlik, səriştəsizlik, səbatsızlıq da qoymaq olar. Sanki yaşanan inkişaf bu insanlardan yan keçir. Bu, bəlkə də, təfəkkürün qeyri-çevikliyinin nəticəsidir. Onlar bir neçə il əvvəl olduğu kimi, yenə düşünürlər ki, hər hansı kənar qüvvə ölkədə nələrsə edəcək və onlar da bundan güc alacaqlar.

Lakin Azərbaycanda nəyisə dəyişmək üçün nə radikal müxalifətin, nə də kənar qüvvələrin gücü yetərlidir. Azərbaycan xalqı ölkəni inqilablar yox, təkamül nəticəsində kimin və hansı qüvvənin dəyişəcəyini yaxşı bilir. Azərbaycanı daim yeniləşdirən, dinamik inkişaf etdirən, beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirən yeganə qüvvə İlham Əliyev hakimiyyətidir. Real güc məhz bu qüvvədir, bu iqtidardır. Ona qarşı alternativ ola biləcək hər hansı lider, yekcins müxalifət düşərgəsi yoxdur. İnsanlar arasında hər hansı nüfuza malik olmayan radikal müxalifət nəyəsə nail ola bilməz. Sadəcə, zaman-zaman dünyada gedən proseslərlə bağlı hay-küy salaraq öz mövcudluğunu xatırlatmaq istəyirlər.

- Belədirsə, demək olarmı ki, kütləvi aksiyalar keçirməyə çalışmaqla onlar yalnız öz mövcudiyyətlərini göstərməyə çalışırlar?

- Üz-üzə, masa arxasında, hansısa elmi konfranslarda, simpoziumlarda ideoloji mübarizə, fikir, ideya mübahisəsi aparmağa qadir olmayanlar yalnız küçədə keçirilə biləcək tədbirlərdə özlərini yaxşı hiss edə bilərlər.

Əlbəttə, istənilən ölkədə müəyyən narazılar olur və onların narazılığı ən müxtəlif məsələlərdən qaynaqlanır. Lakin həmin narazıların mövcudluğu o demək deyil ki, onlar özlərini Azərbaycanda olan hakimiyyətə müxalif sayır və iqtidara gəlmək iddiasında olanların sosial düşərgəsini təşkil edir. Belə fikirləşənlər böyük yanlışlıqlara yol verir. Çünki hər hansı vətəndaş bu gün müəyyən bir məsələdən narazı, sabah isə razı ola bilər və yaxud da əksinə. Yəni bir qrup adamın hər hansı narazılığı kimlərinsə hakimiyyət iddialarının reallaşması üçün yetərli deyil. Zaman bunu Azərbaycanın öz təcrübəsində göstərib, yaxın keçmişimizdə baş verən hadisələrə nəzər salmaqla da bunu görmək mümkündür. Radikal müxalifətin məqsəd və hədəfi isə bəllidir. Onların fikrincə, ölkədə ictimai-siyasi vəziyyət nə qədər pis olarsa, sabitlik pozularsa, özlərini daha yaxşı hiss edər və varlıqlarını göstərmək üçün şərait əldə etmiş olarlar. Lakin əmin olsunlar ki, Azərbaycan xalqı bu şəraiti onlara yaratmayacaq.

- Radikal müxalifət adətən qanun çərçivəsində qadağan olunmuş ünvanlarda kütləvi aksiyalar keçirməyə can atır. Bu zaman sanki asayiş keşikçiləri ilə qarşıdurma yaradılmasına da xüsusi səy göstərirlər. Belə bir niyyətin arxasında hansı məqsədlər durur?

- Bu, əvvəlcədən məqsədli qarşıdurmaya getmək niyyətindən irəli gələn cəhdlərdir. Əgər hər hansı siyasi qüvvənin tərəfdarları mövcuddursa, əgər həmin tərəfdarlar radikal müxalifət rəhbərlərinin bildirdikləri kimi nələrsə etməyə qadirdirlərsə, kütləvi etiraz aksiyasının harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Yəni bu aksiyanın, belə deyək, mühüm dövlət müəssisələrinin qarşısında və yaxud qanunla qadağan olunmuş ünvanlarda keçirilməsinə heç bir lüzum yoxdur. Onlar tərəfdarlarının mövcudluğuna əmindirlərsə, kütləvi etiraz aksiyasını təqdim edilən Bibiheybət stadionunda da keçirə bilərlər. Necə olur ki, futbola baxmaq üçün hətta paytaxtın ucqarında yerləşən stadiona gedənlərin sayı kifayət qədər çox olur, amma radikalların belə yerlərdə keçirdiyi kütləvi aksiyalara qatılanlar tapılmır?

Onlar əhalinin gur, nəqliyyatın sıx olduğu yerdə aksiyalar keçirməyə çalışmaqla tərəfdarlarının sayının çox olmasına dair vizual bir görüntü yaratmağa çalışırlar. Halbuki istənilən kütləvi tədbir qanunauyğun şəkildə planlaşdırılmalı və keçirilməlidir. Mitinq keçirənlər və ona icazə verənlər qarşılıqlı razılıq əsasında onun yerini, vaxtını, təhlükəsizlik qaydalarını müəyyənləşdirirlərsə, hansısa bir qarşıdurma hallarına, narazılığa yer qalmır və narazılıq olmayan yerdə də müxalifət görünmür. Bu səbəbdən müxalifət məqsədli şəkildə belə bir şəraiti yaratmağa, daha sonra ona etiraz etməyə cəhd göstərir.

- Adıçəkilən düşərgədə belə iddialar səslənir ki, sosial şəbəkələr onların tərəfdarlarının sayının artdığını göstərir. Bu iddialar nə qədər əsaslıdır?

- İlk öncə sosial şəbəkələrdə olanların kimliyinə nəzər salmaq lazımdır. Əgər maraqlansanız, görərsiniz ki, onların bir çoxu bu gün müxalifət düşərgəsində olan insanlardır, sadəcə adlarını dəyişərək özlərinə müxtəlif ləqəblər götürüblər. O insanların kimliyi və nə istədiyi bəllidir. Həmin insanlar etirazlarını istər qəzet səhifələrində, istər küçədə, istərsə də sosial şəbəkədə edə bilər və bunun hər hansı fərqi yoxdur. Sosial şəbəkəni diqqətlə araşdırsanız görərsiniz ki, bir çox ünvanlar axırda gedib eyni bir şəxsə çıxır. Hətta bəziləri adlarını dəyişsə də, yazı və üslub bunun yenə bir şəxsə aid olduğunu göstərir.

Azərbaycanda azad və demokratik cəmiyyət mövcud olduğu üçün ölkədə yaradılan şərait heç də hamı tərəfindən müsbət səpkidə istifadə olunmur və buraya sosial şəbəkələr də daxildir. Yəni hər kəs öz mahiyyətinə, düşüncə tərzinə və məqsədlərinə uyğun yaranan şəraitdən istifadə etməyə cəhd göstərir. Azərbaycan dövlətinin, onun başçısının ölkədə informasiya texnologiyalarının daha geniş tətbiq olunması və əhalinin buna çıxışına geniş imkanlar yaradılmasında məqsədi ölkəmizi dünyada gedən proseslərin daha ciddi bir fiquruna çevirməkdən irəli gəlir. Kimlərsə bundan həqiqətən Azərbaycanın maraqları naminə istifadə edir, müəyyən bir qrup isə tamamilə fərqli məqsədlər üçün yaradılan şəraitdən "faydalanır". Bu mənada düşünmürəm ki, açıq-açığına, meydanlarda, üz-üzə, elə parlamentdə iqtidara qalib gələ bilməyənlər sosial şəbəkədə nəyəsə nail olsunlar.

- Son illərin təcrübəsi göstərir ki, cəmiyyət radikal müxalifəti özündən təcrid edib...

- Əslində, Azərbaycan cəmiyyəti radikal müxalifətin siyasi perspektivi üzərindən çoxdan xətt çəkib və onları tarixin arxivinə göndərib. Diqqət yetirin, neçə illərdir ki, onlar müxalifətdədir. Əslində, gərək onların bir çoxu partiyalarının adlarında dəyişiklik edib, ümumiyyətlə adlarını müxalifət partiyası qoysunlar. Bununla da ömürlük müxalifətdə olacaqlarını bir daha nümayiş etdirsinlər. Bu gün onlar arasında indi daha çox kimin birinci müxalifət partiyası olması üçün yarış gedir, nəinki hakimiyyət uğrunda.

Digər tərəfdən qeyd edilməlidir ki, radikal müxalifətin fəaliyyəti və bu fəaliyyətin məzmunu, məqsədləri qanunauyğun olaraq onları müxalifət partiyasına çevirməyib. Sadəcə, bu insanların daxilindəki anarxist düşüncə tərzi buna gətirib çıxarıb. Onların əsas ideyası hər şeyə "yox" demək, nə varsa ona müxalif olmaqdır. Bu, onların, belə demək mümkündürsə, bəlkə də bir insan kimi mahiyyətidir. Ola bilər, kimlərsə əvvəllər zahiri illüziyaya, bəlağətli nitqə və yaxud başqa bir şeyə aldanaraq onların sırasında yer alıb. Lakin zaman keçdikcə, onların bir çoxu yanıldığını və yanlış yolda olduğunu dərk edir. Bu da davam edən bir prosesdir. Əslində, radikal müxalifəti bu qədər müzakirə etməyin tərəfdarı deyiləm. Azərbaycan cəmiyyəti onların üzərindən xətt çəkib və bunun nəticəsidir ki, sözügedən düşərgədə yer alanlar uzun illərdir ki, müxalifətdədir. Bu düşərgə təmsilçiləri neçə illərdir heç öz aralarında dil tapa bilmirlər. Bu partiyalar getdikcə təmərküzləşməkdən, ideoloji cəhətdən bir-birinə yaxınlaşmaqdan daha çox parçalanmağa məruz qalırlar. Yəni hələ ideoloji cəhətdən bu partiyalar kim olduqlarını və hansı cinahda dayandıqlarını, hansı məzhəbə xidmət etdiklərini, cəmiyyətə nə verəcəklərini və cəmiyyətdən nə tələb etdiklərini özləri də tam dərk etməyiblər. Bəziləri solçu olsa da, sağçı tələblər irəli sürür, yaxud da əksinə. Bu isə onu göstərir ki, radikal müxalifət hələ axtarışdadır və yəqin ki, uzun müddət də axtarışda olacaq.

- Onlar bu gün elə problemləri qabardırlar ki, faktiki hakimiyyət özü bunu açıq şəkildə bəyan edərək həlli istiqamətində addımlar atır. Məsələn, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni mərhələsini götürək. Sizcə, radikal müxalifət yenidən həmin problemləri səsləndirməklə, belə demək mümkünsə, özünü gülünc vəziyyətə salmırmı?

- Əlbəttə ki belədir. Çünki elə qeyd etdiyiniz korrupsiya və rüşvət kimi neqativ hallara qarşı neçə illərdir mübarizə aparılır. Həm qanun yaradıcılığı prosesi, həm bu qanunların icra mexanizmlərinin tapılması və tətbiqi ilə bağlı çoxsaylı işlər görülüb və görülməkdədir. İndi elə bir mərhələ çatıb ki, sözügedən problemə qarşı daha genişmiqyaslı mübarizə başlanıb. Azərbaycan hakimiyyətinin və ölkə Prezidentinin siyasi iradəsi kifayət qədərdir ki, açıq şəkildə problemin üzərinə gedərək onun həllinin vacibliyini ortaya qoysun. Prosesə qoşulanların, dəstək verənlərin bu mövqeyi, əlbəttə ki, təqdirəlayiqdir. Çünki sözügedən problemi məhdud dairələrin istək və fəaliyyətinə uyğun olaraq həll etmək mümkün deyil. Yəni burada hər bir Azərbaycan vətəndaşının iştirakı vacibdir. Lakin müxalifətin bütün bunlar olmamış kimi yalnız sözügedən problemi özünün səsləndirməsinə dair görüntü yaratmağa çalışması tamamilə absurddur. Çox zaman radikal müxalifət məhz belə bir mövqe sərgiləməyə çalışır. Sanki hakimiyyətin həlli istiqamətində artıq çoxdan konkret addımlar atdığı problemi onlar elə bil indi görürlər. Halbuki korrupsiya və rüşvətxorluğa qarşı gedən prosesin özünün onlar tərəfindən müsbət dəyərləndirilməsi daha düzgün olardı. Sadəcə, burada hansısa razı qalmadıqları məqamlar barədə fərqli fikirlər səsləndirə bilərdilər. Ancaq mübarizə prosesi ortadadırsa, onu tənqid etməyin özü absurddur.

- ATƏT-in Bakı ofisi əsas etibarilə radikallar daxil olmaqla müxalifət düşərgəsi ilə hakim Yeni Azərbaycan Partiyası arasında növbəti dəfə dialoq təşkil etməyə cəhd göstərdi. Lakin bu, alınmadı. Belə bir dialoq mümkündürmü?

- Müxalifət haqqında qeyd etdiklərimizə, onların siyasi fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə rəğmən, onlar hər halda sayı az olsa da, Azərbaycan cəmiyyətinin üzvləridir. Əgər dialoqa ehtiyac olsa, təbiidir ki, mövcud siyasi partiyalar arasında bu, baş tutmalıdır. Əslində, dialoq bütün cəmiyyətlərə lazımdır və bütün məsələlərin bu çərçivədə həll edilməsi fikirlərin çoxluğuna, ortaq mövqelərin tapılmasına gətirib çıxarır. Sonda isə bu, əsl həqiqətin nədən ibarət olduğunu müəyyən etməyə imkan verir. Lakin Azərbaycan təcrübəsində bu məsələ bir qədər fərqlidir və biz dialoq aparmalı olsaq, fikrimcə, Azərbaycanda mövcud müxalif partiyaları təmsil edə biləcək qüvvələrin müəyyən edilməsinin özü çox vaxt aparacaq. Baxmayaraq ki, mən bu dialoqun və qarşılıqlı anlaşmanın tərəfdarıyam.

Lakin çalışmaq lazımdır ki, radikal müxalifət də Azərbaycanın maraqlarına, ölkənin haqq işinə xidmət edən mövqedən çıxış etsin. Bu mövqeyə gəlmək istəmirlərsə, bu, artıq onların özlərinin müəyyən etdiyi yoldur. Vaxtilə onların yanında olan, onlarla eyni düşərgədə yer alan şəxslərin çoxu tutduqları yolların düzgün olmadığını müəyyən etdilər. Artıq bu gün Azərbaycanda konstruktiv müxalifət də mövcuddur. Beləliklə, indi müxalif mövqedə dayanan elə partiyalar mövcuddur ki, onlarla dialoq aparılmasında hər hansı problem yoxdur. Belə partiyalarla konkret götürülmüş məsələləri müzakirə etmək mümkündür, onların tənqid etdiyi və bunun əvəzində təklif etdikləri məsələləri dialoq mövzusuna çevirmək də olar. Onların tənqidləri haqlı xarakter daşıdıqda nəzərə də alınır. Bəzən isə mövqelərimizlə də üst-üstə düşür. Yəni bu kimi partiyalarla istənilən məsələni müzakirə etmək mümkündür. Əlbəttə, düşünmək istəməzdim ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin müzakirəsinə ehtiyac olarsa, onda kimsə kənarda qalmaq və yaxud da öz mövqeyini diktə etmək istəsin. Təbii ki, münaqişə ilə bağlı Azərbaycan ona təklif edilən hər hansı variant ətrafında mövqeyini müəyyən etmək üçün siyasi partiyalarla müzakirəyə ehtiyac duyarsa, dialoq masası arxasında əyləşmək mümkündür. Özü də dialoq təkcə qlobal xarakter daşıyan məsələlər ətrafında yox, müəyyən kiçik bir məsələ ətrafında da baş tuta bilər. Elə hallar olur ki, parlamentdə hər hansı qanun layihəsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar biz burada təmsil olunan müxalif partiyalarla məsləhətləşirik, onların fikir və mövqelərini nəzərə alırıq. İstənilən halda mən dialoq təşkil etmək istəyən ATƏT-in Bakı ofisinə öz işində uğurlar arzulayıram.

- Siz ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edirsiniz. Bu mənada ATƏT-in faktaraşdırıcı missiyasının işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətə dair hazırladığı hesabata münasibətinizi bilmək maraqlı olardı.

- Bu hesabatı çox gözləmişik. Lakin gözləntilərimizin bəzi məqamlarda öz əksini hesabatda tapmasının şahidi olmadıq. Bu mənada ki, sanki monitorinqi aparanlar son nəticədə gücsüz və şikayətçi kimi göründülər. Bəyan etdilər ki, daha çox ərazilərə baş çəkmələri üçün zamanları olmayıb. Halbuki hesabatın tərtib olunmasına bu qədər vaxt ayırmaqdansa onu hazırlamaq üçün işğal edilmiş ərazilərdə daha çox araşdırmalar aparmağa vaxt sərf etmək lazım idi. Bununla da daha geniş ərazidə faktaraşdırıcı missiyanı yerinə yetirmək olardı. Bütün bunlara rəğmən, hesabatda faktlar o şəkildə əksini tapır ki, onlar elə ATƏT-in özünün və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar mövqeyindən çəkindirmək üçün bu işğalçı dövlətə təzyiqlər göstərməyə imkan verir.

Bununla belə, hesabatın bir çox məqamları Azərbaycan tərəfini qane etmir. Çünki həqiqət burada olduğu kimi əksini tapmayıb, yaxud da tərəflər arasında müəyyən balans yaradılmağa cəhd edilib, onlar arasında bərabərlik işarəsinin qoyulmasına çalışılıb. Bəzi hallarda isə ümumi ifadələrdən istifadə olunub ki, bütün bunların hər biri barədə geniş müzakirələr açmaq, diskussiyalar aparmaq olar. Onu nəzərə almaq lazımdır ki, hesabatın tam mətni hələ bəlli deyil. Açıqlanan onun yalnız xülasəsidir, hesabat tam şəkildə ölkə rəhbərliyinə təqdim olunub. Şəxsən mən onun tam məzmunu ilə tanış deyiləm. Təbii ki, hökumətin özünün hesabata açıq münasibəti olacaq. Artıq ilkin olaraq Xarici İşlər Nazirliyinin hesabat barədə rəyi səslənib və bu rəy, ümumilikdə faktaraşdırıcı missiyanın hesabatda qeyd etdikləri Azərbaycanın işğal edilmiş ərazilərlə bağlı narahatlığının əsaslı olduğunu göstərir. Lakin burada Azərbaycanın haqlı narahatlığını göstərən daha çox fakt yer ala bilərdi. Ümumilikdə isə hesab edirəm ki, Azərbaycanın təkid və tələbi ilə missiyanın fəaliyyəti və onun nəticələri imkan verir ki, işğal edilmiş ərazilərdə vəziyyətin doğrudan da acınacaqlı olduğunu bütün dünyanın, beynəlxalq təşkilatların diqqətinə çatdıraq. Danışıqlar və qərarların qəbulu prosesində, diplomatik görüşlərdə də hesabat istinad etmək üçün mühüm bir sənəddir.

- Sözlərinizdən belə aydın olur ki, hesabat tam obyektiv xarakter daşımır. Demək olarmı ki, Azərbaycan yenə ikili standartla üzləşib?

- Buna bəzən nəinki ikili, hətta çoxüzlü standart demək mümkündür. Müasir dünya reallığına nəzər saldıqda bəzən heç bir standartın gözlənilmədiyinin şahidi də olmaq mümkündür. Beynəlxalq prinsiplərin, beynəlxalq hüquq normalarının, Helsinki Yekun Aktı prinsiplərinin ən kobud formada pozulmasına dair indi nə qədər misala rast gəlmək olar. Hansısa bir müstəqil dövlətin ərazisinə qoşun yeridilir, ölkədaxili proseslərə ciddi şəkildə müdaxilə olunur, yaxud da ayrıca bir ölkədə maraqlara uyğun şəraitin yetişdirilməsi üçün addımlar atılır. Beynəlxalq təşkilatların, məsələn, BMT-nin müvafiq qərar və qətnaməsi qəbul olunmamış hərbi müdaxilə həyata keçirilir. Halbuki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Bu qətnamələrin yerinə yetirilməsi üçün BMT indiyədək bir dəfə də olsun cəhd göstərməyib. Hər dəfə həmin qətnamələrdən söhbət gedərkən belə bir qeyd də özünə yer alır ki, BMT-nin onların icrası ilə bağlı müvafiq mexanizmi yoxdur. Lakin indi hansısa müstəqil dövlətə müdaxilə üçün lazım gəldikdə dərhal mexanizm tapılır. Yəni bu onu göstərir ki, lazım olduqda tələb edilən mexanizmi tapmaq mümkündür. Deməli, Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq miqyasda göz yumulması vacib sayılır və buna görə işğalçı dövlətə qarşı hər hansı tədbir görülmür. Bu gözün haçan açılacağını söyləmək çətindir. Beynəlxalq ictimaiyyət müəyyən qayda və normalar qəbul etsə də, heç də hamı onları gözləmir və bu, təəssüf doğuran haldır. Sonradan isə beynəlxalq ictimaiyyətin hər hansı ölkənin daxili qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi prosesinə iradlar tutmaq isə, təbii ki, gülünc görünür.

- Onda demək olarmı ki, ərazi bütövlüyünün bərpası üçün Azərbaycan beynəlxalq ictimaiyyətə çox da ümid etməyərək bütün əsas işləri özü təkbaşına görməlidir?

- Bu məsələdə, əlbəttə, əsas güc Azərbaycanın öz üzərinə düşür. Bunu heç beynəlxalq ictimaiyyət təmsilçiləri də gizlətmir. ATƏT-in Minsk qrupunun həmsədrləri də açıq şəkildə bildirirlər ki, qərarı onlar vermir və yalnız tərəflərə danışıqlar aparmaq üçün şərait yaradırlar. Qeyd edirlər ki, müvafiq razılığa tərəflər özləri gəlməli və qərar verməlidirlər. Bu bir daha göstərir ki, problemin həlli ilə bağlı əsas güc və məsuliyyət Azərbaycanın öz üzərinə düşür. Bunun Azərbaycanın üzərində olduğu isə indi dərk olunmur. Elə bunun nəticəsidir ki, Azərbaycan bütün istiqamətlərdə inkişafına xüsusi diqqət yetirir, o cümlədən hərbi qüdrətinin artırılmasında konkret addımlar atır. Bəli, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesində iştirak edir. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və əlaqədar dairələr istəyərsə, iradə meydana qoymağı bacararsa, sülh yolu ilə münaqişəni həll etmək mümkündür. Əgər bu mümkündürsə, onda Azərbaycan, təbii ki, bundan imtina etməz. Lakin eyni zamanda Azərbaycan problemin digər variantlarda həlli üçün hazırlığını da davam etdirir. Hər halda biz məsələnin daha çox sülh yolu ilə həllini istərdik. Lakin lazım gələrsə, digər variantlardan da istifadə hər zaman gündəmdədir. Beynəlxalq təcrübə də göstərir ki, belə məsələlərin həlli üçün söz yetməyəndə, çağırışa cavab verilməyəndə, qayda-qanun gözlənilməyəndə onda silahlar işə düşür. Azərbaycanla Ermənistan arasında mövcud münaqişədə bu təhlükənin hər an meydana çıxması mümkündür.

 

 

Müsahibəni apardı: Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-1 aprel.- S. 3.