Laçınlılar akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə etmişlər

 

Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov kitabın erməni məkrinin iç üzünü açaraq növbəti dəfə onların saxtakarlıqlarını tarixi faktlarla ifşa etdiyini vurğulamışdır.

Rayon icra hakimiyyəti başçısının müavini İlham Quliyev "Dünya ictimaiyyətini çaşdırmağa çalışan növbəti erməni uydurması" mövzusunda məruzə ilə çıxış etmişdir. O, erməni millətçilərinin əsrlərdən bəri Azərbaycan ərazilərinə, xalqımızın milli-mədəni dəyərlərinə göz dikməklə müxtəlif formalarda mənfur siyasətlərini həyata keçirmələrindən, bu məkrli siyasətin son iki yüz ildə daha azğın və təcavüzkar forma alaraq daim siyasi-ideoloji dezinformasiyalarla müşayiət olunmasından danışmışdır.

Natiq bildirmişdir ki, bu nəşr Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlər qarşısındakı bəyanatına, xüsusən də erməni tarixi ilə bağlı uydurmalara, düşmənlərimizin yalan və saxtakarlıqlarına tutarlı cavabdır. Kitab çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Burada təkcə Serj Sarkisyanın erməni absurd teatrının səhnəsində göstərdiyi növbəti tamaşası deyil, həmçinin erməni ideoloqlarının və "tarixçilərinin" tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti uydurma və yalanlarla çaşdırmaq cəhdləri elmi dəlillərlə ifşa olunmuşdur.

Digər çıxış edənlər də tarixi faktlarla zəngin, Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verildiyi kitabın oxucular üçün etibarlı mənbə olduğunu vurğulamışlar.

Tədbirdən sonra rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin təmsilçiləri, məktəblilər "Şəhidlər" abidə-kompleksinin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.

 

 

Azərbaycan.- 2011.-1 aprel.- S. 4.