Azərbaycanın və
Böyük Britaniyanın deputatları beynəlxalq təşkilatlarda
səmərəli əməkdaşlıq edirlər
Azərbaycanın və Böyük Britaniyanın parlamentləri arasında çox isti münasibətlər vardır. Deputatlarımız beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər.
AzərTAc xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov martın 31-də Bakıda səfərdə olan Böyük Britaniya Lordlar Palatasının və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Baronessa Meri Qoudi ilə görüşdə demişdir.
Səməd Seyidov Milli Məclisin, eləcə də rəhbərlik etdiyi komitənin və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Milli Məclis dünyanın 100-dən çox ölkəsinin parlamenti ilə səmərəli əməkdaşlıq edir.
Baronessa Meri Qoudi Bakıya səfərindən məmnun qaldığını bildirmiş, Azərbaycan parlamentinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolu xüsusi qeyd edilmiş, qarşılıqlı səfərlərin əhəmiyyətindən danışılmış, regionda və dünyada gedən ictimai-siyasi proseslər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 1 aprel.- S. 4.