Prezident Kitabxanasının "Azərbaycanlıların soyqırımı və deportasiyası" adlı elektron resursu yenilənmişdir

 

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları xalqımızın başına gətirilən faciələri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq üçün Azərbaycan, ingilis və rus dillərində "Azərbaycanlıların soyqırımı və deportasiyası" adlı elektron resurs hazırlamışlar.

XIX əsrin əvvəllərindən etibarən Şimali Azərbaycan xanlıqlarının ərazilərinə ermənilərin kütləvi surətdə köçürülməsindən keçən təqribən 200 il ərzində xalqımız dəfələrlə kütləvi qırğınlara, soyqırımlara və deportasiyalara məruz qalmışdır. Azərbaycan Prezidentinin 1998-ci il 26 mart tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş bütün soyqırımları qeyd etmək məqsədi ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində əlavə materiallarla yenilənmiş elektron resursun "Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması və onun ağır nəticələri" bölməsində XIX əsrin əvvəllərində İran və Türkiyədən ermənilərin köçürülüb gətirilməsi və bu proseslə yanaşı azərbaycanlıların tarixi-etnik torpaqlarından sıxışdırılaraq qovulması prosesi öz əksini tapmışdır.

"XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımı və deportasiyası" bölməsində isə 1905-1906 və 1918-1920-ci illərdə xalqımıza qarşı ermənilərin həyata keçirdikləri kütləvi qırğınlar, soyqırımı və deportasiyalar xronoloji ardıcıllıqla və regionlar üzrə təhlil edilmişdir.

Elektron resursun "Sovet hakimiyyəti illərində azərbaycanlıların repressiyası və deportasiyası" bölməsində soydaşlarımızın indiki Ermənistan ərazisində 1920-1930-cu illərdə məruz qaldıqları repressiyalar, 1948-1953-cü və 1988-1989-cu illərdə üzləşdikləri deportasiyalar təhlil edilmişdir.

"Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və hərbi təcavüzünün nəticələri" bölməsində isə Dağlıq Qarabağın silah gücünə anneksiya edilməsi üçün Ermənistan silahlı qüvvələrinin öz havadarlarının köməyi ilə həyata keçirdikləri qanlı aksiyalar, soyqırımlar və işğalın fəsadları öz əksini tapmışdır.

Elektron resursun "Sənədlər" bölməsində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi haqqında statistik məlumatlar, azərbaycanlıların kütləvi qırğınlara, soyqırımlara və deportasiyalara məruz qaldıqları yaşayış məntəqələrinin siyahılarını özündə əks etdirən arxiv sənədləri, rəsmi qərarlar və s. toplanılmışdır.

"Məqalələr" bölməsində isə azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı tədqiqatlar və analitik yazılar yer almışdır.

Elektron resursun "Elektron kitablar" bölməsində internet istifadəçilərinə mövzu ilə bağlı üç dildə 50-dən artıq kitabın elektron versiyası təqdim olunmuşdur.

"Biblioqrafiya" bölməsində Prezident Kitabxanasının fondunda olan bu mövzuya aid kitabların, qəzet və jurnal məqalələrinin biblioqrafiyası istifadəçilərin ixtiyarına verilmişdir.

Elektron resurs www.preslib.az saytında yerləşdirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 1 aprel.- S. 4.