Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilmişdir.

Mərasimdə çıxış edən məruzəçilər bildirmişlər ki, mürəkkəb və kəşməkəşli dövr sayılan XX əsr artıq tarixə çevrilsə də, bu yüzillik ərzində çəkdiyimiz ağrılar, üzləşdiyimiz faciələr, xüsusən torpaqlarımıza köçürülmüş gəlmə ermənilərin vəhşilikləri yaddaşımıza əbədi olaraq həkk edilmişdir, dərin, sağalmaz izlər buraxmışdır.

Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan üçün gördüyü misilsiz işlərin içərisində 1998-ci ildə imzaladığı tarixi əhəmiyyətli fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu fərmanla təxminən 200 ilə qədər müddət ərzində soyqırımına məruz qalmış xalqımızın səsi, ona qarşı məqsədyönlü şəkildə törədilmiş və bu gün də törədilən vəhşiliklərin, vandalizm aktlarının mahiyyəti tarixi araşdırmalar nəticəsində dünya azərbaycanlılarına, bütün bəşər övladına ilk dəfə olaraq bəyan olunmuşdur.

Bu, həm də dünyanın bütün insansevərlərinin Azərbaycan xalqı ilə həmrəy olmaq, beynəlxalq aləmə isə belə hadisələrin gələcəkdə bir daha təkrarlanmasının qarşısını almaq üçün bir çağırış idi. Eyni zamanda, xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş cinayətlərə siyasi-hüquqi qiymətin və milli tariximizə obyektiv münasibətin təzahürü, eləcə də soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən addım idi. Fərmanda qeyd olunurdu: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".

Bildirilmişdir ki, qanlı 31 mart soyqırımından yüz ilə yaxın vaxt keçsə də bu tarixi ədalətsizliyin vurduğu mənəvi zərbəni xalqımızın indiki nəsli heç vaxt yaddan çıxarmamalıdır. Gələcək nəsillər bu soyqırımından xəbərdar olmalıdırlar, çünki tarixi yaddaşsızlıq həqiqətən hər bir xalq, millət üçün faciəyə səbəb olur. Ulu öndər Heydər Əliyev demişdir: "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir".

Qeyd olunmuşdur ki, bu gün ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən, çevik daxili və xarici siyasətini inamla davam etdirən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışır. Məhz dövlətimizin başçısının titanik fəaliyyəti nəticəsində adıçəkilən problem dünyanın bütün mötəbər təşkilatlarının, dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I forumunda Prezident İlham Əliyev çıxışında əsrlərlə davam edən erməni təcavüzü, azərbaycanlıların və türklərin soyqırımı məsələlərinə toxunaraq demişdir ki, qurbanlar heç vaxt unudulmayacaq, onların əziz xatirəsi dərin ehtiramla yad ediləcəkdir.

Akademiyanın kursantları və dinləyiciləri inamla və qətiyyətlə bildirmişlər ki, belə faciələrin bir daha baş verməməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin yüksəlməsi üçün biz daim Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcək, onun apardığı daxili və xarici siyasəti dəstəkləyəcəyik.

Sonda şəxsi heyətə erməni terrorunu ifşa edən "Yalan haqqında həqiqət" sənədli filmi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 1 aprel.- S. 4.