BMT-nin "ikili standart"
yanaşmaları təşkilatın nüfuzunu
sarsıdır
Liviya barədə qətnaməni
operativ icraya yönəldən təşkilatın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul etdiyi qətnamələrinə laqeyd
münasibət bəsləməsi haqlı narazılıq
doğurur
Liviya diktatoru Qəzzafinin dinc üsyançılara qarşı kütləvi qırğınlarına Birləşmiş Millət Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının reaksiyasını çox gözləmək lazım gəlmədi: Təhlükəsizlik Şurasının 15 daimi üzvündən 10-nun lehinə səs verdiyi qətnamə ilə Liviya hava məkanı qapadıldı, hakim rejimdən üsyançılara qarşı hərbi əməliyyatların dayandırılması, zorakılıqlara son qoyulması tələb olundu. Martın 17-də qəbul olunmuş qətnamədə həmçinin Liviya aviasiyasının bütün istiqamətlərdə uçuşu yasaqlandı, bu dövlətin Milli Neft Korporasiyasının, Mərkəzi Bankının xarici hesabları donduruldu. Bir neçə gün əvvəl isə Liviyada hərbi əməliyyatlara komandanlıq NATO-ya keçdi.
Yarandığı gündən dünyada münaqişə və mübahisəli məsələlərin dinc yolla tənzimlənməsində aparıcı rola malik olan BMT-nin belə bir qətnamə qəbul etməsi tamamilə təbiidir. Beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bu sənəd Liviyadakı diktatura rejiminin dinc insanlara qarşı silahlı zorakılıqlarının qarşısını almaq, atəşkəsi təmin etmək məqsədi güdür. Beynəlxalq miqyasda müəyyən fikir müxtəlifliyinə baxmayaraq, NATO-nun Liviyada başladığı hərbi əməliyyatlar da son zərurət kimi gündəliyə gəldi. Hakimiyyətini zor gücünə qoruyub saxlamaq naminə böyük qətliamlara hazır psixoloji durumda olan Qəzzafini dayandırmaq üçün, əslində, başqa yol da qalmamışdı.
Heç bir dövlətin daxili işinə qarışmayan, yalnız beynəlxalq hüquq norma və prinsiplərindən çıxış edən rəsmi Bakı BMT-nin Liviya ilə bağlı qətnaməsini, NATO-nun bu ölkəyə qarşı hərbi əməliyyatlarını dəstəklədiyini bəyan etdi. Şimali Atlantika Alyansının Əfqanıstan və İraqdakı məlum sülhyaratma missiyasına hərtərəfli dəstək verən Azərbaycan Liviya ilə bağlı məsələdə də gözləmə mövqeyi tutmadı. Çünki rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartları" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həlli tərəfdarı kimi çıxış edir. Konkret Liviya ilə bağlı məsələyə gəlincə, rəsmi Bakı bu ölkədəki proseslərlə bağlı BMT-nin qəbul etdiyi qətnaməni və onun operativ icrası istiqamətində atılan addımları dəstəkləyir. Fəqət Azərbaycan iqtidarını narahat edən əsas məsələ BMT qərarlarının icrasına münasibətdə "ikili standart"ların hökm sürməsidir.
Bu məsələ ilə bağlı KİV-ə açıqlama verən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikirləri böyük maraq doğurur: "Liviyada diktatora qarşı BMT TŞ-nin çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, BMT TŞ-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində ikili standartların mövcudluğundan, dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik ölkələrin ikili siyasətindən xəbər verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icra edilməlidir. Təcrübə göstərir ki, BMT-nin qətnamə qəbul edərək kənarda durması, qərarın yerinə yetirilməsi ilə bağlı məcburetmə tədbirləri görməməsi son nəticədə qətnamənin icrasız qalmasına şərait yaradır. Ermənistandan BMT qətnamələrinin tələblərini özxoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur".
Şübhəsiz, bəzi Qərb dövlətlərinin təsiri altında Liviyaya qarşı operativ qərarlar qəbul edərək onun icrasına başlayan BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çoxsaylı qətnamə və qərarlarına eyni münasibəti göstərməməsi müəyyən suallar doğurur. Bu, 192 üzvü olan BMT-nin, əslində, bir neçə aparıcı dövlətin nüfuz dairəsində olduğunu, daha dəqiqi, "fövqəlgüclər"in təsiri altında hərəkət etdiyini göstərir.
Xatırlatmaq yerinə düşər ki, təşkilata üzvlükdən dərhal sonra respublikamız qurum çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə, BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsbit olunmuşdur. Təşkilat respublikamızın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək 1993-cü ildə - 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. Ümumilikdə 1992-1996-cı illərdə BMT Təhlükəsizlik Şurasının sədri və BMT Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaymışlar. 1996-cı ildə BMT Baş Assambleyası qəbul etdiyi "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.
2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" məsələsinin müzakirəsini də xüsusi xatırlatmaq lazımdır. Məlumat üçün vurğulayaq ki, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha ifadə etmişdir. Həmin qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
Həmin sessiyada İslam Konfransı Təşkilatının mövqeyini ifadə edən Pakistan nümayəndəsi, GUAM dövlətləri adından danışan Ukrayna nümayəndəsi, habelə Türkiyə və Uqanda təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, layihəni dəstəkləməyə çağırmışlar. Müzakirələrin sonunda keçirilən səsvermə 39 lehinə, 7 əleyhinə, 100 bitərəf səslə nəticələnmişdir. Bu fakt eyni zamanda Azərbaycanın danışıqlar prosesindəki mövqelərini gücləndirmiş, onun mövqeyinin beynəlxalq hüquqa söykəndiyini bir daha təsdiqləmişdir.
Bu qətnamə və qərarların hələ də icra olunmaması isə BMT-nin icra mexanizmlərinin siyasiləşdiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ilin sentyabrında Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında çıxış edərkən BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər edilməsi məsələsini ön plana çəkmişdir. BMT-nin yaradılmasından 60 ildən çox keçməsinə baxmayaraq, müasir beynəlxalq təhlükəsizlik arxitekturasının dünyanın üzləşdiyi çoxtərəfli çağırış və hədələrə vaxtında və səmərəli yanaşması sualı hələ də açıq qalır. Bu, əsasən, təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi ilə şərtlənir. BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 daimi üzvünün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevik və dinamik fəaliyyətini əngəlləyir. Eyni zamanda, Təhlükəsizlik Şurasına üzv bütün dövlətlərin heç də hamısının veto hüququna malik olmaması bəzi hallarda "ikili standart" qərarların qəbuluna gətirib çıxarır.
BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığını konkret şəkildə təşkilatın Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qalması bir daha təsdiqləyir. Həmin qətnamələrdə təşkilat respublikanın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Lakin buna rəğmən, işğalçı Ermənistana qarşı preventiv tədbirlərin həyata keçirilməməsi rəsmi Bakının haqlı narazılığına səbəb olur. Məhz buna görə də rəsmi Bakı BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatların aparılması ideyasını dəstəkləyir.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında haqlı olaraq bildirmişdir ki, BMT qətnamələrinin tələblərini özxoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur. Təşkilatın indiyə qədər qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hiss doğurur: "Əlbəttə, Liviyada mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi vacib məsələdir. Lakin belə tədbirlər qətlə yetirilmiş minlərlə azərbaycanlıya, milyondan artıq qaçqın və məcburi köçkünə də şamil olunmalıdır. Liviya diktatorunun əməlləri Xocalı, Qaradağlı, Quşçular, Bağanis Ayrım və Azərbaycanın digər yaşayış məntəqələrində ermənilərin törətdikləri soyqırımı və vəhşiliklərdən daha qəddar və faciəli deyil. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən həlak olan azərbaycanlıların sayı Liviyada üsyançılarla Qəzzafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından on dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların ümumi sayı Liviyada hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların sayından qat-qat artıqdır. Serbiyada bosniyalı müsəlmanların soyqırımından sonra BMT TŞ keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunal yaratdı. Nəyə görə Xocalı və Qaradağlı hadisələrini törədənlər Beynəlxalq Tribunala cəlb olunmamalıdır?!" - deyə Əli Həsənov Azərbaycan hakimiyyətinin narazılığını ifadə etmişdir.
Xatırladaq ki, 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev də təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Dövlət başçısı bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini vermiş, torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır. Əfsuslar olsun ki, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir: "Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır".
20 ildir davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasının ən canlı nümunəsidir. Bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması ciddi təəssüf doğurur. Beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistan demokratik inkişafı sarsıdır, insan hüquq və azadlıqlarını pozur. Odur ki, BMT Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməli, qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır.
Samir ELMANOĞLU
Azərbaycan.- 2011.- 1 aprel.- S. 5.