Akademik Bəkir Nəbiyev:
"Bakı forumu öz miqyası etibarilə çox
geniş coğrafiyanı əhatə edir"
"Hazırda biz elə bir zamanda yaşayırıq ki, iki proses bir-birini daban-dabana izləyir və çox gərgin mübarizə münasibətlərindədir. Bu proseslərdən biri - müasir dünyamızda dağıdıcılıqla, pozuculuqla, ara qarışdırmaqla, nəinki ayrı-ayrı insanlar, hətta bütövlükdə cəmiyyətlər, dövlətlər arasında münasibətlərə intriqa salmaqla bağlıdır. Buna zidd olan ikinci bir proses isə məhz dialoqlar, qarşılıqlı əlaqələr və münasibətləri inkişaf etdirmək niyyətlərini güdür. Mən çox böyük qürur hissi ilə deyirəm ki, bu gün dünyanın çox tanınmış və yetkin xarici siyasət aparan ölkələrindən biri olan müstəqil Azərbaycan ikinci yolla gedən dövlətlər cərgəsindədir".
Bu sözləri Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fikirlərini AzərTAc ilə bölüşən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev demişdir.
Akademik vurğulamışdır ki, bu gün Azərbaycanın həm daxili, həm də xarici siyasətindəki uğurlar dövlətimizin başçısının tutduğu düzgün və dəqiq siyasi xəttin məntiqi nəticəsidir. Heç də təsadüfi deyildir ki, aprelin 7-dən 9-dək Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçiriləcəkdir.
Bu forum
öz miqyası etibarilə çox geniş coğrafiyanı
əhatə edir. Mən eşidəndə ki, bu möhtəşəm
tədbirdə dünyanın 5 qitəsindən 400-dən
çox qonaq iştirak edəcək, bir daha fərəhləndim.
Ona görə ki, bu insanların sırasında ilk növbədə
elm adamları, mədəniyyət xadimləri, sülhsevər
dövlətlərin nümayəndələri olacaqlar. Fikrimcə,
burada aparıcı sözü həmişə olduğu kimi,
yenə də elm adamları, bizim Azərbaycanın
sayılıb-seçilən insanları deyəcəklər.
Azərbaycan Prezidentinin xarici və daxili siyasətinə dəstək
olan ziyalılarımız deyəcəklər. Mən forumun
işinə uğurlar arzulayıram.
Azərbaycan.- 2011.-1 aprel.- S. 5.