Azərbaycan Diplomatik Akademiyasının tələbələri
Daşkənd Dövlət
Şərqşünaslıq Universitetində olmuşlar
Daşkənd, 31 mart (AzərTAc).
Özbəkistanda olan Azərbaycan Diplomatik Akademiyasının
(ADA) tələbələri Daşkənd Dövlət Şərqşünaslıq
Universitetində olmuşlar.
Universitetin prorektoru
Gülçöhrə Rasieva bu ali təhsil ocağı
haqqında azərbaycanlı tələbələrə
geniş məlumat vermişdir. Prorektor demişdir ki, universitet
1991-ci ildə yaradılmışdır. Dörd fakültədə
3 mindən artıq tələbə təhsil alır. İndiyədək
Özbəkistanın xarici dövlətlərdə işləyən
səfirlərinin təxminən 50 nəfəri bu universiteti
bitirmişdir.
ADA-nın müəllimi
Anar Vəliyev bildirmişdir ki, yarandığı qısa
müddət ərzində Akademiyada böyük işlər
görülmüşdür. Onun sözlərinə görə
ADA əsasən iki istiqamətdə mütəxəssis
hazırlayır: beynəlxalq təhlükəsizlik və
konfliktologiya.
Sonra tələbələr
Azərbaycanın neft layihələri, Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz layihəsi,
Nabukko layihəsinin reallaşması imkanları, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli istiqamətində ölkəmizin təşəbbüsləri
və digər məsələlər ətrafında fikir
mübadiləsi aparmışlar.
Qərara
alınmışdır ki, belə görüşlər
müntəzəm keçirilsin.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd
Azərbaycan.- 2011.-1 aprel.- S.7.