Azərbaycanın dinamik iqtisadi inkişafı bəzi xarici və daxili qüvvələri ciddi narahat edir

 

Bütün sivil cəmiyyətlərdə inkişaf və tərəqqi ictimai-siyasi sabitlik amilinə söykənir. Bu həqiqət sübuta ehtiyacı olmayan aksiom kimi Azərbaycan reallığında da təsdiqini tam tapıb. İndi siyasi baxışlarından asılı olmayaraq hər kəs etiraf edir ki, əgər ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu da sual altında olacaqdı. Məhz böyük öndərin şəxsiyyəti, siyasi idarəçilik keyfiyyətləri, qətiyyəti və xarizması respublikada yaranmış ağır siyasi böhranın tamamilə aradan qaldırılmasına, vətəndaş qarşıdurmasına son qoyulmasına, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə, bir sözlə, iqtisadi inkişaf və dirçəliş üçün zəruri şərt olan sabitliyin təmin olunmasına imkan verdi.

 

Ümummilli lider Heydər Əliyev böyük strateq kimi ölkədə formalaşan siyasi sabitliyin dayanıqlığını və davamlığını təmin etmək üçün özünün elmi əsaslara söykənən modern sosial-iqtisadi inkişaf strategiyasını irəli sürdü və mərhələlərlə onun icrasına başladı. Azərbaycanın bu gün müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir.

Son 8 ildə ölkə iqtisadiyyatının möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişafı və əhalinin sosial problemlərinin həllinə yönəlmiş məqsədyönlü addımlar xalq arasında mövcud hakimiyyətə olan inam və etimadı daha da gücləndirib. Bazar iqtisadiyyatının gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, xarici investisiyaların regionların inkişafına yönəldilməsi, yeni istehsal sahələrinin açılması, əhalinin məşğulluğunun artırılması, qlobal iqtisadi layihələrin reallaşması bu strategiyanın əsasını təşkil edən prinsiplərdir. Hakimiyyət sosial bazasını məhz əməli işlə, verdiyi sözə sadiqliyi ilə gücləndirir. Lakin təəssüflə vurğulamaq lazımdır ki, hər bir vətəndaşın mənafeyinə xidmət edən bu ictimai-siyasi sabitlik təkcə xaricdəki antiazərbaycançı şəbəkəni deyil, daxildə müxalifətçilik adı altında pozuculuq fəaliyyəti göstərən qüvvələri də razı salmır.

Ölkəmizin əldə etdiyi davamlı uğurları həzm edə bilməyən bu bədnam qüvvələrin hədəfi də dəyişməz qalır: nəyin bahasına olursa-olsun, Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq! Səbəb kifayət qədər sadədir: son illərdə Azərbaycan iqtisadi və siyasi baxımdan kifayət qədər güclənib, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Möhtərəm Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin edib. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkəmizin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Azərbaycan daim beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə hansısa dövlətin daxili işlərinə qarışmır. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə nüfuz etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərib. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. "İkili standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının güclənməsini qətiyyən arzulamırlar! Hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər yaratmaqla ölkə rəhbərliyinə təsir imkanları qazana bilərlər.

Azərbaycanda əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin gerçək təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən güclü hakimiyyətin mövcudluğu antiazərbaycançı şəbəkəyə qətiyyən sərfəli deyil. Regionda maraqlarını gerçəkləşdirmək istəyən müəyyən dairələr Azərbaycanda zəif və marionet qüvvənin hakimiyyətdə olmasını daha çox istəyirlər.

İnkişaf etmiş demokratik ölkələrdə müxalifət hakimiyyət uğrunda sivil, konstitusion və intellektual mübarizə aparmaqla alternativ siyasətin daşıyıcısı kimi çıxış edən qüvvə olduğu halda, eyni meyarı Azərbaycandakı bəzi radikal siyasi qüvvələrə şamil etmək mümkün deyil. "Xalqa nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır" prinsipinə üstünlük verməklə yalnız bu halda siyasi maraqlarını gerçəkləşdirmək imkanı qazanacağını düşünən bu qüvvələr ölkədə siyasi sabitliyin pozulmasında maraqlı tərəf olduqlarını indiyədək bir neçə dəfə sübuta yetiriblər. 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən əvvəl və sonra baş verən proseslər bunu bir daha təsdiqləyir.

Aqressiv müxalifət hər dəfə seçkilərdə düçar olduğu uğursuzluqların səbəblərini araşdırmaq, obyektiv nəticələr çıxarmaq əvəzinə, bir qayda olaraq dağıdıcılıq mövqeyi tutur. Onların üzləşdiyi məğlubiyyətin səbəbləri isə kifayət qədər üzdədir: Azərbaycan vətəndaşları 1992-1993-cü illərdə ölkənin üzləşdiyi böyük sarsıntı və faciələri hələ də unutmayıb! İqtisadçı alim kimi deyə bilərəm ki, həmin illərdə Azərbaycanda insanların yaşayışı son dərəcə dözülməz səviyyəyə çatmışdı. Sosial gərginliyi aradan qaldırmaq üçün əməkhaqqının vaxtaşırı 2-3 dəfə artırılması, çoxsaylı güzəştlərin tətbiqi və digər tədbirlər respublikanın real imkanları ilə uzlaşmadığından, inflyasiya getdikcə dərinləşirdi. Real əsaslara söykənməyən maliyyə-kredit siyasəti nəticəsində bank və xarici ticarət fəaliyyəti sahələrində ciddi problemlər meydana çıxmışdı. Təhlükəli məqamlardan biri də büdcə kəsirinin ümumi daxili məhsula nisbətinin 1993-cü ildə 13 faizədək artması idi. Halbuki bu rəqəm 1991-ci ildə cəmi 0,1 faiz təşkil edirdi. Büdcə kəsiri Milli Bankın əlavə pul emissiyaları hesabına ört-basdır edilir, bu da tədavüldə artıq pul kütləsinin yaranmasına səbəb olurdu. 1992-1993-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45 faizini təşkil edirdi. Həmin illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faizə qədər yüksəlmişdi. 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə başlamış, illik inflyasiya 1600 faizi ötərək ağlasığmaz həddə çatmış, xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdı. Bu kimi obyektiv və subyektiv səbəblər iqtisadiyyatın, əhalinin həyat səviyyəsinin görünməmiş dərəcədə pisləşməsinə gətirib çıxarmışdı.

Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra dövlətçilik institutunun əsl siması özünə qayıtdı. Xalqın dövlət idarəçiliyi ilə bağlı təsəvvürləri tamamilə dəyişdi. Heydər Əliyevin gərgin səyləri, həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində 1993-1995-ci illərdə respublikada ictimai-siyasi sabitliyi tam təmin etmək, daxildəki hərbi müxalifəti zərərsizləşdirmək, ölkənin parçalanmasının qarşısını almaq, iqtisadi sistemdəki anarxiyanı aradan qaldırmaq, yeni iqtisadi münasibətlərin elmi əsaslarını formalaşdırmaq mümkün oldu. Bu mühüm amil ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə real təhdidi aradan qaldırmağa, genişmiqyaslı islahatların başlanmasına imkan verdi. 1994-cü ilin 20 sentyabrında dünyanın ən iri neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması faktiki olaraq ölkəni yeni inkişaf magistralına çıxardı. Müqayisə üçün bir faktı xatırladaq ki, aqressiv müxalifətin birillik iqtidarı dövründə Qərb şirkətləri ilə aparılan uğursuz danışıqların nəticəsi kimi hazırlanmış layihə dövlətin və xalqın mənafelərinə qətiyyən cavab vermirdi. Bu qüvvələr qısa müddətdə hakimiyyətləri dövründə hazırladıqları ilk neft müqaviləsində ümumi payın 60 faizini yalnız bir şirkətə - Böyük Britaniyanın bp şirkətinə ayrılmasına razılıq vermişdilər. Saziş layihəsində Azərbaycanın payı yolverilməz dərəcədə aşağı həddə göstərilmiş, eyni zamanda, hasil olunacaq səmt qazının respublikamıza satışı nəzərdə tutulmuşdu. Lakin ulu öndərin hakimiyyətə qayıdışından sonra danışıqların məcrası dəyişdirildi və neft müqaviləsinin milli maraqlara uyğun imzalanması təmin edildi.

Bəli, 1992-1993-cü illərdə respublikanın üzləşdiyi vəziyyəti taleyində yaşayan, böyük mənəvi-psixoloji sarsıntılar keçirən Azərbaycan vətəndaşları bir də o illərə qayıtmaq istəmir. Həm də bugünkü reallıq tamam başqadır: indi kimisə populist vədlərlə aldatmaq qeyri-mümkündür - Azərbaycan vətəndaşı kifayət qədər sayıqdır və siyasi hadisələrdən baş çıxarmaq imkanındadır. Bu səbəbdən, 90-cı illərin əvvəllərində olduğu kimi, onu aldatmaq və yaxud populist vədlərlə ələ almaq qətiyyən mümkün deyil.

İndiyə qədər keçirilmiş seçkilər həm də onu göstərir ki, mövcud hakimiyyətin siyasətini kəskin tənqid edən, qazanılan böyük uğurlara kölgə salmağa çalışan ifrat radikallar nəyi bu iqtidardan daha yaxşı edəcəkləri ilə bağlı hansısa real platforma ortaya qoymayıblar. Dünyanın inkişaf etmiş ölkələrində seçki debatları, təşviqat-təbliğat mərhələsi daha çox rəqib düşərgələrin iqtisadi proqramlar ətrafında apardıqları debatlarla yadda qalır. Təəssüflər olsun ki, 2010-cu ilin parlament seçkiləri ərəfəsində də "iqtisadi proqramlar debatı" ucuz siyasi polemikaların kölgəsində qaldı. İqtidarın uzun illər ərzində həyata keçirdiyi iqtisadi inkişaf proqramlarına qarşı heç bir sanballı sənəd ortaya qoymayan aqressiv müxalifət təmsilçiləri ənənəvi olaraq populist şüarlar irəli sürməklə, inkarçılıq mövqe tutmaqla kifayətləndilər. Bu reallıq Azərbaycanın aqressiv müxalifətinin sivil və konstruktiv mübarizə imkanlarının olmadığını bir daha təsdiqlədi.

2010-cu ilin parlament seçkiləri həm də Azərbaycan cəmiyyətində ifrat radikalizmə, dağıdıcılığa, inqilabi meyillərə meydan olmadığını, aqressiv müxalifətin xalq tərəfindən dəstəklənmədiyini, əksinə, Heydər Əliyev siyasi kursundan irəli gələn sabitlik, rifah və demokratik inkişafın prioritet mahiyyət kəsb etdiyini üzə çıxardı. Parlament seçkilərində bu kursun varisliyinin təmin olunması Azərbaycan cəmiyyətinin dinc quruculuğa, işıqlı gələcəyə səs verdiyini, xalqın hakimiyyət uğrunda mübarizədə antikonstitusion vasitələri qəbul etmədiyini birmənalı şəkildə nümayiş etdirdi.

Son bir neçə ayda bir sıra ərəb dövlətlərində baş verən proseslərin guya Azərbaycanda təkrarlanacağı ilə bağlı cəfəng bəyanatlar səsləndirən aqressiv müxalifətin siyasi bleflərlə, aldadıcı vədlərlə ictimai rəyə təsir etmək cəhdləri həmişəki kimi uğursuzluqla nəticələnir. Xalq üsyanı o ölkələrdə baş verir ki, orada xalqla iqtidar arasında uçurum, qarşılıqlı etimadsızlıq mövcuddur, sosial-iqtisadi, siyasi vəziyyət ildən-ilə pisləşir. İnsanların gələcəyə olan ümidləri tamamilə itir. "Aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar köhnə qayda ilə idarə edə bilmirlər". Bu mənada, məlum ərəb ölkələrindəki vəziyyəti Azərbaycanla eyniləşdirmək tamamilə qüsurlu və ziyanlıdır.

Bu gün Azərbaycanda vəziyyət tam fərqlidir - ölkəmiz ildən-ilə dinamik inkişaf edir, müasirləşir, bütün sahələrdə yeniləşmə baş verir. Neft gəlirləri ölkənin və xalqın rifahının yüksəldilməsinə yönəldilir, böyük infrastruktur layihələri həyata keçirilir, sahibkarlığın inkişafına qayğı göstərilir. Əlbəttə, keçid dövrünü uğurla başa vuran ölkəmizin qarşıda həll etməli problemləri də var və bunu ölkə iqtidarı açıq etiraf edir. Son vaxtlarda cəmiyyəti qayğılandıran bəzi problemlər həllini tapır, ölkə başçısının siyasi iradəsi ilə korrupsiya, rüşvətxorluq, inhisarçılıq meyillərinə qarşı mübarizə gücləndirilir. Vətəndaşlarda narazılıq yaradan bürokrat məmurlara qarşı daha prinsipial və sərt mövqe tutulur, sahibkarlığa mane olan əngəllər aradan qaldırılır.

Azərbaycan xalqı bu gün anarxiya, xaos, hərc-mərclik deyil, sabitlik, tərəqqi və inkişaf tərəfdarı olduğu üçün mövcud siyasi kursu dəstəkləyir. Çünki bu siyasətin ən azı son beş ildə ölkəmizə, həyatımıza hansı böyük uğurlar gətirdiyini, nə kimi yeniliklərə yol açdığını hamı yaxşı bilir. Həyata keçirilən iqtisadi-siyasi islahatlar fonunda Vətənini, xalqını sevən hər bir azərbaycanlı gələcəyə böyük ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, möhtərəm Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı yaxın illərdə dünyanın inkişaf etmiş ölkələri sırasına yüksəldəcək, qarşıya qoyulmuş bütün vəzifələr uğurlu həllini tapacaqdır.

 

 

Qüdrət KƏRİMOV,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2011.- 1 aprel.- S.6.