Azərbaycan Prezidenti İlham Əliyev
Bakının şəhərətrafı qəsəbələrinin
sosial-iqtisadi inkişafı ilə bağlı Xətai və
Nizami rayonlarında görülən işlərlə
tanış olmuşdur
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev aprelin 1-də Xətai rayonunun Əhmədli və Nizami rayonunun Keşlə qəsəbələrində olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırlanmış sxem əsasında Əhmədli qəsəbəsində asfalt örtüyü döşənməsinə ehtiyac olan küçələr barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, martın 9-da keçirilmiş müşavirədə Azərbaycan Prezidentinin verdiyi tapşırıqların icrasına başlanmışdır. O cümlədən Xətai rayonunun 15 min sakini olan Əhmədli qəsəbəsində 24 min kvadratmetr yola asfalt döşənmişdir. Məhəllədaxili yolların 40 min kvadratmetrlik hissəsi də asfaltlanacaqdır. Qəsəbənin küçələrində müasir işıqlandırma sistemi qurulacaq, kanalizasiya xətləri çəkiləcəkdir. İnfrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınacaqdır. Əhmədli qəsəbəsində müasir xəstəxana və yeni kitabxana binalarının inşası da nəzərdə tutulmuşdur.
Qəsəbədə həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə də görüşdü.
Sakinlər dövlət başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV qəsəbə sakinlərinə müraciətlə dedi:
- Xoş gördük. Əhmədli qəsəbəsində işlər gedir, küçələrə asfalt döşənir. İndi mənə göstərdilər, köhnə küçələrin vəziyyəti çox bərbad idi. Özü də torpaq yollar idi. İndi hər yerə asfalt döşənir. Bu, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramının, sadəcə olaraq, həyata keçirilməsində birinci addımlardır. Proqram bütövlükdə hazırlanır və yaxın zamanlarda təsdiq olunacaqdır. Bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. Qəsəbələrdə bütün infrastruktur - su xətləri, kanalizasiya xətləri, qazlaşdırma, - harada ki, hələ lazımi səviyyədə deyil, - elektrik enerjisi ilə təchizat, yolların çəkilişi, məktəblərin, tibb məntəqələrinin təmiri, yaxud da ki, yenidən qurulması məsələləri öz əksini tapacaqdır. Beləliklə, Bakı qəsəbələrində yaşayan insanlar üçün çox yaxşı şərait yaradılacaqdır.
Bu gün isə mən qədim Əhmədli qəsəbəsinə gəlmişəm ki, sizinlə görüşəm.
SAKİN: Söz vermişdiniz.
Prezident İlham ƏLİYEV:
Yadımdadır, söz vermişdim. Amma beş il
bundan əvvəl.
SAKİN:
Yenə də min şükür ki, vaxt tapıb gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Mən o görüşü
xatırlayıram. O, əslində, Bakı qəsəbələrinin
inkişafı üçün atılmış birinci
addım idi. O vaxt - 2005-ci ildə üçillik proqram qəbul
olunmuşdu və icra olundu. Ancaq həyat yerində
durmur. Yeni məsələlər
ortalığa çıxır və biz artıq
bütün imkanları səfərbər edib bütün qəsəbələrdə
abadlıq işləri aparmalıyıq. Mən
çox şadam ki, gəlmişəm Əhmədlidə
sizinlə görüşüm. Baxım,
görüm işlər necə gedir. Eyni
zamanda, sizdən eşidim ki, əlavə hansı tədbirlər
görülməlidir, daha hansı işləri görməliyik.
SAKİN:
İcazənizlə, mən deyərdim. İlham
müəllim, hörmətli Prezidentimiz, xoş gəlmisiniz,
gələn qədəmləriniz var olsun. Allah Sizə yar olsun. Bu gün
bayramdır. Sizin bu gəlişiniz bizim bu
qəsəbənin tarixinə qızıl hərflərlə
yazılacaqdır. Möhtərəm Prezident, bizim qəsəbədə,
sözün əsl mənasında, hökumətə,
dövlətə, bizim partiyamıza böyük hörmət
var.
Bu da xalqın
Sizə olan hörmətinin təzahürüdür. Mən
bütün Bakı qəsəbələrində olmuşam,
Sizi izləmişəm. İnanın mənə,
Bakı qəsəbələrinin əhalisi Sizə necə
lazımdır, hörmət və məhəbbət bəsləyir.
Mən uzun müddətdir burada yaşayıram,
- 83 yaşım var, çoxu inanmır, - böyük işlər
görmüşük. Ulu öndərimizin adına bir park salmışıq, nümunəvidir.
Bütün kəndin camaatı oraya gedir, rəhmətliyi
ziyarət edir, gül qoyuruq, dincəlirik. Bütün
bayramlarda gedib-gəlirik.
Əhmədlidə
indi abadlıq işləri gedir. Mən şəxsən
gözümə inanmıram. Deyirəm ki,
mən burada olmuşam?! Hələ rayonu
demirəm. Rəhmətlik ulu öndərimizin
qarşısında çıxış etmək mənə
nəsib olubdur. Bir dəfə mənə dedi ki,
hansı rayondansan? Dedim Xətai. Dedi ki, Xətai rayonuna
"qara şəhər" deyərdilər, şübhəsiz
gələcəkdə "ağ şəhər"
olacaqdır. İndi şüar vurulub ki, bizim qəsəbə,
daha doğrusu, rayon "ağ şəhər"dir.
Ümumiyyətlə, bizim qəsəbə gələcəyin
muzeyidir. Əhmədli Bakının qəsəbələri
içərisində ən qabaqcıllarındandır. Daha doğrusu, poeziyaya, muğama, təsviri sənətə
böyük həvəs göstərən sakinlərimiz var.
Qəsəbədə 15 min
sakin yaşayır və uzun müddətdir Sizin
gəlişinizi gözləyirdi. Şükür
olsun ki, Siz gəldiniz, biz sevinirik. Lakin bir
balaca problemlərimiz qalıb. Əvvəlcə
deyim ki, arzudan arzu doğulduğu kimi, problemlər də həll
olunur. Ancaq yeni problemlər də ortaya
çıxır. Bu, təbiidir.
Prezident İlham ƏLİYEV: Elə də olmalıdır.
SAKİN:
Nədir bizim problemimiz? Birincisi, insanın
sağlamlığı hər şeydən əzizdir. Bizim xəstəxana camaatın tələbinə
cavab verə bilmir. Niyə?
Çünki möhtərəm Prezident, vaxtilə burada 3 min adam yaşayırdı, indi isə 15 min. Niyə
çox yaşayır? Çünki bura mərkəzə
yaxındır. Bu, yeganə qəsəbədir
ki, yanında metro var.
Möhtərəm Prezident,
ulu öndərimiz, sözün əsl mənasında, fenomen
idi. Mən bunun şahidiyəm. Onun
qarşısında çıxış edəndə bir
şeir dedim. Yazı yazırdı, dedi, şeir kimindir? Dedim, şeir həvəskarınındır. İcazənizlə, həmin şeiri demək istərdim.
Prezident İlham ƏLİYEV: Buyurun.
SAKİN:
Bir söz deyim,
qınamasın el məni,
Uzaqda biz axtarmayaq
düşməni.
Millətimiz əgər
birlik eyləsə,
Qarşımızda
əsir olar erməni.
Prezident İlham ƏLİYEV: Çox sağ
olun, çox gözəl şeirdi.
SAKİN:
Möhtərəm Prezident, bizim küçələrimizin
işıqlandırılması vacibdir. Şübhəsiz,
bu işləri görəcəklər. Xəstəxana
doğrudan da, bərbad haldadır. Doğum
evi də yoxdur, kitabxanamız da yox dərəcəsindədir.
Bir də kanalizasiya məsələsi. Necə deyərlər, ağlamıram, hər
şey yaxşıdır. Ümumiyyətlə,
bizim 15 minlik camaatımız həmişə Sizə
duaçıdır. Mən Sizin gəlişinizi
təbrik edirəm. Ürəkdən
sevinirəm. Mənim üçün bu,
bayramdır. Şübhəsiz, gələcəkdə
Allah bir də nəsib edər, Sizinlə görüşərik.
Prezident İlham ƏLİYEV: Çox sağ
olun, əlbəttə, görüşəcəyik. Çünki mən Əhmədliyə hələ
gələcəyəm. Proqramın
icrası ilə maraqlanacağam və
qaldırdığınız məsələlər öz həllini
tapacaqdır. Kanalizasiya məsələsi
bütövlükdə bizim ölkəmizdə
çoxdandır ki, həllini gözləyən məsələlərdən
biridir.
SAKİN:
Bilirsiniz niyə görə deyirəm, möhtərəm
Prezident? Atalar sözünə
uyğunlaşdırsaq, deyə bilərik ki, hər şeyin təzəsi,
Əhmədlinin köhnəsi.
Prezident İlham ƏLİYEV: Həm də
ki, qədim yaşayış məkanıdır.
SAKİN:
400 illik tarixi vardır.
Prezident İlham ƏLİYEV: Qədim kənddir, gözəl
adı da var - Əhmədli. Tarixi addır.
SAKİN:
İndi çoxu soyadını Əhmədli edir. Biz çox şadıq. Mən
rayonun Ağsaqqallar Şurasının sədri kimi, eləcə
də respublikanın ağsaqqallarından biri kimi Sizə səmimi
qəlbdən təşəkkür edir,
cansağlığı, uzun ömür arzulayır və
oğul toyu nəsib olsun deyirəm.
Prezident İlham ƏLİYEV: Çox sağ
olun. Buranın bütün problemləri həll
olunacaqdır. Necə ki, yolların
asfaltlanmasına başlanıb, küçə
işıqlarının quraşdırılmasına
başlanacaqdır. Kənd xəstəxanasının
vəziyyəti ilə bağlı icra hakimiyyətinin
başçısı və Hacıbala Abutalıbov indicə
mənə məlumat verdilər, şəkilləri də
göstərdilər. Əlbəttə ki,
bu, dözülməz bir vəziyyətdir. Belə şəraitdə xəstələri
müalicə etmək mümkün deyil. Ona
görə mən dərhal göstəriş verəcəyəm,
vəsait ayıracağam ki, tezliklə bunun yerində gözəl,
müasir xəstəxana tikilsin.
Bilirsiniz ki, indi ölkəmizin
hər bir yerində müasir tibb mərkəzləri
yaradılır və əlbəttə ki, ilk növbədə
Bakıda. Son illərdə Bakıda bir
neçə müasir, gözəl xəstəxana
tikilmişdir. Hər bir rayonda, hər bir
bölgədə xəstəxanalar, tibb məntəqələri
tikilir ki, insanların sağlamlığına biz
yaxşı xidmət edə bilək. Əlbəttə
ki, hər bir kəndin, qəsəbənin öz imkanları
olmalıdır. Burada da tibb məntəqəsi
olub, lakin əslində, buna xəstəxana demək çətindir,
çünki çox balaca, köhnə bir yerdir.
SAKİNLƏR: Çox balacadır, ambulatordur. Əvvəl
bura məktəb olub.
Prezident İlham ƏLİYEV: Ona görə yəqin ki, bu
sökülməli və yerində yeni xəstəxana tikilməlidir.
SAKİN:
Yadıma gəlir, bu bina 1936-cı ildə tikilibdir. Üstünü qaldırıb tikmək olar.
Prezident İlham ƏLİYEV: Hər halda, bunu ekspertizadan
keçirərlər, baxarlar. Əgər lazım
olarsa, yenisini, daha da yaxşısını tikərik.
SAKİN:
Doğum evi də olsa çox gözəl olar.
Prezident İlham ƏLİYEV: Xəstəxanada mütləq
doğum şöbəsi də olmalıdır.
SAKİN:
Bir də avtobus marşrutu məsələsinin həllini
xahiş edirik.
Prezident İlham ƏLİYEV: Bu dar küçələrlə
necə gəlib-gedirsiniz?
SAKİN:
İnanırsınız, palçıqda. İndi
o qədər sevinirik ki, yolları asfaltlayırlar.
Prezident İlham ƏLİYEV: Əlbəttə, torpaq yola
yağış yağanda palçıq olur.
SAKİN: Əhmədli
də ən gözəl yerlərdən, məkanlardan biridir.
Prezident İlham ƏLİYEV: Gözəldir, dərhal hiss
olunur ki, burada hava da gözəldir. Hamı da
yaxşı yaşamalıdır. Mənim arzum bundan ibarətdir
ki, hər bir yerdə, hər bir kənddə bütün
şərait olsun: işıq, qaz, su, kanalizasiya, yollar, tibb məntəqəsi,
məktəb.
Yadımdadır,
o vaxt, birinci müşavirədə məsələ
qaldırılmışdı ki, bəzi qəsəbələrdə
məktəblər lazımi səviyyədə deyil. O məsələlərin
böyük əksəriyyətini həll etmişik.
SAKİNLƏR: Bizim kənddə həllini tapıbdır.
Prezident İlham ƏLİYEV: Burada məktəb problemi
yoxdur?
SAKİNLƏR: Yox, yoxdur.
SAKİN:
Birincisi, xoş gəlmisiniz. Biz çox məmnun
oluruq ki, Sizi burada yaxından belə görürük. Mən uzun müddətdir ki, Əhmədlidə
yaşayıram və eyni zamanda, poliklinikada işləyirəm.
Bina keçən əsrdə məktəb kimi
tikilib, sonradan poliklinika üçün
uyğunlaşdırılmışdır. Burada müasir tələblərə cavab verən
tibbi xidmət göstərmək həkimlər
üçün çox çətindir. Ona görə, cənab Prezident, Sizdən xahiş
edirik ki, bunun yerində müasir tipli xəstəxananın
tikilməsində kömək göstərəsiniz.
Prezident İlham ƏLİYEV: Mütləq olacaq.
SAKİN:
Şəxsən öz adımdan və Əhmədlinin
bütün ağbirçəkləri, anaları adından
Sizə möhkəm cansağlığı, şərəfli
işinizdə uğurlar, ailənizə xoşbəxtlik diləyirik.
Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Çox sağ
olun. Xəstəxana, stasionar, doğum
şöbəsi, müayinə üçün
avadanlıqlar, diaqnostika avadanlıqları - hamısı
olacaq. Mən çox şadam ki, Siz
kitabxana məsələsini qaldırırsınız.
SAKİNLƏR: Çünki lazımdır.
Prezident İlham ƏLİYEV: Əfsuslar olsun ki, indiki zəmanədə
kitabxanalardan o qədər də çox istifadə olunmur. Siz ki, bu məsələni
qaldırırsınız, deməli, buna tələbat var.
SAKİNLƏR: Var, oxuyurlar. Kitabxana bərbad vəziyyətdədir.
Məşğulluq məsələsinə də
baxılsa, çox yaxşı olardı. Biz
Sizin çıxışlarınıza qulaq asırıq, izləyirik
hamısını. Sizin xarici və daxili
siyasətinizi dəstəkləyirik. Ümid edirik ki,
bizim kənddə də iş problemi müəyyən dərəcədə
həll olunacaqdır.
Prezident İlham ƏLİYEV: Əlbəttə,
olunmalıdır. 2004-cü ildən
regionların sosial-iqtisadi inkişafı proqramları icra
olunur. Eyni zamanda, Bakıətrafı qəsəbələrin
də sosial-iqtisadi inkişafı proqramı olmalıdır, o
cümlədən qəsəbələrə kreditlər də
verilməlidir. Çünki bunlarda yüz
minlərlə əhali yaşayır və onların da
işlə təmin edilməsi məsələləri həll
olunmalıdır. Bu məsələlərlə
bağlı İqtisadi İnkişaf Nazirliyinə göstəriş
verilibdir. Yaxın vaxtlarda bu məsələyə də
baxılacaq, iş adamlarına,
sahibkarlıqla məşğul olanlara şərait
yaradılacaqdır. Kreditlər verilməlidir.
Biz elə etməliyik ki, hər bir vətəndaşın
işləmək imkanı olsun. Ona görə
də işsizliyə qarşı mübarizə bizim
üçün ən başlıca vəzifə idi. Bu gün də belədir. Baxmayaraq
ki, işsizliyin böyük hissəsi aradan
qaldırılıb, ancaq yenə də işsizlər var.
İşləmək istəyən gərək işlə təmin
olunsun.
İndi
Bakıda və başqa şəhər və
rayonlarımızda böyük tikinti işləri gedir. On minlərlə
vətəndaş tikintilərdə işləyir, pul
qazanır. İndi xaricə gedənlərin
sayı da azalır. Əksinə, ölkəyə
qayıdırlar, gəlməlidirlər,
qayıtmalıdırlar. Yəni
qayıtmaq üçün də burada şərait
olmalıdır. İş, şərait
olmalıdır. Əlbəttə, bunu da
biz yaradırıq. Yenə də deyirəm,
hər bir kəndin, qəsəbənin problemləri həll
edilməlidir. Xüsusilə,
Bakının ətrafında və bəzi hallarda
Bakının içində yerləşən qəsəbələrin
problemləri birinci növbədə həll
olunmalıdır.
SAKİNLƏR: İnşallah, Allah qoysa.
Prezident İlham ƏLİYEV: Əlbəttə, mən yenə
gələcəyəm. Mən hər bir yerə
gedirəm, hər bir qəsəbəyə gedirəm.
SAKİNLƏR: Bizim poliklinikanın açılışına gələrsiniz.
Prezident İlham ƏLİYEV: Gələcəyəm.
SAKİNLƏR: İndidən Sizi açılışa dəvət
edirik. Söz verirsiniz. Çox sağ olun.
SAKİN:
Şəhid anası kimi mən oğlumun adına
olan küçənin abadlaşdırılmasına görə
Sizə öz minnətdarlığımı bildirirəm.
SAKİN:
Mənim 7 şagirdim Vətən uğrunda şəhid olub,
biri də Seyidxanımın oğludur.
Prezident İlham ƏLİYEV: Allah rəhmət eləsin.
SAKİN: Adlarına
küçələr var, xatirələri yad olunur. Bizim camaat Vətənə o qədər məhəbbət
bəsləyir ki, bu saat desələr, silaha sarılmağa
hazır olarlar. Özü də ki, Siz deyəsiniz.
* * *
Sonda qəsəbə
sakinləri dövlət başçısı ilə xatirə
şəkli çəkdirdilər.
* * *
Əhmədli
kəndinin sakinləri ilə görüşdən sonra
Prezident İlham Əliyev Nizami rayonunun Keşlə qəsəbəsinə
gəldi. Keşlə qəsəbəsinin sxemi əsasında
da asfalt örtüyünün döşənməsinə
ehtiyac olan küçələr barədə dövlətimizin
başçısına məlumat verildi.
Keşlə qəsəbəsində
də abadlıq və quruculuq tədbirlərinə
yolların əsaslı təmiri ilə başlanılıb. Yararsız vəziyyətdə
olan qəsəbədaxili yolların 18 min 200 kvadratmetrlik hissəsinə
artıq asfalt döşənib. Yolların
qalan 55 min kvadratmetrlik hissəsinə isə yeni asfalt
örtüyünün döşənəcəyi qeyd olundu.
Keşlə qəsəbəsində də
küçələrin işıqlandırılmasına, su
və kanalizasiya sisteminin yenidən çəkilməsinə
başlanılacaqdır. Dövlətimizin
başçısının tapşırığı ilə
qəsəbənin "Qafqaz" yaşayış massivində
600 şagird yerlik yeni məktəb binası inşa
olunacaqdır. Qəsəbədə
müasir xəstəxana binasının və təcili
yardım stansiyasının tikiləcəyi də nəzərdə
tutulur.
Görülən işlərlə
yaxından
Keşlə qəsəbəsinin
sakinləri dövlətimizin başçısını hərarətlə
qarşıladılar.
Prezident İlham ƏLİYEV qəsəbə sakinlərini
salamlayaraq dedi:
- Keşlə qəsəbəsinin
inkişafı ilə bağlı müvafiq
tapşırıqlar verilmişdir və o
tapşırıqlar yerinə yetiriləcəkdir. Beləliklə, bu qəsəbədə olan
bütün problemlər tədricən öz həllini
tapacaqdır. Keşlə qəsəbəsinin
ərazisi və əhalisi Nizami rayonunun təqribən
yarısı qədərdir. Qədim
yaşayış məntəqəsidir. Elə
etməliyik ki, burada yaşamaq üçün bütün
şərait yaradılsın. Sosial-iqtisadi
inkişaf baxımından müəyyən işlər
görülmüşdür. Yeni iş yerləri, yeni sənaye
müəssisələri açılmışdır. Ancaq hələ görüləsi işlər
çoxdur. İlk növbədə
infrastruktur, su, kanalizasiya xətləri, qazlaşdırma
prosesi daha da sürətlə getməlidir. İndi bu işlərin böyük əksəriyyəti
görülüb. Amma bəzi hallarda
qazın təzyiqi aşağı səviyyədədir.
Yolların çəkilişi və yeni asfalt
örtüyün vurulması məsələləri
vardır. İndi mənə məlumat
verilib ki, xəstəxananın tikintisinə ehtiyac vardır.
Əlavə məktəb tikilməlidir. Yəni, bütün bu məsələlər
Bakıətrafı qəsəbələrin sosial-iqtisadi
inkişafı proqramında öz əksini tapacaqdır.
Proqram yaxın zamanlarda təsdiq olunacaqdır.
Amma biz vaxt
itirməmək üçün artıq işlərə
başlamışıq. Yollar çəkilir və lazım olan
digər məsələlər öz həllini
tapmalıdır. Hər bir
yaşayış məntəqəsində, Bakının hər
bir qəsəbəsində normal, yaxşı şərait
yaradılmalıdır. Mən isə gəlmişəm
ki, bu gün sizlə görüşüm, sizdən eşidim
hansı işlər görülməlidir, əhalini narahat edən
məsələlər nədir, nəyi biz əlavə etməliyik?!
Çünki mən sizdən eşitmək istəyirəm.
Qəsəbə sakinlərini nələr,
hansı məsələlər narahat edir ki, biz onları
operativ şəkildə həll edək.
SAKİN: Əsas
məsələ evlərin özəlləşdirilməsi
idi ki, bu barədə sərəncam vermisiniz.
Prezident İlham ƏLİYEV: Qeydiyyatla bağlı?
SAKİN:
Bəli, qeydiyyatla bağlı. Biz bu sərəncamı
gözləyirdik. Çox sağ
olun, Sizə təşəkkür edirik. Sizə
minnətdarıq ki, belə bir sərəncamı verdiniz.
Çox böyük problem idi.
Prezident İlham ƏLİYEV: Uzun illərdir ki, gündəlikdə
duran problemdir. Uzun illər idi ki, həll
olunmurdu. Ancaq biz bunu həll eləməliyik.
SAKİN:
Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Amma elə həll eləməliyik
ki, bu məsələdə xoşagəlməz halları
aradan götürək. Ona görə göstəriş
verilib, indi xüsusi bir mexanizm hazırlanır ki, biz bunu necə
tezliklə və şəffaf şəkildə edək.
Həm də evin sənədini almaq istəyənə
qarşı qanunsuz tələblər irəli sürülməsin.
Şəffaf, rüşvətsiz.
SAKİN:
Keşlədə abadlaşma işləri doğrudan da
xoş əhvali-ruhiyyə yaradır. Əsas da
bu sərəncamı verəndən sonra. Mənim
artıq yaşımın demək olar ki, yarısı
getmişdi. Mən heç bu sərəncamı
gözləmirdim də. Odur ki, çox sağ olun,
çox təşəkkür edirəm. Mən
Sizə cansağlığı arzulayıram.
Prezident İlham ƏLİYEV: Sağ olun. Biz
bunu tezliklə edəcəyik ki, insanlar da necə deyərlər,
öz hüquqlarından tam şəkildə istifadə etsinlər.
Sənədləşmə, sonra qeydiyyatın
olmaması ilə bağlı digər problemlər də
meydana çıxır və biz bu məsələni birdəfəlik
həll etməliyik.
Keşlədə
və bütün qəsəbələrdə abadlıq
işləri gedir. Parklar, küçələr
abadlaşır, küçə işıqları
quraşdırılır. Rayonda işlər
yaxşı gedir, daha da sürətli gedir. İndi Bakı dünya miqyasında ən gözəl
şəhərlərdən biridir. Bakı
qəsəbələri də gözəl olmalıdır.
Burada yaşamaq, işləmək
üçün bütün şərait olmalıdır.
SAKİN:
Sizin sayənizdə! Cənab Prezident, mən Sizi Keşlə
ziyalıları, sakinləri adından salamlayıram, Sizə
"Xoş gəlmisiniz" deyirəm. Həmişə
Siz gələsiniz. On il bundan əvvəl
bu şəraiti görmək olmazdı. İndi
Keşlədə asfaltsız küçə yoxdur. Bu, Sizin qayğınız, dövlətin
qayğısının nəticəsidir. Ona
görə də biz Sizə minnətdarıq. Ailənin
başında duran adam yerində olursa, o
ailə möhkəm və sağlam olur. Dövlətin
də başında duran Prezidenti əgər yerindədirsə,
o dövlət inkişaf edəcək, çiçəklənəcəkdir.
Ona görə biz Sizə minnətdarıq.
İndi nəinki Keşlə qəsəbəsi,
bütün Azərbaycan böyük tikinti
meydançasını xatırladır. Bu,
bizim fəxrimizdir. Təkcə tikinti deyil,
iqtisadiyyatımız da inkişaf edir. Biz Sizin
siyasətinizi dəstəkləyirik və həmişə dəstəkləmişik.
Biz Sizin strategiyanızı müdafiə edirik,
Sizə təşəkkürümüzü bildiririk. İndi bizim bədxahlarımız, qonşularımız
və yaxud da içimizdə olan bəziləri bu
inkişafımıza xor baxmaq, ona kölgə salmaq istəyir.
Amma bunlar onların xam xəyalıdır.
Azərbaycan
iri addımlarla irəliləyir. Azərbaycan yüksəlir,
inkişaf edir. Azərbaycanda əmin-amanlıqdır,
sabitlikdir. Buna görə də Azərbaycanı
o inkişaf kursundan heç bir qüvvə döndərə
bilməz. Mən müəlliməm, təhsil
işçisiyəm və valideynlərlə həmişə
təmasdayam, onların fikirləri bizə aydındır.
Ona görə əmin olun ki, biz Sizi həmişə
dəstəkləmişik, dəstəkləyirik. Biz Sizin ətrafınızda yumruq kimi birləşmişik.
Siz Heydər Əliyevin siyasətini çox
gözəl davam etdirirsiniz, ona görə biz arxayınıq.
Arxayınıq ki, dövlətimizin
başçısı dünya miqyasında nüfuz sahibidir.
Necə deyərlər, imzalar içində
imzamız, dövlətlər içində səsimiz
vardır. Ona görə də Azərbaycan
inkişaf etməkdə olan dövlətlər
sırasındadır. Ona görə də
cənab Prezident, mən Sizə minnətdaram. İnsan elə bir xilqətdir ki, azca bir diqqət onu
ruhlandırır. Sizin kiçikdən
böyüyə, ən ucqar rayondan mərkəzə qədər
göstərdiyiniz qayğı hamının ürəyincədir.
Bizə bu diqqətinizə görə Sizə sağ olun deyirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİN:
Sizə bu qayğınıza görə sağ olun deyirik. Sizin təkcə təhsilə göstərdiyiniz
qayğı kifayətdir. İndi biz neftə
arxalanmamalıyıq. Sizin insan kapitalını
inkişaf etdirmək istiqamətində
gördüyünüz işlər, yeni texnologiyadan istifadə
etməyimiz barədə verdiyiniz sərəncamlar çoxdur.
Hazırda Keşlədə üç məktəb
vardır. Hər üçünün də
çox gözəl şəraiti vardır və yenə də
təmin olunurlar. Uşaqlarımıza mərkəzdə
olan uşaqlar kimi yaxşı şərait yaradılıb.
İnanın ki, gələnlər deyir ki,
doğrudanmı burada belə gözəl məktəb
vardır? Bu da Sizin sayənizdədir,
dövlətin qayğısının sayəsindədir.
Ona görə biz Sizin fəaliyyətinizi
alqışlayırıq. Sizə uzun
ömür, cansağlığı arzulayırıq. Arzu edirik ki, ömrünüz uzun, canınız
sağlam olsun ki, Azərbaycanı daha da irəliyə
aparasınız. Minnətdarıq Sizə.
Prezident İlham ƏLİYEV: Çox sağ
olun, xoş sözlərinizə görə minnətdaram. Bu mənim işimdir, mənim borcumdur. Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm.
Onu da edirəm və bundan sonra da edəcəyəm.
Bütün işlərimdə mən xalqa
arxalanıram. Yəni, əgər təşəbbüslərimiz
xalq tərəfindən dəstəklənməsəydi,
bütün bu işləri görmək mümkün
olmazdı. Ona görə Bakıda, ətraf
qəsəbələrdə, hər bir rayonda, Azərbaycanın
ən ucqar yerində inkişaf, abadlıq, quruculuq vardır.
Məktəb tikintisi, xəstəxanaların
tikintisi - nədir bu? Siz tamamilə
haqlısınız, bu, gələcəyə
atılmış addımlardır. Gənclərimiz
bilikli, savadlı, vətənpərvər, sağlam
olmalıdırlar. Hər bir yerdə idman
kompleksi qurulur, idman meydançaları, məktəblər, xəstəxanalar,
diaqnostika mərkəzləri tikilir. Hər
dəfə diaqnostika mərkəzlərinin, xəstəxanaların
açılışında mən insanlara müraciət
edirəm, deyirəm ki, gərək hər bir vətəndaş
ildə bir dəfə müayinədən keçsin. Əgər hər hansı bir xəstəlik varsa, o,
müəyyən olunmalıdır. İndi
imkanlar da vardır, həkimlərimiz də peşəkardır.
İndi bütün imkanlar var ki, biz
insanların sağlamlığına yaxşı səviyyədə
qulluq edək.
Abadlıq,
quruculuq işləri gedir. Yəni, biz hamımız
istəyirik ki, ölkəmiz daha da inkişaf etsin,
çiçəklənsin, güclənsin və bunu etmək
üçün bütün imkanlar vardır. İlk növbədə xalqla iqtidar arasında birlik
vardır. Bu birliyi heç kim
sarsıda bilməz, heç kim buna zərbə vura bilməz.
Bizim təşəbbüslərimiz Azərbaycanın
gələcəyinə yönəlib. Azərbaycanın
uğurlu iqtisadi inkişafı, siyasi sabitliyi böyük dəyərimizdir.
Biz 1990-cı
illərin əvvəllərini yaxşı
xatırlayırıq. O illərdə xaos, anarxiya, özbaşınalıq,
silahlı quldur dəstələri meydan oxuyurdu. Ölkəmiz məhv olurdu, parçalanırdı,
dağıdılırdı. Ancaq bu
gün sabitlik, inkişaf vardır, insanlar təhlükəsizlik
şəraitində yaşayırlar. Bakı
dünya miqyasında ən təhlükəsiz şəhərlərdən
biridir. Gecə-gündüz insanlar rahat
yaşayırlar, uşaqlar rahat gəzir, yaşlılara
hörmət vardır. Biz milli ənənələrimizi
qoruyuruq. Bu da çox böyük dəyərdir.
Bəzi hallarda biz, yəni, bu işlərə,
bu məsələlərə indi öyrəşmişik,
hesab edirik ki, hər yerdə belədir. Hər
yerdə belə deyildir. Azərbaycan
xalqının milli mənəvi dəyərləri çox
yüksək səviyyədədir. Biz
onları qorumalıyıq. Gənc nəsil
də milli ruhda tərbiyə olunmalıdır ki, Azərbaycanın
uğurlu, hərtərəfli inkişafı dayanıqlı və
daimi olsun.
SAKİN: Biz
də Sizin qayğınızı
doğrultmağa çalışacağıq.
Prezident İlham ƏLİYEV: Mənin də işim ondan
ibarətdir ki, Azərbaycan xalqına xidmət edim. Bu işi yaxşı görmək üçün
gərək mən bilim ki, hansı məsələlər
var, onlar da həll olunmalıdır. Əlbəttə,
mənə ölkədə gedən proseslərlə
bağlı gündəlik arayışlar, məlumatlar
verilir. Ancaq mən hər şeyi öz
gözümlə görməliyəm və məhz sizdən
eşitməliyəm.
Bax bu gün gəlmişəm
bura. Artıq mənə deyilir ki, xəstəxananın, əlavə
məktəbin tikintisinə ehtiyac vardır. Küçə işıqları bəzi hallarda
yoxdur, asfaltlaşma getməlidir, ondan sonra kanalizasiya, su xətləri
çəkilməlidir. Biz isə bunları
görəcəyik. Yəni, bunları, bu
işləri görmək üçün bütün
imkanlar vardır.
SAKİN:
Vaxt lazımdır.
Prezident İlham ƏLİYEV: Vaxt, iradə və Vətənə
sevgi olmalıdır. Hər bir dövlət məmuru
xalqa xidmət etməlidir. Hər bir icra
başçısını vəzifəyə təyin edərkən,
qəbul edərkən göstəriş verirəm ki, get,
xalqa xidmət elə, bu yüksək məsuliyyəti, bu etimadı doğrult. Mənim
birinci tələbim xalqa xidmət etməkdir, problemləri həll
etmək, şərait yaratmaq, insanları incitməmək, əsassız
tələblər irəli sürməməkdir. Yəni, belə olmalıdır, ədalət
olmalıdır. Birinci növbədə
sosial ədalət. İndi Azərbaycanda
elələri vardır ki, yaxşı yaşayır, elələri
vardır ki, orta səviyyədə, elələri də
vardır ki, pis yaşayır. Onlar da
vardır. Onlar olmamalıdır, biz
onların səviyyəsini qaldırmalıyıq. İndi 500 mindən artıq vətəndaş
ünvanlı sosial yardım alır. Bu, nə
deməkdir? O deməkdir ki, onun normal yaşamağa
imkanı yoxdur. Dövlət kömək etməlidir.
Ünvanlı sosial yardımı alanlar - hər
ailə - haradasa 100 manat səviyyəsində müavinət
alır. Yəni dövlət öz tərəfindən
kömək göstərir. Amma elə etməliyik ki,
şərait olsun, hər bir vətəndaş işlə təmin
edilsin, yaxşı maaş alsın və
yaxşı da yaşasın. Bizim istəyimiz
bundan ibarətdir.
Əgər hər
bir qəsəbənin məsələləri həll olunarsa,
onda ölkədə problem qalmaz. Biz iqtisadi və sosial
problemləri mütləq həll edəcəyik. Sosial ədalətlə bağlı məsələlərdə
hər bir dövlət məmuru vicdanlı olmalıdır,
yenə də deyirəm, insanlara qulluq etməlidir. Dövlət məmurunun vəzifəsi ondan ibarətdir.
Xalq da nəzarət etməlidir. Mən dəfələrlə müraciət
etmişəm, bir də müraciət etmək istəyirəm.
Harada ki, işlər yaxşı getmir,
qüsurlar, çatışmayan cəhətlər vardır,
məlumat verin, məktub göndərin. İndi
elektron poçt vardır. Məktubla
müraciət edin. Biz bilməliyik.
İndi
korrupsiyaya qarşı qurumda "qaynar xətt"
yaradılıbdır. Zənglər, müraciətlər gəlir.
Onlara operativ şəkildə münasibət
bildirilir, məsələlər araşdırılır, cəza
tədbirləri görülür. Biz
bütün xoşagəlməz halları Azərbaycanda aradan
götürməliyik. Sosial ədalət
prinsipləri tam bərqərar olunmalıdır. İnsanların yaşaması, işləməsi
üçün bütün şərait olmalıdır və
biz bunu etmək üçün çalışırıq.
Mən Keşlə
qəsəbəsinin də gələcək
inkişafını çox gözəl görürəm. Burada,
bütövlükdə rayonda işlər yaxşı gedir.
Siz özünüz də qeyd etdiniz. Qısa müddət ərzində. Daha da sürətlə getməlidir.
SAKİN:
Bütün bunların hamısı göz
qabağındadır. Bunları görməmək
qeyri-mümkündür. Bunlar hamısı Sizin sayənizdə baş vermişdir. Mən yaşlı nəslin nümayəndəsi,
bir ağsaqqal kimi nəyi demək istəyirdim. Siz elə bir insanın övladı, elə bir
insanın varisisiniz ki, bütün bu işləri Sizdən
başqa heç bir kəs görə bilməz. Mən ürək sözlərimi Sizin icazənizlə,
yazdığım iki bənd şeirlə ifadə etmək
istəyirəm.
Qoymadın darda Vətəni,
eli,
Səsinə səs verdin, ay
Heydər baba!
Kəsdi ölkəmizə
uzanan əli,
Atəşkəs silahın,
ay Heydər baba!
Qurduğun dövlətin
yaşayacaqdır,
Necə ki,
yolunda İlhamın vardır.
Ardınca gələnlər
davamçılardır,
Yaşadacaq onlar, ay Heydər
baba!
SAKİN:
Cənab Prezident, bu, həm həkimimizdir, həm də
Füzuli qaçqınıdır.
Sonda sakinlər
Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 2 aprel.- S. 1, 2.