Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 7 sentyabr tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə bp Eksploreyşn Opereytinq Kompani Limited şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında 2010-cu il oktyabrın 7-də imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə uyğun olaraq Nazirlər Kabineti Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri barədə qərar qəbul etmişdir.

Digər qərarı ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamına uyğun olaraq özünün qəbul etdiyi "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında" 2007-ci il 1 mart tarixli qərarında dəyişikliklər etmişdir.

Hər iki qərar martın 28-dən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 9 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında" da qərar qəbul etmişdir.

Bu qərar martın 30-dan qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2011.-2 aprel.- S. 2.