Xələf Xələfov: Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesi davam edir

 

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar prosesi davam edir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir. Növbəti danışıqların Gürcüstanda keçirilməsi nəzərdə tutulduğunu deyən nazir müavini qeyd etmişdir ki, bu görüşün keçirilməsi üçün hazırlıq işləri aparılmalıdır. Bu məsələləri araşdırmaq üçün ekspertlərin görüşü təşkil olunmalıdır. Görüşdən sonra isə komissiya sədrləri ekspertlərin fəaliyyətinin nəticələrini müzakirə etməlidirlər. Sonra da komissiyanın növbəti görüşünün tarixi dəqiqləşdirilməlidir.

X.Xələfov vurğulamışdır ki, sərhəd xəttinin üçdəiki hissəsi komissiya səviyyəsində razılaşdırılmışdır. Qalan üçdəbir hissəsinin çox hissəsi barədə də fikirlərimiz uyğundur. Bəzi sahələr var ki, burada fikir ayrılıqları mövcuddur. Çalışırıq ki, bu məsələləri razılaşdıraq. Biz elə etməliyik ki, delimitasiya Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə uyğun baş versin. İnanıram ki, bu məsələ ölkələrimiz arasında olan dostluq əhvali-ruhiyyəsində öz həllini tapacaqdır.

 

 

Azərbaycan.- 2011.- 2 aprel.- S. 2.