Milli Məclisdə görüş

 

Aprelin 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Teymuraz Şaraşenidze ilə görüşmüşdür.

Parlamentin sədri səfirə diplomatik fəaliyyətində uğurlar arzulamış, ümidvar olduğunu bildirmişdir ki, o, iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi üçün səyini əsirgəməyəcək. Qeyd etmişdir ki, iqtisadi, elm, təhsil, mədəni sahələrdə əlaqələr ölkələrimiz müstəqillik qazandıqdan sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Azərbaycanla Gürcüstan strateji əməkdaşlıq edir. Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizin daha da dərinləşməsində mühüm rol oynamışdır.

Milli Məclisin Sədri daha sonra bildirmişdir ki, əlaqələrin inkişafında parlamentlərin rolu da əhəmiyyətlidir. Hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə mübadiləsi baxımından önəmlidir. Biz Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izləyirik. Bölgədəki münaqişələr regionun iqtisadi tərəqqisinə böyük maneçilik törədir. Biz bu cür problemlərin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdarıq. İnanırıq ki, tezliklə Cənubi Qafqazda əmin-amanlıq yaranacaq, ədalət zəfər çalacaq.

Teymuraz Şaraşenidze bildirmişdir ki, gələcək fəaliyyətində Gürcüstan Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə çalışacaq. Bunun üçün həyatın müxtəlif sahələrində geniş imkanlar var.

Görüşdə tərəfləri maraqlandıran müxtəlif məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.- 2011.- 2 aprel.- S. 2.