Mifdən reallığa

 

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən

 

Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini həyata tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.

 

Heydər ƏLİYEV

 

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, nəzəriyyə ilə təcrübəni birləşdirən və həyata tətbiq etməyi bacaran, əməli nəticələri ilə xalqa fayda verən alimlər sırasında xüsusi yeri olan görkəmli ictimai-siyasi xadim, akademik Ramiz Mehdiyevin elmi yaradıcılıq yolunu şərti olaraq iki mərhələyə bölmək olar.

Birinci mərhələ öz başlanğıcını 1968-ci ildən Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin əyani aspirantı olduğu dövrdən alır. Ramiz müəllimin elmi yaradıcılıq yolu o dövrün ən mötəbər mətbuat orqanlarından olan "Voprosı filosofii", "Partiynaya jizn" kimi jurnallardan və respublika mətbuatında çap etdirdiyi məqalələrdən başlayır. 1972-ci ildə namizədlik dissertasiyası müdafiə edən müəllif o dövrdə ideoloji sistemin yasaq və qadağalarına baxmayaraq, milli münasibətləri fəlsəfi müstəvidən təhlil etməyə çalışmışdır. Akademik Ramiz Mehdiyev vaxtilə yazırdı: "O dövrdə nəyisə dəyişmək tək-tək adamların işi deyildi, çünki söhbət nizamlanmış partiya-dövlət strukturlarından gedirdi". Bu mərhələdə o, "Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri" mövzusunda doktorluq dissertasiyası yazmağa başlamış və 1993-cü ildə uğurla müdafiə etmişdir. Müəllifin yaradıcılığının birinci mərhələsi ilə ikinci mərhələsi arasına körpü atmış "Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri" adlı elmi araşdırmaları onun müstəqillik illərində yazdığı əsərlərinin də başlanğıc nöqtəsi hesab oluna bilər. Akademik Ramiz Mehdiyevin üçüncü minilliyin əvvəllərində nəşr olunan "Azərbaycanın inkişaf dialektikası" (2000), "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" (2000), "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" (2001), "XXI əsrdə milli dövlətçilik" (2003), "Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bugünün reallıqları, gələcəyin perspektivləri" (2005), "2005-ci il parlament seçkiləri: ilkin təhlil (mülahizələr, nəticələr və proqnozlar)" (2006), "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: iyun 1971 - iyun 2001: (məqalələr, çıxışlar, müsahibələr)" (2006), "Vətəndaş cəmiyyətinə yol açan ideyalar" (2006), "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: yanvar 2002 - dekabr 2006: (məqalələr, çıxışlar, müsahibələr)" (2007), "Demokratiya yolunda: irs haqqında düşünərkən" (2008), "Gələcəyin strategiyasını müəyyənləşdirərkən" (2008), "Modernləşmə xətti yenə də gündəlikdədir" (2008), "Yeni siyasət: inkişafa doğru" 2 cilddə (2008), "Azərbaycan - 2003-2008: zaman haqqında düşünərkən" (2009), "Fəlsəfə" (2010) monoqrafiyaları, dərslikləri, ayrı-ayrı məqalələri, müsahibələri və çıxışları dediklərimizə sübutdur.

Cəsarətlə demək olar ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz əsərlər akademik Ramiz Mehdiyevin yalnız şəxsi biblioqrafiyasını deyil, eyni zamanda Azərbaycanın elmi-nəzəri, humanitar-fəlsəfi fikir tarixini də zənginləşdirmişdir.

Mübaliğəsiz demək olar ki, akademik Ramiz Mehdiyevin müstəqillik illərindəki elmi yaradıcılıq fəaliyyəti Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin inkişafında yeni bir mərhələdir. Müəllifin adları çəkilən kitabları müasir Azərbaycanın ictimai-siyasi reallıqlarını elmi-fəlsəfi müstəvidə əks etdirməklə və cəmiyyətimizdə gedən proseslərin təhlilini verməklə yanaşı, özündə dörd əsas aparıcı mövzunu ehtiva edir: azərbaycanşünaslıq, dövlətşünaslıq, cəmiyyətşünaslıq və əliyevşünaslıq. Bu dörd istiqamət bir-biri ilə üzvi surətdə elə bağlıdır ki, onların birini digərindən ayırmaq mümkün deyil.

Akademik Ramiz Mehdiyevin elə məqalələri də vardır ki, həcminin kiçik olmasına baxmayaraq, qaldırılmış problemlərin ciddiliyi və aktuallığına görə onları bir kitaba bərabər tutmaq olar. Bu mənada "Türkçülük tarixin gözü ilə, yaxud milli ideya əsrlərin qovuşuğunda"; "Azərbaycanda siyasət: dünən, bu gün və sabah"; "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqalələrini xüsusilə qeyd etmək lazımdır. Müəllif birinci iki məqaləsində türkçülük və turançılıq məsələlərinin tarixi və müasir anlayışlarını verir, eyni zamanda azərbaycançılıq məfkurəsinin keçdiyi tarixi inkişaf mərhələlərinin tipoloji təsnifatını aparır. O, azərbaycançılıq ideologiyasının ideya-nəzəri məsələləri ilə bağlı tədqiqatlar aparan alimlərə həm elmi- fəlsəfi istiqamət verir, həm də azərbaycançılıqla azərbaycanlılığın fərqini aşağıdakı kimi izah edir: "Azərbaycançılıq" anlayışı sosial-etnik tərkibi, o cümlədən Azərbaycan ərazisində yaşayan bütün xalqları əhatə edir. "Azərbaycanlılıq" anlayışı isə çoxmillətli dövlətimizdə bir millətə üstünlük verir".

Müəllif "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində ictimai-siyasi və humanitar elmlərə, o cümlədən fəlsəfə elminə diqqətin azaldığı bir dövrdə ictimai-siyasi fənlərin ədəbi-ictimai və siyasi mühitdə yerini və mövqeyini müasir tələblər baxımından müəyyənləşdirir, oradakı neqativ halların aradan qaldırılması yollarını göstərir.

Ramiz Mehdiyev milli ruha və milli təfəkkürə malik olan bir ziyalı və alim vətəndaş kimi Azərbaycanda baş verən ictimai-siyasi proseslərə fəal reaksiya verməklə yanaşı bu xalqın tarixi və taleyi ilə bağlı olan məsələləri də nəzər-diqqətdən kənarda qoymamışdır. Belə ki, müəllifin 2000-ci ildə nəşr etdirdiyi "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" kitabında 20 Yanvar faciəsinin baş verməsində dini amillərin (islamçılığın), Qafqaz amilinin (regionun), milli amillərin (türkçülüyün) oynadığı rolu, hadisələrin geosiyasi aspekti, Qanlı Yanvarla Dağlıq Qarabağ arasında əlaqələr elmi tədqiqatın predmetinə çevrilir. Hadisənin törənmə səbəbləri ilə yanaşı, onları törədənlərin adı və ünvanı göstərilir. Müəllif bununla da kifayətlənmir, gələcəkdə xalqımızın yenidən belə faciələrlə üz-üzə gəlməməsi üçün öz proqnoz və tövsiyələrini verir, irslə varis arasındakı, əcdadla, baba ilə nəvə arasındakı genetik kodların bağlılığını etibarlı elmi dəlillər və fəlsəfi ümumiləşdirmələrlə açıb göstərir.

"Biz müdafiədə deyil, hücumda olmalıyıq!" deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Eyni zamanda. Prezident bu sözləri ilə Azərbaycan ziyalılarını erməni riyakarlığına qarşı ayıq olmağa və elmi əsərləri ilə bədnam qonşularımıza layiqli, obyektiv, tutarlı və əsaslandırılmış cavab verməyə çağırırdı.

Bu mənada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin çapdan çıxmış "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ermənilərin ideoloji təbliğatına qarşı fundamental, sanballı tədqiqat əsəri kimi dəyərləndirilməsi, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük maraqla qarşılanması təsadüfi deyil. Bu maraq ilk növbədə onunla səciyyələnir ki, əsərdə ermənilərin əsassız iddiaları yalnız tarixi, fəlsəfi, siyasi, coğrafi, antropoloji, arxeoloji və geneoloji baxımdan deyil, həm də müasir geosiyasət və beynəlxalq hüquq normaları baxımından elmi dəlillərlə ifşa olunur.

Müəllif əsər boyu Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporunu təmsil edən jurnalistlər qarşısında verdiyi açıqlamaların reallıqdan tamamilə uzaq olduğunu əsaslandırır və bunu haqlı olaraq "absurd teartı"na bənzədir. Bu teatrın tamaşaçıları erməni diasporunu təmsil edən jurnalistlər, naşı artisti isə fikir və düşüncələri çaşdıran, yalan və riyakarlıqla dolu monoloq söyləyən Serj Sarkisyandır.

Fikrimizcə, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" adlı fundamental əsərini yalnız Serj Sarkisyana verilən cavab kimi dəyərləndirmək doğru deyil. Bu əsər həm də görkəmli ictimai-siyasi xadimin və alimin dünya ictimaiyyətinə və dünya rəsmilərinə ünvanlanmış, obyektiv faktlara və sənədlərə söykənən elmi mesajı kimi də dəyərləndirilməlidir. Bu kitabın üç dildə - ingilis, rus və Azərbaycan dillərində nəşr edilməsi də fikrimizi təsdiq edir.

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı ermənilərin yeni "tədqiqatlarına" tutarlı və elmi dəlillərə əsaslanan cavabdır. Şübhəsiz, belə elmi əsərlərin geniş yayılması əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın dünyada haqq səsinin ucalması baxımından son dərəcə əhəmiyyətlidir. Kitab Ermənistan rəhbərliyinin və erməni ideoloqlarının nə qədər dayaz və məntiqə zidd düşüncə tərzinə sahib olduqlarını bariz şəkildə nümayiş etdirir.

Məlumdur ki, müasir uçaqlar qəzaya uğrayanda, hadisələrin necə baş verməsini izah edəcək şahid olmayanda (hətta olanda belə) əsl həqiqətlər həmin uçaqdakı "qara qutu"dan çıxır. Tarixi həqiqətləri aşkarlamaq üçün isə imkanlar daha genişdir. Burada qara torpaq altında aparılmış arxeoloji qazıntılar, arxivlərdə əslini qoruyub saxlayan faktlar, eləcə də sənədlər tarixə şahidliyi və obyektivliyi təmin edir.

Təəssüf hissilə qeyd etməliyik ki, müəyyən zaman kəsiyində Azərbaycanın tarixini yazanlar və taleyini müəyyənləşdirənlər, onu ikiyə bölənlər yadlar və yağılar olublar. Yadlar və yağılar təkcə bu millətin dilinə "genosid", "repressiya", "deportasiya", "terror" sözlərini gətirməyib, həm də xalqımıza bu sözlərin məzmunundakı faciəni yaşadıblar. Nəticədə paralel olaraq mənəviyyat və əxlaqda, dildə və dində diskriminasiya, ərazilərdə itki, sərhəd dirəklərində isə içəriyə doğru sıxılma baş verib.

Akademik Ramiz Mehdiyevin Sarkisyandan gətirdiyi bir sitata diqqət yetirək. Sarkisyan deyirdi: "Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırmağa nail olduq". Mənə elə gəlir ki, Sarkisyan elə bu fikirləri ilə də dayaz təfəkkür sahibi olduğunu və tarixdən xəbərsizliyini sübut edir. Azərbaycan xalqı yaxşı bilir ki, XX əsrin əvvəllərində uşağa, böyüyə, qocaya, bir sözlə, əliyalın əhaliyə divan tutmaq stereotipini ilk dəfə sındıran Serj Sarkisyan deyil, şaumyanlar, lalayanlar, drolar, amazasplar və andraniklər olmuşdur. Serj Sarkisyan isə sadəcə babalarından ona miras qalan həmin vəhşi ənənəni, erməni vandalizmini ikinci minilliyin sonlarında yenidən davam etdirmişdir.

Müəllif Serj Sarkisyanın Gorusdakı çıxışında azərbaycanlıların S.Şaumyanı "bandit" adlandırmasından hiddətləndiyini önə çəkir və ona cavab olaraq bildirir: "S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki "Daşnaksütyun" partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbaycanlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün idi. Ermənilərin rəhbərləri də bu imkandan istifadə etmişlər". Fikrimizcə, keçən əsrin əvvəllərində Bakıda, Naxçıvanda, Gəncədə, Qubada, ŞamaxıdaE həyata keçirilən qətliamların əsas təşkilatçısı və ilhamvericisi olan, maskalanmış, insan qanına susamış Şaumyanın "bandit" adlandırılması olduqca və olduqca yumşaq bir ifadədir.

Akademik Ramiz Mehdiyev sübut edir ki, müasir erməni vandalizminin başında köçəryanlar, sarkisyanlar və digər "yan"lar dayanır. Müəllif haqlı olaraq erməni vandalizmi, erməni vəhşiliyi ilə faşizm arasında bir paralellik aparır, yaxın və uzaq analoji oxşarlıqları əsaslandırılmış elmi dəlillərlə sübuta yetirir və yazır: "Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar".

Tarixi obyektivliyə sədaqət baxımından haqqında bəhs açdığımız "Gorus - 2010: absurd teatrı mövsümü" əsəri özünün bir çox spesifik cəhətləri ilə diqqəti cəlb edir.

Birincisi, bu əsərdə yalnız türk deyil, eyni zamanda erməni etnosunun yaddaşı bərpa olunur və bu yaddaş işığında kimin aborigen, kimin gəlmə olduğu aydın görünür. Akademik Ramiz Mehdiyev faktlı, predmetli və konseptual şəkildə sübut edir ki, ermənilərin Azərbaycanda kütləvi şəkildə yerləşdirilməsi Türkmənçay-Gülüstan müqavilələrindən sonra baş tutmuş və onların ilk dövləti də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin məcburiyyət qarşısında ermənilərə bağışladığı torpaqlar hesabına yaranmışdır.

İkincisi, müəllif yuxarıda dediklərimizin məntiqi təsdiqi kimi arxeoloji qazıntıların nəticəsi olan millətin antropologiyası məsələsini önə çəkir. Müasir arxeoloji qazıntılar təsdiq edir ki, özlərini Cənubi Qafqazda aborigen elan edən ermənilər antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), hətta seroloji (qan qrupu) xüsusiyyətlərinə görə bu ərazilərin yerli sakinləri olmamışlar. Bu xüsusda akademik Ramiz Mehdiyev yazır: "Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər... Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir... Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir".

Üçüncüsü, akademik Ramiz Mehdiyev dünya ictimaiyyətinin diqqətini elmdə çox mühüm əhəmiyyət kəsb edən toponimikaya yönəldir və haqlı olaraq göstərir ki, "əvvəllər Azərbaycana (məhz Azərbaycana) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtı ilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur". Ermənilər tərəfindən toponimlərin dəyişdirilməsi yalnız İrəvanla məhdudlaşmır, daha da genişlənərək Azərbaycanın bütün ərazilərini özündə ehtiva edir. Son illərdə monoetnik dövlət yaradan ermənilər Ermənistanda yaşayan və sayca ermənilərdən qat-qat çox olan azərbaycanlıları doğma ata-baba yurdlarından didərgin saldıqdan sonra toponimləri də dəyişdirdilər. Hər hansı bir yer adının dəyişdirilməsi yalnız bugünə deyil, həm də tarixə və yaddaşa xəyanətdir.

Dördüncüsü, elmi əsaslara söykənən bu kitabdan sonra gümandan həqiqətə, mifdən reallığa gedən yol elmi polemikanın predmeti olmaq funksiyasını itirir və real, elmi gerçəklik kimi öz təsdiqini tapır. Etnosun arxaik düşüncə tərzindən müasir qloballaşan dünyaya baxışı elmi müstəvidə təhlilə və tədqiqə cəlb olunur. Müəllif "Böyük Ermənistan" mifinin ermənilər və ermənipərəst qüvvələr tərəfindən yaradıldığını (uydurulduğunu) və bunun müasir dünyada reallaşmasının mümkünsüzlüyünü qeyd edir: "Onlar (ermənilər nəzərdə tutulur - C.Q.) mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyonlarla qaçqından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmamışlar - Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 il bundan sonra". Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabından iqtibas verdiyimiz bu sözlər Ermənistana edilən mesajdan daha çox dünya ictimaiyyətinə ünvanlanmış Azərbaycan xalqının ümumi fikrinin ifadəsi olan milli bəyanat təsiri bağışlayır.

Beşincisi, kitabın əsas məziyyətlərindən biri də tarixiliklə müasirliyin vəhdətdə verilməsidir. Müəllif tarixiliklə müasirliyi verərkən Herodotdan, Strabondan bu günə qədər ermənilər barəsində deyilmiş fikirləri, arxeoloji qazıntıların nəticələrini, bunlardan az əhəmiyyət kəsb etməyən Azərbaycanın qədim və müasir dövr xəritələrini elmi dövriyyəyə buraxır. Fikirlərinin daha inandırıcı, daha tutarlı və daha elmi olması üçün Avropa, rus, gürcü və erməni müəlliflərinin tədqiqatlarına müraciət edir. Bu da əsərin elmiliyini şərtləndirən ən mühüm səciyyəvi xüsusiyyətlərdən biri kimi özünü göstərir.

Altıncısı, Serj Sarkisyanların yürütdüyü və təqdir etdiyi siyasətin Ermənistanın dövlətçiliyinə vurduğu zərbələri açıb göstərir: "Reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər vermişdir. Başa düşmək çətin deyildir ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər". Akademik Ramiz Mehdiyev Serj Sarkisyanın fikirlərindəki paradoksu da özünəməxsus şəkildə açıqlayır və göstərir ki, erməni rəhbəri jurnalistlər qarşısındakı çıxışının əvvəlində özlərini qalib elan edirsə, sonda bir qalib dövlət kimi dünya ictimaiyyətindən kömək umur. "Qalib" dövlətin "məğlub" dövlətdən bu səviyyədə çəkinməsi Sarkisyanın saxtakarlığını, siyasətdə naşı olduğunu və Ermənistanı hansı bəlalarla üz-üzə qoyduğunu göstərir. "Jurnalistlərə ünvanlanmış bu cür xahişlərdən biri də Ermənistanın hakim rejiminə döyüş meydanında qazanılmış "qələbə"ni diplomatiya sahəsində möhkəmləndirməkdə kömək etməkdir. Bütün bu illər ərzində Ermənistanda hələ də başa düşməyiblər ki, Ermənistan qonşu dövlətə qarşı təcavüz törətməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla əslində qalib gəlməmiş, məğlub olmuşdur! O, yaranmış bu qədər fürsəti əldən verməklə sülhü uduzmuşdur". Bu mənada akademik Ramiz Mehdiyev tamamilə əsaslı olaraq bu gün Ermənistanın yeritdiyi təcavüzkar siyasətlə özünü müasir ictimai, iqtisadi və siyasi əlaqələrdən təcrid etdiyini vurğulayır.

Yeddincisi, görkəmli tədqiqatçı alim Ramz Mehdiyev öz əsərində yalanın və riyanın metodlarını dərindən mənimsəyən Ermənistan rəhbərliyinə və bu rəhbərliyin ideoloji düşüncələrinə uyaraq araşdırmalar aparan tarixçilərə, elə həm də bütün erməni ziyalılarına tarixi obyektiv araşdırmağın metodologiyasını nümayiş etdirir.

Və nəhayət, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabından doğan təəssürat onu deməyə əsas verir ki, erməni vandalizmi Qafqazda qafqazlılar üçün daim böyüməkdə olan bir çiban kimi bugün də fəsadlar törətməkdədir. Bu çiban deşilmədikcə, çirkabı və iltihabı axıb getmədikcə Qafqaz xalqlarına (o cümlədən ermənilərə) dinclik olmayacaqdır. Dünyanın müasir tərəqqi və sivilizasiya mərhələsində isə bu, təkcə Qafqazın bəlası sayılmamalı, bütün bəşəriyyət və hər bir vicdanlı bəşər övladı üçün utanc yerinə çevrilməlidir.

 

 

Cəlal QASIMOV,

MTN-in Heydər Əliyev

adına Akademiyasının

kafedra rəisi, filologiya

elmləri doktoru, professor

 

Azərbaycan.- 2011.- 2 aprel.- S.  3.