"Bir vaxt gürcü, ukraynalı, qırğız olmağa çalışdılar, alınmadı. İndi ərəb olmaq fikrinə düşüblər"

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 1-də "Media forum" saytına müsahibə vermişdir.

- İctimai Palata aprelin 2-də Fəvvarələr meydanında mitinq keçirməyi planlaşdırır. Sizcə, aprelin 2-də nə baş verəcək?

- Aprelin 2-də etirazçıların Fəvvarələr meydanına daxil olmasının qarşısı qətiyyətlə alınacaq. Ora mitinq yeri deyil. O meydanda mitinq keçirilməsinə icazə verilməyib. Ona görə də polis mitinq keçirmək istəyənlərin qarşısını birmənalı şəkildə və qətiyyətlə alacaq. Minlərlə insanın küçələrə çıxacağı haqda deyilənlərin heç bir əsası yoxdur, bu mümkün deyil. Ötən dəfə olduğu kimi, yenə də 150-200, maksimum 300 nəfər meydana çıxmağa cəhd edəcək. Bu gün və sabah onlar qayda-qanuna dəvət olunacaqlar. Onlarla bağlı tədbirlər görüləcək.

- Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin istədiyi meydanlarda mitinq keçirilməsinə icazə vermir. Müxalifət isə Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərin şəhərdən kənarda yerləşdiyini əsas gətirib bundan imtina edir. İctimai Palatanın rəhbərliyi 2 aprel mitinqini "Nərimanov" kinoteatrının qarşısına təyin etmiş, eyni zamanda "Təbriz" kinoteatrının qarşısındakı meydana getməyə hazır olduğunu da bildirmişdi. Qarşıdurmadan qaçmaq üçün hansısa kompromis mümkündürmü?

- Hara olar, hara olmaz yanaşmasının hamısı mülahizədir. Hər şey müxalifətin hansı məqsədlərlə mitinq keçirməsindən asılıdır. Müxalifət öz tərəfdarlarını yığıb sözünü demək, hakimiyyətin siyasətinə etiraz etmək, yoxsa şəhərdə qarışıqlıq yaratmaq, insanların, avtomobillərin hərəkətini pozmaq, şəhər həyatını iflic vəziyyətə salmaq istəyir? Bu baxımdan çox şey müxalifətin istək və iradəsindən asılıdır. Şəhər rəhbərliyi bunu nəzərə alır. Müxalifətə yer ayrılarkən həm orada mitinq keçirilməsinin mümkünlüyü, həm də şəhərin ictimai həyatının ahənginin pozulmaması əsas götürülür. Digər tərəfdən isə Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin konkret təklifinə münasibət bildirir. Müxalifət "Nərimanov" kinoteatrının qarşısında mitinq keçirmək üçün müraciət edib. "Nərimanov" kinoteatrının qarşısı Bakıda insanların və nəqliyyatın intensiv hərəkət etdiyi yerdir. Orada mitinq keçirilməsi Nərimanov rayonunda və bütövlükdə Bakı şəhərində ictimai ahəngin tam pozulması, iflic vəziyyətin yaranması deməkdir. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti "Nərimanov" kinoteatrının qarşısında mitinq keçirilməsini qeyri-mümkün hesab edib və alternativ yer təklif olunub. Əgər müxalifət başqa meydanda mitinq keçirmək üçün müraciət etsə, ona da baxılacaq. Amma hara icazə veriləcək, necə olacaq məsələsini Bakı Şəhər İcra Hakimiyyəti həll edir və bu zaman şəhər həyatının pozulmaması əsas götürülür.

- Aprelin 1-də müxalifət liderləri olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldılar. Bu, Azərbaycanda rast gəlinməyən haldır. Bunu necə qiymətləndirirsiz?

- Normal. Əgər insanlar razılaşdırılmamış yerdə aksiya keçirməkdə qərarlıdırsa, bu, qanunun pozulması deməkdir. Polis də əvvəldən onları xəbərdar edir. Polis onları xəbərdar edir ki, əgər sabah sizi tutsaq, hansısa qanuni tədbir görsək, onda deməyin ki, bilmirdik, məlumat verilməyib, qanundan xəbərimiz yoxdur. Polis həmin insanları çağırıb əvvəldən xəbərdarlıq edir ki, aprelin 2-də sizin qanunsuz aksiyanızın qarşısı alınacaq, bəri başdan bu işdən vaz keçin, başqalarını da qanunların pozulmasına sövq etməyin. Çünki bu, cinayət məsuliyyəti yaradır.

- Rəsmi mətbuat, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi, hakimiyyətin mövqeyini dəstəkləyən şəxslər iddia edirlər ki, müxalifətin hazırkı fəallığı xaricdən idarə olunur. Hətta belə bir fikir də səslənib ki, xarici qüvvələr Müsavat və Xalq Cəbhəsi partiyalarına 40 milyon dollar ayırıb. Bu fikirləri bölüşürsüzmü və hakimiyyət strukturları belə faktlara malikdirmi?

- Nə qədər siyasi qüvvə, deputat, partiya varsa, bir o qədər fikir ola bilər. Müxalifətdə olan insanların xətrinə dəyməsin, amma mən müxalifətin hazırkı etiraz aksiyasını taktikasız, məram və məqsədi aydın olmayan, lazımi sosial bazası müəyyənləşməmiş, kimdənsə geri qalmamaq üçün atılan addım, proses hesab edirəm. Xarici ölkələrdə nəsə baş verəndə müxalifət hər dəfə onu Azərbaycanda tətbiq etmək istəyir, bunu təqlid etməyə çalışır. Bunlar bir vaxtlar gürcü olmaq istədilər, alınmadı, sonra ukraynalı, qırğız olmağa çalışdılar, o da alınmadı. İndi isə ərəb olmaq fikrinə düşüblər. Bütün bunlar Azərbaycan müxalifətinin nə qədər miskin vəziyyətdə olduğunu göstərir.

Mən hakimiyyət təmsilçisiyəm. Əlbəttə, mənim bu sözlərim onların xoşuna gəlməyəcək və başlayacaqlar haqqımda nəsə deməyə, yazmağa. Amma fakt ondan ibarətdir ki, Azərbaycan müxalifətinin hazırkı hərəkətləri ilə bağlı nə daxildən sosial sifariş, nə də xaricdən bu işi yönəldən, müxalifətin arxasında duran mərkəzləşmiş qüvvələr, hazır ssenarilər var. Sadəcə olaraq görürlər ki, haradasa nəsə olur, belə qərara gəlirlər ki, biz yubandıq, nəsə etməliyik. Müxtəlif yerlərdə bunların keçmişdən tanıdıqları bir-iki dostları var. Həmin dostlar deyirlər ki, bəlkə aranı qarışdırsanız bizdə də nəsə ola bilər. Azərbaycan iqtidarının hazırkı sosial dəstəyi ilə müxalifətin hazırkı sosial bazası müqayisə belə oluna bilməz. Müxalifət öz indiki sosial bazası ilə ən azı 2013-cü ilədək heç nəyə nail ola bilməz. 2013-cü ildə prezident seçkisi olacaq. Seçkidə yarışarlar, baxarıq. Bəlkə həmin dövrədək hansısa proqramlarla, cəlbedici ideyalarla kimlərisə arxalarınca apara bildilər. Amma indi cəmiyyətdə bu cür düşünən radikal müxalifətin arxasınca gedən sosial baza, dayaq yoxdur, insanlar onları dəstəkləmirlər. O cümlədən xaricdə də onları heç kim dəstəkləmir.

- Martın 31-də Yeni Azərbaycan Partiyasının bir qrup üzvü Əli Kərimlinin şəhərin mərkəzində yerləşən evinin qarşısında piket keçirib. Aksiya xeyli davam edib, çıxışlar olub. Piket yürüşlə başa çatıb. Bakı Şəhər İcra Hakimiyyəti həmin yerdə piket keçirilməsinə icazə verməyib. Buna baxmayaraq, polis piketə müdaxilə etməyib, prosesi kənardan izləyib. Kütləvi aksiyalara belə ikili yanaşmanı necə qiymətləndirirsiz?

- Müxalifət də dəfələrlə bu tip piketlər keçirib və bundan sonra da keçirəcək. Piket başqa, mitinq başqa. Bir qrup adamın bir necə dəqiqəliyə bir yerə yığılması başqa, 4-5 saat şəhərin mərkəzi hissəsində nəqliyyatın və insanların hərəkətini iflic etmək başqa. Orada piket keçirənlərin buna icazə alıb-almadıqlarını bilmirəm. Düşünürəm ki, əgər ora çıxıblarsa, deməli, icazə alıblar.

- Misir və Tunisdə inqilabi proseslər davam etdiyi dövrdə Suriya prezidenti Bəşər Əsəd xarici mətbuata müsahibə verib demişdi ki, Tunis və Misirdə islahatlar aparılmadığına görə xalq küçələrə çıxıb, inqilab baş verib. Lakin az sonra həmin hadisələr Suriyada da baş verdi, insanlar küçələrə çıxdı və prezident Bəşər Əsəd hökuməti istefaya göndərdi, islahatlar aparacağını bəyan etdi və sair. Hazırda Azərbaycan müxalifəti də islahatlar tələb edir. Azərbaycanda da eyni hadisələrin baş verməməsi üçün hakimiyyətin yaxın vaxtlarda ciddi siyasi, sosial, iqtisadi islahatlar aparması gözlənirmi?

- Azərbaycanda hansısa daxili və xarici proseslərin təsiri altında təcili, təxirəsalınmaz və digər tədbirlərə nə Heydər Əliyevin zamanında, nə də İlham Əliyevin prezidentliyi dövründə əl atılıb. Azərbaycanda hər şey planlaşdırılır, proqramlaşdırılır, problemlər əvvəldən araşdırılır, öyrənilir, buna uyğun icra sistemi qurulur. Azərbaycan müxalifətini demirəm, onlar özləri bilərlər. Amma inanın ki, İlham Əliyev hakimiyyətinin ərəb dünyasından götürə biləcəyi, istinad edib burada tətbiq edə biləcəyi heç nə, birmənalı şəkildə heç nə yoxdur. Biz Suriya, Liviya, Misir, Yəmən, Tunisdə baş verən proseslərdən nə götürə bilərik? Biz ərəblərdən öyrənib ölkəmizdə tətbiq edə biləcəyimiz müsbət bir şey görmürük. Azərbaycan Avropa Şurasının üzvüdür, demokratik, öz sistemini seçki yolu ilə formalaşdıran dövlətdir, cəmiyyətdə gedən proseslərin hamısı konstitusiyaya və qanunlara əsaslanır, xalq tərəfindən dəstəklənir, insanların etimadını qazanıb. Bəlkə müxalifət ərəblərdən nəsə götürə bilər.

- İctimai Palata parlamentin buraxılması və növbədənkənar seçki keçirilməsini, konstitusiya islahatlarının aparılması üçün referendum keçirilməsini, eyni şəxsin dəfələrlə prezident seçilməsinə məhdudiyyət qoyulmasını, proporsional seçki sisteminin bərpa olunmasını tələb edir. Bunların həyata keçirilməsi mümkündürmü?

- İctimai Palatada bir necə ağıllı, kifayət qədər praqmatik adam var. Onlar məndən inciməsin. Amma İctimai Palatada hakimiyyətə normal, qəbul olunması mümkün təklif verə biləcək insan yoxdur. Onların hər biri bir partiyanın, ictimai qurumun, bir qəzetin aparıcı nümayəndələridir. Amma bu neçə ildə mən onların heç birindən praqmatik, normal inkişafa stimul verən bir ideya eşitməmişəm. Onların əsas ideyası hakimiyyətə gəlməkdir, hansı yolla olursa - olsun, hakimiyyəti indiki iqtidarın əlindən almaqdır. Əgər əllərindən yaxşı iş gəlsəydi və normal ideyaları olsaydı, çoxdan hakimiyyətə gələrdilər.

 

 

Azərbaycan.- 2011.-2 aprel.- S. 4.