İslam Konfransı Təşkilatı
məkanında ilk dəfə Azərbaycanda "İKT modeli
- Beynəlxalq təhsil layihəsi"nin təqdimatı
olmuşdur
Aprelin 1-də Bakıda "Park İNN-Azərbaycan" hotelində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) təşkilatçılığı ilə İslam Konfransı Təşkilatı (İKT) məkanında ilk dəfə "İKT modeli - Beynəlxalq təhsil layihəsi"nin təqdimatı keçirilmişdir.
Layihənin tərəfdaşları Azərbaycanın Gənclər və İdman, Xarici İşlər nazirlikləri, Azərbaycan Diplomatik Akademiyası və Bakı Dövlət Universitetidir.
AzərTAc xəbər verir ki, tədbiri açan DƏİKGF-in baş katibi, səfir Elşad İsgəndərov proqram barədə məlumat vermişdir. Bildirilmişdir ki, qurumun əsas məqsədlərindən biri "İKT modeli" proqramını həyata keçirməklə bu məkanda gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumlarında və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübəyə yiyələnmələrinə yardım etməkdir.
Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək, İKT çərçivəsində belə bir təşəbbüsün irəli sürülməsini və bilavasitə Azərbaycanda həyata keçirilməsini əhəmiyyətli amil kimi qiymətləndirmişdir. Azərbaycanın yalnız regional deyil, beynəlxalq müstəvidə də sözünü deyən bir dövlətə çevrildiyini bildirən şöbə müdiri qeyd etmişdir ki, bu baxımdan beynəlxalq münasibətlər sistemində "BMT modeli" kimi formalaşmış bir modelin Azərbaycanda "İKT modeli" kimi təqdimatı onu göstərir ki, həm beynəlxalq münasibətlər sahəsində, həm də beynəlxalq münasibətlər fənninin təbliği istiqamətində ölkəmizdə yeni məzmun və forma ortaya çıxmaqdadır. Çox sevindirici haldır ki, bu təşəbbüsün ərsəyə gəlməsində bir sıra dövlət orqanları ilə bərabər, təhsil qurumları da həmkardırlar. Mən bu sırada xüsusən Azərbaycan Diplomatik Akademiyasını vurğulamaq istəyirəm. Çünki Diplomatik Akademiyanın ortaya qoyduğu təşəbbüslər, həyata keçirdiyi tədbirlər, həqiqətən də, təqdirəlayiqdir.
"Azərbaycanda beynəlxalq münasibətlər fənninin tədrisində artıq müəyyən transformasiyaların zamanı gəlmişdir" - deyən E.Aslanov bunları nəzərə alaraq beynəlxalq münasibətlər fənninin daha da təkmilləşdirilməli olduğunu qeyd etmişdir. Bir çox alimlərin illərlə söylədiyi sivilizasiyaların toqquşması, yaxud da ki, tarixin sonu ideyaları bu gün reallaşmasa da, onların tamamilə başqa bir təzahürü beynəlxalq münasibətlər sistemində müzakirə edilməkdədir. Əminəm ki, bu məsələlər ətrafında geniş müzakirələr aparılacaq və nəticədə gənclərin intellektual potensialı, dünyagörüşü genişlənəcək və təcrübələri çoxalacaqdır.
Eyni zamanda, Azərbaycan gəncləri unutmamalıdırlar ki, bu gün ölkəmizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Hər bir gənc Azərbaycan həqiqətlərinin maraqlarının beynəlxalq miqyasda tanıdılmasında ölkəmizin səfiri olmalıdır. Çünki bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bizim ən böyük dayaq nöqtəmiz, ən böyük ordumuz bilavasitə siz gənclərsiniz.
"Azərbaycan gəncliyi təşəbbüskar, zəkalıdır, ağı qaradan seçməyi bacarır və bu bacarıqlarını elmə, biliyə həsr edirlər. Çünki bu, ölkənin inkişafına, cəmiyyətimizin tərəqqisinə, hər birimizin ailəsinin rifahına xidmət edir" - deyən E.Aslanov Azərbaycanın adi bir məkandan regional liderə çevrildiyini vurğulayaraq respublikamızın, sadəcə, Şərqlə Qərbi birləşdirmədiyini, eyni zamanda, Şərqlə Qərbin mərkəzi olduğunu diqqətə çatdırmışdır.
"İKT modeli"nin müasir dünyanın inkişaf prosesi ilə bağlı zərurətdən gündəmə gəldiyini deyən xarici işlər nazirinin müavini Xələf Xələfov qloballaşan dünyada cəmiyyətlərin inkişaf etdiyini, XXI əsrdə çox böyük kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, müasir kommunikasiyaların inkişaf etdiyi, ölkələr arasında münasibətlərin genişləndiyi bir dövrdə gənclərin üzərinə böyük vəzifələr düşür. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində "BMT modeli" inkişaf etməkdədir. Hazırda İslam Konfransı Təşkilatının "İKT modeli"nin tətbiq olunması da zəruridir. "DƏİKGF-in belə bir təşəbbüslə çıxış etməsi və İKT ölkələrini bu işə cəlb etməsi çox mühüm hadisədir" - deyən X.Xələfov "İKT modeli"nin əhəmiyyətinə toxunaraq bu istiqamətdə gənclərin rolundan danışmışdır.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçura təhsil proqramının gənclərə geniş imkanlar yaratdığını bildirərək gənclərin qloballaşan dünyada hadisələrə baxış tərzindən, bilik və bacarıqlarından istifadə etmək imkanlarından danışmışlar. Azərbaycan gənclərinin böyük potensiala malik olduqlarını deyən natiqlər ölkə rəhbərliyinin bu istiqamətdə gördüyü işlərdən bəhs etmişlər. Qeyd olunmuşdur ki, "İKT modeli" çərçivəsində keçiriləcək tədbirlər, diskussiyalar gənclərə fikir və rəylərini ifadə etməkdə imkanlar yaradacaqdır.
Sonda videoçarx vasitəsilə proqramın təqdimatı olmuşdur.
Azərbaycan.- 2011.-2 aprel.- S. 5.