Sərhədsiz dünya idealı
uğrunda: Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu
Mərkəzi Avropanın aparıcı xəbər agentliyi Avstriya Mətbuat Agentliyi (APA) AzərTAc-ın Avstriya üzrə xüsusi müxbiri Elgün Niftəliyevin "Sərhədsiz dünya idealı uğrunda: Mədəniyyətlərarası Dialoqun Dünya Forumu" adlı məqaləsini yaymışdır. Məqalə aprelin 7-9-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilmişdir.
Müəllif məqalənin girişində Azərbaycanın paytaxtı Bakı şəhərinin son illərdə müntəzəm olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda yerləşən Azərbaycan özünü İslam və Avropa mədəniyyətlərinin dialoqunda vasitəçi kimi görür, fərqli dünyalar arasında körpülərin qurulması da onun üzərinə düşür. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra təbii sərvətlərlə zəngin Azərbaycan geosiyasi düşüncələrin mərkəzində dayanır, beynəlxalq enerji böhranı fonunda isə həmin geosiyasi düşüncələr çıxış yolları tələb edir. Azərbaycandan Qərbə uzanan neft və qaz kəmərləri, eləcə də planlaşdırılan yeni enerji layihələri yaxın gələcəkdə Avropa üçün həyat damarına çevrilə bilər.
Məqalədə deyilir ki, Azərbaycan üçün yalnız iqtisadi aspektlərin ön planda durmadığını aprelin 7-9-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dünya Forumu isbat edəcəkdir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə təşkil edilən beynəlxalq tədbirə YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, "Euronews" telekanalı və digər qurumlar dəstək verirlər. Avstriyanın mədəniyyət və təhsil üzrə federal naziri Klaudiya Şmidtin də dəvətli olduğu nüfuzlu beynəlxalq tədbirdə bir çox ölkənin rəsmiləri ilə yanaşı, ictimai və siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, media mütəxəssisləri iştirak edəcəklər.
Forumun məqsədi mədəniyyətlərarası dialoq imkanlarını genişləndirmək, mədəniyyətlər arasında fərqlərlə bağlı modelləri müasir baxış bucağından nəzərdən keçirmək, assimilyasiya və multimədəniyyət problemləri, eləcə də sadalanan məsələlərlə bağlı müasir dünyamızda gedən inkişaf meyilləri ətrafında fikir mübadiləsi aparmaqdır.
Yazıda qeyd edilir ki, forumun sessiyalarının mövzuları artıq elan edilmişdir. Forumun sessiyalarında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində konkret təşəbbüs və layihələr diqqət mərkəzində dayanacaq, eləcə də dinlərarası dialoq, mədəniyyətlərarası dialoqun inkişafında qadınların aparıcı rolu, həmçinin media və internetin bu sahəyə verə biləcəyi töhfələr kimi aktual mövzular müzakirə ediləcəkdir.
Qeyd edək ki, beynəlxalq forumla bağlı ictimaiyyətin məlumatlandırılması AzərTAc tərəfindən həyata keçirilir. Avstriya Mətbuat Agentliyi vasitəsilə yayılmış məqalə də Mərkəzi Avropa oxucularını forum barədə məlumatlandırmağa, tədbirin geniş coğrafiyada təbliğinə xidmət edir.
Avstriya Mətbuat Agentliyi Mərkəzi Avropada ən nüfuzlu xəbər agentliklərindən biri olmaqla, 800-dən artıq media orqanı və mətbuat xidmətləri, 16 mindən artıq fəal abonent üçün ilkin informasiya mənbəyi rolunu oynayır.
Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv olan AzərTAc və Avstriyanın milli informasiya qurumu arasında həm beynəlxalq təşkilat çərçivəsində, həm də ikitərəfli münasibətlər müstəvisində sıx əməkdaşlıq əlaqələri mövcuddur.
AzərTAc
Azərbaycan.- 2011.-2 aprel.- S. 5.