Nəyisə dəyişdirmək,
nəyəsə nail olmaq üçün əvvəlcə
özünü, düşüncəni dəyişməlisən
Müsahibimiz Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət
Aslanovadır
- Rəbiyyət xanım, məlum
olduğu kimi, müxalifətin martın 12-də mitinq cəhdi
baş tutmadı. Bununla belə onlar qeyri-qanuni əməllərini
davam etdirmək istiqamətində səylər göstərirlər.
Sizcə radikal düşərgə nəyə nail olmaq istəyir?
- Nəyisə dəyişdirmək, nəyəsə nail olmaq üçün əvvəlcə özünü, düşüncəni dünyagörüşünü, nəticə verməyən taktikanı, strategiyanı dəyişməlisən. İndiyə qədərki uğursuz fəaliyyətinə münasibətini dəyişməlisən. Cəmiyyətə yeni söz demək üçün əvvəlcə özün yeniləşməlisən. Cəmiyyət, adi vətəndaşlar bu 20 illik davam edən yorucu şüarların nəhayət dəyişdiyinin fərqində olmalıdırlar. Bu sadəcə, kiminsə istəyi deyil, sosial-siyasi inkişafın tarixi qanunauyğunluğudur. Yeknəsəqliyi, yekcinsliyi kainat da, təbiət də inkar edir. Onun sabaha yolu yoxdur. Adi gözlə baxanda dəyişiklik fəlsəfəsini, zərurətini kim necə dərk edir - hər şey aydın olur. Müxalifətçiliyin dünya təcrübəsi var. Eyni zamanda müxalifətçiliyin bir YAP nümunəsi, örnəyi var. Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası öz adı, simvolu və fəaliyyəti kimi seçdiyi yenilikləri necə sezə, gerçəkləşdirə bildi. Azərbaycan dövlətçiliyini təməlindən yenidən qurdu. Tarixdə ilk dəfə ölkənin müstəqilliyinin bugünkü 20 illik şanlı salnaməsini yaza bildi. Eyni zamanda bu dövlətçiliyi əbədi etmək üçün, daha çox dəyişikliklərə nail olmaq üçün yenə siyasi iradəsini ortaya qoydu.
Bu gün müxalifətin nəyəsə nail olmasına əngəl yaradan ən böyük səbəb, onun ən əsas rəqibi - məhz onun özüdür. Radikallıq mərəzinin xroniki xəstəliyə çevrilməsidir. Müxalifətin ən böyük rəqibi - onun indiyə qədər parçalana-parçalana gəlməsi, mənəmlik iddialarıdır. Son parlament seçkilərində birləşmək şüarlarının rüsvayçılıqla puça çıxmasıdır. Bir partiyada birləşmək çağırışlarının əvəzində hətta bir yerdə olduqları qərargahdan digərinin çıxarılmasıdır. Azərbaycan vətəndaşı hər şeyi bu 20 ildə dərk edib. Sivil müxalifətçilik, islahatlar və vətəndaş təşəbbüskarlığı yolunu tutmaq əvəzinə, özünü müxalifətçi adlandıran, lakin əslində fəaliyyətini dövlətə, xalqa qarşı quran insanlar da var. Cəmiyyətmiz onların sabitliyi pozmağa yönəlmiş cəhdlərinə artıq 2 onillikdir ki, qətiyyətlə yox deyir.
Müasir dövrdə siyasi sistemin xarakterindən asılı olmayaraq dunyanın bütün dövlətlərində iqtidar müxalifət münasibətləri mövcuddur. Bu fəaliyyət siyasi münasibətlərin əsas subyekti olan partiyalar vasitəsilə həyata keçirilir. Siyasətdə müxalifət öz siyasi proqramını hakim fikrə, siyasi kursa qarşı qoymaq deməkdir. Müxalifətin mövcudluğu demokratik sistemin təkzibolunmaz elementidir. Əslində milli maraq və mənafeləri hər şeydən üstün tutan müxalifətin fəaliyyəti hakimiyyətin fəaliyyətinin canlanmasına, öz alternativ düşüncələri ilə ölkə qarşısında duran vəzifələrin daha sürətlə gerçəkləşməsinə xidmət etməlidir. Dünyanın ən aparıcı ölkələrində müxtəlif meyilli müxalifət modelləri mövcuddur. Bunlar liberal dəyərlərə söykənən, cəmiyyətin demokratikləşməsinə çalışan və hər bir yeniliyi dəstəkləyən modernizator müxalifət, digəri isə avtoritar üsul idarəçiliyinə üstünlük verən, hər bir yeniliyin dövlətin sabahı üçün təhlükə olduğundan təşvişə düşən və hər hansı bir dəyişiklikləri dərhal qəbul etməyən konservativ müxalifətdir. Ancaq hər iki halda dövlət və xalq maraqları müxalifət partiyaları üçün əsas şərt kimi qəbul edilməlidir. Siyasi partiyaların inkişaf təkamülü müxalifətlə iqtidar arasında münasibətlərin sivil qaydada formalaşmasını tarixi zərurətə çevirir.
Demokratik tarixi ənənələrə malik olan ayrı-ayrı siyasi partiyalar seçkilərdə uduzurlarsa, yaxud hansısa formada hakimiyyətdə təmsil oluna bilmirlərsə, özlərini cəmiyyətə alternativ proqramlarla, planlarla, fikirlərlə, tövsiyələrlə təqdim edirlər. Müxalifət hakimiyyətin siyasi xəttinin hansısa istiqaməti və ya həyata keçirdiyi islahatın xarakteri ilə razı olmaya bilər. Amma belə olduğu təqdirdə alternativ proqram, fikir, tövsiyə irəli sürmək iqtidarında olmalıdır. Əsl müxalifət iqtidarla birlikdə dövlətin sabahı, xalqın, millətin gələcəyi üçün böyük məsuliyyət daşımalıdır. Bu gün Fransada, İngiltərədə və digər Avropa dövlətlərində əsl klassik müxalifətin obrazını məhz belə görürük. Onların siyasi mübarizə üsulu tamamilə fərqlidir. Hadisələrə baxışları da, yaxud obyektivlik meyarları da.
Bu mənada müxalifət dedikdə cəmiyyətdə
nüfuzu, siyasi peşəkarlığı olan, ancaq bu və
ya digər səbəbdən hakimiyyətə gələ bilməyən,
siyasi mübarizəsini ən sivil demokratik prinsiplərlə
reallaşdıran, öz elektoratının etimad və
etibarına, sosial bazasının dayağına əsaslanan
siyasi təşkilat nəzərdə tutulur. Siyasi
partiyanın ən mühüm prinsipi xalqın mənafe və
etimadının istifadəçisi olmasıdır. Təəssüf
ki, respublikamızda özünü müxalifətçi
adlandıran, yaxud əslində bütün fəaliyyəti
dövlətə və xalqa qarşı yönələn bəzi
partiyalar mövcuddur. Azərbaycan reallığında radikal
müxalifət dedikdə fəaliyyəti müxalifətçiliklə
qətiyyən uzlaşmayan, müxalifət funksiyasını
və missiyasını yerinə yetirməkdən çox uzaq
olan bir qruplaşma nəzərdə tutulur. Bu
qruplaşma elektoratın ciddi dəstəyinə nail
olunmasında, ümumxalq, ümumdövlət mənafeyli məsələlərin
müəyyənləşdirilməsində və həyata
keçirilməsində cəmiyyətə və dövlətə
yardımçı olmaq, cəmiyyətin nüfuzlu, siyasi-mədəni
elitasının rəğbətini qazanmaq, beynəlxalq
ictimai rəydə nüfuzlu siyasi qüvvə obrazını
yaratmaq məsələlərinin heç birində irəliləyişə
nail ola bilməmişdir. Bugünkü
müxalifətin ölkədə və dünyada siyasi
gerçəklikdən baş verən keyfiyyət dəyişikliklərinə
köklənə bilməməsi, konkret tarixi şəraitə
uyğunlaşmaması, dövrü və insanları
düzgün qiymətləndirməməsi onların
iflasını qaçılmaz etmişdir. Bu baxımdan
Azərbaycan vətəndaşı üçün tamamilə
maraqlı olmayan, fəaliyyətinə böyük
şübhə ilə yanaşılan, barəsində həm
ironiya, həm kinayə ilə danışılan insanları
müxalifət adlandırmağa haqqımız yoxdur. Sırf
radikalizmə, dağıdıcılığa
yuvarlanmış insanları müxalifət
adlandırmağımız düzgün deyil. Artıq Azərbaycanın
siyasi səhnəsində belə insanlar duruş gətirə
bilmirlər. Hər bir cəmiyyətdə hansısa bir haldan
narazı olan insanlar mövcuddur. Hətta ən
inkişaf etmiş ölkələrdə belə hakimiyyətin
müəyyən addımlarından narazı qalan vətəndaşın
olması reallıqdır. Azərbaycanda radikal müxalifət
adlandırdığımız kəsim məhz belə
narazı insanların eşitmək istədiklərini onlara
deyirlər, hadisələrin mahiyyətinə dərindən
varmaq imkanı olmayan vətəndaşlara özlərini
"qəhrəman" kimi təqdim edirlər, ümidverici
fikirləri ilə siyasi səhnədə qalmaq iddiasından əl
çəkmək istəmirlər. Vaxtilə
siyasi səhnədə olan müxalifət nümayəndələri
keçmiş xatirələrindən "ruhlanaraq"
özlərini yenidən siyasi səhnədə görmək
istəyirlər. Ancaq martın 11-də
mitinq keçirmək arzularının uğursuzluğu, 12-də
isə süni qarşıdurma cəhdinin baş tutmaması
qırıcı müxalifətə xatırlatmalı idi ki,
onlar həm sosial bazalarını, həm də cəmiyyətin
onlara olan inamını çoxdan itiriblər və bu inam geri
qayıtmayacaq. Onların cəmiyyətdə
təqdim etmək istədikləri fikirlərin,
çağırışların heç bir əsası
yoxdur. Bu baxımdan radikal müxalifətin
aprelin 2-də Azərbaycan vətəndaşlarını
mitinqə çağırması uğursuz bir cəhddir.
Qeyd etdiyim kimi, müxalifətin əsas vəzifələrindən
biri dövlətin maraq və mənafelərinin
qorunmasıdır. Milli həmrəyliyin əsas
şərti odur ki, milli maraq və mənafelərin təmin
olunması üçün müxalifət mütləq
iqtidarla bir araya gəlməlidir. Dəyişən
dünyamızda, ətrafda baş verən çeşidli fəlakətlər
fövqündə özünü müxalifət
adlandıran hər bir Azərbaycan siyasətçisinin ən
böyük amalı dövlət müstəqilliyimizin
qorunmasına xidmət etmək olmalıdır.
Çünki milli müstəqilliyin qorunması elə bir
komponentdir ki, bunsuz heç bir dövlət mövcud ola bilməz. Ulu öndər Heydər
Əliyevin qeyd etdiyi kimi, dövlət müstəqilliyimiz
bizim milli sərvətimizdir. Bu il biz
müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik. 20 il ərzində Azərbaycan dövlətinin
qazandığı bütün uğurların adı
bugünkü iqtidarla, onun apardığı siyasətlə
bağlıdır. Bu siyasətin gerçək nəticəsini
Azərbaycan vətəndaşları görür və hiss
edirlər. Müqayisə imkanı olan hər
bir şəxs bugünkü radikal müxalifətin dediyi ilə
gerçəklik arasında bir müqayisə apararaq proseslərin
kimin xeyrinə olduğunu çox aydın dərk edir. Əgər bu gün Azərbaycan iqtidarının əsas
şüarları "Hər şey Azərbaycan naminə!",
"Azərbaycanın sabahı və tərəqqisi
üçün!", "Hər şey Azərbaycan vətəndaşının
rifahının yüksəlməsi üçün!",
"Hər şey Azərbaycanın hərbi qüdrətinin
gücləndirilməsi üçün!", "Hər
şey Azərbaycan vətəndaşının sabaha
inamının daha da gücləndirilməsi
üçün!"dürsə, onda bəs radikal
müxalifətin amalı nədir? İqtidarın
əsas amalı Azərbaycanın müstəqilliyinin əbədi
olmasından, qorunmasından ibarətdir. İqtidarın
məqsədi dünyada cərəyan edən proseslərin,
baş verən hadisələrin fonunda Azərbaycanın Cənubi
Qafqazda siyasi sabitliyə, iqtisadi tərəqqiyə malik
olmuş bir məkan kimi qorunub saxlanılmasıdırsa, bəs
radikal müxalifətin istəyi nədir? Onun
istəyi Azərbaycanın parçalanması, siyasi sabitliyin
aradan qaldırılması, vətəndaşların
çaşqınlığa meyilli kütləyə
çevrilməsidir. Radikal müxalifətin
ən böyük istək və arzusu bax, budur.
Bu gün Azərbaycan
dövləti müstəqilliyinin 20-ci ilinə qədəm
qoyub. 20 ildə qazanılan uğurlar və qələbələr
təkzibolunmaz faktlardır. Onlar haqda
danışmaq, uğurları sadəcə sadalamaq belə
mümkün deyil. Eyni zamanda 20 ilin bir cahanşumu yekunu:
Azərbaycan müstəqil milli dövlətin sahibidir. Müstəqil dövlətin yaranması və
formalaşması, xüsusilə indiki dövrdə qorunub
saxlanılması heç də asan məsələ deyil.
Regionda vaxtilə ənənəvi təsir
gücünə malik olmuş dövlətlər hələ
də Azərbaycanın milli müstəqilliyini virtual
reallığa çevirmək arzusundadır. Azərbaycan xalqının dövlətçilik
tarixində mürəkkəb mərhələlər
çox olmuşdur. Tarix boyu bütün
çətinliklərə rəğmən heç bir
qüvvə xalqımızın dövlətçilik arzusunu
və ənənələrini məhv edə bilməmişdir.
İndi də əldə etdiyimiz bu böyük
sərvəti qorumaq iqtidarındayıq. Bu 20 il ərzində həm daxildə antiazərbaycançı
şəbəkənin sifarişlərini yerinə yetirən
radikal müxalifətlə mübarizə etmişik, həm
xarici təhdidlərə sinə gərmişik. Bunlar milli dövlətimizin yaranması,
yaşaması və möhkəmlənməsi istiqamətində
keçdiyimiz müəyyən çətin yollar idi ki, Azərbaycan
dövləti və xalqımız bunun öhdəsindən
böyük şərəflə gəldi.
- Bəs bütün bu illər ərzində müxalifətin
fəaliyyəti nədən ibarət olub?
- Müxalifətin
bütün fəaliyyəti 1993-cü ildən sonra Azərbaycan
dövlətçiliyinin inkişafına xidmət edən
proseslərə əngəl törətmək, Azərbaycanı
təhdid edən beynəlxalq qurumlara iş birliyi quraraq
dövlətimizin gərçək siyasəti haqqında həqiqətə
uyğun olmayan hesabatlar hazırlayıb Azərbaycana
düşmən təşkilatlara göndərmək. Azərbaycanın dünyadakı nüfuzuna xələl
gətirmək üçün heç bir vasitədən
çəkinməyən müxalifət bu müddət ərzində
yalnız və yalnız Azərbaycanın milli
maraqlarının əleyhinə fəaliyyət göstərib.
Onlar Azərbaycan vətəndaşının
taleyüklü məsələləri üçün,
qaçqın və köçkün taleyi yaşayan vətəndaşlarımızın
hüquqları, beynəlxalq qurumların Dağlıq
Qarabağ məsələsinə diqqətin
artırılması istiqamətində bir təklif belə
etməyiblər. Əksinə, Azərbaycan
dövlətinin qüdrətinin zəiflədilməsi
üçün ayrı-ayrı mənbələrdən
yardımlar istəyiblər. Bəzən bir
anlığa fikirləşirsən, görəsən bu
radikal müxalifət təmsilçiləri
yığışıb nə vaxtsa dövlətimiz
üçün bir xeyirxah iş görüblərmi? Xeyr! Ancaq xarici təşkilatlara ölkəmizə dair
şər və böhtan dolu məktublar yazmaqla məşğuldurlar.
Milli heysiyyat hissi insana
Tanrı tərəfindən verilən çox böyük ali keyfiyyətdir. İnsan
torpağını, məmləkətini, dilini, dinini, tarixini
hər cür təhdidlərdən qorumaq üçün
yüksək milli heysiyyata malik olmalıdır. Bu hissdən məhrum insan heç kosmopolit də
deyil. Xalqın etibarını itirmiş,
öz fəaliyyəti ilə yaddaşlarda xeyirxah iz qoymayan və
yalnız inkarçılıqla məşğul olan bu
insanlara nə ad vermək olar? Onlar
hansı vətəndaşlıq missiyasını yerinə
yetirirlər? Ona görə radikal
müxalifətdə olan insanlara mən acıyıram. Onların hər biri hansısa bir peşənin
sahibidir. Biri həkim, biri müəllim,
biri hüquqşünasdır və s. Bu adamlar heç
peşələrinin də qədir qiymətini bilib bu illər
ərzində öz sahələrində hansısa uğura
nail olmayıblar. Onlar professional peşələrini
də yadlarından çıxarıblar. Çünki
işləri yalnız dövlətçiliyimizin
uğurlarına kölgə salmaq, ləkə yaxmaq
üçün vasitələr axtarmaqdır. Bunlara məsləhət o olardı ki, əgər
yaxşı müəllimsənsə və dövlətini
sevirsənsə, öz peşənə ürəkdən can
yandır. Əgər alimsənsə,
öz fəaliyyətini dövlətinin naminə gerçəkləşdir.
Azərbaycanın sabahı naminə öz milli
heysiyyatından çıxış edərək bir iş
gör. Dövlətin, xalqın
üçün çalış. Çox
təəssüf ki, radikal müxalifət funksionerləri bu
deyilənləri yaddan çıxarırlar, yaxud da qeyd etdiyim
ki, milli heysiyyatdan məhrumdurlar. Hər birinin
arzusu nəyin bahasına olursa-olsun, iqtidara gəlməkdir.
Əlbəttə ki, Azərbaycan cəmiyyəti
heç vaxt buna yol verməyəcək.
- Qərb ölkələrindən gələn müəyyən
siyasi dairələrin təmsilçiləri ənənəvi
olaraq radikal müxalifətin rəhbərlərilə
görüşürlər. Adətən belə
görüşlərdə nədən söhbət getdiyi
ictimaiyyətə açıqlanmır. Dünyada bəzilərinin
Azərbaycanı sevmədiyini nəzərə alsaq, belə
qapalı görüşlərin düşmən dəyirmanına
su tökmək anlamına gəldiyini düşünmək
olarmı?
- Xarici dövlətlərin
Azərbaycana ünvanlanmış nəzərləri təbii
haldır. Çünki dünyada beynəlxalq əməkdaşlığın,
qarşılıqlı anlaşmanın, strateji tərəfdaşlığın
yeni formaları meydana gəlib, məzmun və mahiyyəti əhəmiyyətli
dəyişikliklərə uğrayıb. XXI
əsrin dünyası yeni qaydalarla idarə olunur. XX əsrdə mövcud olan beynəlxalq hüquq
normaları XXI əsrdə iflic vəziyyətinə
düşməsi təkzibolunmaz həqiqətdir. Bu gün alternativ beynəlxalq hüquq, alternativ əməkdaşlıq
qaydaları, alternativ birlik formaları və sairə var. Vaxtilə
ayrı-ayrı dövlətlərin bir araya gələrək
sülh, əməkdaşlıq və təhlükəsizlik
məsələləri üzrə yaratdıqları təşkilatlar
da bu gün öz acizliyini sübut edir. Bu
gün hər bir dövlətin marağı ümumi maraqdan
daha önəmlidir. Bəşəriyyətin
sabahı naminə kollektiv məsuliyyət hissinin yaranması
artıq mifə çevrilmişdir.
Xaricdən Azərbaycana
yönəlmiş nəzərlər ilk növbədə, Cənubi
Qafqazın strateji mövqeyi ilə əlaqədardır. Azərbaycana dost ölkə
deyəndə bunu zaman və məkanla əlaqələndirirəm.
Çevik ssenariyalar fəlsəfəsinə əsaslanan
dövlətlərlə dost olmaq üçün çox ehtiyatlı
və uzaqgörən olmalısan. Bu gün hər
bir dövlət beynəlxalq münasibətlərdə öz
maraqlarından çıxış edir və təbii ki, məqsəd
və mənafelərini gerçəkləşdirmək
üçün maraq dairələrində olan ölkələrdə
siyasi baxımdan səbatsız, qafalarında xarici təsirlərin
yerləşdirilməsi mümkün olan insanların
axtarışına çıxırlar. Bu
mənada Qərbin və bəzi təşkilatların radikal
müxalifətə yardımı heç də Azərbaycanda
demokratiyanın inkişafı üçün atılan
addımlar deyil. Onlardan Azərbaycanda
öz mövqelərini gücləndirmək üçün
istifadə edirlər. Bəzən fikirləşirsən
ki, Azərbaycanın regiondakı önəminin
artmasının, rəqabətə davamlı dövlətə,
etibarlı tərəfdaşa çevrilməsinin bir amerikan və
avropalı üçün maraqlı olmadığını
doğrudanmı radikal müxalifət düşərgəsində
dərk etmirlər. Son zamanlar dünyada gedən
proseslər bunun bariz nümunəsidir. Artıq
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin
ayrı-ayrı dövlətlərdə açıq fəaliyyətinin
gerçəkləşdirilməsi üçün qərarlar
qəbul edilir. Qərb ölkələri
qarşısında daim təzimdə bulunan Azərbaycan
müxalifəti ölkəmizə gələn qərb
nümayəndələrilə tez-tez görüşürlər.
Bu görüşlər qapalı keçirilsə
də, aydındır ki, orada Azərbaycanın beynəlxalq təşkilatlar
tərəfindən üzləşdiyi haqsızlıqlar
müzakirə olunmur, Ermənistanda olan əsir və
girovlarımız barədə söhbət
açılmır. Görəsən
hansı radikal müxalifət təmsilçisi 9 yaşlı
Fariz Bədəlovun erməni snayperi tərəfindən
öldürülməsini Qərb ölkələrindən gələn
siyasətçilərin diqqətinə çatdırıb.
Aydındır ki, radikal düşərgə təmsilçiləri
bu görüşlərdə ancaq nəyin bahasına
olursa-olsun, hakimiyyətə gəlmələri barədə
söhbətlər aparırlar. Bu yerdə
yenə milli heysiyyat məsələsinə toxunmaq istəyirəm.
Milli heysiyyatı olmayanlar öz nəfsləri
naminə dövlətin milli maraqlarını tapdalayırlar.
Müxalifət
təmsilçiləri bilməlidirlər ki, öz istək və
arzularını sona qədər açıqlamayan Qərb
günlərin birində verdiyi pulların əvəzində
radikal müxalifətdən hesabat istəyəcək. Onsuz da
sıraları tam seyrəlmiş radikal müxalifətin
növbəti faciəsi məhz bu zaman baş verəcək.
Çünki Azərbaycan cəmiyyəti
heç vaxt radikal müxalifəti qəbul etməyəcək.
Elə buna görə də Qərbin müəyyən
dairələrinin verdiklərinin əvəzini istəməsi
radikal düşərgənin siyasi səhnədən silinməsini
rəsmiləşdirəcək.
- Qərbin emissarları adlandırdığınız
bu adamlar ərəb ölkələrində baş verənlərin
Azərbaycanda da mümkünlüyünü deyirlər.
Düzdür, həm Misir, həm Liviya, həm də
- Ərəb
ölkələrində xarici emissarlar
çaxnaşmaların baş verməsində nə kimi fəaliyyət
göstərdilərsə, yəqin radikal müxalifət də
eyni ssenarinin Azərbaycanda təkrarlanacağına ümid
edir. Əslində bu iddiaya düşməklə radikal
müxalifət Qərbin emissarı olduğunu təsdiq və
etiraf edir. Ancaq yanılırlar. Yəqin ki, nə Misirdə olublar, nə də
Liviyada. Ona görə də onların
özünəməxsusluqlarını bilmirlər. Mən Misir hadisələri başlayanda orada idim.
Bundan əvvəl da Misirin durumunu
görürdüm. Görürdüm ki,
gündəlik 1 dollarla yaşayan ailənin vəziyyəti necədir.
Bu mənada Azərbaycan dövlətinin durumunu
sözügedən ərəb ölkələri ilə
müqayisə etmək absurddur. Həmin
ölkələrdə olmayan, onların şəraitini
görməyən, bilməyən insanların bu gün siyasi
baxımdan səbatsız proqnozlar verməsi diletantlığın
nümunəsidir. Bunların proqnoz vermək
qabiliyyətlərinin sıfıra bərabər olduğunu Azərbaycan
xalqı dəfələrlə görüb. Bu da növbətisi olacaq.
Digər tərəfdən,
cəsarətlə deyirik ki, Azərbaycan əvvəlcədən
proqnozlaşdırılan hər cür təhdidlərin,
ssenarilərin qarşısını almaq iqtidarında olan
ölkədir.
Bizim milli təhlükəsizlik konsepsiyamız təkcə
bu gün üçün deyil, Azərbaycanın gələcəyini
təmin etmək üçün bütün müddəalarla
zəngindir. Ona görə ərəb ölkələrində
baş verən hadisələrdən "ruhlanaraq" onun Azərbaycana
"köçürülməsi" və ölkəmizdə
belə hadisənin baş verməsi arzusunda yaşayanlara bunu
demək olar: Azərbaycan hakimiyyətinin atdığı hər
bir addım dövlətin və insanların maraqlarına xidmət
edir.
- Radikal müxalifət təmsilçiləri anonslar
verirlər ki, istədikləri yerdə mitinq keçirməyə
icazə verilməsə, şəhərin mərkəzində
icazəsiz mitinq keçirəcəklər. Belə başa
düşmək olarmı ki, müxalifət məqsədyönlü
şəkildə süni qarşıdurmaya getməyə cəhd
etməklə özünə qarşı təzyiq
olunduğu barədə imitasiya yaratmaq istəyir?
- Bu gün biz dünyəvi,
demokratik və hüquqi dövlətdə
yaşayırıq. Həmişə xüsusi
qeyd olunur ki, dövlət insanların hüquqlarını
qorumaqda nə qədər maraqlıdırsa, insanlar da dövlət
qarşısındakı vəzifələrini gerçəkləşdirməkdə
maraqlı olmalıdır. Biz adətən
Konstitusiyada insan hüquqlarından daha çox
danışırıq. Nədənsə
çox vaxt öz vəzifələrimizdən
danışmağı unuduruq. Yaddan
çıxarmaq lazım deyil ki, Azərbaycan vətəndaşının
dövlət və millət qarşısında öz vəzifələri
var. Bu vəzifələrdən biri hüquqa riayət etmək,
qanunlara tabe olmaqdır. Biz cəzasızlıq
mühitində yaşamırıq və yaşamaq da istəmirik.
Cəzasızlıq mühitinin nə
olduğunu Azərbaycan xalqı 1991-1993-cü illərdə
görüb. Bu cəzasızlığın
hansı xaosa gətirib çıxardığını
bilirik. Bu gün dövlətimizin kifayət
qədər mükəmməl qanunları var. Bu qanunların
hər biri Azərbaycan vətəndaşının hüquq
və azadlıqlarının təmin olunmasına yönəlib.
Bu baxımdan söz və mətbuat azadlığı və
s. hüquqların gerçəkləşməsi
üçün bütün mexanizmlər var. O cümlədən
mitinq və nümayişlərin keçirilməsi
üçün "Sərbəst toplaşmaq
azadlığı haqqında" qanunumuz var. Biz ötən
illərdə bu qanuna dəyişikliklər etməklə sərbəst
toplaşmaq azadlığının çərçivəsini
bir qədər də genişləndirdik. Heç
kəsin sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılmır.
Hansısa mitinq və nümayiş üçün
icra hakimiyyəti orqanları tərəfindən müəyyən
ünvan ayrılır. Bu ünvan iqtidar
üçün də, müxalifət üçün də
eynidir. Burada hansısa tərəfə
üstünlük vermək imkanı yoxdur. Çünki qanunda yazılıb ki, əvvəldən
icazə alınmalı və konkret müəyyən edilən
ərazidə mitinq keçirmək olar. Qanun
hansısa şıltaqlıq və fərdi istəklərlə
həyata keçirilə bilməz. Ona
görə qanunun müddəaları azacıq da olsa pozularsa,
biz cəzasızlıq mühitində yaşamış
olarıq. Bu cəzasızlıq öz növbəsində
yeni cəsasızlığa səbəb ola
və qanunların tələbləri pozula bilər.
Ona görə
də radikal müxalifət anlamılıdır ki, icra
orqanları tərəfindən mitinq üçün konkret
yer ayrılırsa, gedib orda öz hüquqlarını
reallaşdırmalıdır. Müxalifəti dinləmək
istəyən mitinqin harda keçirilməsindən
asılı olmayaraq oraya gələcək. Bunun üçün şəhərin mərkəzində,
insanların istirahət etdiyi, yaxud ictimai nəqliyyatın
sıx olduğu yerlərdə şou yaratmağa ehtiyac yoxdur.
Əgər sən doğrudanda ağıllı fikir söyləyəcəksənsə,
həqiqətən milli mənafelərə xidmət edən
fəaliyyət nümayiş etdirəcəksənsə,
dövlətin ümumi işinin, tərəqqisinin xeyrinə
bir fikrin varsa, insanlar bunun üçün hara desən gələcəklər.
Yoxsa, əgər sən özün tərəfdar
tapa bilmirsənsə, deməli, tamaşaçı
yığırsan. Yalnız seyrçi və
tamaşaçı yığmaq arzusu ilə mitinq keçirmək
qeyri-ciddilikdir, hansı ki, radikal müxalifət buna gedir.
Aydın məsələdir ki, bununla radikal
müxalifət gərginlik, guya mitinq keçirmək istədiyi,
lakin hakimiyyətin ona imkan vermədiyi barədə imitasiya
yaratmaq istəyir. Ancaq süni
qarşıdurma, süni gərginlik yaratmaq niyyəti heç
vaxt baş tutmayacaq. Çünki birinci
növbədə cəmiyyətimiz radikal müxalifətin bu
cür niyyətlərinin həyata keçməsinə imkan
verməyəcək.
Müsahibəni apardı: Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2011.- 2 aprel.- S. 6.