İntellektual gənclər
müxalifətin radikal
qanadının çağırışlarına
yox deyir
Hər bir cəmiyyətin aparıcı qüvvəsi gənclikdir. Dövlətlərin inkişafı, üzləşdiyi problemlərin həlli də böyük ölçüdə gəncliyin fəaliyyətindən asılıdır. Azərbaycan gəncliyi də ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində daim fəallıq nümayiş etdirib. Eyni zamanda gənclərimiz hər zaman təhsil, idman və digər sahələrdə böyük uğurlar əldə edirlər və bu, bizi çox sevindirir.
Lakin söhbət hazırkı situasiyadan, Azərbaycan gəncliyini qeyri-qanuni əməllərə sövq etməyə cəhddən gedirsə, bunu normal hesab etmək olmaz. Təəssüf ki, antiazərbaycançı şəbəkənin sifarişlərini yerinə yetirən radikal müxalifət son vaxtlar Azərbaycan gəncliyini icazəsiz kütləvi aksiyalara cəlb etməyə çalışır. Azərbaycanın intellektual gəncləri bunu qəti şəkildə pisləyir və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu dəstəkləyirlər.
Bu gün dünyada Azərbaycanın uğurlarını görmək istəməyən qüvvələr də var. Bir sıra xarici siyasi dairələr Azərbaycanın milli və dövlət maraqlarına qarşı çıxırlar. Çox yaxşı qarşılanardı ki, indiki həssas dönəmdə radikal müxalifət iqtidara dəstək olaydı. Çünki söhbət müstəqil dövlətimizin, işğal altında olan ərazilərimizin taleyindən gedir. Çox istəyərdik ki, belə bir həssas dönəmdə Azərbaycan müxalifəti hakimiyyətin yanında olsun və Azərbaycanı sevməyən kənar qüvvələrə öz məqsədlərinə çatmaq üçün imkan verməsin. Heç bir halda həmin qüvvələrin Azərbaycanla bağlı planlarının həyata keçirilməsinə yol vermək olmaz. Təəssüf ki, radikal müxalifət bunu etmir, əksinə, həmin qüvvələrlə əməkdaşlıq edir.
Radikal müxalifətin aksiyalarına cəlb olunan 5-10 nəfər ümumi Azərbaycan gəncliyinin siması ola bilməz. Burada söhbət sadəcə aldadılmış bir qrupdan gedir ki, onlar da çox keçmədən səhv yolda olduqlarını başa düşəcəklər. Bir ali təhsil işçisi kimi onları aldadılmış insanlar kimi görürəm. Onlara demək istəyərdim ki, nə qədər gec deyil, yanlış yolda olduqlarını anlasınlar.
Azərbaycan gəncliyi ölkə Prezidentinin yanındadır və onu dəstəkləyir. Bu gün Azərbaycanda gənclərin cəmiyyətin aparıcı qüvvəsi olması üçün hər cür şərait yaradılıb. Konkret olaraq təhsil sahəsini götürdükdə deyə bilərəm ki, bu istiqamətdə gənclərə çox gözəl imkanlar açılıb. Gənclərimizin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları üçün də hər bir şərait yaradılıb. Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən məşhur və nüfuzlu universitetlərindən gəlir. Təbii ki, bu, bizim ürəyimizi qürur hissi ilə doldurur. Azərbaycan Prezidenti daim ölkənin neft kapitalını insan kapitalına çevirməyin vacibliyindən danışır. Bu bir növ onun devizinə çevrilib. Bu istiqamətdə atılan addımlar özünü gənclərin həyatında göstərir. Bundan əlavə, ali təhsil almış gənclərimizin işlə təmin olunması istiqamətində də mühüm işlər aparılır. Bununla bağlı, ciddi proqramlar həyata keçirilir. Hər il test üsulu ilə dövlət qulluğuna xeyli sayda gənc işə götürülür. Hər hansı bir gəncin yüksək savadı, qabiliyyəti varsa, o, mütləq qiymətləndirilir.
Radikal düşərgə öz icazəsiz aksiyasına qadınları da cəlb etməyə çalışır. Lakin yanılır. Ona görə ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti, gender bərabərliyinin təmin olunması qadınlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Radikal düşərgənin iqtidarda olduğu 1992-1993-cü illərdə yaratdığı çətinlikləri, əziyyəti qadınlar kişilərdən heç də az çəkməyiblər. Bu mənada radikal müxalifətin Azərbaycan qadınlarını aksiyalara cəlb etmək niyyəti heç bir fayda verməyəcək.
Əsməd MUXTAROVA,
Bakı Dövlət
Universitetinin Türk və
Qafqaz xalqları
tarixi kafedrasının
müdiri,
tarix elmləri
doktoru, professor
Azərbaycan.- 2011.-2 aprel.- S. 6.