Xalq yaxşını yamandan yaxşı seçə bilir

 

Azərbaycanın məqsədyönlü daxili və xarici siyasəti sayəsində qazandığı uğurlar, milli dövlətçiliyin, demokratikləşmə prosesinin, ictimai həyatın müxtəlif sahələrinin müasir dünyanın tələblərinə uyğunlaşdırılması intellekt səviyyəsindən və sosial təbəqəsindən asılı olmayaraq, hər bir azərbaycanlını qəlbən sevindirir.

Son vaxtlar ərəb ölkələrində baş verən ictimai-siyasi proseslərdən ruhlanan radikal müxalifətin bəzi "liderlərinin" Azərbaycanda çoxdan kök salan siyasi sabitliyi pozmağa cəhd göstərmələri uğurlarımıza heç də sevinmədiklərini xəbər verir.

Həmişə olduğu kimi, xarici havadarların dəstəyi ilə fürsət düşəndə baş qaldıran müxalif qüvvələr müvafiq sosial baza olmadığına görə bu dəfə ölkədə sabitliyin pozulması üçün gənclərimizi qabağa vermək fikrinə düşüblər. Ancaq onlar kökündən yanılırlar. Azərbaycan rəhbərliyinin yeritdiyi uğurlu gənclər siyasəti yeni nəslin hərtərəfli inkişafı üçün böyük imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir ki, gənclərimiz parlament və bələdiyyə seçkilərində xeyli uğur qazanıblar, dövlət hesabına dünyanın ən qabaqcıl universitetlərində təhsil alırlar, respublikada innovasion xarakterli layihələrin iştirakçısına çevriliblər, dövlət qulluğunda xidmət üçün onlara xüsusi üstünlük verilir.

Gənc oğlan və qızlarımız bütün bunları yaxşı bilir və qədərincə qiymətləndirirlər. Dərin düşüncəli, yüksək əqidəli gənclərimiz yaxşı bilirlər ki, ölkəmiz müharibə vəziyyətində yaşayır. Ona görə də öncə hamı torpaqların xilası üçün hər cür fədakarlığa hazır olmalıdır. Hər sahədə öz dayaqlarını itirmiş müxalifət liderləri gəncləri pozucu qüvvələrə çevirmək istəyirlər. Biz isə oğlan və qızlarımızı ölkəmizi dünya miqyasında layiqincə təmsil edə bilmək üçün qabaqcıl elm ocaqlarında təhsil almağa, müxtəlif kompüter sistemlərini və xarici dilləri öyrənərək dərin biliklərə yiyələnməyə, hər yerdə, hər sahədə Azərbaycanın şərəfini qorumağa çağırırıq. Çox xoşdur ki, deyilən xüsusiyyətlərə malik olan gənclər ordusu Azərbaycanda artıq yüz minlərlədir. Savadlı və qabiliyyətli gəncliyi olan ölkə isə əbədi yaşayacaq və sürətlə inkişaf edəcəkdir.

Özlərini xalqın "xilaskarları" hesab edən radikal müxalifət nümayəndələri isə gəncləri göz görə-görə tamamilə yanlış yola, ölkədə sabitliyi pozmağa və bununla da onları, əslində, uçuruma sürükləyirlər. Görəsən, radikal müxalifət gənclərimizi qabağa verərək müstəqilliyimizi kimə və nəyə satmaq istəyir?

Azərbaycan gəncliyinin məqsədi tamamilə bambaşqadır. İndi onlar respublikanın ən ali orqanlarında təmsil olunurlar. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevi ürəkdən dəstəkləyir, ölkəmizin tərəqqisi naminə hər sahədə hünər göstərir, səylə çalışırlar. Ali qanunvericilik mərtəbəsinə ucalan gənclər müxtəlif komitələrdə fəaliyyət göstərir, mühüm problemlərin həllinə yönələn qanunların hazırlanıb qəbul edilməsində yaxından iştirak edirlər.

İctimai-siyasi həyatda dövlət qulluğunun müxtəlif sahələrində gənclərə üstünlük verilməsi ölkəmizin gələcəyinin məhz onlardan asılı olduğunu sübut edir.

Xalqın ümummilli lideri Heydər Əliyevin söylədiyi bir fikri yada salmaq istəyirəm: "Gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üstündə qurulur". Bu insanlar isə, əlbəttə, Azərbaycan gəncliyidir. Odur ki, gəncləri bu proseslərdən uzaqlaşdırmaq ən azı nadanlıqdır.

Yeri gəlmişkən bir məsələni də vurğulamaq istəyirəm. Bəzi ali məktəblərdə ictimai və humanitar fənlərin tədrisinin hələ ki müasir tələblərə uyğun qurulmaması gənclərimizin ictimai-siyasi prosesləri düzgün qiymətləndirməsinə və dərin təhlillər aparmasına mane olur. Nəticədə bekarçılıq üzündən internet qarşısında əyləşən bəzi gənclərimiz taleləri ilə oynamaq və gələcəklərini riskə atmaq fikrinə düşürlər. Buna bir səbəb onların məlumatsızlığıdır! Bütün bunların qarşısını alan bir vasitə isə ancaq və ancaq düzgün və mükəmməl təhsildir. Məhz bu yolla həyatda düzgün mövqe tutmaq, elə-obaya layiqli xidmət etmək mümkündür.

Mən üzümü gənclərimizi iğtişaşlara səsləyənlərə tutub deyirəm: gənclərin taleyi ilə oynamayın, əgər Azərbaycan üçün nəsə yaxşı bir şey etmək istəyirsinizsə, bunu sivil ölkələrdə olduğu kimi dinc yollarla həyata keçirin. Gəncləri göz görə-görə yanlış yola sürükləməyin. Mən həm də ailələrə, valideynlərə müraciət edirəm. Gəlin birlikdə gənclərimizin taleyi ilə məşğul olaq, onları uçuruma sürükləmək istəyənlərə layiqli cavab verək.

Mən gənclərimizə çox inanıram. İnanıram ki, sağlam düşüncə tərzinə, iti zəkaya malik olan gənclərimiz radikal müxalifətin təxribatçı hərəkətlərdən uzaq duraraq sivil yolla yüksək təhsil, geniş dünyagörüşü və firavan gələcək uğrunda mübarizə aparacaqlar.

 

 

Mirdaməd SADIQOV,

Dövlət Aqrar Universitetinin

rektoru, professor,

əməkdar elm xadimi

 

Azərbaycan.- 2011.-2 aprel.- S., 7.