Ermənilərin 1905-1907-ci illər
Quba qətliamı
1905-1907-ci illərdə ermənilər ən dəhşətli vəhşilikləri və işgəncələri Qubada törətmişlər. Quba ölkəmizin şimal qapısı və müdafiə baxımından mühüm strateji əhəmiyyətli mərkəzlərindən biridir. Bu gün olduğu kimi, ötən əsrin əvvəllərində də Quba hərbi qüvvələri Bakı ətrafında dislokasiya etməyə əlverişli imkanlara malik region kimi ermənilərin diqqətini özünə cəlb etmişdir.
Daşnaksütyun partiyasının üzvlərinin, eləcə də onları yaxından himayə edib dəstəkləyən imperiya hökumətindəki ermənipərəst qüvvələrin erməni millətçiləri ilə iş birliyində iki mühüm məqsəd güdülürdü. Birincisi, Rusiyada baş verən hadisələrin axarında ya Zaqafqaziya ölkələri torpaqlarında qüdrətli erməni dövləti yaratmaq, ikincisi, bu, baş tutmazsa, Azərbaycanda erməni dövlətini bərqərar etmək. Bu müdhiş proqramın həmmüəlliflərindən olan ermənilər onları dəstəkləyənlərin yardımı ilə 1903-cü ildən Qubadakı mühüm inzibati-idarəçilik aparatında, sənaye və ticarət mərkəzlərində, hüquq-mühafizə orqanlarında erməniləri oturtmağa, Bakıdakı hadisələrə dəstək verə biləcək təxribatçıları, hərbi sursatı və canlı hərbi qüvvələri Qusar polkunda yerləşdirməklə özlərinin cəbhələrini yaratmağa başladılar. Yəni, Quba qəzasında da hadisələr Azərbaycanın digər bölgələrində - Bakıda, Gəncədə, Naxçıvanda, Qazaxda, Qarabağda və başqa yerlərdə olduğu kimi, eyni istiqamətdə davam edirdi. 1903-cü ildə ermənilər tərəfindən burada ilk addım atıldı. Həmin il may ayının 15-də bəzi mənbələrə görə, ermənipərəst, daşnaksütyunun tərəfdarlarından biri hesab edilən polkovnik Aleksandr Yeqorov şəhərin polismeysteri təyin edildi. Az sonra o, şəhər pristavı səlahiyyətlərini də idarə edən şəxs kimi tanındı. (Bax: M.Rüstəmbəyli, "Quba qəzası tarixindən", Bakı,1973).
Qısa müddətdə Qubaya ermənilərin axını başladı. Onlar əsasən ticarət mərkəzlərində, poçt xidmətində, bank müəssisələrində, bazar ticarəti sistemində, vergi orqanlarında, polis aparatında yerləşdirildi. Dərzi, camaşırxana, xırda sənətkarlıq işi əslində ermənilərin məsləhətxanalarına çevrilmişdi. 1904-cü ilin Pasxa bayramında ermənilər şəhərdə özləri üçün kilsə açmağın vacibliyini irəli sürdülər. Polismeyster A.Yeqorov da ermənilərin təklifinə tərəfdar çıxdı. Lakin bu xəbər şəhər əhalisi arasında güclü etiraza səbəb oldu. Ona görə də bu işin reallaşdırılması təxirə salındı. Bir faktı da qeyd edək ki, XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu erməni kilsələri məharətlə oynayırdı. Hətta 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmək Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, antitürk, antimüsəlman əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrda Qarsda və Bakıda, sonra Şuşada, Tiflisdə təxribatçılar iğtişaşlar və terror hadisələri törətmişlər. Millətçi ermənilərin Qubada özləri üçün kilsə yaratmaq ideyası da buradan qidalanırdı. Rusiyanın hakim şovinist dairələri isə zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman kampaniyasını daha da qızışdırırdılar. Artıq 1905-ci ildə azərbaycanlıların bu istiqamətdə həssaslığını nəzərə alan təxribatçılar bilərəkdən şayiə yayırlar ki, ermənilər Qubanın bazar yolu üzərindəki kiçik məscidini kilsə kimi bərpa edəcəklər. Bu məqsədlə məscidin yaxınlığında - lap onun qıpısı ağzında bir dəllək dükanı açılır və şəhərdə keşiş kimi tanınan Akop Akopyan adlı birisi orada oturub dəlləklik etməyə başlayır. Onun yanına əsasən ermənilər gəlirdi. Bir dəfə Hacı Molla Xəlil üç həmkarı ilə dəlləkxanaya girib "Akop, yaman tələsirəm, saçıma bir ülgüc çək", - deyə onun qarşısında stulda əyləşir. Akop bir göz qırpımında işə başlayır və Hacının üz-gözü al qana boyanır. Onunla gələn şəxslər Akopun əlindən ülgücünü alıb "sən nə edirsən?" - deyə onu kənara itələyirlər. Akop isə cavabında "kilsəyə qarşı çıxanda bilmirdi ki, belə olacaq?" - deyə bağırır. Hacı ilə gələnlərin biri onun başını sarıyıb şəhər xəstəxanasına, iki nəfər isə Akopun əllərini burub polis idarəsinə aparır. Şikayət qəbul edilir, Akopu idarədə saxlayırlar. Az sonra polismeysterin həyətində atəş səsləri eşidilir. Bazarda azərbaycanlıları gülləyə tutanları tərk-silah edənlər 12 nəfər ermənini polisə təhvil verib cənazələri məscidə aparmaq üçün geri qayıdırlar. Bu hadisə avqust ayının 16-da baş verir. Günün ikinci yarısında ermənilər şəhər sakinlərinə silahlı divan tutmağa başlayırlar. Xəbər gəlir ki, Qırmızı qəsəbəyə, Alpan, Alıc, Amsar və Möhüc kəndlərinə erməni silahlıları hücum edib çoxlu qırğınlar törətmişlər. Şəhərin əliyalın, silahsız camaatı təəccüb içində mat-məəttəl qalmışdı. Polisə təhvil verilən ermənilər də buraxılmış, əllərinə silah alıb yenidən xalqa divan tutmağa başlamışdılar. Amsarda A.A.Bakıxanovun mülkinə od vurulmuş, burada yaşayan ailə xəncərlə doğranıb qətlə yetirilmişdi. (Quba hadisələri ilə bağlı faktlar professor Azad Nəbiyevin Quba soyqırımına həsr olunmuş əlyazmalarından götürülmüşdür).
Arxiv materiallarına və şahidlərin dediklərinə görə, Qusarın kəndlərində də ermənilər Qusar polku əsgərlərini, buradakı kazakları öz tərəflərinə çəkməyə müvəffəq olmuşlar. Ancaq buradakı müsəlman əsgərləri silahlarını götürüb polkdan qaçmış və azərbaycanlılara qoşulmuş, şəhərdə müdafiə dəstələri düzəltmişlər.
Aprelin 17-də Nügədi bağlarında tanınmış tacir Müstəcəb Mustafa oğlu qətlə yetirilmiş, camaat üçün aparılan un, düyü və başqa ərzaqlar ermənilər tərəfindən talan edilmişdi. Bu xəbəri eşidən dəliqanlı Nügədi cavanları Novruz və Qayıtmaz Hüseynovlar, Şahkamal Balayev, Mirzəmməd Mirzəyev, Orucbəy Xudaverdi oğlu silahlı dəstə düzəldib ermənilərin üzərinə getmək qərarına gəlirlər. Onlar Müstəcəbi kənd qəbiristanlığında dəfn edib göyə 23 yaylım atəşi açır, onun qanını yerdə qoymayacaqlarına and içirlər.
1905-ci ilin 18 avqustunda Quba sakinlərinə silahlı dəstə ilə hücum edən ermənilər Qonaqkəndə gedən yolun üstündəki Dərindərədə üz-üzə gəlirlər. Dəstələr arasında güclü toqquşma baş verir. Şahkamal Balayev 12 atlı ilə ermənilərin qabağını saxlayır, hər iki tərəfdən ölənlər və yaralananlar olur. Qayıtmaz Hüseynov qolundan yaralansa da, ermənilərdən əl çəkmir...
Müqavimət dəstələrinin şəhərə girdiyini eşidən ermənilər silahlarını atıb qaçmağa başlayır, onların bir çoxu Xaçmaz dəmiryoluna özlərini yetirib vaqonlarda gizlənirlər. Şahkamal Balayevi polislər tutub Quba meydanında ermənilərə havadarlıq edən polismeyster A.Yeqorovun sərəncamına gətirirlər.
Mənbələrdən verilən məlumatlara görə, 1905-ci ilin avqust-sentyabr aylarında ermənilər Qubanın mərkəzində 133 nəfəri qətlə yetirmiş, Amsar, Alıc, Alpan və Çiçi kəndlərində 25 evə od vurub yandırmış, 17 körpəni, 39 qadın və qocanı müxtəlif kəndlərin su quyularına töküb üstünü torpaqlamışdılar. Bütün bu vəhşiliklər yerlərdə azərbaycanlıların əks-hücumu ilə nəticələnmişdi. Avqustun 16-dan 1907-ci ilin dekabrına qədər davam edən toqquşmalarda nə qədər insanlar həlak olmuş, evlər, mülklər yandırılmış, camaatın var-dövləti talan edilmişdi. Şəhərə yeni təyin edilmiş polismeyster, mayor Abdulla Əhmədovun Bakı general-qubernatoruna imzaladığı raportda deyilirdi ki, Quba camaatının qəhrəman müqaviməti nəticəsində regionda sakitlik bərpa edilmişdi. Qusar polkunun əsgərləri kimi özlərini təqdim edən ermənilər tutulub cəzalandırılmışdır... Ancaq Xaçmaz dəmiryolu qruplaşmasına daxil olan atlılar tez-tez kəndlərdə görünür, azərbaycanlıların əmlakını talayıb aparırlar. Hələ də Quba kəndlilərinin bir çoxunun xalça-palazı, mis avadanlığı və qab-qacağı meşəlikdə gizlətdikləri yerlərdə torpaq altında qalmaqdadır. Çiçi kəndindəki 20 erməni ailəsi müsəlmanlığı qəbul edib bu kənddə qalmışlar. Azərbaycanlılar onlara toxunmamışlar.
1905-1906-cı illər qırğınları zamanı erməni daşnakları öz məqsədlərinə qismən nail oldular. Belə ki, bir çox yaşayış məntəqələrini ələ keçirərək orada məskunlaşdılar, bəzi yaşayış yerlərində, o cümlədən İrəvan və Bakıda azərbaycanlıların sayının azalmasına nail oldular. Bu azalma əhalinin bir hissəsinin qətlə yetirilməsi, bəzilərinin isə yeni qırğınlar təhlükəsi qarşısında köçüb getmələri ilə nəticələnmişdi. Ermənilərin məkrli niyyətlərinin daha da geniş miqyasda reallaşmasına Əhməd bəy Ağaoğlunun başçılığı altında "Difai" (Müdafiə) təşkilatının yaradılması mane oldu. 1905-ci ilin axırları 1906-cı ilin əvvəllərində təşkilat erməni silahlı dəstələrinin qarşısını ala bildi. Lakin bu, müvəqqəti hal idi. Xarici havadarlarına arxalanan və onlardan kömək alan təxribatçı ermənilər geri çəkilərək özlərini gücləndirməyə, daha radikal təşkilatlar yaratmağa, terrorçu dəstələrini geniş miqyasda silahlandırmağa, yeni hücumlar hazırlamağa başladılar. 1918-ci ildə erməni quldurlarının Azərbaycanın əksər ərazilərində, o cümlədən Qubada törətdikləri qırğınlar, misli görünməmiş vəhşiliklər daşnak-bolşevik ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.-2 aprel.- S., 8.