"Sümüktökülən
dərə" - dəhşətli qırğınların
şahidi
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasında qeyri-konstruktiv mövqe tutan işğalçıların məkrli niyyətlərinin ifşa edilməsi üçün informasiya mübarizəsi şəbəkəsinin genişləndirilməsinin vacibliyini xüsusi qeyd edərək demişdir: "Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik təcrübəsi olan erməni millətçi ideoloqları, xaricdəki erməni lobbisi ölkəmizə və xalqımıza qarşı incə və məkrli metodlardan istifadə etməklə təbliğat müharibəsi aparır, uydurma tezislər və faktlarla dünya ictimaiyyətini çaşdırmağa, onu yalanlarla aldatmağa, işğal faktını unutdurmağa çalışırlar".
Faşist xislətli daşnak ideoloqlarının çirkin niyyətlərinin ifşası bu gün Azərbaycan ictimaiyyətinin, sadə vətəndaşların vətənpərvərlik borcuna çevrilib. Bu istiqamətdə aparılan tədqiqat, axtarış və tarixi materiallar bir daha təsdiqləyir ki, əslində, soyqırımına məruz qalan ermənilər deyil, türklər, o cümlədən azərbaycanlılardır. Təəssüflər ki, uzun müddət həmin dəhşətli qırğınlar və qətliamlar barədə danışılmayıb, beynəlxalq aləm bundan xəbərsiz qalıb.
Sonradan, məlum olduğu kimi, Ermənistan adlı bir dövlətin Qafqazda yaradılması çarizmin və onun xələfi olan sovet hökumətinin ideyası idi. Ermənistan SSR yaradılarkən 1921-ci ildə tarixi Qarabağın böyük bir hissəsi olan Zəngəzur qəzası, 1923-cü ildə isə həmin bölgənin dağlıq hissəsində (Cavanşir qəzası bütövlükdə, Şuşa və Cəbrayıl qəzalarının isə yuxarı hissəsi) muxtariyyət üçün ermənilərə verildi. Beləliklə, DQMV yaradıldı və o vaxtdan leksikonumuza "Dağlıq Qarabağ" ifadəsi daxil edildi. Nəticədə Qarabağ və onun istər dağlıq, istərsə də aran hissələri qəsbkarların işğalına məruz qaldı. Ötən əsrin sonlarında isə ermənilər ittifaq mərkəzinin hərbi-siyasi dəstəyi ilə yenidən Azərbaycanın ərazilərinə soxularaq daha dözülməz vəziyyət yaratdı. Əslində, nəinki Qarabağın dağlıq hissəsi, hətta aran Qarabağımız da işğala məruz qaldı. Zəngəzurdan, İrəvandan və orada vaxtilə mövcud olmuş on iki mahalımızdan qovulan soydaşlarımızla birlikdə Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan didərgin salınmış bir milyondan artıq soydaşımız doğma ev-eşiyindən perik düşdü.
Tarixi mənbələrə əsasən, 1918-ci il may ayının 4-də ermənilər gizli yolla Andronik Ozanyanın qoşununu Basarkeçər ərazisinə gətirərək həmin gecə qəflətən müsəlman kəndlərinə hücum ediblər. Şahidlərin söylədiklərinə görə, ermənilər kəndləri yandırır, talan edir, dinc əhalini isə işgəncələrlə qətlə yetiriblər. Aşıq Nəcəf də məhz həmin döyüşlər zamanı kürəyinə qaynar samovar bağlanaraq yandırılıb. Belə işgəncələrlə insanların (oxu: türksoyluların) qətlə yetirilməsi sanki ermənilər üçün bir əyləncə forması olub.
Ovaxtkı Kəvər (Kamo), Bayazit (Sevan), Gözəldərə, Haçalı, Yarpızlı, Əzizli, Tüstülü, Yuxarı Zağa, Aşağı Zağa, Kərkibaş, Qanlı, Qırxbulaq, Aşağı Məzrə, Yuxarı Məzrə, Daşkənd, Aşağı Şorça, Yuxarı Şorca, Sarıyaqub, Qayabaşı, Zərkənd, Ağkilsə, Pənbəh, Nərimanlı, Ağyoxuş, Qaraqoyunlu (Əzizli), Göysu, Canəhməd, İnəkdağı, Şişqaya, Toxluca, Zod, ümumiyyətlə, 35 kənd Andronik Ozanyanın qoşunu tərəfindən tamamilə dağıdılıb, Basarkeçər ermənilərə qurban verilib. Müsəlman əhali o qədər qırılıb ki, kəlbəcərlilər onları dəfn etməyi çatdıra bilməyiblər.
Kəlbəcərə yaxın olan "Dikyurd" və "Söyüdlü" yaylaqlarındakı qırğınlar daha dəhşətli olub. "Sümüktökülən dərə" adlanan ərazi o illərin şahidi kimi göz dağına çevrilib. Həmin döyüşlərdə və qırğınlarda Göyçə mahalı 17 min nəfər əhalisini itirib...
Unudulmaz dəhşətdir ki, dağda qırılan göyçəlilərdən kimsə xəbər tutmayıb. Son illərə qədər sümüklə dolu olan o müdhiş yer "Sümüktökülən dərə" adı ilə coğrafi məkana çevrilib.
1918-ci ilin qışında erməni işğalçıları Kəlbəcərin şimalında yerləşən, o vaxt və sonralar da 32 kənddə qədim sakin olan azəri türklərini Kəlbəcər ərazisinə qovub, onların bütün var-dövlətlərini talan ediblər. O il qışın görünməmiş sərt keçməsi barədə şahidlərin təkzibolunmaz faktları bu gün də dildə-ağızda dolaşır. Təkcə onu demək kifayətdir ki, gecə ikən şiddətli boran və tufanda 3-4 yüz ailə ayaqyalın-başıaçıq dərin dağ dərəsində qarın altında qalaraq tamamilə qırılıb, salamat qalanlar isə Kəlbəcərin Basarkeçərlə həmsərhəd kəndlərinə sığınıblar.
Daha dəhşətlisi o idi ki, həmin qanlı dərədə illərlə yağışın, qarın, sel-suyun altında qalan insan sümüklərinin kimlərə məxsus olması sonrakı nəsillərdən gizli saxlanıb. Ötən əsrin səksəninci illərinin sonlarında daşnakların yenidən fəallaşaraq qədim oğuz yurdu olan, vaxtilə on altı mahaldan ibarət Qərbi Azərbaycandan, o cümlədən Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman... kimi türk dünyasına ölməz sənətkarlar yetirmiş Göyçədən soydaşlarımızı qovaraq həmin dərədə gülləbaran etdilər. Bundan sonra "Sümüktökülən dərə"nin dərdi "dil açıb" dilləndi: faciələrimizin və qırğınlarımızın silsiləsinə qatılan həmin hadisələrin şahidləri qalmasalar da, onların oğul-uşaqları "Sümüktökülən dərə"nin dərdini dilə gətirdilər. Məlum oldu ki, S.Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin mart ayında ermənilər Bakıda, Azərbaycanın müxtəlif bölgələrində, habelə Azərbaycanın qərbində qanlı cinayətlər törətdi, qədim oğuz ellərini viran etdi, uşağa-böyüyə, qarı-qocaya məhəl qoymadan qətlə yetirdilər.
Bu, o zamanlar idi ki, S.Şaumyan və onun əlaltılarının "xeyir-duası"nı alan quldur, türk qanına susayan Andronik Ozanyan xalqımıza qarşı xəyanət toru hörürdü. Onun ilk qurbanları isə Zəngəzurun dinc sakinləri oldu. O zaman Dərələyəz, Zəngəzur, Göyçə mahalı, İrəvan quberniyası əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Erməni quldur dəstələri müsəlman kəndlərini (əslində isə vaxtilə kəndlərin hamısı müsəlmanlara məxsus idi) odlara qalayır, uşaqları diri-diri tonqallara atır, xüsusilə qocalara, qadınlara əzab-əziyyət, işgəncə verirdilər.
Kəlbəcərin Ermənistanla həmsərhəd olması zaman-zaman torpaqlarının bir hissəsinin ermənilər tərəfindən zəbt olunmasına və ya keçmiş sovetlər birliyi dövründə yürütdüyü məkrli siyasət nəticəsində "pay" verilməsinə gətirib çıxarıb. Kəlbəcər ərazisindəki yeraltı və yerüstü xəzinəyə görə o, daim özgələrin - yadellilərin tamahına səbəb olub.
Nəticə etibarilə onu söyləmək məcburiyyətindəyik ki, Azərbaycan torpaqlarını işğala məruz qoyan Ermənistan və onun hazırkı havadarlarının törətdiyi soyqırımı aktları bu kimi faktlarda öz təsdiqini tapsa da, ikili standartlı siyasət hələ də davam etdirilir. Qubada son illər aşkar edilmiş kütləvi qırğınların şahidi "açıq məzarıstanlar" Azərbaycanın, bütövlükdə isə türk dünyasının bütün ərazilərində mövcuddur, sadəcə, onları üzə çıxarıb, dünyanın aparıcı dövlətlərinin ictimaiyyətinin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırmaq lazımdır. Belə faktlar isə Azərbaycanın təkcə şimalında və ya qərbində deyil, cənub və şərqində də yetərincədir. Biz onların yalnız biri barəsində məlumat verməklə erməni vəhşiliyi ilə bağlı fikrimizi əsaslandırmağa çalışdıq.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 2 aprel.- S. 8.