Pakistanın nüfuzlu "Daily Times" və "The news" qəzetlərində azərbaycanlıların soyqırımı günü ilə əlaqədar materiallar dərc olunmuşdur

 

Pakistanın ingilisdilli "Daily Times" qəzetinin 30-31 mart nömrələrində 1918-ci ilin mart-aprelində azərbaycanlılara qarşı törədilmiş soyqırımla bağlı, "The News" qəzetinin 31 mart nömrəsində isə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatının tam mətni dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, "Daily Times" qəzetinin yazarlarından olan tarix elmləri doktoru xanım Sumera Şövkətin "Böyük Ermənistan" naminə azərbaycanlılara qarşı törədilən vəhşiliklər" sərlövhəli məqaləsində erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşməsi, mərhələ-mərhələ aparılmış bu qeyri-insani siyasət nəticəsində azərbaycanlıların minillər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığı bildirilir. Müəllif bu siyasətin məqsədinin azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olduğunu xüsusi vurğulamışdır.

Məqalədə ermənilərin XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılması barədə də geniş məlumat verilmiş, 1918-ci ilin mart-aprelində azərbaycanlılara qarşı törədilmiş soyqırımın XX əsrin ən dəhşətli hadisələrindən olduğu bildirilmişdir. Müəllif yazır ki, hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi xarabalığa çevrilmiş, yüz minlərlə azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülmüş, məscidlər top atəşinə tutulmuşdur.

Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə də üzə çıxdığını vurğulayan müəllif erməni millətçilərinin Azərbaycan xalqına qarşı düşmən münasibətinin heç də dəyişmədiyini, işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnaməsinə, digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadığını xatırladır.

 

 

Azərbaycan.- 2011.-2 aprel.- S. 8.