Azərbaycanın dinamik inkişafı ölkədə daha şəffaf idarəetmə mexanizmlərinin tətbiqini zərurətə çevirir

 

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin demokratik inkişafının ümdə şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. İctimai maraqların ifadəçisi olan hakimiyyət öz fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanır, xalqa təmənnasız xidməti ali məqsədə çevirir. Bu məqsədlərin reallaşdırılması isə monolit, güclü və peşəkar komanda formalaşdırılması yolu ilə dövlət idarəçiliyinə yeni ruh, müasirlik, şəffaflıq və hesabatlılıq ənənələrinin gətirilməsindən keçir.

Artıq 8 ilə yaxındır Azərbaycana inamla rəhbərlik edən cənab İlham Əliyev hökumətin xalq qarşısında müntəzəm olaraq hesabat verməsini idarəçilikdə mütərəqqi ənənələrdən birinə çevirməklə, demokratizm elementlərinin güclənməsini təmin etmiş, həmin müddətdə keçilmiş böyük inkişaf yolunun uğurları dövlət başçısının çoxşaxəli siyasətində xalqa layiqli xidmət məramının daim öndə dayandığını, insan amilinin prioritet olduğunu tam təsdiqləmişdir.

Bir çox dövlətlərdə qlobal böhranın mənfi təzahürlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanda son illərdə müşahidə olunan yüksək artım tempi ilk növbədə qeyri-neft sektoruna, regionların inkişafına qayğı siyasətinin real nəticəsidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunları ilə əlaqədar mart ayının 1-də Bakı Biznes Mərkəzində keçirilən konfransda səslənən rəqəmlər bunu bir daha təsdiqləyir. Yalnız 2010-cu ildə ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 7,9 faiz, o cümlədən qeyri-neft sənayesi 6,6 faiz, əhalinin gəlirləri 12,3 faiz artmış, inflyasiya MDB məkanında ən aşağı hədd - 5,7 faiz olmuşdur.

Azərbaycan iqtisadiyyatı 2008-2010-cu illəri əhatə edən dünya iqtisadi-maliyyə böhranı şəraitində yüksək dayanıqlılıq nümayiş etdirərək artım dinamikasını saxlamışdır. Son üç ildə ölkədə real iqtisadi artım orta hesabla 8 faizdən çox olmuş, maliyyə sabitliyi qorunmuş, manatın devalvasiyasına yol verilməmişdir. Böhranın nəticələri ilə bağlı aparılan təhlillər göstərir ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər maliyyə institutlarının tövsiyəsi ilə milli valyutalarını devalvasiya etmiş ölkələr daha çox resessiyaya məruz qalmışlar. Bunu etməyən ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi artım tempi daha yüksək olmuşdur. Optimal qərar kimi ölkədə makroiqtisadi sabitlik, o cümlədən milli valyutanın sabitliyi qorunub saxlanmışdır. Hazırda bunu beynəlxalq təşkilatlar da etiraf edirlər.

Böhran şəraitində Azərbaycanın dinamik inkişafının ən qabarıq göstəricisi ölkənin strateji valyuta ehtiyatlarının 23 milyard ABŞ dolları artaraq 30 milyard dollara çatmasıdır. Valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətdə 60 faizdən çox olması da diqqətəlayiq faktdır. Dünyada ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır. Bütövlükdə strateji valyuta ehtiyatları özəl sektorun və dövlətin borcu da daxil olmaqla, ölkənin ümumi borclarını 3 dəfədən çox üstələyir. Bu da böhran kontekstində Azərbaycanda makroiqtisadi dayanıqlılığın ən mühüm göstəricilərindən biridir.

Ötən illərdə bank sektoru da dayanıqlılığını qorumuş və inkişafını davam etdirmişdir. Son üç ildə bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olmuşdur. Mərkəzi Bank fəaliyyətini bütövlükdə makroiqtisadi sabitliyin qorunmasına, bank sistemində maliyyə sabitliyinin saxlanılmasına və iqtisadiyyatın pula olan tələbinin ödənilməsinə yönəltmiş, qarşıya qoyulan məqsədlərə nail olmağa çalışmışdır. Nəticədə 2010-cu ildə respublikada inflyasiya təkrəqəmli (5,7 faiz) olmuş, manatın sabitliyi əksər ölkələrdəki devalvasiya fonunda qorunub saxlanılmışdır. Keçən il əhalinin əmanətləri 23 faiz, bütövlükdə bank aktivləri, kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci ildönümü ilə bağlı iclasda Prezident İlham Əliyev regional inkişaf proqramlarının dinamik inkişaf prosesindəki müstəsna rolunu bir daha önə çəkmişdir: "2009-2013-cü illəri əhatə edən proqram da uğurla icra edilir. Artıq iki ildir ki, proqram icra edilir. Deyə bilərəm ki, qarşıda duran bütün məsələlər, bütün vəzifələr öz həllini tapır. 2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının bu illərdə artması xüsusi məna daşıyır. Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım deyə bilərəm ki, o cümlədən qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur. Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir".

Dövlət başçısının xüsusi vurğuladığı kimi, qeyri-neft sektorunun dinamik inkişafı sahəsində əldə olunan nəticələr uğurlu təməlini həm də regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev hələ hökumətin 2003-cü il noyabrın 17-də keçirilmiş ilk iclasında bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmağı, bu sahədə balansa nail olmağı özünün iqtisadi siyasətinin prioritetlərindən biri elan etmişdi. Belə ki, həmin dövrdə respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin ləng getməsi nəticəsində regional tarazlığın pozulması ölkə rəhbərini ilk gündən qayğılandıran başlıca məsələlərdən idi. Bölgələrin inkişafında müşahidə edilən fərq ölkənin tarazlı, sabit və davamlı inkişafı baxımından təhlükəli olduğundan onun qarşısını almaq lazım idi.

Hökumətin son 8 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır. Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.

2004-cü il fevralın 11-də imzalanmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" bu istiqamətdə ilk fundamental sənəd olmuşdur. Bu proqramın uğurlu icrası sayəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci ildönümü ilə bağlı iclasda Prezident İlham Əliyev bununla bağlı demişdir: "Birinci proqramın qəbul edilməsi, demək olar ki, ölkəmizin inkişafında çox mühüm rol oynamışdır. Proqramın icrası nəticəsində bölgələrdə böyük quruculuq işləri aparılmışdır. Yüz minlərlə yeni iş yeri açılmışdır. Yeni sənaye müəssisələri yaradılmışdır. Bir sözlə, regionların inkişafı və canlanması məhz proqramın qəbul edilməsi ilə bilavasitə bağlı olmuşdur. Onu da qeyd etmək istəyirəm ki, 2004-2008-ci illərdə proqrama əlavələr də, düzəlişlər də edildi. Çünki sürətli inkişafımız çox böyük templərlə ölçülürdü. O illərdə orta hesabla ümumi daxili məhsul 20 faizdən çox səviyyəsində idi. Belə olan halda, büdcəyə gələn əlavə gəlirlər əlbəttə ki, proqrama edilmiş düzəlişlərə öz təsirini göstərmişdir. Bütövlükdə deyə bilərəm ki, 2004-2008-ci illəri əhatə edən proqram artıqlaması ilə icra edildi, proqramın icrası nəticəsində ölkəmizin inkişafı və iqtisadiyyatımızın şaxələndirilməsi işində böyük və uğurlu addımlar atıldı".

Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı I Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı belə bir sənədin hazırlanması barədə hələ 2007-ci ildə - regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının imzalanmasının dördüncü ilinə həsr olunmuş müşavirədə məlumat vermişdi. Xüsusi vurğulamışdı ki, qarşıda duran vacib vəzifələrdən biri də məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına çatdırılmasıdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" son iki ildə müsbət nəticələrini qabarıq göstərir. Proqram bu sahədə həyata keçirilən siyasətin davamı olaraq qeyri-neft sektorunun inkişafını sürətləndirmiş, iqtisadiyyatın şaxələndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin azaldılması və digər istiqamətlərdə işlər uğurla davam etdirilir.

Dövlət proqramında müəyyənləşdirilmiş məqsədlərin gerçəkləşdirilməsi baxımından ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına da ciddi diqqət yetirilir. Bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri kimi orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması; vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi; kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması; yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması; xarici borcların səmərəli idarə olunması siyasəti davam etdirilir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.

Konfransda səslənən məlumatlar həmçinin göstərir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır. Xatırladaq ki, hələ 2004-cü il fevralın 1-də Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri sonrakı mərhələdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, hüquqi şəxslərin qeydiyyatı sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.

Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində də mühüm tədbirlər görmüş, verdiyi bütün vədlərə yüksək sadiqlik nümayiş etdirmişdir. Bu gün Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payının 85 faizə yüksəlməsi də məhz bu qayğının nəticəsidir. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha sahibkarları dəsləklədiyini, onların fəaliyyətinə yersiz müdaxilələrin olmamasını, aidiyyəti dövlət qurumlarından yol verdikləri neqativ halların aradan qaldırılmasını tələb etmişdir: "Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək" - deyən dövlət başçısı bir müddət əvvəl Qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə sosial ədalət prinsiplərinin təmini baxımından nöqsanlara, rüşvətxorluğa, korrupsiyaya və digər neqativ hallara qarşı mübarizənin daha da gücləndiriləcəyini bəyan etmişdir.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması "bir pəncərə" prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır.

Vergi yükünün azaldılması, vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2009-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmişdir. Eyni zamanda sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır.

Yalnız 2010-cu ildə regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, habelə digər rayonlarda heyvandarlıq və süd emalı kompleksləri tikilib istifadəyə verilmişdir. 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, tikinti materiallarının istehsalı zavodlarının inşası davam etdirilir. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, fond il ərzində regionlarda 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər ayırmışdır. Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir. Ümumilikdə, II regional dövlət proqramı çərçivəsində reallaşdırılan tədbirlər sayəsində 2010-cu ildə 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılmışdır.

Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədilə bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu, ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası da fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmişdir. Fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədilə il ərzində 4 rayonda yeni aqroservis filialları yaradılmış, 5 rayonda isə belə filiallar təşkil olunmaqdadır.

II regional inkişaf proqramında hər bir vətəndaşın yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaradan vacib məsələlərdən biri də sosial-infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycanın dövlət büdcəsi gəlirlərinin sürətli artımı təbii olaraq insan amilinin inkişafı baxımından infrastruktur layihələrinə də xüsusi diqqət yetirməyi zəruri edir. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqdan çıxış edərək hər bir vətəndaşın rahat, firavan yaşayışı üçün dövlət büdcəsindən lazımi vəsaitin ayrılmasını təmin edir. Bunun nəticəsidir ki, ötən il ölkədə iri infrastruktur layihələrinin reallaşdırılmasında heç bir problem olmamış, dövlət bütün sahələrdə əsaslı kapital qoyuluşları həyata keçirmişdir.

Ötən il "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 635 kilometrdən çox yol beynəlxalq standartlara uyğun tikilmiş və təmir olunmuşdur. O cümlədən, dövlət başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun inşası respublikanın tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcəkdir.

"Ekologiya ili" elan edilmiş 2010-cu ildə əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmışdır. Eyni zamanda 2010-cu ilin dekabrında ölkə üçün strateji əhəmiyyətli bir layihənin icrası başa çatmış, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir. Bundan əlavə, suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı hər bir fərman və sərəncamın icrasını şəxsi nəzarətdə saxlayır, bütün məsələlərə tələbkarlıqla yanaşır. Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramının icrasının gedişi, yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, ümumiyyətlə, regionlardakı vəziyyətlə tanışlıq məqsədilə 2009-2010-cu illərdə respublikanın əksər rayon və şəhərlərinə səfər etməsi bunu bir daha təsdiqləyir. Dövlət başçısı ötən il regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak etmişdir. Bu səfərlərin nəticəsi olaraq bölgələrdə canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri geniş vüsət almış, infrastrukturun yeniləşməsi, rentabelli istehsal müəssisələrinin, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyev regionlarla yanaşı, ölkənin paytaxtının və ətraf qəsəbələrin problemlərini də xüsusi diqqət mərkəzində saxlayır. 2011-ci il martın 9-da dövlət başçısının sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair xüsusi müşavirənin keçirilməsi buna misal ola bilər. Ölkə rəhbəri şəhərin və ətraf qəsəbələrin milli üslubda inkişaf etməsi, təmizliyi gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün lazımi tədbirlər görür. Xatırladaq ki, hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində xüsusi toplantı keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi dövlət proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdü. Bu nəcib təşəbbüs əsasında hazırlanaraq 27 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" kompleks sənəd olmaqla, regionların inkişafı naminə həyata keçirilən kompleks tədbirlərin paytaxt və ətraf qəsəbələrə də sirayət etməsinə səbəb olmuşdur. Proqram çərçivəsində həyata keçirilən tədbirlər sayəsində Bakı və şəhərətrafı qəsəbələrdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidənqurulmasına başlanmış, əhalinin kommunal problemlərinin həlli istiqamətində mühüm addımlar atılmış, su, işıq, qaz təminatı yaxşılaşdırılmış, yeni sosial-mədəni obyektlərin tikintisi, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib işlər görülmüşdür.

Bununla belə, Bakı şəhərində və ətraf qəsəbələrdə həllini gözləyən xeyli problemlər qalır və dövlət başçısı İlham Əliyev də martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bunu açıq bəyan etmişdir. "Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi. Biz bəzi böyük şəhərlərin problemləri ilə tanışıq. Görürük ki, o şəhərlərdə bəzi hallarda yol hərəkəti dayanır, bir neçə saat iflic vəziyyətə düşür. Bunun qarşısının alınması üçün bir neçə il bundan əvvəl şəhərimizdə geniş yol-tikinti layihələri icra edilməyə başlamışdır" - deyən İlham Əliyev şəhərin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini vermiş, həlli vacib məsələləri bir daha önə çəkmişdir.

Möhtərəm Prezident İlham Əliyevin həm regionların sosial-iqtisadi inkişafı, həm də Bakı şəhəri və ətraf qəsəbələrin problemləri ilə bağlı keçirdiyi müşavirələrdə xüsusi önə çəkdiyi məsələlərdən biri də inkişafa mane olan neqativ hallarla mübarizənin gücləndirilməsi vacibliyi olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın bütün sahələrdə dinamik inkişafı cəmiyyət həyatının bütün sahələrində şəffaflığın və hesabatlılığın təmin olunmasını zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi son dərəcə vacibdir. Ölkəmizin inkişaf prioritetləri sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsini, sosial-iqtisadi inkişafa mane olan neqativ halların, o cümlədən korrupsiyanın, sahibkarlığın fəaliyyətinə süni maneə yaradan yoxlamaların aradan qaldırılması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasını zəruri edir.

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dövlət başçısı hökumət qarşısında iqtisadiyyatın davamlı inkişafının təmini məqsədilə qiymətlərin süni şəkildə qaldırılmasının qarşısının alınması, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin, əsassız yoxlamaların, vergidən yayınma hallarının aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması kimi vəzifələr qoymuşdur. Eyni zamanda bürokratik əngəllərin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı ciddi tapşırıqlar vermişdir. Bu da təsadüfi deyil. Müasir Azərbaycanda ictimai həyatın bütün sahələrində əsaslı islahatların aparıldığı bir dövrdə cəmiyyətdə korrupsiya hallarının hələ də mövcud olması dövlətin və cəmiyyətin inkişafına ciddi əngəllər törədir, bir sıra sosial-mənəvi problemlər doğurur. Korrupsiya ölkədə gedən demokratik proseslərə və vətəndaş cəmiyyəti quruculuğuna, dövlət orqanlarının səmərəli və qanunauyğun fəaliyyətinə mane olur. Məhz bu baxımdan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində siyasi və hüquqi tədbirlərin proqram şəklində həyata keçirilməsi zərurətə çevrilmişdir.

Son 8 ildə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, Azərbaycan Respublikası Prezidenti yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya yaradılmışdır. Bundan başqa, Azərbaycan Prezidentinin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi formalaşdırılmışdır.

Ötən illərdə bu sahədə ən mühüm addımlardan biri də "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər)" qəbulu və uğurlu icrası olmuşdur. Nəhayət, 2007-ci ildə qəbul edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" cəmiyyətin bütün sahələrində şəffaflığın təminatına imkan verən mükəmməl konsepsiyadır.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında cəmiyyətdə şəffaflığın, vergidən yayınmaların qarşısının alınması baxımından qeyri-nağd ödəniş sisteminin inkişafını da zəruri məsələlərdən biri kimi dəyərləndirmişdir: "Elə etməliyik ki, ticarət, məişət, iaşə obyektlərində nağd şəkildə ödəmələr minimuma endirilsin. Artıq kredit kartları var, bizim əhalimizin böyük hissəsi kredit kartlarına malikdir. Hər bir məntəqədə, hər bir ticarət obyektində, hər bir restoranda kredit kartlarından, ödəmə kartlarından istifadə olunmalıdır. Belə olan halda, əlbəttə ki, vergilər bazası heç səy göstərilmədən, avtomatik olaraq genişlənəcəkdir. Yəni bu sahədə görüləsi işlər çoxdur. Mən bir müddət bundan əvvəl vergilər nazirinə müvafiq göstərişlər vermişəm. Sadəcə olaraq, istərdim ki, burada da bu barədə öz fikirlərimi bildirim ki, Azərbaycanda bu sahədəki vəziyyət inkişaf etmiş ölkələrdəki vəziyyətdən fərqlənməməlidir. Mən gözləyirəm ki, 2011-ci ildə bu sahədə köklü və əsaslı tədbirlər görüləcəkdir".

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında milli ödəniş sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı" isə ödəniş sistemlərinin əhatə dairəsinin genişləndirilərək regionlara istiqamətlənməsi, vahid elektron ödəniş məkanının yaradılması, plastik kartlarla ödənişlərin daha da inkişaf etdirilməsi, ödəniş sisteminin iştirakçıları olan kommersiya banklarında daxili informasiya və hesablaşma sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tuturdu.

Prezident İlham Əliyevin 22 noyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı isə Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsini, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsini, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsini, habelə Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının tətbiq edilməsini təmin etmək məqsədinə xidmət edirdi. Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlarda, habelə dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində əməkhaqlarının 2006-cı il yanvarın 1-dən başlayaraq ödəniş kartları vasitəsilə ödənilməsi üçün tədbirlərin görülməsi tapşırılmışdı. Eyni zamanda sərəncamla pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması məqsədilə POS-terminalların beynəlxalq standartlara uyğun tətbiqi qaydalarının hazırlanması məsələsi önə çəkilirdi. Lakin bu prosesin sürətindən razı qalmayan Prezident İlham Əliyev bütün ticarət, xidmət və iaşə obyektlərində POS-terminalların quraşdırılmasını, ödənişlərin plastik kartlarla edilməsini vacib sayır. Bu addım vətəndaşların mənafeyinə uyğun olmaqla, qeyri-qanuni ödənişlərin, rüşvətxorluğa və korrupsiyaya şərait yaradan halların qarşısını alır.

Ümumilikdə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ildönümü ilə bağlı keçirilmiş müşavirə bir daha təsdiqləyir ki, son illərdə respublikamızın əldə etdiyi uğurlu nəticələrin arxasında cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, elmi əsaslara və ölkəmizin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Dövlət başçısının tapşırıqları əsasında strateji əhəmiyyət kəsb edən regional inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvi olmuşdur. İdarəetmə sisteminə novator düşüncə tərzi və dinamizm gətirmiş Prezident İlham Əliyev hər bir mərhələ üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini düzgün müəyyənləndirmiş, onların icrasını təmin etmişdir. Bütün bunlar isə respublikamızın növbəti illərdə də bütün sahələrdə uğurlu nəticələr əldə etməsinə etibarlı təminat yaradır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.- 2 aprel.- S. 9.