Yeni ədəbiyyatın manifesti

 

Ötən əsrin iyirminci illəri ədəbiyyat tariximizə yeni şeirimizin yaranıb formalaşdığı, yüksəlib inkişaf etdiyi, həm də təzadlı, ziddiyyətli, qarşılıqlı ittihamlar və diskussiylarla dolu bir mərhələ kimi daxil olmuşdur. Aparılan bütün diskussiyaların məzmunu isə təbii ki, yeni yaradılacaq poeziyanın əsasən mövzu və məzmunu, ölçü və qəlibləri, sənətkarlıq vüsəti, milli həyatı və yeni qurulmuş cəmiyyəti əks etdirmə imkanları çevrəsində idi. Yeni yaradılacaq proletar ədəbiyyatı necə olmalı, hansı həyat gerçəkliklərini əks etdirməli, yenədəmi dini-mistik düşüncədən gəlmə dəyərlər təkrarlanmalı, yoxsa xalqın real həyatından, əzab və məhrumiyyətlərindən, arzu ve istəklərindən, azadlıq uğrunda mübarizə ideallarından, inqilabi mübarizənin təntənəsindən, yeni həyatın insanları işgəncə və zülmün pəncəsindən xilas edib onun üzünə xoşbəxt bir səhərin açılması kimi millət üçün tale-yüklü məsələlər ətrafında formalaşmalıdır?! Müzakirələr genişləndikcə, yazarlar mövqelərini aydınlaşdırdıqca yaradıcılıq yolları haçalanır, seçilən istiqamətlər müəyyənləşdikcə meyarlar dürüstləşdirilirdi.

Azərbaycan sovet şeirinin bu dövr mərhələsi barədə bir çox dəyərli əsərlərin yazılmasına baxmayaraq dövrün problemlərinin geniş elmi mənzərəsinin tam şəkildə müəyyənləşdirilib tamamlandığına qəti hökm vermək təbii ki, mümkün deyildir. Dünən olduğu kimi, bu gün də həmin dövrün bir sıra məsələlərinə bir daha yenidən qayıtmağa, açıqlanan faktlara, ədəbi prosesdə baş verən hadisələrə müasir mövqedən münasibət bildirməyə ehtiyac vardır. Bu baxımdan görkəmli ədəbiyyatşünas professor Aqil Hacıyevin yeni çapdan çıxmış həcmcə kiçik, məzmunca aktual "Poeziyadan nəsrə" (Mir Cəlal nəsrinin poetik əsasları. Baki, 2011) kitabı diqqəti cəlb edir.

Kitab böyük ədib Mir Cəlalın ötən əsrin 20-ci illərində qələmə aldığı sovet dövrü Azərbaycan ədəbi, elmi-nəzəri tədqiqat istiqamət və meyillərinin müəyyənləşdirilməsi –üçün bu  gün mühüm əhəmiyyəti olan şeir yaradıcılığı problemlərinə həsr olunmuşdur.

Burada Azərbaycan sovet şeirinin yaranma dövrü, onun təsirləndiyi qaynaqlar, məfkurə və sənətkarlıq məsələləri ətrafında aparılan mübahisə və diskussiyalar barədə müxtəsər məlumat verildikdən sonra həmin dövrün ədəbi prosesinə qoşulan sənətkarlar içərisində gənc Mir Cəlalın yeri xatırlanır, onun yaşadığı ədəbi mühit, Gəncədə təhsil aldığı illərdə ədəbiyyat məsələlərinə göstərdiyi maraq çevrəsi barədə məlumatlar qısaca xülasə edilir. Kitabçada, eyni zamanda, Mir Cəlalın yaradıcılığa şeirlə başlaması, ilk qələm təcrübələrinin xeyli müddət mətbuatdan kənarda qalması, bir tərcümə şeirindən sonra bir neçə şeirinin mərkəzi mətbuatda nəşri, onların ədibin poeziyadan uzaqlaşıb nəsrə keçməsindəki rolu barədə maraqlı mülahizələr irəli sürülür.

Aqil Hacıyev müasirlərindən fərqli olaraq ehtimal edir ki, Mir Cəlalın şeirləri uzun müddət onun ilk qələm təcrübələri hesab edilərək ədəbi tənqidin və ədəbiyyatşünaslığın diqqətindən kənarda qalsa da, onlar yeni şeirmizin ideya və məfkurə istiqamətinin formalaşmasına öz müsbət təsirini göstərmişdir. Müəllif xatırladır ki, "Azərbaycan sovet ədəbiyyatşünaslığında dəfələrlə belə bir fikir səslənmişdir ki, 1920-ci illərin ortalarından etibarən milli ədəbiyyatda, xüsusən, milli poeziyada yeni nəslin təmsilçilərinin sədası daha ucadan eşidilməyə başlamışdı. Bu, o zamankı milli ədəbiyyatın bir çox təmsilçilərinin 1917-20-ci illərdə baş verən hadisələr zamanı həlak olduğu (Abbas Səhhət, Firudin bəy Köçərli, Bayraməli Abbaszadə, Mir Fəttah Musəvi), bir qisminin isə ölkəni tərk etdiyi (Əhməd Cəfəroğlu, Almas İldırım, Məmməd Əmin Rəsulzadə, Əziz Şərif, Məhəmməd Ağaoğlu), digərlərinin isə cərəyan edən hadisələrin təsiri altında ədəbi fəaliyyətdən uzaqlaşdığı (Nağı, Nağıyev, Nemət Hacıyev, Ömər Faiq Nemanzadə, Şəkili Əfəndizadə) bir dövr idi.

Müəllif həmin zamanın ədəbi mənzərəsini bir daha xatırladaraq göstərir ki, bütün bu təbəddülatlara baxmayaraq ədəbiyyata yeni-yeni qüvvələr gəlməkdə idi. Onlar daha nədən və necə yazmağı, yeni şeirin ideya-məfkurə və mövzu istiqamətinin nədən ibarət olduğunu bilmədiklərindən ədəbi cəbhədə bir boşluq, məfkurəsizlik davam etməkdə idi.

Bu dövrdə - 1923-cü ildə şeirə gələn Süleyman Rüstəm və onlarla digər gənc istedadlar proletar mədəniyyəti cəbbəxanasının hələ hansı ictimai-siyasi etik-estetik və məfkurə zəminində formalaşacağını müəyyən edə bilmədiklərindən yeni şeirin, bütövlükdə ədəbiyyatın hansı səmtə yönəldiləcəyini müəyyənləşdirməkdə çətinlik çəkirdilər.

Aqil Hacıyev də təqdim etdiyi əsərdə öncə digər ədəbiyyatşünas həmkarları kimi, Azərbaycan sovet şeirinin yaranma dövrünün məfkurə görüşlərinin Şimalda yaradılmış bolşevik hökuməti tərəfindən formalaşdırıldığını təsdiqləyir. Müəllif 1926-1927-ci illərdə rus şairlərinin Azərbaycana tez-tez gəlib-getdiyini burada təntənəli ədəbi görüşlər, poeziya gecələri  keçirdiklərini, inqilabi pafoslu bəlağətli çıxışlar etdiklərini, bununla da, Azərbaycan yazıçılarına yeni yaranacaq ədəbiyyatın - proletar ədəbiyyatının mövzu və məfkurə texnologiyalarını transfer edilməsini xatırladır, bu tarixi prosesi inkar etmir. Təbii ki, bütün bunlar, əslində, Azərbaycan sənətkarlarına öz ədəbi mövqelərinin və yaradıcılıq istiqamətlərinin müəyyənləşdirilməsinə göstərilən mühüm təzyiqlər və cəhdlər idi. Həmin dövrün mənzərəsini Süleyman Rüstəm belə xatırlayırdı: "...Mayakovski poeziyası ilə 1925-ci ildən tanışam, ədəbiyyatda ilk addımlarından daim onun yaradıcılığına ehtiramım olub. O zamanlar rus proletar şairlərindən öyrənirdik. Sağlam yeni ruh, onların poeziyasına xas yeni görüntülər şairlərimizə böyük təsir göstərirdi. O zaman Moskvadan Bakıya tez-tez şair və yazıçılar gəlir, bizə dostcasına kömək edirdilər. Nəhayət, 1927-ci ilin dekabrında Bakıya Mayakovski gəldi...

...Moskvada yaşamasına baxmayaraq o, ədəbiyyatımıza və Bakıya yaxından bələd idi.

...Görüşdə söhbət canlandı. O, yaradıcılığa yeni başlayan yazıçılarla ciddi, qayğıkeş şəkildə işləməyin mümkünlüyündən, ədəbiyyatın kütlələr arasında yayılması üçün fəhlə rayonlarında ədəbi axşamlar keçirməyin zərurətindən danışdı..."

Müəllif haqlı olaraq yazır ki, bütün bunlar ədəbiyyatşünaslarımızın vurğuladığı kimi, Azərbaycanda yeni ədəbiyyatın yaranmasına öz təsirini göstərməkdə idi. Təsadüfi deyildir ki, 20-ci illərin ikinci yarısından həmin təsir Süleyman Rüstəmin, S.Vurğunun, M.Rahimin, Osman Sarıvəllinin yaradıcılığında artıq hiss edilirdi. Aqil Hacıyev də yeni şeirimizin yaranmasında bu təsirin mühüm rol oynadığını göstərən ədəbiyyatşünas həmkarları ilə tam şərik olduğunu bildirməklə yanaşı, 1926-1927-ci illərdə Gəncədə pedaqoji texnikumun axırıncı kursunda oxuyan aydın təfəkkürə və milli məfkurə görüşlərinə malik gənc Mir Cəlalın dövrün ədəbi mühitinə daxil olmasını, poeziya sahəsində qələm çaldığını bir daha xatırladır. Həm də təkcə xatırlamaqla kifayətlənmir, kitabçasında böyük ədibin şeir yaradıcılığının müxtəsər təhlilini verir.

Yaxşı cəhətdir ki, Aqil Hacıyev Mir Cəlalın şeir yaradıcılığı barədə məlumat verərkən öncə müəllifin xatirələrinə istinad edir: "...Pedaqoji texnikumun son sinfində oxuyanda mərkəzi qəzetləri (respublika qəzetləri nəzərdə tutulur - A.N.), xüsusən, "Gənc işçi"ni müntəzəm mütaliə edər, özüm də burada məqalələr yazardım. "Gənc işçi"də rast gəldiyim "Ədəbiyyat səhifələri" məni çox maraqlandırardı. Mən istəyirdim ki, orada yazam. Bir neçə şeiri qaralayıb poçt ilə göndərdim. Cavab çıxmadı. Bir dəfə Mayakovskinin "Zərbəçi marşı" adlı şeiri əlimə keçdi, onu oxudum və nədənsə tərcümə etmək fikrinə düşdüm. Bir həftə sonra "Zərbəçi marşı" adlı tərcümə şeirim çıxdı. Bu, mənim mətbuatda ilk tərcümə şeirim idi".

A.Hacıyev Mir Cəlalın yaradıcılığı barədə məlumat verən ədəbiyyatşünasların xidmətlərini yüksək dəyərləndirsə də, ədibin şeir yaradıcılığı barədə hələ mükəmməl ədəbi elmi-nəzəri baxışın olmamasına haqlı olaraq təəssüfünü bildirir.

Ötən əsrin 20-ci illərindən yaranıb formalaşmağa başlayan yeni şeirimizin yaranma tarixi üçün əhəmiyyətli ədəbi hadisə olan bu yaradıcılığın öyrənilməsi sahəsindəki boşluğu aradan qaldırmaq məqsədilə müəllif Mir Cəlalın ötən əsrin 20-ci illər dövrünün mətbuatında çap edilmiş dörd şeirini toplayıb çap edərək, onlarla bağlı mülahizələrini ümumiləşdirib mövzu-məzmun xüsusiyyətlərini aydınlaşdırmağa, eləcə də həmin şeirlərin yeni dövr Azərbaycan sovet poeziyasının yaranma mərhələsindəki yerini müəyyənləşdirməyə təşəbbüs göstərir.

Müəllif yazır ki, Mir Cəlalın çap edilmiş ilk şeiri "Şimaldan səs"dir. 1928-ci ildə "Qızıl Gəncə"jurnalının ikinci sayında nəşr olunmuşdur. "Müəyyən qədər forması ilə V.Mayakovskinin tonik (ritmik -A.N.) poeziyasının təsiri altında yazılmış bu şeirdə Mir Cəlal 1920-ci il hadisələrinə bolşevik baxışını açıqlamışdır. Şeirin doqquz sətirdən (misradan - A.N.) ibarət ekspozisiyasında müəllif lirik qəhrəmanının məşəqqətli vəziyyətini, əhatəsində olduğu əşyaların təsviri üçün istifadə olunan söz və ifadələrdən məharətlə istifadə etdiyini qeyd edir.

...Şeirin qeyri-adi kulminasiyası olan iyirmi iki misralıq ikinci hissəsində geniş, sadə xalq kütlələri ilə eyniləşdirilən lirik qəhrəmanın həyatında və şüurunda baş verən dəyişikliklərdən danışılır. Bu dəyişikliklər Şimaldan - Rusiyadan gəlmişdir və əsərin adı da buna işarədir..." Müəllif, eyni zamanda, Mir Cəlal şeirinin səs və söz komplekslərində "məhbəs", "dəmir qəfəs", "dəmir divar", "məzar", "daim ayıq gözlü canavar", "ağır zəncir", "əzilmək", "səsim sönür", "varlığımın sonu" kimi ifadələrin ahəngdar bir ritm, qafiyəli nəsr yaratdığını xatırlatsa da, burada açıq-saçıq inqilabi ifadələrin, zaman və məkan daxilində baş verən hadisələrin təsviri sonunda poeziyadan nəsrə keçid bədii detallarından bəhs edərək belə bir qənaətə gəlir ki, "Şimaldan səs" şeirində əks olunan və daha sonrakı iki şeirdə təkrarlanan üslub Azərbaycan sovet şeirində tarixən yeni üslubdur və sonrakı illərdə o, İ.Turgenevin yaradıcılığında olduğu kimi, Azərbaycan nəsrində də yeni formada təkrarlanmışdır. Bununla belə, müəllif Mir Cəlalın 1928-ci ilin 18 iyununda Batumidə yazılmış "Dənizin cinayəti" şeiri ilə "Şimaldan səs" arasında sənətkarlıq və poetik ifa üslubu arasında bir yaxınlıq müşahidə edir, ikinci şeirin birincinin təsiri altında yarandığı fikrini də vurğulayır: "Mustafa Sübhi" adına gəminin Qara dənizdə batmasından doğan təəssüf şeirin başlıca qayəsini təşkil edir". Ancaq burada gələcəyə nikbin baxış birinci şeirdə olduğundan güclüdür. Həm də burada Mir Cəlal əvvəlki şeirində olduğu kimi məcazi danışır. "Gəminin keçmişi gecə kimi qara olan" Qara dənizlə müqayisə edərək özünəməxsus mənalı şəkildə mətnaltı mətləblər ifadə etməklə bildirir ki, əgər Qara dənizdə belə qəzalar davam edib təkrarlansa, Qara dənizdəki "Sübhilər" - "batmış gəmilər" daha böyük qiyamlar qaldıracaqlar". Burada Mir Cəlalın hədəfi aydın olduğu kimi, onun rus şeirinin təsiri altına düşdüyünü iddia etməyə əsas verən heç bir mətləb yoxdur.

Kitabçada ədibin üçüncü şeiri - "Anamın vəsiyyəti" əsasən forma və struktur baxımından təhlil edilir. Ancaq mürəkkəb poetik quruluşlu şeirdə müəllifin elmə, təhsilə çağırışla dolu maarifçilik görüşlərini də sükutla qarşılamaq mümkün deyildir. "Anamın vəsiyyəti"ndə mədəniyyətə çağırış notları aydın duyulur ki, bu da təkcə Mir Cəlalın gələcəyindən doğan nigarançılıq deyil, eyni zamanda, millətin sabahından narahat olan ana qəlbinin həyəcanlı çırpıntılarıdır.

Aqil Hacıyev burada şeirə köçürülmüş nəsr detallarının açıqlanmasını önə çəkir. O, ədibin nəsrə məxsus ekspozisiya, kulminasiya və epiloq yaradıcılıq qəliblərinin poeziyaya tətbiqi texnologiyasından söz açır. Müəllif V.Q.Belinskiyə əsaslanaraq ədəbiyyatda belə bir yaradıcılıq ənənəsinin mövcud olduğunu - şeirlə yaranmış nəsr ədəbi tipinin işləndiyini xatırladır və ədibin həmin ənənədən yuxarıda deyildiyi kimi, bəhrələnərək poeziyadan nəsrə körpü salmasına işarə edir.

Ədibin "Müxbir" şeiri 1929-cu ildə cəmiyyətdə sinfi mübarizənin kəskinləşdiyi, milli məfkurənin başı üzərində "qara buludların" görünməyə başladığı bir dövrdə yazılmışdır. Aqil Hacıyev mülahizəsində tamamilə haqlıdır ki, müəllif bu şeirdə "yeni dövrün gündəlik həyatından söz açır" və "Müxbir" "müəllifin artıq şairlərin sırasını tərk edərək nasirlər sırasına qoşulmaqda qərarlı olduğu" dövrdə qələmə alınmışdır. Şeirə diqqət yetirdikdə artıq burada müəllifin heç bir məcazi ifadəsinə, mətnaltı eyhamlarına rast gəlmək mümkün deyildir. Dörd bəndlik "Müxbir" şeirində cəmiyyətdə ideoloji mövqeyini möhkəmlətməkdə olan müxbirin artıq "Sosializm elinin gözətçisi" olması öz aydın poetik ifadəsini tapmışdır. Bununla belə, "sosializm elinin" bu gözətçisinə yaradıcılığında məcaz, kinayə, eyhamlardan məharətlə istifadə edən Mir Cəlalın münasibəti pozitiv deyildir, neqativdir. Çünki Mir Cəlal bu dövrdə yaradıcı insanların, xüsusilə, şairlərin başı üzərində əsən "qara yelləri" hiss edirdi. Özünü "keşikçi müxbirlərin hədəfinə tuş etməmək üçün bizcə artıq öz məfkurə görüşlərini daha etibarlı ədəbi yaradıcılıq sahəsi olan nəsrdə ifadə etməkdə qərarlı olduğundan poeziyadan uzaqlaşmağa başlamışdı.

Professor Aqil Hacıyev "Poeziyadan nəsrə (Mir Cəlal nəsrinin poetik əsasları)" kitabı ilə Azərbaycan sovet poeziyasının yaranma və formalaşma mərhələsində özünəməxsus yeri olan bir sənətkarın yaradıcılığını iki istiqamətdə dəyərləndirməyin vacibliyini gündəmə gətirmişdir. Onlardan birincisi təbii ki, Mir Cəlalın şeir yaradıcılığını tam formatda toplayıb daha təfərrüatlı tədqiqata cəlb etmək zərurətidir. Unutmaq olmaz ki, Mir Cəlal xatirələrində yazır ki, "Zərbəçi marşı"na qədər bir neçə şeir qaralayıb mətbuata göndərmişdim. Məlumdur ki, ədib burada özünəməxsus təvazökarlıq göstərir. Mir Cəlal mətbuata zəif, ideyasız "qaralama" şeir göndərməzdi. Digər tərəfdən, başqa bir faktı da xatırlatmaq yerinə düşərdi. Bir vaxtlar bu sətirlərin müəllifini Mir Cəlal müəllim 1978-ci ildə keçirilməsi nəzərdə tutulmuş 70 illiyi ilə bağlı nəşrə hazırlanacaq 6 cildlik seçilmiş əsərlərinin plan-prospekti ilə tanış etmişdi. Bu layihədə çoxcildliyin birinci cildinin ədibin şeirləri, oçerkləri və məqalələri əsasında tərtibi nəzərdə tutulmuşdu. Ədibin özünün dediyinə görə, onun lirik şeirləri "...o dövrün yeni şeirinin yaxşı nümunələri idi. Bir qismi siyasi mövzuda, əllidən artığı isə lirik səpgidə olmuş, qadın azadlığı, qadın hüququ məsələlərini əhatə etmişdir". Onların içərisində sevgi şeirləri də olmuşdur, bir çoxu yandırılan kitablarda, qəzet və jurnallarda məhv olub getmiş, müəyyən qismi isə "...qovluqlarda yatıb qalmışdır". Ədib özünün dediyi kimi, "...onların ələ gələnini" tapıb birinci cildə daxil etməyi nəzərdə tutmuşdu. Kitabçanın ikinci mühüm cəhəti isə ədibin şeir yaradıcılığının yeni yaranacaq ədəbiyyatın ideya və məfkurə istiqaməti ilə bağlı görüşlərini əks etdirməsidir. Aqil Hacıyev müəllifin 20-ci illər dövrü şeirlərini bir yerə toplayıb nəşr etməklə nə qədər böyük iş görülmüşdürsə, onların ilkin variantlarını bərpa etmək, sənətkarlıq xüsusiyyətlərini, müəllifin fərqli üslubla-arasındakı keçidin aktuallığını açıqlamaq baxımından da ədəbiyyatşünaslığa dəyərli xidmət göstərmişdir. Eyni zamanda, burada toplanan poetik nümunələr V.Mayakovski poeziyasından təsirlənib, şeirə gələn başqa həmkarları və müasirləri kimi Mir Cəlala da ədəbiyyatda sənət və sənətkarlıq məsələlərinə dərindən yiyələnməkdə öz təsirini göstərmişdir. Lakin bu təsir ədibin ədəbiyyatda məfkurə və milli ənənələrə baxışı məsələlərinə ehtimal ki, nüfuz edə bilməmişdir. Bizcə istər "Şimaldan səs", "Dənizin cinayəti", istərsə də "Anamın vəsiyyəti" şeirlərində inqilabın təntənəsinə yönələn alqışlardan daha çox Şimaldan gələn səsin vahiməsi, beşiyində boğulan demokratik hərəkatın fədakar xadimlərinin "dənizlərə qərq edilərkən" ucalan fəryad və nalələri, onların müstəqilliyin gələcək təntənəsinə olan böyük ümid dolu kədərli harayları daha aydın eşidilir.

Mir Cəlalın şeir yaradıcılığında özünü göstərən bütün bu kimi qabaqcıl demokratik dəyərlər, maarifçilik və məfkurə idealları yeni dövr şeirimizin başlanğıc mərhələsində bütün əlvanlığı ilə bərq vurur, milli dəyərlərə və kökə qayıdışa çağıran ədibin Azərbaycan ədəbiyyatının yeni manifesti kimi bütün gücü və qüdrəti ilə səslənir. Bu manifesti vərəqləmək, yeni ədəbiyyatın gələcək taleyi barədə gənc ədibin düşüncələrini açıqlamaq isə günümüz üçün çox vacibdir.

Təsadüfi deyil ki, şeir yaradıcılığında öz ədəbi manifestini irəli sürən, onu həyata keçirmək üçün poeziyadan nəsrə keçən Mir Cəlal sonralar yeni ədəbiyyatın silsilə klassik hekayələrini, "Dirilən adam", "Şəfəqdən qalxanlar", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" kimi ölməz ədəbi əsərlərini, milli məfkurə yolunu işıqlandıran "Füzuli sənətkarlığı", "Ədəbi məktəblər" kimi sanballı tədqiqatlarını, Səməd Vurğunun "Komsomol poeması"na hücumların kəskinləşdiyi vaxtda bu gun də aktuallığını itirməyən "Yeni şeirin manifesti"ni yazdı.

Şübhəsiz ki, Mir Cəlalın ədəbi manifesti - müstəqilliyimizin bərpa edilib möhkəmləndiyi indiki mərhələdə yaranmaqda olan ən yeni ədəbiyyatımızın ideya və məfkurə mövqelərinin müəyyənləşdirilməsində bu gün də dəyərli örnəklərdəndir.

 

 

Azad NƏBİYEV,

professor

 

Azərbaycan.- 2011.- 2 aprel.- S.10.