Əzablı həyatın şahidi

 

Yeni nəşrlər

 

Prezident təqaüdçüsü, şair Cavad Cavadlının yeni kitabı "Sürgün" adlanır. Akademik İsa Həbibbəyli ön söz əvəzi kitaba yazdığı "Vətənin əbədi harayı"nda bildirir: "C.Cavadlı əsrin bəlalarını amansız tənqid edən kəskin tənqidi yazıları, felyetonları ilə haqqı tapdalananların haqqının özünə qaytarılmasında, ədalətin bərqərar olmasında çox iş görmüş, bununla da, sonsuz oxucu, müəllim rəğbətini qazanmışdır".

Onun uşaqlıq illəri ötən əsrin 37-ci il dəhşətləri içərisində keçmiş, həyatın ən ağrılı günlərini yaşamışdı. Sürgün mövzusuna o, məhdud fərdi anlamda yanaşmamış, təsvir və tərənnüm etdiyi hadisələri xalqın, millətin tarixi taleyinin bədii publisist inikası kimi yazmağı bacarmışdır. "Sürgün" kitabı, ilk növbədə, milli tarixi özünüdərk proseslərini dərinləşdirməyə xidmət edir. Bu nəşrin əsasını "Qazaxıstan kitabı" adlı mənzum roman, poemalar, şeirlər silsiləsi təşkil edir. Şair qələmə aldığı əsərlərdə məşəqqətli həyata məhkum edilmiş ailənin kim olduğunu, onun cəza ilə günahının müqayisəsini ədəbi dildə dəyərləndirmişdir. Cavad Cavadlıya görə, 37-ci ilin ataları zindanda nahaq çürüsələr də, onlar haqqın əyilməz heykəlləridir. Ərlərini və oğullarını torpaq uğrunda itirən anaların iztirabları, sürgünlərdə çürüyən qadınların faciələri daha dərin və amansızdır. Kitabın mühüm əhəmiyyətindən biri də ondadır ki, şair kiçik yaşlarında yaşadığı haqsızlığı, günahsız insanların kəşməkəşli, əzablı həyatını gözləri ilə görüb, ağrı ilə qələmə almışdı. Şairin bu tipli əsərləri vaxtilə repressiyaların əziyyətini çəkmişlərin, sürgündə yaşayan insanların acı taleyini real və aydın şəkildə gələcək nəsillərə çatdırmaqda böyük rol oynayır.

 

 

Azərbaycan.- 2011.- 2 aprel.- S. 10.