Ulu dağlar bizi gözləyir

 

Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar… Mən buna əminəm.

 

Heydər ƏLİYEV

 

İcra hakimiyyətinə çoxlu məktublar, müraciətlər gəlir. Məcburi köçkünlərimiz qanunsuz mitinqlər təşkil etmək haqqında radikal müxalifətin çağırışlarını qətiyyətlə pisləyirlər. Şəhid atası İbrahim Sadıqovun, Qarabağ əlili Səməd Quliyevin, el ağsaqqalı Eyyub Cabbarovun, müharibə veteranı Fərhad Muxtarovun və başqalarının imzaladıqları məktubda deyilir: "Azərbaycanın sürətlə inkişaf etdiyi bir dövrdə radikal müxalifətin pozuculuq əməlləri bizi ciddi narahat edir. Ərəb ölkələrindəki olaylardan ruhlanan və xarici havadarlarından dəstək alan bəzi qüvvələr gəncləri yanlış yola dəvət edirlər. Özü də alçaqlığa bir baxın, mitinqi bizim cənnətməkan Kəlbəcərin işğalı gününə, yəni, aprelin 2-nə təyin ediblər. Biz onların bu bəd əməllərini qətiyyətlə pisləyir və ar olsun, deyirik".

Bu, minlərlə kəlbəcərlinin fikiridir. Hamı yaxşı bilir ki, qartallar yuvası Kəlbəcər məhz AXC-Müsavat cütlüyünün xəyanəti, xainliyi ucbatından erməni tapdağına çevrilib. O zaman iqtidarda olanların başı vəzifə bölgüsünə, hakimiyyət davasına qarışmış, yurdumuzun qala qapısı sahibsiz qalmışdı. Sanki bilərəkdən bütün qapılar düşmənin üzünə açılmışdı.

1988-ci ildən 1992-ci ilə qədər ağır mühasirə şəraitinə dözərək öz oğul və qızlarının hünəri ilə düşmənə layiqli cavab verən Kəlbəcər son anda tamamilə tərksilah edilmişdi. Dağlar diyarının oğulları əliyalın qalmışdı. Bu, azmış kimi, rəsmi silahlı hissələr də xüsusi tapşırıqla sərhəd zonalarından çıxarılmışdı.

Sonralar bəlli oldu ki, Kəlbəcərin müdafiəsi barədə buradakı hərbi hissəyə heç bir tapşırıq verilməmiş və bu sahədə ona lazımi kömək göstərilməmişdi.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni yaraqlıları Ağdabana hücum edərək aşıq Şəmşirin vətənini yandırdılar. 32 nəfər mülki və hərbi şəxs qətlə yetirildi, 7 nəfəri diri-diri ocağa atdılar, 5 nəfər girov götürüldü, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi.

Kəlbəcərlilər həyəcan təbili çaldılar ki, yatmış rəhbərlər oyansınlar, oyanmadılar. Əksinə, qeyrətli oğullar cəbhə bölgəsindən uzaqlaşdırıldı. Onların yerinə səriştəsiz, səviyyəsiz adamları gətirdilər. Əhalinin təşəbbüsü ilə yaranmış könüllü batalyonlar ləğv edildi, düşmənin yolu üstündə olan bir sıra sahələr minalardan təmizləndi. Elə bil, kimsə qəsdən düşmənə yol açırdı. Nizam-intizam, qayda-qanun pozuldu, sərhəd zastavaları, müdafiə mövqeləri unuduldu, xaosa, dərəbəyliyə meydan açıldı, sözün əsl mənasında, hərc-mərclik başlandı.

Düşmənə də elə bu, lazım idi. Fevral ayının sonlarında yaraqlı-yasaqlı erməni-rus birləşmələri iki istiqamətdən hücuma keçdilər. Vəziyyət gərgin idi. Silah yox, sahib yox, müdafiə edən, yol göstərən yox. Mühasirə halqası getdikcə daralsa da, respublika Müdafiə Nazirliyi yalnız martın 15-də müdafiəni möhkəmlətmək barədə başdansovdu əmr verdi. Ozamankı digər qərar və göstərişləri kimi bu "dişsiz" əmr də icrasız qaldı.

1993-cü il mart ayının 27-də ermənilər Ağdabana ikinci dəfə od vurdular. Dinc əhali min bir zillətə düşdü. Daha dözmək, tab gətirmək olmurdu. Respublika hökumətinin köməyindən əli üzülən əhali martın 31-də rayonu tərk etməyə başladı. Aprel ayının 2-də Kəlbəcər rayonu erməni quldurları tərəfindən işğal edildi.

Həmin faciəli günlərdə yüzlərlə şəhid verildi, 231 nəfər itkin düşdü, 130 yaşayış məntəqəsi, dünya şöhrətli "İstisu" sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti darmadağın edildi, 100 min baş mal-qara, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 milyon ABŞ dolları dəyərində maddi ziyan dəydi.

Kəlbəcərin işğalı Azərbaycana böyük fəlakətlər gətirdi. Strateji mövqelər, hərbi üstünlüklər ermənilərin tərəfinə keçdi. Bununla da, Ağdamın, Zəngilanın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açıldı. Bu, Qarabağın iflası demək idi.

Rayonumuzun strateji mövqeyi çox əlverişli, əhalisi mərd, mübariz! Vaxtında tədbir görülsəydi, Kəlbəcəri qoruyub saxlamaq olardı. 1996-cı il aprelin 1-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə ulu öndər Heydər Əliyev demişdir: "...Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək sadəcə olaraq mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildən hücum etmiş, Kəlbəcər isə 1993-cü ilin mart ayının sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən bütünlükdə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etməyiblər".

Yurdsuz, yuvasız kəlbəcərlilər respublikanın onlarca rayonuna səpələndilər. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər sahədə və hər yerdə məcburi köçkünlərə qayğı və diqqət göstərilməsi üçün konkret tədbirlər görülməyə başlandı. Kəlbəcərlilər həmişə, hər yerdə dövlətin qayğı və diqqətini görür, bütün hüquqlardan normal qaydada istifadə edir, təhsil alır, işləyir, öz adət-ənənələrini yaşadırlar.

Ulu öndər Heydər Əliyev tərəfindən qaynaqlanan məcburi köçkünlərə qayğı proqramı bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar kəlbəcərlilər də xeyli işlər görüblər. Goranboy, Göygöl, Yevlax və Şəki rayonlarında fin tipli evlərdə, məktəblərdə və digər uyğunlaşdırılmış yerlərdə məskunlaşmış yüzlərlə ailə üçün hər cür şəraiti olan qəsəbələr salınır, Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli qərarı ilə Göygöl rayonundakı üzümçülük təsərrüfatında "Murovdağ" qaçqın qəsəbəsinə bitişik ərazidən hər ailəyə həyətyanı sahəsi olan mənzillərin tikilməsi üçün dörd hektar torpaq sahəsi ayrılmışdır.

Ötən il dövlət başçısı İlham Əliyev üç dəfə məcburi köçkünlərlə görüşmüş, ayrı-ayrı obyektlərin açılışında iştirak etmişdir. Əlamətdar haldır ki, bir il ərzində yüzlərlə ailə yeni mənzillərə köçmüşdür.

Bu, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında Prezident İlham Əliyevin 3 oktyabr 2007-ci ildə imzaladığı sərəncamın bəhrəsidir. Hələ 2009-cu ildə həmin sərəncama uyğun olaraq Goranboy rayonunun Veyisli kəndində 596 ailə üçün yeni qəsəbə salınmış və cənab İlham Əliyev həmin qəsəbənin açılış mərasimində iştirak etmişdir.

Keçən il fevral ayının 28-də Qəbələ rayonunda "Turbaza" adlanan ərazidə müvəqqəti məskunlaşmış 133 məcburi köçkün ailəsi üçün Zarağan qəsəbəsində inşa edilmiş 6 çoxmərtəbəli yaşayış evlərinin və 188 yerlik məktəb binasının açılışında Prezident İlham Əliyev Kəlbəcərin məcburi köçkünləri ilə görüşüb söhbət etmişdir.

Noyabr ayının 10-da isə dövlət başçısı və Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Yevlax şəhərində Kəlbəcərin məcburi köçkünləri üçün salınmış qəsəbəyə gəldilər. Orada 612 məcburi köçkün ailəsi üçün 10 çoxmərtəbəli yaşayış evi, 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, habelə, mədəniyyət evi və digər sosial obyektlər inşa olunmuşdur.

Dövlət başçısının dediyi kimi, bütün bunlar yalnız müvəqqəti yaşayış üçün nəzərdə tutulub. Ulu dağlar bizi gözləyir, heç şübhəsiz ki, işğal altında olan torpaqlar azad ediləcək və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar.

Prezident İlham Əliyev, öncə, məsələni sülh yolu ilə həll etmək istəyir. Əgər düşmən sülhə gəlməsə, hər bir kəlbəcərli döyüşə tam hazırdır və Ali Baş Komandanın əmrini gözləyir. Nə yolla olursa-olsun, haqq öz yerini tapmalıdır. Dövlətin yeritdiyi müdrik siyasətə arxalanan məcburi köçkünlər qəlbən inanırlar ki, yaxın vaxtlarda hökmən doğma ata-baba torpaqlarına, o diyara qayıdacaqlar.

 

 

Vidadi MƏHƏRRƏMOV,

Kəlbəcər Rayon İcra

Hakimiyyətinin başçısı

 

Azərbaycan.- 2011.- 2 aprel.- S. 11.