Soyqırımı qurbanlarının xatirəsi uca tutulur

 

31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Bərdə rayon ictimaiyyəti geniş tərkibdə mərasim keçirmişdir. Mərasim iştirakçıları öncə, Şəhidlər xiyabanını ziyarət etmiş, Qarabağ savaşında ermənilər tərəfindən qətlə yetirilmiş şəhidlərin məzarı üstünə qərənfillər düzmüşlər. Soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur.

Şəhər mədəniyyət evində keçirilən mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev geniş məruzə etmiş, erməni ekstremizminin törətdiyi faciələrdən, azərbaycanlıların zaman-zaman məruz qaldıqları soyqırımından, sovet imperiyası tərəfindən mütxəlif illərdə soydaşlarımızın öz ata-baba yurdlarından deportasiya edilməsindən ətraflı söz açmışdır. Ermənilərin xalqımıza qarşı törətdiyi faciələrə yalnız ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə əsl hüquqi-siyasi qiymət verildiyini vurğulayan natiq mərasim iştirakçılarını əmin etmişdir ki, respbulika Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində işğal altındakı torpaqlarımız tezliklə azad ediləcəkdir.

Mərasimdə Yenidaşkənd kənd orta məktəbinin müəllimi Ələddin Balıyev, 8 saylı şəhər orta məktəbin tarix müəllimi Cəmilə Nəcəfova, şair Telman Hüseynov çıxış etmişlər.

 

 

Azərbaycan.- 2011.- 2 aprel.- S. 11.