Xalqa layiqli xidmət
Prezident İlham Əliyev bu
missiyası ilə Azərbaycan vətəndaşlarının
alternativsiz etimad və ümid ünvanıdır
Müasir Azərbaycanın əsas xarakterik xüsusiyyətlərindən olan sürətli inkişafın ən mühüm cəhətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın, ailənin həyatında da öz əksini tapmasıdır. Bu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqsədlərindən biri kimi çıxış edir. Elə bunun nəticəsidir ki, son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlib, insanların maddi gəlirləri mütəmadi artıb. Göstərilən sosial və digər xidmətlər müsbət istiqamətdə əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalıb. Təsadüfi deyil ki, BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında Azərbaycan bu göstərici üzrə dünyada böyük müvəffəqiyyətlərə imza atmış dövlətlərdən biri kimi təqdim edilir. Həmçinin ölkəmiz insan inkişafı indeksi üzrə MDB məkanındakı ölkələr arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur.
Xalq və iqtidar arasında daim güclənən birlik
Bütün bunlar Azərbaycan
Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin
uğurlu nəticələrini konkret misallar əsasında təsdiqləyən
mühüm faktorlardır. Lakin Azərbaycan daim irəliyə
baxan, inkişaf etmiş ölkələr sırasına daxil
olmağı qarşıya əsas məqsədlərdən
biri kimi qoyan dövlət olduğundan əldə edilən nəticələrlə
kifayətlənmək niyyətində deyil. Mövcud
olduğu regionda əsas tərəqqi parametrləri üzrə
lider dövlət olan Azərbaycan bu statusunu davamlı olaraq
möhkəmləndirmək, qazandığı nailiyyətlərin
miqyasını daha da genişləndirmək üçün
məqsədyönlü siyasət həyata keçirməkdədir.
Bu mənada ölkəmizin inkişafını daha sürətli
hala gətirəcək konkret sahələri əhatə edən
yeni-yeni proqramların qəbulu, digər zəruri tədbirlərin
görülməsi tamamilə təbii xarakter
daşıyır.
Qeyd edilənlər həm də
20 il öncənin və günümüzün Azərbaycanı
arasında kəskin bir fərqin yaşanmasının göstəricisi
kimi çıxış edir. Dövlət müstəqilliyinin
əldə olunduğu ilk illərdə ağır
sosial-iqtisadi məşəqqətlər, mövcud olan xaos və
anarxiya, bütün sahələr üzrə yaşanan
böhran indi öz yerini sarsılmaz özüllər üzərində
qurulan sabitliyə, dinamik inkişafa, parlaq intibaha verib. Bu həm
də ümummilli lider Heydər Əliyevin inkişaf
strategiyasının nə dərəcədə uğurlu
olduğunun, kifayət qədər dəqiqlik və uzaqgörənliklə
müəyyən edildiyinin bariz göstəricisidir.
İndi yüksək templərlə
müşayiət olunan inkişaf dövrünü yaşayan
Azərbaycanın əldə etdiyi nailiyyətlər,
aparılan daxili və xarici siyasətin gətirdiyi müvəffəqiyyətlər
ölkəmizin beynəlxalq hüquq məkanında öz
müstəqil yeri və mövqeyi olan dövlətə
çevrilməsində də mühüm rol oynayıb. Bu
kontekstdə Azərbaycanın həyata keçirdiyi müstəqil
siyasət milli maraqların qorunmasını təmin edir,
xalqın mənafeyi ilə tam uzlaşır. Elə bunun nəticəsidir
ki, indi Azərbaycan iqtidarı və xalqı arasında
sarsılmaz birlik, monolitlik mövcuddur. Əslində, ölkəmizin
dinamik inkişafının kökündə dayanan əsas məqamlardan
biri elə xalq və iqtidar arasında yaşanan birlik və bu
birliyin kifayət qədər möhkəm zəminə
söykənməsi, əsaslı bazis üzərində
qurulmasıdır. Bu da həm Azərbaycanın tərəqqisinin
qarşıdakı dövr ərzində yenə dinamizmə əsaslanacağını,
həm də ölkənin zamanın tələblərinə,
dövrün çağırışlarına hazır
olacağını özündə şərtləndirməkdədir.
Prezident İlham Əliyev bununla bağlı bildirmişdir:
"Həyat yerində durmur, ölkə qarşısında
yeni vəzifələr çıxır, yeni
çağırışlarla üzləşirik və biz
hazır olmalıyıq. Bunu etmək üçün
güclü iqtisadiyyat və güclü siyasi sistem
olmalıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşması prosesi uğurla gedir, xalqla iqtidar arasında
birlik vardır. Bütün təşəbbüslərimiz
xalq tərəfindən dəstəklənir, əks təqdirdə,
biz bu inkişafa nail ola bilməzdik".
Sosial-iqtisadi inkişaf sahəsində
özünəməxsus uğurlu modelin əsasını
qoymuş Azərbaycan bundan sonra da qət edəcəyi
inkişaf yolunun yenə möhtəşəm uğurlarla
müşayiət olunmasına zəmin yaradacaq uğurlu bir
bazis formalaşdırıb. Təkcə bir faktı qeyd etmək
kifayətdir ki, regional sabitlik və inkişaf amilinə
çevrilən Azərbaycan Cənubi Qafqazda bütün əsas
inkişaf göstəriciləri üzrə nəinki
birinciliyini saxlayır, həm də yeni müfəqqiyyətlər
hesabına onu daha da gücləndirir. Məsələn, bu
gün Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanda
formalaşır və bu göstəricinin perspektivdə daha
yüksək rəqəmlərlə ifadə olunması
istisna edilmir. Çünki təxminən 3 il öncə
region iqtisadiyyatının yalnız 65 faizi Azərbaycanın
payına düşürdü və indi bu göstərici
qeyd olunduğu kimi əhəmiyyətli dərəcədə
artıb. Yaşanan inkişaf isə təkcə sosial-iqtisadi
sferanı əhatə etməyərək ən müxtəlif
sahələri, o cümlədən demokratiyanı, siyasi və
mədəni həyatı, eləcə də digərlərini
özündə ehtiva edir. Həmin kateqoriyalar üzrə də
qazanılan uğurlar baxımından Azərbaycan MDB, Şərqi
Avropa kimi böyük bir coğrafi məkanda liderlər cərgəsində
yer alır.
Prezidentin məmurlardan dəyişməz tələbi
İnkişafın Azərbaycan
modelinin ən qabarıq xüsusiyyətlərindən biri isə
bu tərəqqiyə mane ola biləcək mənfi halların
aradan qaldırılması üçün ən yüksək
səviyyədə siyasi iradənin meydana qoyulmasıdır.
Burada əsas məqsəd xoşagəlməz halların birdəfəlik
ləğvi, eyni zamanda qanunun aliliyi, sosial ədalət
prinsipinin gözlənilməsidir. Qeyd edilənlərə
konkret misal kimi korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizənin yeni mərhələsini göstərmək
mümkündür. Azərbaycanda bu qəbildən olan problemlərin
birdəfəlik həlli cənab İlham Əliyevin həyata
keçirdiyi inkişaf strategiyasının əsas məqsədidir.
Ölkə Prezidenti bu istiqamətdə konkret addımlar
atmaqla bərabər, bütün vətəndaşların
problemlərin həllinə öz töhfəsini verməsini
istəyir.
Bu məqsədlə dövlət
başçısı sadə vətəndaşlarla
görüşündə bu və digər qəbildən
olan problemlərlə üzləşən şəxsləri
birbaşa ona, digər müvafiq rəsmi qurumlara müraciət
etməyə səsləyir. Özü də bu gün hər
bir şəxsin Azərbaycan Prezidentinə müraciət etməsi
olduqca asan və sadədir. Yəni istənilən şəxs
dövlət başçısının elektron
ünvanına öz istək və arzularını, problemlərini
çatdıra bilir. Eləcə də başqa formalardan
istifadə etməklə dövlət başçısı
ilə təmaslar yaratmaq mümkündür. Prezident İlham Əliyevin
hər hansı problemi olan şəxsi birbaşa ona və digər
aidiyyəti qurumlara müraciət etməyə dəvət
etməsi bir daha dövlət başçısının sadə
vətəndaşın yanında olduğunu, onun səsini hər
zaman eşitdiyini aydın nümayiş etdirir. Nizami rayonunun
Keşlə qəsəbə sakinləri ilə
görüşündə Prezident İlham Əliyev qeyd edilən
məqamla bağlı bildirir: "Mən dəfələrlə
müraciət etmişəm, bir də müraciət etmək
istəyirəm. Harada ki, işlər yaxşı getmir,
qüsurlar, çatışmayan cəhətlər vardır,
məlumat verin, məktub göndərin. İndi elektron
poçt vardır. Məktubla müraciət edin. Biz bilməliyik.
İndi korrupsiyaya qarşı qurumda "qaynar xətt"
yaradılıbdır. Zənglər, müraciətlər gəlir.
Onlara operativ şəkildə münasibət bildirilir, məsələlər
araşdırılır, cəza tədbirləri
görülür. Biz bütün xoşagəlməz
halları Azərbaycanda aradan götürməliyik. Sosial ədalət
prinsipləri tam bərqərar olunmalıdır.
İnsanların yaşaması, işləməsi
üçün bütün şərait olmalıdır və
biz bunu etmək üçün
çalışırıq".
Bu gün sadə vətəndaşın
qayğıları ilə yaşayan, onu duyan və həlli
istiqamətində konrket addımlar atan ölkə Prezidenti
bununla həm də insanlar tərəfindən
alqışlanaraq təqdir olunan gözəl bir nümunəyə
hər zamankı sadiqliyini nümayiş etdirir. Vətəndaş
görürür ki, onun səsini daim eşidəcək,
hüquqlarını müdafiə edəcək Prezidenti var. Cənab
İlham Əliyevin əsas məqsədlərindən biri
tutduğu vəzifədən asılı olmayaraq hər bir
dövlət məmurunun eyni nümunə sərgiləməsi,
vətəndaşa həssas münasibət, insanlara
qayğı göstərməsidir. Məhz bu səbəbdən
dövlət başçısı xüsusi olaraq vurğulayır
ki, bütün vəzifəli şəxslər, məmurlar vətəndaşlara
ləyaqətlə xidmət etməli, onlara kömək
göstərməli, qayğıları ilə
yaşamalıdırlar. Sözügedən prinsip cənab
İlham Əliyevin dövlət başçısı
seçildiyi ilk gündən özünü aydın göstərir.
Bu gün də cənab İlham Əliyevin məmurlardan dəyişməz
tələbi bütün vəzifəli şəxslərin
xalqa ləyaqətlə və layiqli şəkildə xidmət
göstərməsi, insanların qayğılarını hiss
etmələri, mövcud problemlərinin həlli istiqamətində
müvafiq addımlar atmalarıdır.
Prezident problemləri vətəndaşdan birbaşa
öyrənir
Hər bir azərbaycanlının
Prezidenti olaraq cənab İlham Əliyev paytaxtda, eləcə
də ölkənin müxtəlif bölgələrində
insanlarla təmasa daim xüsusi önəm verir. Bu zaman
dövlət başçısını maraqlandıran əsas
məsələlərdən biri vətəndaşın
ölkədə yaşanan inkişafa, müxtəlif hadisələrə
münasibətidir. Bununla yanaşı, bu səpkili
görüşlərdə sadə insanların hansı
problemlərlə üzləşməsi də dövlət
başçısını daim yaxından
maraqlandırır. Belə problemlər olduğu təqdirdə
onun elə yerindəcə həllinə dair Prezident tərəfindən
müvafiq göstərişlərin verilməsi artıq
xoş bir ənənə halını alıb. Elə cənab
İlham Əliyevin son günlərdə Bakıətrafı
qəsəbələrdə keçirdiyi görüşləri
xatırlatmaq kifayətdir. Buna dair nə qədər konkret
misallar gətirmək mümkündür.
15 min əhalinin
yaşadığı Əhmədli qəsəbəsinin
sakinləri ilə görüşündə də Prezident
İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən
biri sakinlərin hansı problemlərlə üzləşmələri
oldu. Sakinlər dövlət başçısına qəsəbə
küçələrinin işıqlandırılması,
yeni xəstəxanaya, kitabxanaya ehtiyac duymaları barədə
məlumat verdilər. Vəziyyətlə yerində
Eləcə də digər
Bakıətrafı qəsəbələrdə yaşanan
problemlərin həlli istiqamətində artıq dövlət
başçısı tərəfindən müvafiq göstərişlər
verilib. Məsələn, Keşlə qəsəbəsində
640 şagirdlik yeni ümumtəhsil məktəbi
binasının tikintisi üçün Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Nizami Rayon İcra Hakimiyyətinə
2 milyon manat, Bülbülə qəsəbəsində 640
şagirdlik yeni ümumtəhsil məktəbi binasının
tikintisi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə
eyni miqdarda vəsait ayrılmasına dair Prezident İlham Əliyev
tərəfindən müvafiq sərəncamlar verilib. Qeyd edilənlər
dövlət başçısının vətəndaşlar
tərəfindən qaldırılan problemlərə nə dərəcədə
həssaslıqla yanaşmasının daha bir real göstəricisidir.
Prezident İlham Əliyev
Suraxanı rayonunun Bülbülə kəndində olarkən
qəsəbə sakinlərinin əsas istəklərindən
biri Bakı-Aeroport yolu çəkilərkən "Komsomol
dairəsi" adlandırılan yerdən Bülbüləyə
girən və Əmircandan çıxan yolun kəsilməsi
ilə bağlı oldu. Yaranan vəziyyətdə
bütün avtobuslar, yük və minik maşınları
Bakı-Aeroport yoluna çıxmaq üçün
Bülbülənin daxili yollarından keçmək məcburiyyətindədir.
Problem barədə Bülbülə sakinləri tərəfindən
Prezidentə məlumat verildikdən sonra dövlət
başçısı məsələnin həlli
üçün çəkiləcək yeni yolun keçəcəyi
əraziyə, qəsəbədaxili vəziyyətə yerindəcə
şəxsən diqqət yetirdi. Artıq Bülbülə
sakinləri yaxşı bilirlər ki, üzləşdikləri
bu problem yaxın vaxtlarda öz həllini tapacaq.
Bununla yanaşı, Bakıətrafı
qəsəbələrin yollarının abadlaşdırılması,
su və kanalizasiya xətlərinin yenidən çəkilməsi,
bərpası, işıq dirəklərinin
quraşdırılması da belə yaşayış məskənlərinin
daha da müasirləşməsinə, gözəlləşməsinə
səbəb olur.
Prezident əhalinin su borclarını da siləcək
Bu gün dövlətin
sosial siyasətinin əsas istiqamətləri vətəndaşların
Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş
hüquq və azadlıqlarının təmin edilməsinə,
aztəminatlı insanların sosial müdafiəsinin təşkil
edilməsinə yönəlib. Həmçinin sosial yardım
sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsi
və cəmiyyətdə mövcud olan sosial münasibətlərin
tənzimlənməsi də sosial siyasətin əsas məqsədləri
sırasında yer alır. Ölkəmizdə
formalaşmış sosial müdafiə modeli artıq dövlət
quruculuğu fəlsəfəsində aparıcı elementlərdən
biri kimi çıxış edir.
Azərbaycan
iqtisadiyyatının inkişaf konsepsiyasının
mühüm tərkib hissəsi olan sosial siyasət Prezident
İlham Əliyevin daim xüsusi diqqət mərkəzindədir.
Bu mənada təsadüfi deyil ki, dövlət
başçısının imzaladığı sərəncam
və fərmanlarda, təsdiq etdiyi sənədlərdə
çoxlu sayda yeni iş yerlərinin açılmasına
şərait yaradılması, sahibkarlığın
inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin,
keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli
dərəcədə artırılması, yoxsulluğun
azaldılması kimi vəzifələr daim yer alır. Əsas
məqsəd isə cəmiyyətin və ayrılıqda hər
bir vətəndaşın rifahının yüksəldilməsi,
onların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin
təmin olunması, şəxsiyyətin azad inkişafı
üçün bərabər imkanların
yaradılmasıdır.
Dövlət
başçısı tərəfindən əhalinin sosial
maraqlarına hesablanan və əsas etibarı ilə aztəminatlı
insanların rifahını
yaxşılaşdırmağı özündə ehtiva edən
müxtəlif sərəncamlar, fərmanlar, eləcə də
digər sənədlər sosial təminat sahəsində
böyük əhəmiyyətə malikdir. Buna misal olaraq
"Əhalinin təbii qazdan istifadəsi üzrə
yaranmış borclarının silinməsi tədbirləri
barədə" Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il
tarixli fərmanını göstərmək olar. Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi və istehlak
edilmiş təbii qazın dəyərinin ödənilməsində
yaranmış vəziyyətin tənzimlənməsi məqsədi
ilə dövlət başçısının qərarına
əsasən, əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz"
İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində
borcları silinib. Əhalinin borclarının silinməsi ilə
əlaqədar Azərbaycan Respublikasının Dövlət
Neft Şirkətinə silinmiş borcların məbləği
həcmində Azərbaycan Respublikasının 2009-cu il
dövlət büdcəsindən təzminat verilib.
İndi isə əhalinin su
borclarının silinməsi istiqamətində müvafiq
addımların atılması üçün Prezident tərəfindən
Nazirlər Kabinetinə müvafiq göstəriş verilməsi
insanlar tərəfindən təqdir olunur. Prezident İlham Əliyev
Zabrat qəsəbəsinin 7500-dən artıq sakininin məskunlaşdığı
"Teplitsa" adlandırılan yaşayış sahəsində
olarkən bununla bağlı bildirib: "İçməli su
ilə bağlı keçmişdən
yığılmış borclar vardır. Mən bilirəm
ki, o borcların ödənilməsində müəyyən
problemlər vardır. Çünki bəzi hallarda o borclar
düzgün hesablanmayıb və əhaliyə tətbiq
olunan cərimələr də bəzi hallarda əsassızdır.
Ona görə mən Nazirlər Kabinetinə göstəriş
vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki
dövrdə yaranmış borcları silək".
Bütün bunlar bir daha
Prezidentin əhalinin sosial durumuna nə dərəcədə
həssas yanaşdığının real göstəricisi
kimi çıxış edir.
Prezident: mən xalqın xidmətçisiyəm
Vətəndaşların
istək və arzularına, problemlərinə yüksək
diqqətlə yanaşan Azərbaycanın dövlət
başçısının sadə insanlarla qurduğu
münasibətlər sözün həqiqi mənasında
gözəl bir nümunədir. Hər dəfə dövlət
başçısı ilə görüşən insanlarda
belə bir əminlik daha da dərinləşir ki, onlar
seçimlərində nə qədər düzgün bir
mövqe tutublar. Çünki bu gün Azərbaycanı daha
sürətli inkişafa və işıqlı gələcəyə
aparan yeganə, alternativsiz qüvvə məhz cənab
İlham Əliyev hakimiyyətidir.
Daim xalqın xidmətində
olan dövlət başçısı hər zaman elə
lideri olduğu xalqa arxalandığını böyük
qürur hissi ilə bəyan edir. Nizami rayonunun Keşlə qəsəbəsində
sakinlərlə görüşən Prezident İlham Əliyev
bir daha bu məsələyə toxunaraq bildirmişdir: "Mənim
işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu
da edirəm və bundan sonra da edəcəyəm. Bütün
işlərimdə mən xalqa arxalanıram. Yəni, əgər
təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi,
bütün bu işləri görmək mümkün
olmazdı".
Bu gün həqiqətən də Azərbaycan xalqı və onun lideri arasında sıx və daim güclənən birlik mövcuddur. Qeyd olunduğu kimi, məhz bu birlik Azərbaycanın sürətli inkişafını şərtləndirən əsas amillərdən biridir. Günümüzün Azərbaycanında yaşanan sürətli sosial-iqtisadi inkişaf isə bilavasitə əhalinin maddi rifah halının yüksəlməsində öz əksini tapır. Həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar, maliyyə vəziyyətinin sabitləşməsi, iqtisadiyyata cəlb olunan investisiyaların həcminin ildən-ilə artması isə inkişaf prosesini sürətləndirən önəmli faktorlar kimi çıxış edir. Bununla yanaşı, Azərbaycanda iqtisadi və siyasi, demokratik inkişaf paralel şəkildə həyata keçirilir və son nəticə olaraq ölkənin tərəqqisi kompleks xarakter alır. Belə vəziyyət Azərbaycanın bir dövlət, cəmiyyət olaraq daha sürətli inkişafını təmin edən əsas məqamlardan biri kimi çıxış edir və azad vətəndaş - güclü dövlət konseptinin uğurla reallaşdığını göstərir.
Ölkə hakimiyyətinin, onun həyata keçirdiyi inkişaf strategiyasının xalq tərəfindən tam dəstəklənməsi isə Azərbaycanın bundan sonra da daha böyük nailiyyətlərə imza atacağını, yeni uğurların müəllifi kimi çıxış edəcəyini qətiyyətlə deməyə əsas verir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-3 aprel.- S. 2.