Kəlbəcərdən olan məcburi köçkünlər
BMT-yə müraciət
etmişlər
Kəlbəcər rayonunun işğalından 18 il ötür. Azərbaycanın müxtəlif rayonlarında məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət etmişlər.
Müraciətdə deyilir: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1993-cü ilin aprelində biz ata-baba torpaqlarımız olan Kəlbəcərdən köçkün düşmüşük. Rayonun 73 min əhalisi məcburi köçkün kimi Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşmışdır.
1993-cü ildə BMT TŞ Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul etsə də, indiyədək bu qətnamələr kağız üzərində qalmışdır. Halbuki, BMT TŞ-nin Liviya ilə bağlı qəbul etdiyi haqlı qətnamənin mürəkkəbi qurumamış hərbi əməliyyatlara başlanılmışdır. Hesab edirik ki, kainatın övladları kimi bizim də Yer üzərində yaşamaq hüququmuz vardır. Sizə müraciət etməkdə məqsədimiz Ermənistan tərəfindən pozulmuş insan hüquqlarının bərpasına yardımçı olmağınızı xahiş etməkdir. Axı, Ermənistanın işğalçılığı siyasəti nəticəsində bizim bütün hüquqlarımız pozulmuşdur.
Bu yaxınlarda ATƏT-in Faktaraşdırıcı
Missiyası Kəlbəcərdə
süni şəkildə
ermənilərin məskunlaşdırılması
barədə məlumat
yaymışdır. Bildirilir ki,
Kəlbəcər işğal
olunana qədər burada bir nəfər
də olsun erməni yaşamamışdır.
Ümumbəşəri dəyərləri
hər şeydən üstün tutan bir nüfuzlu qurum kimi, Sizdən
xahiş edirik ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının
boşaldılması
ilə bağlı
BMT TŞ-nin 1993-cü ildə
qəbul etdiyi 822, 853,
874, 884 saylı qətnamələri
gerçəkləşdirəsiniz. Biz öz haqqımızın
özümüzə qaytarılmasını
istəyirik. Biz Ermənistanın işğalçılıq
siyasətinin dayandırılmasını
tələb edirik. Biz öz ata-baba
torpaqlarımıza qayıtmaq
istəyirik".
Azərbaycan.- 2011.- 3 aprel.- S. 3.