Vaşinqtonda "Azərbaycan İrsi Həftəliyi" uğurla başa çatmışdır

 

ABŞ-ın Qarabağ Fondunun təşəbbüsü ilə keçirilən Vaşinqtonda "Azərbaycan irsi həftəliyi" uğurla başa çatmışdır. Həftəlik çərçivəsində şəhərin tarixi Linkoln konsert salonunda Azərbaycan və ümumən türk xalqları mədəniyyətini geniş şəkildə təqdim edən iki konsert olmuşdur. Martın 24-dəki "Azərbaycan ritmləri" konsert proqramında Vaşinqton dinləyiciləri Şərq və Qərb ritmlərinin sintezi ilə tanış olmuşlar.

"Azərcell" şirkətinin baş sponsorluğu ilə keçirilən konsertdə Azərbaycandan gələn iki müxtəlif musiqi janrlarını təmsil edən "Natiq Ritm" və "Rast" qruplarının ifası ayaq üstə alqışlanmışdır. Konsert zamanı ştatın qubernatoru Martin O''''Malli, ştatın Montqomeri dairəsinin başçısı Ayza Legget, Virciniya ştatının Aleksandriya şəhərinin meri Vilyam Yuil, Vaşinqton Şəhər Şurasının sədri Kvame Braun və ABŞ-ın təhsil naziri Arn Dankanın adından Qarabağ Fondunun mədəniyyətlərarası anlaşmanın möhkəmlənməsinə yönələn təşəbbüsünü təqdir edən təbrik məktubları oxunmuşdur.

Martın 28-də isə Linkoln konsert salonunda TÜRKSOY - Beynəlxlaq Türk Mədəniyyət Təşkilatının Novruz bayramı şənliyi keçirilmişdir. TÜRKSOY-un, Vaşinqtonda türkdilli dövlətlərin səfirliklərinin, ABŞ-ın Qarabağ Fondunun, eləcə də ABŞ Azərbaycanlıları Şəbəkəsinin və ABŞ Türkdilli Şəbəkəsinin birgə səyləri nəticəsində amerikalı incəsənətsevərlər səkkiz ölkədən gələn və on türkdilli xalqın zəngin mədəni irsini nümayiş etdirən 140 musiqiçi və rəqs ustalarının ifası ilə tanış olmuşlar. İki saat davam edən konsertdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Ukrayna və Moldovanın incəsənət ustaları ilə yanaşı, Azərbaycanın muğam ifaçıları Gülyanaq Məmmədova və Ehtiram Hüseynov, Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri çıxış etmişlər. TÜRKSOY konserti ABŞ-ın nüfuzlu "Vaşinqton Post" qəzeti, CNBC kanalı və Kolumbiya dairəsinin mədəni həyatından bəhs edən aparıcı internet mənbə "Cultural Toruism DC" tərəfindən işıqlandırılmışdır. "Vaşinqton Post" qəzeti hətta TÜRKSOY konsertini martın 28-də günün seçimi elan etmişdir. Konsert 1200 nəfərdən çox tamaşaçı toplamışdır.

"Azərbaycan irsi həftəliyi"ndə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev AzərTAc-ın müxbirinə demişdir: "TÜRKSOY konserti başlamazdan əvvəl Linkoln salonunun qarşısında əlavə biletlər axtaran uzun növbə düzülmüşdü. Lakin konsert salonunun bütün 1250 yeri dolu idi. Konsertin elanlarında təşkilatçılardan biri kimi ABŞ-ın Qarabağ Fondu və ABŞ Azərbaycanlıları Şəbəkəsinin adının çəkilməsi bizə qürur hissi bağışlayırdı. Hər iki təşkilat Azərbaycan və ümumən türk xalqları mədəniyyətinin bu günlər ərzində Vaşinqtonda geniş şəkildə təmsil olunması üçün böyük səylər göstərmişdir. Bunu Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan da xüsusi vurğulamışdır. TÜRKSOY konsertində Yakutiyadan tutmuş Türkiyəyə qədər təmsil olunan türkdilli mədəniyyətlərin arasında Azərbaycanın zəngin və rəngarəng incəsənəti seçilirdi. Bunu ifaçılarımızı ayaq üstə alqışlayan amerikalı tamaşaçılar da sübut edirdi. Biz Amerikada ilk dəfə belə geniş miqyasda keçirilən Novruz şənliklərinə hələ yanvar ayından hazırlaşırdıq. Nyu-Yorkda, BMT-nin baş qərargahında, Bostonda və Vaşinqtonda təşkil olunan konsert proqramları amerikalıların rəğbətini qazanmışdır. Bu uğurda Amerikada, xüsusilə də Vaşinqtonda və Nyu-Yorkda fəaliyyət göstərən diaspor təşkilatlarının da payı var. Ümumiyyətlə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerikada yaşayan azərbaycanlı və türkdilli seçiciləri öz ətrafında birləşdirməsi səyləri təqdirəlayiqdir. Burada olduğumuz müddətdə biz ABŞ paytaxtında bir sıra siyasi toplantılarda da iştirak edə bilmişdik. Respublikaçılar Partiyasının aparıcı üzvlərinin yığıncağında bir çox Konqres üzvləri bizimlə söhbətdə Azərbaycan mənşəli amerikalıların artan fəallığını qeyd edir, Azərbaycanın ABŞ-a etibarlı strateji tərəfdaş olmasına görə minnətdarlığını bildirirdilər. Ümidvaram, ölkəmiz haqqında həqiqətlərin yayılması istiqamətində birgə işimizi gələcəkdə də davam etdirəcəyik".

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.- 3 aprel.- S. 3.