Azərbaycanda Beynəlxalq meşələr ilinin rəsmi açılışı olmuşdur

 

Beynəlxalq meşələr ilinin Azərbaycanda rəsmi açılışı ilə əlaqədar BMT-nin Bakıdakı nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 2-də Sabunçu dairəsi - Heydər Əliyev Beynəlxalq Nava Limanı magistral avtomobil yolunun və Suraxanı dairəsindən hava limanına gedən yolun kənarında iməcilik təşkil etmişlər.

Meşələrin dünyada 1,6 milyard insanın yaşayışını təmin etməsində, o cümlədən iqlim dəyişikliyinin nəticələrinin qarşısının alınmasında oynadığı mühüm rolu nəzərə alınaraq, BMT-nin Baş Məclisi 2011-ci ili Beynəlxalq meşələr ili elan etmişdir.

AzərTAc xəbər verir ki, iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Mark Hervord, ictimai informasiya departamentinin Bakıdakı nümayəndəsi Envera Selimoviç, Qaçqınlar üzrə Ali Komissarlığın nümayəndəsi Arun Salanqarm, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Vasili Yujanin, QHT-lərin təmsilçiləri iştirak etmişlər.

Nazir H.Bağırov jurnalistlərə bildirmişdir ki, bütövlükdə 10 milyon 50 min kubmetr torpaq gətirilərək 60 hektar bataqlıq sahə qurudulmuş və bunun 39 hektarında zeytun ağacları əkilmişdir. İlin sonunadək bu ərazi tamamilə yaşıllığa bürünəcəkdir. Nazir demişdir ki, respublikamızın ümumi meşə fondu 1213,7 min hektar, o cümlədən meşə ilə örtülü sahə 1021 min hektardır. 261 min hektar meşə fondu Ermənistanın işğal etdiyi rayonların ərazisindədir. Son 15 il ərzində meşəbərpa tədbirlərinin həcmi 2 dəfə artmış, nəticədə meşə ilə örtülü sahələr 11,4 faizdən 11,8 faizə çatdırılmışdır. Azərbaycanda adambaşına 0,12 hektar meşə sahəsi və 14,5 kubmetr oduncaq düşür. Cari ildə 10 min 500 hektar sahədə meşəbərpa tədbirləri görmək, 161 ton toxum tədarük etmək və 30 milyon ədəd əkin materialı yetişdirmək nəzərdə tutulmuşdur.

İməcilikdə 5 hektar ərazidə 4 min zeytun ağacı əkilmişdir.

 

 

Azərbaycan.- 2011.-3 aprel.- S. 5.