Bakıda Qara Qarayev adına IV Beynəlxalq
müasir musiqi festivalı açılmışdır
Aprelin 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir.
Təbdirdə
Mədəniyyət və Turizm Nazirliyinin incəsənət
şöbəsinin müdiri Fərəh Əliyeva
çıxış edərək bildirmişdir ki, Qara
Qarayevin adını daşıyan müasir musiqi festivalı
ilk dəfə Bakıda bəstəkarın vəfatından 4
il sonra, 1986-ci ildə dirijor Rauf Adullayev, bəstəkarlar Qleq
Felzer və Fərəc Qarayevin təşəbbüsü ilə
təşkil edilmişdir. Daha sonra festival 1988-ci və
1990-cı illərdə keçirilmişdir. Bu festivallarda
sovet dövründə səslənməyən əsərlər
ifa edilmiş, müasir musiqinin ən müxtəlif və
qabaqcıl təmayüllərinə yer verilmişdir. 1990-cı ilin dekabrından bəri
bu festival indi - 20 illik fasilədən sonra yenidən bərpa
edilir. Builki festivalın proqramı olduqca zəngindir. Proqrama
elmi konfransın keçirilməsi, dünyanın
tanınmış musiqiçilərinin konsertlərinin təşkili
daxil edilmişdir.
Bildirilmişdir ki,
böyük Azərbaycan bəstəkarı, Sosialist Əməyi
Qəhrəmanı Qara Qarayevin adını daşıyan
festivalda 10-dan çox ölkəni təmsil edən musiqi
qrupları bir həftə ərzində paytaxtımızda
geniş konsert proqramları ilə çıxış edəcəklər.
Konsert proqramlarına Azərbaycanla yanaşı Almaniya, Fransa,
Rusiya və digər ölkələrdən 50-dək bəstəkarın
əsəri daxil edilmişdir. Bu bəstəkarların
sırasında sənətdə ilk addımlarını atan
gənclər də vardır. Festival konsertlərində
yalnız müasir musiqinin səslənməsi əsas məqsəd
kimi qarşıya qoyulmuşdur.
Məlumat verilmişdir ki,
festival bundan sonra iki ildən bir keçiriləcəkdir.
Gecədə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət simfonik Orkestrinin konserti
olmuşdur. Orkestrin bədii rəhbəri və baş dirijoru
Xalq Artisti, professor Rauf Abdullayevdir. Solistləri Nino Jvania
(Gürcüstan) və Aleksandr İvaşkin (Böyük
Britaniya) olan konsertdə Anton Vebernin, Arif Məlikovun, Olivier
Messiaenin, Vladimir Tarnopolskinin və Vitold Lutoslavskinin əsərləri
səsləndirilmişdir.
Festival aprelin 8-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.- 3 aprel.- S. 5.