Məkrli siyasətin qurbanı
dağlar
Qalalar, abidələr, məbədlər
məskəni olan Kəlbəcər işğal olunmaya bilərdi...
18 il öncə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş əzəli-ədəbi yurdlarımızdan biri də Kəlbəcərdir. O Kəlbəcər ki, vaxtilə dünyanın məşhur səyyahlarından biri sayılan Abex onun haqqında belə deyib: "Kim ki Tərtər çayı boyunca Kəlbəcərə və İstisuya getməyib, İsveçrənin gözəlliyinə yalnız o heyran ola bilər". Belə cənnət-məkan diyarın yağılara baş endirməsinə səbəb bir çox amillərdir. Onların hamısı haqqında ətraflı söz açmaq imkanımız olmadığı üçün Kəlbəcərin respublika üçün müxtəlif istiqamətlərdə əhəmiyyətinə qısa da olsa, nəzər salmaq kifayət edər. Ona görə də bir qədər əvvələ qayıdıb, Kəlbəcərin iqtisadi cəhətdən dirçəliş illərinə və hətta dəfələrlə köçürülməsi üçün hazırlanmış məkrli planlara nəzər yetirək.
Ötən əsrin yetmişinci illərində Azərbaycanda başlanmış sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında öz əksini tapmağa başlamışdı. Xüsusilə əvvəllər, elə o dövrün özündə də bəzi dairələrdə perspektivsiz rayon kimi qiymətləndirilən, hətta əhalisinin respublikanın aran ərazilərinə köçürülməsi və yalnız yaylaq məqsədilə istifadə olunması məsləhət bilinən Kəlbəcər üçün bu inkişaf misilsiz əhəmiyyətə malik idi. Çünki hələ 50-ci illərdən ermənilərin, onların Moskva və Bakıdakı havadarlarının, respublikanın çox da uzağı görmək bacarığı olmayan bəzi rəhbərlərinin Kəlbəcər əhalisini köçürmək təşəbbüsündə olmaları rayonun taleyini dəfələrlə zərbə altında qoymuşdu. Yalnız o zaman Azərbaycana rəhbər seçilən Heydər Əliyevin uzaqgörənliyi və yerli əhalinin, həmçinin ağsaqqalların qəti etirazları bu çirkin məqsədlərin həyata keçirilməsinə mane olmuşdu. Lakin 1969-cu ilə qədər bu məsələ, necə deyərlər, qüvvəsində qalmış və mərkəzi hakimiyyətdə yer tutmuş ermənilər rayon rəhbərliyinə təzyiqlər göstərməyə çalışmış, hətta bəzən dilə də tutmuşlar. Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra dağ rayonlarının, o cümlədən Kəlbəcərin taleyinə işıq düşmüşdür.
Heydər Əliyev hələ o zamanlar bu məkrli plan barədə demişdir: "Mərkəzi Komitədə və Nazirlər Sovetində belə söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir. Yeganə yol, guya, onun əhalisini aran rayonlarına köçürmək, ərazini isə yaylaq kimi bölüşdürməkdir. Lakin bu fikir məndə həmişə şübhə doğurub. Səmimi olmasına heç vaxt inanmamışam. Odur ki, bu barədə mənə təklif olunan qərar-layihəyə də qol çəkməmişəm...".
Məhz o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Kəlbəcərin yalnız yaylaq üçün yararlı ərazi olduğunu iddia edənlərin və layihə hazırlayanların bütün cəhdlərini puça çıxarmışdır: "... Hesab edirəm ki, Kəlbəcərin imkanları genişdir, hələ bundan sonra da çox işlər görülməlidir. Əvvəllər də, indi də hiss edirdim ki, burada bir məkrli niyyət var. Əhali qətiyyən Kəlbəcərdən köçürülməməlidir"!
Strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər rayonu coğrafi mövqe etibarilə Ermənistan və Dağlıq Qarabağ arasında yerləşən səddir. Sahəsi 174 min hektara çatan ərazidən əhali köçürüldükdən, 128 kənd tamamilə boşaldıldıqdan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən orada sərbəst qaydada məskunlaşmalı və bununla da Ermənistanla DQMV qovuşmalı idi. Faktiki surətdə Ermənistan DQMV-ni o vaxt ələ keçirmiş olardı.
Kəlbəcərin əsaslı inkişaf sürəti rayon partiya komitəsinin təkliflər paketi əsasında hazırlanmış, Azərbaycan KP MK və Nazirlər Soveti tərəfindən 1977-ci il dekabrın 8-də qəbul edilmiş "Kəlbəcər rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək tədbirləri haqqında" birgə qərarından sonra təşəkkül tapmışdır. Vaxtilə perspektivsiz qiymətləndirilən Kəlbəcər ötən əsrin 80-ci illərində respublika, hətta ittifaq miqyasında sürətlə inkişaf edən bir rayona çevrilmişdi.
Təbiidir ki, iqtisadiyyatın inkişafı sosial-mədəni həyatın da çiçəklənməsinə rəvac verirdi. Məhz həmin illərdən başlayaraq Kəlbəcərin sosial həyatı da əsl yüksəliş dövrünü yaşamışdır.
Kəlbəcərin Ermənistan tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar kəlbəcərli ziyalılarla görüşəndə ulu öndər belə xatırlayırdı: "Doğrudan da, Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına görə, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər yataqlarına, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik. İstisuda böyük komplekslər tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından istifadə edilməsi ilə məşğul olmamışdılar.
Hələ o sakit dövrdə ermənilər gəlib bizim qızıl yataqlarımızı zəbt etmək istəyirdilər. Xatirimdədir, biz o barədə çox ciddi tədbirlər gördük. Bu dağ rayonunun inkişafı üçün xüsusi qərarlar qəbul olunmuşdu və bunların həyata keçirilməsindən Kəlbəcərin əhalisi, hesab edirəm ki, çox bəhrələnmişdir".
Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan qədim bir diyar kimi də tanınmışdır. Belə ki, bu ulu insan məskəninin hər hansı tərəfinə ayaq bassan, orada əcdadlarımız yaşayan mağaralar, qalalar, abidələr görərsən. Tarixin sərt sınaq və imtahanlarına məruz qalmış bu yadigarlar düşmən tərəfindən tamamilə məhv edilmiş, hətta bəziləri yerlə-yeksan olunmuşdur. Amma bu da möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən özü-özünü hifz etmiş və əsrimizə qədər bir neçə minillik ömür yaşamışlar.
Kəlbəcər qalaları, abidələri barədə respublikamızın tanınmış elm, incəsənət xadimləri, tarixçi-arxeoloqları, söz sərrafları vaxtilə cild-cild kitablıq söz demiş, o dağları addım-addım dolaşaraq, bu ulu insan məskənini indiki və gələcək nəsillərə əmanətləmişdilər. Təəssüf ki, əmanətə xəyanət edilmiş və müqəddəs yerlərimiz murdar düşmən tapdağı altına düşərək məhv olunmuş, daş-qayalar üzərindəki mixi və alban yazılarını ermənilər hələ sovetlər dönəmində pozmağa və erməniləşdirməyə çalışmışdi.
Rayonun ərazisində eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya təsvirləri də az deyildi. "Qobustanın qardaşları" kimi tanınmış sal daşlar da Kəlbəcər dağlarından tapılmışdı. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayıçınqılı", "Gəlinqayası", "Böyük dəvəgözü", "Sərçəli" və başqa yerlərdəki qayaüstü təsvirlərlə Qobustandakı "yazılı və şəkilli daşlar" tamamilə bir-birinin oxşarı və ya "əkizlər"dir. Rayon tarix-diyarşünaslıq muzeyinin həyətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli daşlar təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edən dəlillərdən idi.
Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqay deyirdi: "...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının eynidir və bəzi xüsusiyyətlərinə görə, dünyada yeganədir. Bu suyun istiliyi 58,8° S qədərdir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir...".
İstisu mənbələrindən hər il 3 milyard 963 milyon 316 min litr su çıxır-sudolduran sexlər isə bunun cəmi 22 milyon litrindən istifadə etmək gücündə idi. Qalan 3 milyard 941 milyon 316.000 litr istisu havayı axıb gedirdi. Əgər həmin sular yığılıb satılarsa, bir ildə 630 milyon 610 min 560 manat gəlir əldə etmək olardı. Azərbaycan SSR Dövlət Plan Komitəsi istisu mənbələrindən istifadə edilməsi məsələsini müzakirə edərək, 1968-ci ildə hər il 10 milyon şərti-butulka istisu istehsal edən zavod tikilməsi barədə tədbir görmüşdü.
Kəlbəcərin işğalından ötən müddət ərzində o yerlərdən perik düşmüş insanların istər məskunlaşmalarında, istərsə də sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsilə xarakter daşımış və demək olar ki, problemlərin həlli üçün bütün imkanlardan istifadə edilmişdir. Ən əsası onların çadır düşərgələrindən, dəmir evciklərdən, fin tipli qəsəbələrdən, yük vaqonlarından yeni evlərə və çoxmərtəbəli yaşayış binalarına köçürülmələridir. İstər 2009-cu ildə Goranboy rayonunun Veysli kəndi ərazisindəki yeni qəsəbənin, istərsə də Yevlax şəhərində məcburi köçkünlər üçün istifadəyə verilmiş yaşayış binalarının açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev kəlbəcərli məcburi köçkünlərlə görüşündə demişdir: "...2004-cü ildə bildiyiniz kimi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul edilib və icra olunur. Proqram demək olar ki, tam şəkildə həyata keçirildi və 2007-ci ildə biz Proqrama əlavələr etdik. Bax, bugünkü bu gözəl qəsəbə bu əlavələr hesabına yaradıldı. Bu, birinci qəsəbə deyildir. Artıq ölkəmizin müxtəlif yerlərində belə gözəl qəsəbələr tikilibdir.
Beş il bundan əvvəl köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faiz idi, bu gün 25 faizdir. 25 faiz də çoxdur. 2008-ci ilin yekunlarına görə, ölkə üzrə yoxsulların sayı 13 faiz idi, qaçqınlar, köçkünlər arasında 25 faiz. Azərbaycanda, ümumiyyətlə, yoxsul adam olmamalıdır. Bizim istəyimiz ondan ibarətdir ki, yoxsulluq tamamilə aradan qaldırılsın və Azərbaycan dövlətinin sosial siyasəti bu məqsədi güdür".
Xatırlatmaq lazımdır ki, 26 mart 1993-cü il tarixdə həm Ağdərə, həm də Ermənistanın Basarkeçər rayonu istiqamətindən hücuma məruz qalan, müdafiə olunmayan, şayiələr və təxribatlar nəticəsində vahiməyə düşən dinc əhali qarlı-çovğunlu günlərdə öz dədə-baba yurdlarını ayaqyalın-başıaçıq, bütün əmlakını ataraq, dəniz səviyyəsindən 3400 metr yüksəklikdə olan Murovdağ aşırımından köçməyə məcbur edilmişdir. Siyasi oyunların, daxili çəkişmələrin nəticəsində 52 min nəfər kəlbəcərli iki gün ərzində doğma yurdlarından çıxarıldılar. Azərbaycanın ən gözəl, öz təbii ehtiyatlarına görə zəngin bölgəsi düşmən əlinə keçdi.
Dədə Şəmşir kimi ədəbi simanı böyük türk dünyasına bəxş etmiş Ağdaban kəndinin ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq, mart ayının 31-dən aprelin 2-dək tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Təkcə bu işğal nəticəsində 220 nəfər (mülki vətəndaşımız) kəlbəcərli həlak oldu, 321 nəfər şəhid edildi, yüzlərlə qoca, uşaq əlil-şikəst oldu, itkin düşdü, yaxud girov aparıldı. Ən çox itki isə Kəlbəcər şəhərindən 64 km uzaqda olan Başlıbel kəndinin taleyinə düşdü: 28 nəfər ermənilər tərəfindən bir gecədə qətlə yetirildi, 18 nəfər girov götürüldü və ya əsir aparıldı, 17 nəfər 4 ay mühasirədə qalandan sonra min bir əziyyətlə gəlib Gəncəyə çıxdılar.
Beləliklə, 1993-cü il aprel ayının 2-dən Azərbaycan Respublikasının 56 rayonunun 707 yaşayış məntəqəsi kəlbəcərlilərin müvəqqəti məskəninə çevrildi.
Kəlbəcərin 128 yaşayış məntəqəsi, o cümlədən, illərlə tikilib-qurulmuş dünya əhəmiyyətli "İstisu" sanatoriyası, 500-dən çox sənaye, tikinti, kolxoz, sovxoz, ticarət, ictimai-iaşə və s. xidmət obyektləri, 13 min yaşayış evi, 324 sosial-mədəni obyekti düşmən əlinə keçərək darmadağın edildi.
Digər işğal altında qalan yurdlarımızın perik düşmüş insanları kimi, kəlbəcərlilər də əmindir ki, aparılan sülh danışıqları, nəhayət ki, səmərə verəcək. Dünya ikili standartlı mövqedən əl çəkəcək. Azərbaycanın haqq işi beynəlxalq birlikdə dəstəkləndikcə işğalçı Ermənistanın qeyri-insani siyasəti ifşa ediləcək, beləliklə, biz doğma yurdlarımza qayıdacağıq.
Bahar fəsli, yaz ayları gələndə süsənli-sünbüllü, lalalı dağlar yaşıl donunu geyəndə, ağaclar tumurcuqlayanda, dağların sal qayalarından asılı qalan buzların əriyəcəyinə böyük ümid olduğu kimi, bizim də doğma yurd yerlərinə dönəcəyimizə əminlik gündən-günə artır. İnam və əminliyimizə, dövlətimizin və onun başçısının apardığı siyasətə güvənərək, o torpaqlara bir Qayıdışın olacağını gözləyirik.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 3 aprel.- S. 5.