Dünyada bir İhsan Doğramacı vardı...

 

Unudulmayanlar

 

Yer üzünün zövqünü, səfasını, xoşbəxtliyin rəngini, tamını, məqamların alisini, əbədisini millətinə, xalqına, bəşəriyyətə təmənnasız xidmətdə tapmış neçə adam göstərə bilərsiniz?

Belələrini sadalamaq üçün bəzən bircə əlin beş barmağı belə, kifayət edir. Çünki dünya malından qane olmadan bu dünya üçün hansısa bir işləri aşırmağın özü də elə bu dünyanın özciyəzinin dəyərlər sistemi ilə tərbiyə almış insan üçün çox zor bir işdir. Maddiyyatın mənəviyyatı, nəfsin gözütoxluğu endiyinin azmı şahidi olmuşuq?!

Yeri düşəndə təkrarlamaqdan çəkinmədiyimiz ibrətamiz bir məsəl var: insan tək çörəklə yaşamır. Bəli, türk qardaşlarımız demiş, "adam kimi adam" olmağın yolu çörəkdən, löyün-löyün təamlardan, süfrə bolluğundan deyil, qəlbin, əməlin zənginliyindən, səni bu yola süvar olmağa təhrik etmiş niyyətin, məqsədin təmənnasızlığından, dünyanın ən qiymətli naz-neməti kimi əbədi dəyərlərə, mənəvi ülgülərə etibar və sədaqətdən keçir.

Bu cür azlıqda qalan insanlardan idi İhsan Doğramacı. Azlıqda qalsa da, Yer üzünü, bəşər cəmiyyətini arzuları, əməlləri, eləcə varlığı ilə dəyərə mindirən, insana bir məxluq olaraq xəlq olunmasının ali səbəb və təyinatını anladan, ruhani və felən zövqün tək ünvanının fərdin xeyirxahlığında təcəlla etdiyini isbatlayan, dil, din, siyasi mənsubiyyət, coğrafi cəhət tanımadan hər bir insana şəfqət və mərhəmət sovqatı dağıdan comərd bir şəxsiyyət idi İhsan Doğramacı.

İnsanlar var ki, titulları, peşələri, insanlar var ki, ölkələri, məhəllələri, insanlar da var ki, elə tək bircə adları ilə tanınarlar. Yenə də bu cür müstəsnalığı bölüşən adamlardan idi İhsan Doğramacı. O, Azərbaycanın, ulu öndər Heydər Əliyevin də yaxın və səmimi ürək dostu idi. Bu iki şəxsiyyətin hər görüşü qarşılıqlı səmimiyyət, həssaslıq və dostluq nümunəsi sayılmağa layiq idi. Hər ikisi türk xalqının böyük oğlu, iftixar örnəyi, qürur mənbəyi idi. Deyirlər, qırx yaşından sonra həqiqi dost tapmaq çox müşkül məsələdir. Bəs belə isə, zamanın kələfini biləyinə dolamış, az ömür yaşamamış bu iki müdrik ixtiyarı bunca yaxınlaşdıran nə idi?

İhsan Doğramacı ulu öndərlə bağlı xatirələrindən birində deyirdi: "1992-ci ilin əvvəllərində hörmətli Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının başçısı kimi Türkiyəyə gələcəyi xəbərini aldım. Bir daha Naxçıvanın və Heydər Əliyevin "tarix"inə baş vurdum. Gözlərim qarşısında çətin, məsuliyyətli, ictimai-siyasi həyatın təlatüm və qasırğalarına mətinliklə sinə gərmiş, xalqına intəhasız bir sevgi ilə bağlı olan, dövlətcil, insankeş, cəsur və şərəfli bir insan ömrü, Vətəninə sədaqətli əsgər tarixçəsi canlandı. Ancaq şükürlər olsun Tanrıya ki, mənə buraxdığı şans sayəsində onu daha yaxından tanımaq, təmas qurmaq, dost olmaq səadətinə yetişdim".

Heydər Əliyev isə İhsan bəylə ilk görüşdən aldığı təəssüratlarını illər sonrası Bilkənd Universitetindəki çıxışlarından birində belə bölüşmüşdü: "Naxçıvan Muxtar Respublikasının başçısı kimi Türkiyədə olarkən İhsan Doğramacının Bilkənd Universitetinə gəldim. Doğramacının Azərbaycan, Naxçıvan, başqa bölgələrimizlə bağlı dərin məlumatı məni heyran etdi. İhsan Doğramacının müsbət bir xüsusiyyəti vardır; Bakı, Naxçıvan, Qarabağ və başqa yerlərimizin ləhcələrini bilir. Belə bir maraq və səbat, heç şübhəsiz, Azərbaycana böyük sevgidən irəli gəlir. İhsan Doğramacı ilə ilk görüşlərimizdən sonra aramızda səmimi bir dostluq başladı. Sanki yüz ilin dostları idik".

Dünyanın tanınmış adamları, dövlət başçıları ilə yaxın və səmimi münasibətləri olan İhsan Doğramacının ulu öndərə verdiyi dost qiyməti də çox dəyərlidir: "Dövlət adamı, tarixçi, general, millət vəkili, dövlət başçısı, cəsur öndər Heydər Əliyev 80 il ətrafına - ətrafındakılara, xalqına, insanlara, ölkələrə işıq saçan bir mayak kimi yaşadı. Belə bir müstəsna lider ana Vətəni, Türklük dünyası və sülh uğrunda mücadilə verən Yer kürəmiz üçün xoşbəxt bir taledir.

Tarix Heydər Əliyevi türk dünyasına ona görə bəxş etdi ki, Mustafa Kamal Atatürk kimi fövqəlinsanların hələ tükənmədiyini yerdə qalan dünyaya bəyan etsin".

Bəs tanıyanların hər adı çəkiləndə şükranlıq, qürur və fəxarət dolu hisslərlə xatırladığı İhsan Doğramacı kim idi?

Cəsarətlə deyə bilərik ki, professor Məmməd Novruzoğlunun nəfis tərtibatla çapdan çıxmış "Hocabəy" kitabında azərbaycan oxucusu bu suala ətraflı cavab tapa biləcəkdir. Müəllif - ölkəmizin qardaş Türkiyədə uzun illər fövqəladə və səlahiyyətli səfiri olmuş Məmməd Novruzoğlu İhsan Doğramacını və ailəsini yaxından tanıyan, münasibətlərinin səmimiliyi dostluq səviyyəsinədək yüksələn, bu fenomen insanın həyat və fəaliyyətini tədqiqatçı səbri və şövqü ilə araşdıran bir şəxs olduğu üçün qələmə aldıqları da, ilk növbədə, səmimiyyəti, səhihliyi ilə cəlb edir, inandırır.

Kitaba "Hocabəy" adının seçilməsi də təsadüfi deyildir. Belə ki, yaratdığı Hacəttəpə Universitetinin əməkdaşları İhsan Doqramacıya böyük hörmət və ehtiram əlaməti olaraq məhz bu cür müraciət edirdilər.

Məmməd Novruzoğlu 18 ildən bəri davam edərək ailəvi dostluğa çevrilmiş tanışlığı müddətində Hocabəyin elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində gördüyü nəhəng işləri yaxından izləmək, öyrənmək, bəzilərinin isə şahidinə çevrilmək imkanına malik olub.

Hocabəyin nailiyyətlərini saymaqla tükənən deyil. Onun xidmətlərinin etirafı vətəni Türkiyənin sərhədlərini aşaraq Avropaya, Amerikaya, Şərqi Asiya və Afrikayadək uzanır. İhsan Doğramacı 1946-cı ildə Dünya Səhiyyə Təşkilatının (WHO) əsasını qoymuş və onun fəaliyyətini yönləndirmişdir. Son 50 ildə dünya səhiyyəsinə ən böyük xidmət göstərmiş şəxs kimi professor İhsan Doğramacıya həmin təşkilatın qızıl medalını təqdim edərkən WHO-nun baş direktoru heyranlığını gizlətmədən etiraf etmişdir: "Hörmətli Doğramacı, Siz insan enerjisinin nələr yarada biləcəyinin ən gözəl örnəyisiniz. Sizdəki enerji ağıl enerjisi, zəka enerjisi, zehni enerjidir. Bu enerjini daim cəmiyyətin xeyrinə istifadə etdiniz. Belə bir mükafatı Sizə verdiyinə görə, Dünya Səhiyyə Təşkilatı bəxtiyardır, qürur duymaqdadır".

İhsan Doğramacı 24 il dünyanın 150 ölkəsindən 500 mindən artıq üzvü olan Ümumdünya Pediatriya Təşkilatına rəhbərlik etmiş, 1992-ci ildən etibarən isə İPA-nın ömürlük fəxri prezidenti seçilmişdir.

Məmməd Novruzoğlu kitabda Hocabəyin ailə şəcərəsi, təhsil və ilk həkimlik təcrübəsi illəri, müxtəlif beynəlxalq təşkilatların tərkibində apardığı səmərəli fəaliyyət, elmi irsi, Bilkənd və Hacəttəpə universitetlərini necə qurması, Türkiyə Ali Təhsil Şurasını yaratması, Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Fondunun (TADƏF) sədri olaraq Ankarada Azərbaycan evini ərsəyə gətirməsi, fəxri ad və təltifləri barədə geniş məlumat verir. Öyrənirik ki, dünyanın nüfuzlu 30 universitetinin fəxri doktoru və yeddi akademiyasının fəxri üzvü seçilmiş professor Doğramacını onlarla ölkə özünün ən yüksək dövlət mükafatlarına layiq görmüşdür.

Yenə də bu böyük şəxsiyyətin həyat salnaməsinin Azərbaycanla bağlı səhifələrinə qayıdaraq deyək ki, ulu öndər Heydər Əliyev 1995-ci və 2000-ci illərdə İhsan Doğramacının 80 və 85-ci doğum günlərini Bakıda dövlət səviyyəsində, böyük bir təntənə ilə qeyd etdi, onu "İstiqlal" ordeni ilə mükafatlandırdı. Eyni vəfa və qədirkeşlik Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də təkrarlandı. Dövlət başçısı 2005-ci ildə öz fərmanı ilə professor İhsan Doğramacıya Azərbaycanın ən ali mükafatı olan Heydər Əliyev ordenini təqdim etdi.

Müəllif İhsan Doğramacının hər nə qədər təvazökar olsa da, başda ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqının ona diqqət və sevgisindən həmişə qürurlandığını və bunu hər münasib məqamda böyük fəxr və minnətdarlıqla ifadə etdiyini yaddaqalan epizodlarla təsvir edərək yazır ki, böyük nailiyyətlərini gizlətməyi, qətiyyən reklam etməməyi prinsip etmiş Hocabəy ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin ona olan hörmətini, sevgisini evinə gələn xarici və türkiyəli ziyarətçilərə nümayiş etdirməkdən böyük zövq alırdı. Onun iqamətgahında ailəsindən miras qalmış unikal və çox qiymətli tarixi sənət əsərləri vardı. Lakin Hocabəy qonaqlarına milyonlarla dəyəri olan sənət əsərlərini deyil, Azərbaycanın dövlət başçısının onun şərəfinə keçirdiyi təntənəli yubiley mərasimlərinin video-yazılarını göstərməyi xoşlayırdı.

Dünyanın görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu İhsan Doğramacı 1915-ci il aprelin 3-də Ərbildə dünyaya göz açmışdı, ötən il fevralın 25-də haqq dünyasına qovuşdu. Xalqımızın və şəxsən özünün bu ağır itkidən üzüldüyünü bildirən Prezident İlham Əliyev İhsan Doğramacının oğlu professor Əlı Doğramacıya məktubunda yazırdı: "Türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşılayaraq Sizə, ailənizə və yaxınlarınıza öz başsağlığımı çatdırıram. Mənim və Mehriban xanımın başsağlığını ananız Ayser xanıma yetirməyinizi xahiş edirəm.

İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları - "İstiqlal" və "Heydər Əliyev" ordenləri ilə təltif olunması Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz xidmətlərinə hörmət və ehtiramın parlaq ifadəsi idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə vidalaşma mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini mən heç vaxt unutmayacağam".

Ötən il noyabrın 3-5-də Ankarada düzənlənən "Mədəni irs və musiqi" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan xalqının və ulu öndər Heydər Əliyevin dostu olmuş Bilkənd Universitetinin qurucusu, böyük alim İhsan Doğramacının məzarını ziyarət edərək önünə gül dəstəsi qoymuş, Xatirə kitabına ürək sözlərini yazaraq bu böyük insanın xatirəsinin Türkiyə və Azərbaycan xalqlarının qəlbində əbədi yaşayacağını bildirmişdir.

"Hocabəy" kitabı ilə bir daha və ən müxtəlif yönlərdən İhsan Doğramacı şəxsiyyətinə işıq salıb oxuculara sevdirən professor Məmməd Novruzoğlu əsərin əvvəlində dahi Amerika fiziki, diplomat və dövlət xadimi Bencamin Franklindən hikmətamiz bir iqtibas gətirir: "Torpağa gömüldükdən sonra unudulmaq istəmirsənsə, ya oxumağa layiq bir şeylər yaz, ya da yazmağa layiq bir şeylər et".

Hocabəy İhsan Doğramacı bu şərtlərin hər ikisini həyat fəlsəfəsinə çevirməyi bacarmış nadir insanlardan idi.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.- 3 aprel.- S. 6.