Naftalan dünya səviyyəli kurort mərkəzinə çevriləcəkdir

 

 Naftalan neftinin hikməti hamıya bəllidir. Hələ XII yüzillikdə işbilənlər xam nefti müalicə üçün çıxarıb satırdılar. Deyirlər, "naftalan" sözü də elə oradan gəlib, yəni, neft alan. XIX əsrin ortalarında almanlar orada mexaniki üsulla neft çıxarmağa başladılar.

Sonralar möcüzəli neftin hikməti hamıya bəlli oldu. Şəhər salındı, yollar çəkildi, sanatoriyalar yaradıldı.

Ötən əsrin sonlarında Naftalan bütün sovet məkanında ad çıxarmışdı. Orada hər il 70 mindən artıq adam şəfa tapırdı. 90-cı illərin burulğanında isə çox şey sıradan çıxdı. Naftalan kurortunun fəaliyyəti, demək olar, tamamilə dayandı.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Naftalanın inkişafında yeni mərhələ başlandı. Xüsusən, burada rəhbərlik dəyişiləndən sonra kurort şəhərində ardıcıl olaraq bərpa-quruculuq işlərinə geniş meydan açıldı.

İlk gündən hər iş çox sistemli surətdə qurulub. Yol-iz, küçələr, keçidlər sahmana salındı. İşıq, su və qaz problemlərinin həlli üçün ciddi tədbirlər görüldü. Çoxmərtəbəli binaların liftləri bərpa edildi, dam örtükləri təzələndi, divarları bəzədildi. Çoxmərtəbəli yeddi binanın beşində bu iş artıq başa çatıb. Sıradan çıxmış qazanxanalar bərpa olunub. Milli ornamentli istinad divarları tikildi. Müasir sistemli işıq dirəkləri düzüldü. Parklara, bağlara, xiyabanlara 25 min ağac əkildi. Hovuzlar, fəvvarələr, yaşıl zolaqlar, al-əlvan xiyabanlar düzəldildi.

Naftalanda su qıt idi. Dağların qoynundan təzə su kəməri çəkildi. Su anbarları təmir edilərək işə salındı. Diqqətəlayiq cəhətlərdən biri də budur ki, şəhərdə kəhrizlərin bərpasına xüsusi fikir verilir. Çəkil kəhrizi işə salınıb. Digər kəhrizlərin də istifadəyə verilməsi üçün tədbirlər görülür.

Şəhər icra hakimiyyətinin başçısı deyir ki, Natiq Aslanov deyir ki, indi əsas məsələ kanalizasiya problemidir. Bu mühüm işin sahmana salınması çox vacibdir. Çalışırıq ki, həm içməli, həm də suvarma suyumuz bol olsun. Hər yerə arxlar, kanallar çəkilir. Qərara almışıq ki, yaz aylarında azı 20 min ağac əkək.

Şəhərin siması bərpa olunduqca daha böyük tədbirlərə yol açıldı. Bu yaxınlarda dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə burada "Çinar Hotel & SPA Naftalan" kompleksi və "Qaşaltı" sanatoriyası istifadəyə verildi. Prezident İlham Əliyev komleksin açılışı zamanı dedi ki, "Çinar" mehmanxanası dünyanın ən yüksək standartlarına cavab verir. Həm mehmanxana kimi, həm müalicə mərkəzi, həm də istirahət mərkəzi kimi burada bütün şərait var. Ən önəmlisi də odur ki, burada insanlar Naftalan kimi nadir müalicəvi neftdən istifadə edəcəklər və özü də belə gözəl şəraitdə.

Hamı çalışır ki, Naftalanda kurort-sanatoriya mühiti tamamilə bərpa olunsun. İndi "Qarabağ" sanatoriyasının köhnə binası sökülür. Yerində müasir müalicə mərkəzi tikiləcəkdir. Şirvan, Mil, Azərbaycan və Goran sanatoriyaları da tədricən müasir tələblər səviyyəsində yenidən qurulacaqdır.

Dövlət başçısı şəhərdə görülən işlərlə tanış olandan sonra dedi: "Bugünkü gün Naftalanın yeni tarixinin başlanğıcıdır. Əminəm ki, bir neçə ildən sonra biz istədiyimizə nail olacağıq və Naftalan dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir".

Şəhərdə qısa müddətdə görülən tikinti-abadlıq, quruculuq işləri bunu deməyə əsas verir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 3 aprel.- S. 8.