"Şahdağ" ağ bir
dünya olacaq
"Dünyanın ən qabaqcıl təcrübəsi öyrənildi, ən inkişaf etmiş ölkələrin dağ-xizək imkanları araşdırıldı və burada ən qabaqcıl texnologiyalar, ən gözəl təcrübə tətbiq olunur. Mən ümid edirəm ki, burada birinci mərhələni əhatə edən bütün işlər yaxın zamanlarda başa çatacaq və beləliklə, bu ilin sonuna qədər artıq bu gözəl kurort qapılarını insanlara, Azərbaycan sakinlərinə açacağıq. Bu, böyük tarixi hadisədir. İlk dəfə olaraq Azərbaycanda dağ-xizək kurortu yaradılır".
İlham ƏLİYEV
Paytaxtın buludlu, küləkli, bir az da darıxdırıcı havasından sonra ilıq yaz günəşinin şüaları insana izaholunmaz sevinc, qəribə coşqunluq gətirir. Qusarçayın meşələrlə, qədim əsatir obrazlarını xatırladan mozaik yarğanlarla əhatələnmiş vadisi hələ ki yaşıllanmayıb. Səliqəli həyətlərin taxta hasarlarından boylanan ağacların, gül kollarının günəşə gülümsəyən tumurcuqları isə uzaqdan da görünür. Baharın gəlişi insanların yerişində-duruşunda, işıqlı, nurlu çöhrələrində apaydın sezilir. Qusar şəhərindən Şahdağa uzanan yol bizi 30-35 kilometr uzaqda zirvələri ağappaq qara bələnmiş bir ünvana sarı aparır - düz "Şahdağ"a.
Bakıda Mədəniyyət və Turizm Nazirliyinin "Şahdağ" Qış-Yay Turizm Kompleksi müdiriyyətinin direktoru Emin Haşımovla söhbətimizi bütün təfərrüatı ilə xatırlayıram. Emin müəllimin iş otağının divarlarında səliqə ilə sıralanmış layihə sənədləri, xəritələr, stolun üstündə qalaqlanmış çertyojlar, prospektlər və digər sənədlər paytaxtdan cəmi iki-üç saatlıq məsafədə hansısa bir əfsanənin necə reallığa çevrilməsini bütün nüansları ilə xəyalımda canlandırmışdı: "Şahdağ" kompleksi ölkə başçısı İlham Əliyevin təşəbbüsü və yaxından dəstəyi ilə yaradılır. Biz bu işi əbəs yerə "Prezident layihəsi" adlandırmamışıq. İnşaatçılar dəniz səviyyəsindən 1300-2500 metr arasında yerləşən yüksəklikdə 2 min hektar ərazidə öz mahiyyəti, fəlsəfəsi ilə dünyanın tanınmış turizm mərkəzlərindən xeyli fərqlənəcək bir cənnət guşəsi yaradırlar. Bu, əslində, bütün infrastrukturu ilə əsl kurort şəhərciyi olacaq. Komfort şəraitli üç, dörd və beşulduzlu hotellər, üzgüçülük hovuzu, futbol, qolf və tennis meydançaları, akvopark, releks və gənclik mərkəzləri, avtomobil dayanacağı... digər xidmətlər Azərbaycanda ilk dağ xizəyi kurortunun hələ tamamlanmamış obrazını xarakterizə edir".
Emin müəllim daha sonra bildirir ki, kompleksin girəcəyində fəaliyyət göstərəcək xüsusi paylaşdırıcı məntəqənin işçiləri gələn qonaqların, turistlərin özlərinin və nəqliyyat vasitələrinin yerləşdirilməsini yüksək səviyyədə təşkil edəcəklər. Hər kəsə öz zövqünə, maddi imkanına və sağlamlıq durumuna uyğun yer təklif olunacaq. Kompleksdə uşaq dəcəlliyi, gənclik ehtirası, ailə sevgisi, qoca və tənha insanların saatlarla sükut arzusu, hansısa kollektivin qaynayıb-daşan şux zarafatı və dayanmadan lətifə söyləmək istəyi... hər şey, hər şey nəzərə alınacaq. Ərazinin böyüklüyü, landşaftın çoxçalarlığı, infrastrukturun rəngarəngliyi, xidmət personalının yüksək elitar səviyyəsi xarici və yerli qonaqların seçimində, təyinatı üzrə istirahəti və dincəlməsində heç bir problem yaratmayacaq. Əgər Şahdağın zirvəsində istənilən temperaturda çimirsənsə, futbol, qolf oynayırsansa, ən ucalıqda, bəyaz qar topaları ilə üzbəüzdə isti qəhvə içirsənsə, kanatla yuxarı qalxıb, velosipedlə üzüaşağı şütüyürsənsə, demək, əsl cənnət həzzini də sən alırsan... - Emin müəllim bu sözləri elə ürəkdən deyirdi ki, bütün bunların tezliklə reallaşmasını arzulamaqdan savayı ayrı cür düşünməyə yer qalmırdı.
2009-cu ilin sentyabrında dövlət başçısının Qusar rayonuna səfəri çərçivəsində "Şahdağ" Qış-Yay Turizm Mərkəzinin təməlqoyma mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin nəzarət etdiyi tikinti başa çatdırıldıqdan sonra ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradılacaq. Fevralın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin iki nömrəli kanat və xizək enişinin açılışında iştirak etmiş, inşaat işlərinin gedişi ilə maraqlanmışlar. Dövlət başçısının burada olması obyektdə çalışan kollektivlərin məsuliyyətini qat-qat artırmışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də mütəmadi olaraq tikinti sahəsinə baş çəkir, aparılan işləri nəzarətdə saxlayır və hər həftə məhz "Şahdağ"ın tikintisi ilə bağlı müşavirələr keçirir.
"Şahdağ" QYTKM-in tikintiyə nəzarət edən işçi heyəti bizi qarşılayaraq öz qonaqpərvərliklərini göstərib yeməkxanaya dəvət etdilər. Sonra isə tikinti meydançası ilə tanışlıq başlandı. Baş mühəndis Çingiz Allahverdiyevin dedikləri:
- Azərbaycanımızı indi dünyanın hər yerində tanıyırlar. Biz vətənimizlə haqlı yerə öyünür, fəxr edirik. Cənab İlham Əliyev ölkənin sosial-iqtisadi, mədəni inkişafı üçün çox iş görür. Bəziləri bu dağın zirvəsində, nəhəng qayaların əhatəsində hansısa kurort şəbəkəsinin inşasını reallıqdan uzaq, əfsanə sayırdılar. Sonradan gəlib gördülər və heyrətlərini gizlədə bilmədilər. Dövlətimiz inkişaf etdikcə, maliyyə imkanları artdıqca bu cür obyektlərin tikintisinə geniş meydan verilməsi təbiidir. Bu ili cənab Prezident "Turizm" ili elan edib. 2011-ci ildə "Şahdağ"da xeyli iş görülməlidir. Obyektin baş layihəçisi İsveçrənin "Swiss Town Consult" şirkəti, podratçısı "DİA-Holdinq" BƏƏ-Türk şirkətidir. Avstriyanın "Doppelmayr Seilbahmen GMBH" şirkəti kanat yollarının çəkilişini, İtaliyanın "TexnoAlpin AG" şirkəti süni qardüzəltmə sisteminin layihələndirilməsini və süni qarlandırma generatorlarının quraşdırılmasını öhdələrinə götürüblər. Bundan əlavə, Azərbaycan şirkətləri "Azenko", "Kenan İnşaat" və başqaları bu layihədə iştirak edirlər.
Böyük mühəndis Qiyasov bizi dördulduzlu hotelin tikintisi ilə tanış etdi. Hazırda üçüncü mərtəbədə betontökmə işləri gedir. 345 nəfərlik ailəvi hotel rahatlığına görə paytaxtdakılardan fərqlənməyəcək. İşçi heyət üçün dördmərtəbəli 64 nəfərlik yaşayış evində tamamlanma işləri aparılır. Obyektdə çalışan 1200 fəhlə və mühəndis-texniki işçilər üçün yataqxana şəhərciyi turizm kompleksinin yaxınlığında salınıb. Buradakı evlərdə də hər cür mədəni-məişət şəraiti yaradılıb. İşçilərin gündə üç dəfə nahar etməsinə imkan verən yeməkxana fəaliyyət göstərir. Süni qar yaratmaq məqsədilə texniki su üçün nasos stansiyası artıq hazırdır, daxili su təchizatı üçün rezervuarların tikintisi davam etdirilir. Elektrik və kanalizasiya xətlərinin çəkilişi, yolların təmiri, yeni körpülərin salınması layihənin gerçəkləşdirilməsi yolunda atılan mühüm addımlardandır.
Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il fevralın 27-sini ölkəmizin həyatında çox gözəl və əlamətdar bir gün kimi dəyərləndirib. Ölkə başçısı "Şahdağ" Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılış mərasimində demişdir: "İlk dəfə olaraq Azərbaycanda dağ xizəyi kurortu fəaliyyətə başlamışdır. Birinci xizək trassası hazırdır və bu gün biz bu trassanın açılışını qeyd etdik. Bu, doğrudan da, böyük və tarixi hadisədir. Azərbaycan tarixində heç vaxt dağ-xizək kurortları olmamışdır. Heç sovet dövründə də olmamışdır. Bu gün isə müstəqil Azərbaycan artıq böyük işlərə qadirdir. Biz ölkəmizi inkişaf etdiririk, müasirləşdiririk. Müstəqil Azərbaycanın bütün bölgələri inkişaf etməlidir".
Dövlət başçısı daha sonra bildirmişdir ki, dağ-xizək kurortunun fəaliyyətə başlaması nəticəsində burada yeni iş yerləri açılacaq, insanlar işlə təmin olunacaq, yaxşı maaş alacaqlar. Doğrudan da, şimal zonasının inkişafı üçün bu kurortun böyük əhəmiyyəti vardır. Qusar, Quba və ətraf rayonlarda yaşayan minlərlə vətəndaşın işlə təmin olunması üçün indi böyük perspektivlər açılmışdır.
Tikintidə olduğumuz müddətdə layihənin tezliklə reallaşması üçün necə genişmiyqaslı iş görüldüyünü əyani müşahidə etdik. Hava şəraitinin tez-tez dəyişməsi, dağların daim dumanlı, çiskinli olması fəhlə və mühəndislərin, eləcə də texnika və mexanizmlərin normal fəaliyyətinə maneçilik törədə bilmir. Əgər yüksək dağ şəraitində qaldırıcı kranlar pultla idarə olunursa, hansı çətinlikdən danışmaq olar?! Relyefin doğurduğu problemlər də həllini asanlıqla tapır. Görünür, bunlar layihədə də əvvəlcədən nəzərə alınıb. Nəhəng sal qayalar, saytal daşlar heç yerindən bir sanitemetr də tərpədilmədən kompleksin dizaynına əvəzolunmaz naxışlar kimi əbədiyaşarlıq gətirir. Bütün il boyu zirvələrdə qərar tutan bəyaz qar təbəqəsini bir az aşağılarda quraşdırılan "T-60" markalı 69 ədəd süni qarlandırma generatorunun yaratdığı ağappaq örtük əvəzləyir. Zirvələrin qayası, daşı ilə bərabər, münbit torpağı da göz oxşayır. Hansı toxumu atsan, cücərəcək. Bir sözlə, yaxşı seçilib. Seçilibsə, seviləcək. Seviləcəksə, tanınacaq, özünü də, qoynundakı "Şahdağ"ı da, Azərbaycanımızı da dünya meridianlarında ağ bir dünya təki tanıdacaq, məşhurlaşdıracaq!
Akif CABBARLI
Azərbaycan.- 2011.- 8 aprel.- S. 6.