Norveç Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir

 

Aprelin 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Norveç Krallığının Azərbaycandakı səfiri Erling Şönsberqlə görüşmüşdür.

O.Əsədov səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycan-Norveç əməkdaşlığının daha da genişlənməsinə yeni töhfə verəcəyinə əminliyini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkələrdən bir kimi Norveçlə əlaqələrin inkişafına böyük maraq göstərir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan siyasi dialoq ikitərəfli əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətli rol oynamışdır. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərin etibarlı hüquqi bazasını təşkil edir.

Mötəbər beynəlxalq qurumlarda əməkdaşlığımız çox önəmlidir. Biz NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əlaqələrimizin gücləndirilməsinin tərəfdarıyıq. Bu gün Azərbaycan və Norveç hərbçiləri dünyanın qaynar nöqtələrində sülhməramlı əməliyyatlarda, beynəlxalq terrorizmə qarşı mübarizədə birlikdə iştirak edirlər.

Milli Məclisin Sədri daha sonra bildirmişdir ki, münasibətlərimizin dərinləşməsində hər iki ölkənin parlamentləri də mühüm rol oynayır. Milli Məclisdə Norveç parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir. Belə bir qrupun Norveç parlamentində yaranması da ümumi məqsədlərə xidmət edərdi.

Biz Norveçlə təkcə enerji deyil, həm də qeyri-neft sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq. Bu baxımdan biznesforumların, beynəlxalq sərgilərin keçirilməsi, tərəflərin birgə layihələrdə iştirakı faydalı olardı.

Dağlıq Qarabağ münaqişəsindən danışan spiker problemin həllində Azərbaycan tərəfinin mövqeyini bir daha açıqladı. Bildirdi ki, biz problemin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə tərəfdarıq və bu məsələnin tezliklə aradan qaldırılmasında beynəlxalq birliyin prinsipial mövqeyinə ümid edirik.

Səfir Erling Şönsberq dedi ki, Norveç Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Mən də Azərbaycanda çalışdığım dövrdə münasibətlərimizin daha da möhkəmlənməsi üçün səyimi əsirgəməyəcəyəm. Ölkəsinin tanınmış şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə yatırdıqlarını diqqətə çatdıran səfir qeyri-neft sektorunda da əlaqələrin dərinləşməsi üçün geniş imkanlar olduğunu söylədi.

Söhbət əsnasında həmçinin bildirildi ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından da çox önəmlidir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlar da tez-tez görüşür, faydalı əməkdaşlıq edirlər. Biz gələcəkdə iqtisadi, humanitar, mədəni, elm-təhsil sahələrində, o cümlədən parlamentlər səviyyəsində münasibətlərimizi genişləndirmək niyyətindəyik.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olundu.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2011.-5 aprel.- S. 2.