Ankarada İhsan Doğramacının xatirəsinə həsr olunmuş konfrans keçirilmişdir

 

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur

 

Ankaradakı "Bilkənd" hotelində görkəmli alim və pedaqoq, xeyriyyəçi, Azərbaycanın böyük dostu İhsan Doğramacının xatirəsinə həsr olunmuş "Geniş perspektivli təhsil: necə və nə üçün?" mövzusunda konfrans keçirilmişdir. Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və Baş nazirin müavini Elçin Əfəndiyev konfransın işində iştirak etmişlər.

Konfransdan əvvəl şöbə müdiri F.Abdullazadə və Baş nazirin müavini E.Əfəndiyev İhsan Doğramacının dəfn olunduğu Doğramacızadə Əli Paşa məscidinə gələrək Azərbaycan Prezidenti İlham Əliyevin adından görkəmli alimin məzarı önünə əklil qoymuşlar.

İhsan Doğramacının oğlu, Bilkənd Universiteti İdarə Heyətinin sədri, professor Əli Doğramacı dünyanın müxtəlif ölkələrindən gəlmiş konfrans iştirakçılarını salamlamış, atasının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirmişdir.

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur. Dövlətimizin başçısı təbrik məktubunda türk dünyasının böyük oğlu İhsan Doğramacının xatirəsinə həsr olunmuş konfransa uğurlar diləmiş, görkəmli alimin Türkiyədə təhsilin inkişafına verdiyi böyük töhfələri vurğulamışdır. Məktubda İ.Doğramacının xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı, böyük alimin xalqımızın ümummilli lideri Heydər Əliyevlə dərin məfkurəyə əsaslanan dostluğu, xüsusi xidmətlərinə görə İhsan Doğramacının dövlətimizin ali mükafatları - "Heydər Əliyev" və "İstiqlal" ordenləri ilə təltif olunduğu vurğulanmışdır.

Elçin Əfəndiyev bildirmişdir ki, İhsan Doğramacının Azərbaycanda böyük nüfuzu və hörməti vardır. Görkəmli şəxsiyyətin yubileyləri ölkəmizdə geniş şəkildə qeyd olunmuş, xalqımız hər zaman ona öz sevgisini ifadə etmişdir. Vəfatından sonra da illər keçdikcə Azərbaycanın böyük dostu İhsan Doğramacı bizə daha çox yaxınlaşır.

Konfransda çıxış edən İraqın Mosul Universitetinin rektoru professor Obay Əl Dəvəçi, Türkiyənin keçmiş ədliyyə naziri Hikmət Sami Türk, Beynəlxalq Ali Təhsil Konqresinin sədri İqnaz Bender, Koreya Respublikasının Elm və Texnologiya İnstitutunun direktoru Nam Suh, Türkiyə Yüksək Təhsil Kurulunun sədri Yusuf Ziya Özcan və Türkiyənin milli müdafiə naziri Vəcdi Gönül böyük alim və xeyriyyəçi İhsan Doğramacının xidmətlərindən bəhs etmiş, onun gələcəyimiz olan gənc nəslin təlim və tərbiyəsi sahəsində konsepsiyasının əhəmiyyətini vurğulamışlar. Məhz bu görkəmli şəxsiyyətin səyləri ilə Ankarada iki nüfuzlu ali təhsil ocağı - Bilkənd və Hacəttəpə universitetləri qurulmuş, onların bazasında modern xəstəxanalar fəaliyyətə başlamışdır.

Konfransdan sonra geniş ziyafət və Bilkənd simfonik orkestrinin konserti olmuşdur.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov konfransda iştirak etmişdir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.- 5 aprel.- S. 4.