Qafqaz Müsəlmanları
İdarəsi ABŞ-ın Florida ştatının Heynsvill
kilsəsində Qurani-Kərimin nüsxəsinin
yandırılmasını pisləyən bəyanat
yaymışdır
Aprelin 4-də Qafqaz Müsəlmanları İdarəsi martın 20-də ABŞ-ın Florida ştatının Heynsvill kilsəsində Qurani-Kərimin nüsxəsinin yandırılmasını pisləyən bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, özünü keşiş kimi qələmə verən birinin mənfur hərəkəti müqəddəs islam dininə xələl gətirmək iqtidarında olmasa da, bu dinin ardıcıllarının heysiyyətinə toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir edilməsi baxımından olduqca xoşagəlməz haldır. Belə ki, bu hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər.
Keçən il Qurani-Kərimin yandırılacağı ilə bağlı təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri nəticəsində neytrallaşdığı halda, bu məsələnin yenidən gündəmə gəlməsi yalnız və yalnız qərəzli xarakter daşıyır. Belə ki, müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olmuş bu hadisənin törədilməsi xristian-müsəlman ziddiyyəti yaratmağa yönəlmiş addımdır.
Bəyanatda vurğulanır ki, səmavi kitabların sonuncusu olan Qurani-Kərimə təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin, insan hüquq və azadlıqlarının ardıcıl müdafiəçisi kimi çıxış edən, özünü İraqda, Əfqanıstanda, Liviyada müsəlman əhalinin təəssübkeşi olaraq təqdim edən bir ölkədə baş verməsi demokratiya adına ləkədir.
Qurani-Kərimdəki ali mətləblərdən xəbəri olmadan onu yandırmağın mahiyyət etibarilə Tövrata da, İncilə də qarşı bir üsyan olduğu vurğulanan bəyanatda ABŞ Dövlət Departamentindən bu məsələyə münasibət bildirilməsi tələb olunur.
Qafqaz Müsəlmanları İdarəsi milyonlarla müsəlmanın heysiyyətinə toxunan bu hadisəyə qəti etirazını bildirir, ABŞ-ın dövlət rəsmilərini, ictimai birliklərini və dini mərkəz rəhbərlərini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, insan qarşıdurmasına yol aça biləcək belə mənfur təxribatların gələcəkdə qarşısını almaq üçün fəal səy göstərməyə çağırır. Eyni zamanda, islamın müqəddəs kitabına belə bir təhqiramiz münasibətin bütün dini rəhbərlər tərəfindən pislənməsini vacib sayır, artıq insan tələfatına səbəb olmuş bu mənfur hadisəni törətmiş bədnam keşişin dini ədavəti qızışdırmaq cəhdinə görə cəzalandırılmasını tələb edir.
AzərTAc
Azərbaycan.- 2011.- 5 aprel.- S. 4.